Azərbaycan klublarının uğurlu Avropa matçlarına sözardı
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bu həftə Azərbaycanı avrokuboklarda təmsil edən komandalar rəqibləri ilə üz-üzə gəldilər. "Qarabağ" UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsinin ilk oyununda İrlandiyada "Şelburn"u darmadağın etdisə (3:0), "Sabah" UEFA Konfrans Liqasının (KL) 2-ci təsnifat mərhələsinin 1-ci qarşılaşmasında Moldovada "Petrokub"u inamla üstələyərək (2:0) növbəti mərhələ şansını artırdı. KL-dəki digər təmsilçilərimizdən "Zirə" Bakıda güclü Xorvatiya "Hayduk"u ilə qollu bərabərliyə (1:1) razılaşdı. "Araz-Naxçıvan" isə hesabda geri düşməsinə rəğmən, Yunanıstan "Aris"ini evə məğlub göndərməyi (2:1) bacardı. Bəs görəsən təmsilçilərimizin növbəti qitəmiqyaslı turnirlərdə yollarına davam etmək şasnları nə dərəcədə realdır? Komandalarımızın birinci görüşlərdə qazandıqları nəticələr ümidlənməyə əsas verirmi?
"Qarabağ" ikinci matçı formallığa çevirdi
Ağdam təmsilçisi "Şelburn" üzərində qazandığı böyükhesablı qələbədən sonra işin əsas hissəsini görmüş sayılır. Əlbəttə, davamlı şəkildə avrokubokların qruplarında mübarizə aparan "köhlən atlar"ın İrlandiyada uduzması gözlənilməz nəticə hesab edilərdi. Qitəmiqyaslı turnirlərdə oyundan-oyuna "atırdığına" dəfələrlə şahid olduğumuz son Azərbaycan çempionu böyük ehtimalla, evdə daha parlaq futbolla diqqət çəkəcək. Bəlli həqiqətdir ki, "Şelburn" taktiki cəhətdən hazırlıqlı, sonadək mübarizə aparmağı sevən kollektivdir. Hərçənd komandalar arasında həm təcrübə, həm də səviyyə fərqi var.

Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovun "Qarabağ"ın ilk oyunu və qarşıdakı cavab matçı barədə fikirləri belə oldu:
"Qarabağ" Bakıya çox yaxşı top fərqi ilə qayıtdı. Düzü, böyük fərqlə qələbə qazansaq da, o qədər də yaxşı oynamadıq. Azarkeşlər bir qədər fərqli anlaya bilərlər, amma detalları incələsək, rəqibi taktiki baxımdan üstələyə bilmədik. "Şelburn" "Qarabağ"la oyuna 5-2-3 düzümü ilə çıxmışdı. Həmlələr zamanı rəqibi azlıqda yaxalaya bilmirdik. Vurulan birinci qola diqqət yetirsək, onların qapısı qarşısında bizim 1 "Şelburn"un isə 5 oyunçusu var idi. Taktiki baxımdan "Qarabağ"la oyuna çox yaxşı hazırlaşmışdıar. Sadəcə, İrlandiya komandasının heyətindəki futbolçuların fərdi keyfiyyətləri yüksək deyildi. Məsələn, Zubir istədiyi cinahda, istədiyi şəkildə rəqib futbolçuları keçirdi. "Şelburn" britaniyalılara xas futbolla diqqət çəkdi. Sona qədər mübarizə aparmağa, irəlidə təzyiq etməyə çalışdı. Əslində, istəklərinə də nail olurdular. "Qarabağ" rəqibin pressinqi nəticəsində meydanın mərkəzində çox sayda top itirdi. Standart vəziyyətlərin birində isə topu son anda boş qapıdan çıxardıq. "Qarabağ" rəqibə kifayət qədər qol imkanı verdi. Qeyd etdiyim kimi, onların fərqlənməsinə ustalıq səviyyəsi mane oldu. Belə deyək, yay toplanışı çərçivəsində istər Xarkov "Metallist"i, istərsə də "Zalsburq"la yoxlama oyunlarda Azərbaycan çempionunun yol verdiyi səhvləri bağışlamırdılar.
