Milli Məclisin yaz sessiyasında Hesablama Palatasının 2025 ci ildə fəaliyyəti haqqında hesabatların müzakirə olunacaq
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yanvarın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.
Newscenter.az xəbər verir ki, komitə sədri iclasın gündəliyində 8 məsələnin, o cümlədən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2025-ci ilin payız sessiyası dövründə görülən işlərin hesabatının, 2026-cı ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsinin və bir sıra qanun layihələrinin olduğunu söyləyib.
2025-ci ilin payız sessiyasında görülən işlər barədə məlumat verən Azər Əmiraslanov bildirib ki, bu dövr ərzində komitə öz fəaliyyətini Milli Məclisin qanunvericilik və komitənin iş planlarına uyğun şəkildə həyata keçirib, qanun layihələrinin müzakirələri nəzərdə tutulmuş müddətlərdə aparılıb, ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş görülüb.
Nəzərə çatdırılıb ki, hesabat dövründə komitənin 15 iclası olub, 68 məsələ, o cümlədən 28 qanun layihəsi və 1 hesabat geniş müzakirə edilib. Bununla yanaşı, komitənin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda konfrans keçirilib.
Komitə sədri bildirib ki, 2026-cı ilin yaz sessiyası üçün iş planına əsasən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, qanunlarda dəyişikliklər edilməsi haqqında sənədlərin, habelə 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı, Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatların müzakirəsi nəzərdə tutulub. Bununla yanaşı, ictimai dinləmələrin, konfransların keçirilməsi və digər məsələlər komitənin iş planında öz əksini tapıb.
Müzakirələr zamanı komitə üzvləri Əli Məsimli, Vüqar Bayramov, Aydın Hüseynov hesabat və iş planı ilə bağlı öz qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrin yekununda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul sayılıb, 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi təsdiq olunub.
Sonra iclasda gündəlikdəki qanun layihələrinə baxılıb.
Əvvəlcə, Azər Əmiraslanov “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təqdim edilib. Qeyd olunub ki, sənəddə təklif edilən dəyişikliklər ölkədə ixtira və patent fəallığının yüksəldilməsinə, patent alınması ilə bağlı prosedurların sadələşdirilməsinə, ekspertiza müddətinin nəzərəçarpacaq dərəcədə azalacağına, ixtiranın yaradıcısı olan müəllifə ödənilməli olan qonorarın məbləğinin artacağına, Qlobal İnnovasiya İndeksi üzrə ölkəmizin beynəlxalq reytinqlərdə göstəricilərinin yaxşılaşacağına, əqli mülkiyyət qanunvericiliyinin daha da təkmilləşəcəyinə xidmət edəcək.
Gündəliyin digər məsələsi - “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov məlumat verib. Bildirilib ki, qanun layihəsi yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Sənəddə “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsində avtomagistral anlayışı yeni redaksiyada təklif olunur. Qeyd edilən dəyişikliyə əsasən, “Avtomobil yolları haqqında” Qanunda da avtomagistral anlayışının müvafiq redaksiyada verilməsi nəzərdə tutulur. Layihədə, həmçinin ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur. Bununla yanaşı, yanaşı “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsinə “Qeyd” hissəsinin əlavə edilməsi nəzərdə tutulur. “Qeyd” hissəsində nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın mühafizə olunan duracağına aparılması ilə bağlı məsələlər öz əksini tapıb.
Sonra Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim edilib.
Komitə sədri Azər Əmiraslanov bildirib ki, layihə ölkəmizin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmasının dəstəklənməsi məqsədini daşıyır. Qeyd edilib ki, adıçəkilən beynəlxalq sənədə qoşulmaq məqsədilə ölkə başçısı tərəfindən “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında” 25 fevral 2025-ci il tarixli sərəncam imzalanıb. Həmin sərəncamda bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.
Sonra tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müşaviri İlqar Həsənov məsələyə dair fikirlərini açıqlayaraq, Kimberli Prosesinin tarixçəsi, təmsil etdiyi qurumun qeyd olunan məsələ ilə əlaqədar gördüyü işlər barədə danışıb. O, “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələbləri barədə məlumat verib və bununla əlaqədar olaraq qanun layihəsində təklif olunan müvafiq dəyişiklikləri təqdim edib.
Daha sonra iclasda “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti açıqlanıb. Məsələ barədə Maliyyə Nazirliyinin Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov məlumat verib.
Diqqətə çatdırılıb ki, “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən həmin qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, dövlət büdcəsi göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan tərəfindən büdcə təşkilatlarına təqdim edilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
“Mühasibat uçotu haqqında” qanuna edilən dəyişiklikdə “e-mühasibat” informasiya sistemi ifadəsi “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” ifadəsi ilə əvəz olunur.
“Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələrinin elektron qaydada – “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılması, bu proseslə bağlı bir sıra məsələlərin tənzimlənməsi təmin ediləcək.
Sonra Azər Əmiraslanov növbəti məsələni - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd olunub ki, sənədə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılır.
Daha sonra komitə sədri gündəliyin sonuncu məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verərək bildirib ki, Saziş müəyyən edilmiş qaydalara və şərtlərə uyğun olaraq hər iki Tərəfin gömrük orqanları arasında gömrük qanunvericiliyinin düzgün şəkildə tətbiqinin təmin edilməsi, bu qanunvericiliyin pozulmasının qarşısının alınması, aşkar edilməsi və araşdırılması vasitəsilə bir-birlərinə yardım edilməsini nəzərdə tutur.
Təqdim olunan məsələlər ətrafında müzakirələrdə çıxış edən komitənin sədr müavini Azər Badamov, üzvləri Əlibala Məhərrəmzadə, Rövşən Muradov, Vüqar Bayramov, Zaur Şükürov, Tahir Mirkişili, Aydın Hüseynov qanunlara təklif olunan dəyişikliklərin əhəmiyyəti barədə öz fikirlərini açıqlayıblar.
Müzakirələrin sonunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Müşfiq Cəfərov, Heydər Əsədov, Ziyad Səmədzadə, aidiyyəti qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Milli Məclisdə Hesablama Palatasının 2024 cü ildə fəaliyyəti haqqında hesabat müzakirə olunacaq
22 Yanvar 2025 15:33
Milli Məclisin iclası başladı: Hesablama Palatasının hesabatı dinləniləcək
22 Aprel 2025 11:03
Hesablama Palatasının fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub
14 Aprel 2025 12:28
Hesablama Palatasının hesabatı Milli Məclisə ÇIXARILACAQ
20 Mart 2025 17:21
Hesablama Palatasının hesabatı Milli Məclisə təqdim edildi
02 Aprel 2025 14:55
Baxış sayı:60
Bu xəbər 23 Yanvar 2026 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















