Icma.az
close
up
RU
Azərbaycan mediası milli azadlıq uğrunda mübarizədə

Azərbaycan mediası milli azadlıq uğrunda mübarizədə

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

70 illik sovet-kommunist rejiminin iflasa yuvarlanması 1917-ci ildə Rusiya imperiyasının süqutundan sonra olduğu kimi, bu dəfə də erməni millətçilərini Azərbaycana qarşı quduz bir ərazi iddiası ilə meydana atdı.

SSRİ-ni parçalayıb dağıtmağa hazır olan imperialist dairələrin də açıq-gizli himayəsi ilə “xalqların qardaşlıq ittifaqı” can verməkdə olduğu bir dövrdə ayaq tutan bu düşmənçilik tezliklə irimiqyaslı zorakılıq aksiyaları və hərbi təcavüz xarakteri aldı.

Tarixi baxımdan gözlənilən, hələ mövcud olan sovet gerçəkliyi şəraitində isə gözlənilməz olan bu hadisələr tezliklə Azərbaycanda ictimai-siyasi, mənəvi-məfkurəvi reaksiya olaraq öz taleyinə sahib çıxmaq istəyi və coşğusu ilə cavablandırıldı. Xalq meydanlara axışdı, imperiya rəhbərliyinin gözləmə mövqeyinə qarşı qiyam qaldırdı. Ermənistanın heç nəyə məhəl qoymadan Qarabağın dağlıq hissəsində özbaşınalıqlara başlaması Azərbaycan xalqının milli mənliyinin tapdalanması kimi qarşılandı.

1988-ci ilin noyabrında Şuşanın Topxana meşəsində erməni baltalarının səsinin “Topxana harayı”na çevrilərək xalqımızı Azadlıq meydanında çoxgünlük möhtəşəm etiraz mitinqlərinə çıxarması artıq sovet rejiminə qarşı etimadsızlıq və milli dirçəliş siqnalı oldu. Ermənistanın Azərbaycanın daxilində və kənarında xalqımıza qarşı törətdiyi qanlı terrorlar ərazilərimizə hərbi basqılara çevriləndə isə xalq sovet rejiminin son nəfəsdə ermənipərəst mövqe ilə zəhərləndiyinə tam əmin oldu.

Yerli sovet idarəçiliyi xalqın bu qəti və kütləviləşmiş mövqeyi qarşısında çökəndə Mixail Qorbaçov diktaturası ölkəmizdə ömrünü uzatmaq üçün 1990-cı ilin 20 yanvarında Bakını və ölkənin fəal bölgələrini qanlı aksiyalarla işğal etdi. Bu, Azərbaycanda ümumxalq azadlıq hərəkatını alovlandırdı. 70 illik kommunist zorakılıqlarını pərdələmiş, gizlətmiş sovet mediasının Azərbaycan yayımları azadlıq mübarizəsinə çevrilmiş bu hərəkatda ilk gündən xalqımızın, vətənimizin maraqları ilə qoşa addımladı.

Müstəqillik dövründə bütün bunlar barədə Milli Məclisin deputatı Cavanşir Feyziyev “Xalq qəzeti”ndə çap edilmiş “20 Yanvar – əsarətin son gecəsi” məqaləsində yazırdı: “Soyuq 20 Yanvar səhəri açılmağa macal tapmamış bəşər tarixinin insanlığa sığmayan ən faciəvi hadisələrindən biri – Bakı küçələrində dinc nümayişçilərin gülləbaranı baş verdi. Azərbaycana, nəyin bahasına olursa-olsun, milli mücadiləni boğmaq və yatırtmaq məqsədi ilə yeridilən rus qoşunları Bakıda və respublikanın müxtəlif rayonlarında 146 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu”.