"Qarabağ"ın nəyin hesabına qalib gəldiyinə diqqət yetirsək, Leandro Andrade və Zubirin cinahlardakı fərdi performanslarını qabartmalıyıq. Kadi də özünü yaxşı tərəfdən göstərdi. "Şelburn" nə qədər qaçsa da, nə qədər düzgün oynasa da, futbolçuların səviyyə fərqi aşkar sezilirdi. Deyərdim ki, bu oyunun ən yaxşısı Nəriman Axundzadə idi. Avtoqol zamanı ayağını topa qoyub qol müəllifi olduğuna görə demirəm. 81-ci dəqiqədə Kadinin ara ötürməsi zamanı onun necə "açıldığını" görmək beynəlxalq səviyyəli reaksiya ilə diqqət çəkdiyini söyləməyə əsas verir. Həmin epizodun davamında dirəyə tuş gələn zərbəsini isə Kaşuk tamamlayaraq fərqi artırdı. Nəriman belə davam etsə, başqa hücumçuya ehtiyac qalmayacaq. Nərimanın partlayıcı sürəti "Qarabağ"ın sabiq forvardı Juninyonunkundan da yüksəkdir. O, həm də Juninyodan daha dözümlü futbolçudur. Emmanuel Addai hücum fazasında çox sayda top itkilərinə yol verdi. Qeyri-dəqiq ötürmələrini və zərbələrini qaçmaqla kompensasiya etsə belə... Yeni transferlərdən Pedro Bikalyo arzulanan çıxışla diqqət çəkmədi, ancaq onun hələ komandaya uyğunlaşmadığını nəzərə alsaq, mövcud performansının səbəbini anlamaq olar. Təbii ki, Bikalyo hələ uyğunlaşmalıdır.
Qısası, ilk görüşdəki səhvlərə rəğmən, ikinci matçın bizim üçün çətin keçməyəcəyini düşünürəm. Hə, İrlandiya komandası Bakıda qol vura bilər. Lakin geridönüş edəcəklərinə inanmağım gəlmir. Bu səviyyədə futbolçulara malik kollektivin "Qarabağ"ı keçməsi çətin məsələdir".
"Zirə" mərhələ adlamasa belə...
"Hayduk"un səviyyəsi, tarixi haqda çox danışmaq olar. "Zirə"nin püşkdə bəxtinin gətirmədiyi öncədən bəlli idi. Xorvatiyanın ən köklü iki klubundan biri ilə üz-üzə gələn "qartallar"ın ortaya qoyduğu oyun intizamı və kompakt futbol fonunda 1:1 hesabı qənaətbəxş nəticədir. Təbii, Rəşad Sadıqovun çalışdırdığı kollektiv heyətdəki futbolçuların ustalıq səviyyəsi baxımından "Hayduk"dan geri qalır. Üstəlik, ortada çox ciddi büdcə fərqi də var. Bu məqamlara baxmayaraq, mövcud məşqçi işi hələ hər şeyin bitmədiyini söyləməyə əsas verir. Şübhəsiz, "Zirə" mərhələ adlamasa belə, bu rəqibi mübarizədən kənarlaşdıra bilmədiyi üçün qınağa tuş gəlməyəcək. Lakin ötən yay Xorvatiyanın cütün favoriti sayılan digər komandasını "Osiek"i keçməyi bacaran qəsəbə klubundan hər şey gözləmək mümkündür. Təlim-məşq toplanışına təxminən 1 ay gecikdiyi üçün cərimələnən və əvəzedici komandaya göndərilən Rafael Utziqlə "Hayduk"la matçdan əvvəl Norveç "Malmö"sünə satılan Salifu Suma kimi cinah hücumçuları xorvatlara qarşı oynasaydılar, "Neftçi Arena"dakı matçın ikinci yarısında oyuna qoşulan Rövlan Muradovun sona yaxın dirəyə tuş gələn zərbəsi qola çevrilsəydi, yəqin ki, hazırda daha nikbin xəyallar qurardıq.

Ötən mövsümün sonunda elitada saxladığı "Kəpəz"dən ayrılan Azər Bağırovun "Zirə" - "Hayduk" dueli ilə bağlı Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Oyunun ilk qola qədər olan hissəsində "Zirə" daha aktiv təsir bağışlayırdı. Hiss olunurdu ki, "Hayduk" Bakıya heç-heçə üçün gəlib. Hərçənd Xorvatiya təmsilçisi belə desək, dişini göstərirdi. Təmsilçimizin vurduğu qolun müəllifi Brahim Konatenin zədələnərək meydanı tərk etməsindən sonra sistemdə dəyişiklik oldu. Bu dəyişikliklərdən sonra rəqib üstünlüyü ələ aldı. Qonaqlar hesabda geri düşəndən sonra "Zirə" müdafiəyəmeyilli oynamağa başladı. Topa daha çox nəzarət edən "Hayduk" B planını işə saldı. Rəqib hücumlar təşkil etsə də, müdafiənin də qayğısına qalmağı unutmurdu. Hesabın bərabərləşdiyi vaxtda artıq üstünlük onlarda idi. Hə, Rövlan Muradov oyuna qoşulandan sonra "Zirə" hücumda aktivləşdi, amma təəssüflər olsun ki, istədiyi qolu vura bilmədi. Bir epizodda məhz Rövlanın zərbəsi dirəyə tuş gəldi. Yekunda "Hayduk" evə sərfəli nəticə ilə qayıtmağı bacardı. Ancaq unutmayaq ki, irəlidə hələ bir görüş də var".
"Bayquş"a ovunu udmaq qalır
UEFA Avropa Liqasının (AL) 1-ci təsnifat mərhələsində Sloveniya "Sele"sinə uduzan (2:3, 3:3) "Sabah" mübarizəni KL-də davam etdirmək məcburiyyətində qaldı. "Petrokub"la matçın favoriti sayılan Masazır təmsilçisi Moldovadakı qarşılaşmada diqqətləri üzərinə çəkməyi bacardı. Baxmayaraq ki, ilk yarıda Kişinyov komandası istəkli və aqressiv görünürdü... Hərçənd özünü qonaq kimi aparmayan Masazır komandası ikinci yarının sonlarında 2 qol vuraraq Azərbaycana ciddi üstünlüklə qayıtdı. Bir qədər obrazlı yanaşsaq, indi "bayquş"a caynaqlarına keçirdiyi ovunu udmaq qalır. Yəni istər büdcə, istərsə də heyətindəki futbolçuların keyfiyyəti prizmasından "Sabah"a uduzan "Petrokub"un ikinci matçda geridönüş etməsi sensasiya sayılar.

Aslan Kərimov "Sabah"ın bu rəqibi keçəcəyinə əmin olduğunu bildirdi:
"Səfərdə 2:0 hesablı qələbə çox yaxşı nəticədir. "Sabah" demək olar ki, 70 faiz işinin öhdəsindən gəlib. Bu rəqibi keçəcəklərinə əminəm, amma matçı təhlil etsək, təmsilçimizin ideal oyun sərgiləmədiyini görərik. Birinci hissədə meydan sahibləri bizimkilərin əks-hücumlarının qarşısını kəsməyi bacarırdılar. Yəni təmsilçimizin ən güclü tərəflərindən birindən istifadə etməsinə imkan vermirdilər. Həm də o qədər də dominant çıxışla yadda qalmadıq. Düzdür, rəqib də fasiləyə qədər "Sabah" kimi 100 faizli qol imkanları yaratmadı, lakin "Sabah"ın sürətli cinah hücumçularının planları həyata keçirməsinə mane oldular. "Petrokub" 5-3-2 düzümü ilə oynayrdı. Beş müdafiəçi ilə mübarizə apardıqlarına görə boş zona tapa bilmirdik. Meydan sahibləri dominant futbola üstünlük versəydi, cinah müdafiəçiləri tez-tez irəli çıxsaydılar, təbii ki, boşluqlar da olardı.
Təmsilçimizin futbolçularının keyfiyyəti rəqib komandanın oyunçularınınkından daha üstün idi. Bu cümləni başqa şəkildə desək, "Petrokub"un qapıçısı 2:0 hesabının qeydə alınmasına "töhfə verdi". Rəqib bizim üstümüzə böyük qüvvə ilə gəldiyi zaman uzun topdan sonra Pavol Şafrankonun cinahdan təkbətək çıxdığını gördük. Həmin epizodda qapıçının bu qədər önə çıxması kobud səhv idi. Əslində, qolkiper mövqeyini tərk etməməli idi, çünki digər mərkəz müdafiəçisi Şafrankonun önünü kəsə bilərdi. Məlumdur ki, Pavol Cesse Sekidika və ya Coy Lens Mikels qədər sürətli deyil. Slovakiyalı futbolçu təcrübəsinin hesabına çox irəliləmədən topu uzaq küncə göndərərək tora qovuşdurdu. Oyun elə 1:0 hesabı ilə də bitəcəkdi, ancaq qapıçı son dəqiqələrdə yenə bizə hədiyyəsini verdi. Xəyal Əliyevin sonadək oynaması, Şilviu Şmalenyanın növbəti səhvi yekun hesabı müəyyənləşdirdi. Onu da qeyd edim ki, "Sabah"ın bütün futbolçuları sonadək mübarizə apardılar. Evdəki oyun da asan olmayacaq. Amma iki top fərqi ciddi üstünlükdür".
İlk qələbə, ilk ümid
"Araz-Naxçıvan"ın avrokuboklardakı debüt matçında "Aris" üzərində qazandığı qələbə ikiqat əhəmiyyətlidir. Yunanıstan Super Liqasının Azərbaycan Premyer Liqasından üstün çempionat olduğunu da yada salsaq, heyətində ödənişli legionerlər cəmləşən rəqibin Bakıda uduzması meydan sahibləri adına ürəkaçan reallıqdır. Elmar Baxşıyevin rəhbərliyi altında matça yaxşı hazırlaşan, qollardan birinə imza atan Patrik Andrade başda olmaqla səviyyəli transferlər edən Naxçıvan komandasının hesabda geri düşdüyü qarşılaşmada ortaya xarakter qoyması faktdır. İlk qələbə ilk ümid anlamındadır.

Bu oyundan öncə saytımıza verdiyi açıqlamada "Araz-Naxçıvan"ın "Dalğa Arena"da uğurlu nəticə qazanacağına inandığını bildirən müəxəssis Füzuli Məmmədovun matçdan sonra səsləndirəcəyi fikirlərə ehtiyac duyduq:
"Aris"lə qarşılaşmada yaxşı oyun göstərərək qələbə qazanan "Araz-Naxçıvan"ı buna görə təbrik edirəm. Müdafiənin səhvindən buraxılan bir qol olmasaydı, 2:0-lıq nəticə daha əla olardı. Amma komanda Yunanıstana bir top üstünlüklə yollanacaq. Artıq rəqib haqda daha çox informasiya var. "Aris" evdə daha aqressiv oynayacaq və bu da başadüşüləndi. Rəqib hesabda geridədir və hücuma atılmalıdır. Həm də doğma meydan amilinə görə buna məcburdurlar. Bakıdakı oyunda 4-4-2 taktiki sxeminə üstünlük verərək "Araz-Naxçıvan"ı ikinci zonada qarşılayır və əks-hücumlarda rəqibini yaxalamaq istəyirdi. Vurduqları qol da məhz elə vəziyyətdən oldu. Evdə isə ilk dəqiqələrdən daha böyük qüvvə ilə hücum edəcəklər. Düzgün təhlil etmək və plan qurmaqla "Araz-Naxçıvan" mərhələni keçə bilər. Heyətlərindəki oyunçuların keyfiyyəti bunu reallaşdırmağa imkan verir. Komanda yaxşı transferlər edib. "Araz-Naxçıvan"a uğurlar arzulayıram".
Nihat Ağasoy
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.