Yanvarın 19-da hərbi əməliyyatın ilkin mərhələsi kimi Azərbaycan Televiziyasının enerji bloku partladılmış, respublika Televiziyası və Radiosunun verilişləri tamamilə kəsilmişdi. Kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdi. Dövlətin rəsmi orqanı olan “Kommunist” qəzetinin növbəti sayı 18 yanvardan sonra bir də 27 yanvar 1990-cı ildə nəşr olunmuşdu. Qəzet doqquz gün çap edilməmiş, bu müddətdə 20 Yanvar faciəsi barədə xalqa heç bir rəsmi məlumat verilməmişdi.

Faciənin miqyası ilə bağlı ilk xəbər verən “Kommunist” qəzetinin əlavəsi “Səhər” qəzeti idi. Baş redaktorun müavini olan mərhum Məzahir Süleymanzadə yazırdı: “Kommunist” qəzetinin kağız ehtiyatından yararlanmaqla 2 milyon tirajla nəşr olunan “Səhər” dinc əhaliyə açılan atəşləri, uşaqların, qadınların və yaşlıların meyitləri əks olunmuş fotoları dərc etməklə əhalini informasiya blokadasından azad etdi”.

Amma milli mücadilənin girdabında boğulan sovet rəhbərliyi ideoloji inhisar siyasətindən əl çəkməyərək tabeliyində olan KİV vasitəsi ilə 1990-cı ilin iyulunda çağırılan Sov.İKP-nin sonuncu – XXVIII qurultayının yeni “ideallar”ını cəmiyyətə təqdim edirdi. Şübhəsiz ki, qurultaya tərəddüdlərlə getmiş Azərbaycan kommunistləri bu “ideallar”a etirazlarını gizlətmirdilər.

Qurultay nümayəndəsi, o dövrdə respublika Qadınlar Şurasının sədri olmuş professor Zemfira Verdiyeva “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində yazmışdı: “SSRİ-də prezident hakimiyyətini təsis etmək ideyasını irəli sürəndə bunu onunla əsaslandırdılar ki, yeni hakimiyyət formasına daha böyük dinamik qətiyyət, operativlik vermək lazımdır. Qonşu respublikada (Ermənistan) qəsbkarlıq niyyətləri güdən, konstitusiyaya zidd ordu təşkil edilməsini necə başa düşmək olar?! Ölkənin hər hansı sakini cib bıçağı üstündə soyuq silah gəzdirmək adı ilə məhkum edildiyi halda, bu terrorcu təşkilatın gücü və qüdrəti mərkəzi televiziya ilə nümayiş etdirilir, hətta bəzi qəzetlərdə təriflənir”.

“Kommunist” qəzetinin qurultayın gedişindən materiallar hazırlamaq üçün Moskvaya ezamiyyətə göndərilmiş müxbiri Elman Qədirov isə “Kremlin təzadları” məqaləsində yazırdı: “Qurultay qalın meşədə kompassız hərəkət edən yolçuya bənzəyir. Gah işıq gələn tərəfə gedir, gah tüstü çıxan tərəfə. Düzgün yol isə hələ tapılmayıb”.

Azərbaycan Kommunist Partiyasının yeniləşdirilməsi yolu ilə respublikanın siyasi və iqtisadi inkişafının yeni səviyyəyə yüksəldilməsini “təmin edəcək” Azərbaycan kommunistlərinin XXXII qurultayı, Sov. İKP qurultayının yekunları və respublika partiya təşkilatının təxirəsalınmaz vəzifələrindən danışan Azərbaycan KP MK-nın birinci katibi A.Mütəllibovun çıxışı Sov.İKP nizamnaməsinə sadiqlik nümayiş etdirməkdə idi. Amma mətbuatın dərc etdiyi bəzi məqalələrin məzmununa diqqət edəndə tam başqa mənzərəyə də şahidlik edirik.

Bu sırada kommunist rejiminin tədqiqatçısı, uzun illər rəhbər vəzifələrdə çalışmış tarix elmləri doktoru Kamran Rəhimovun “Yenidənqurmanın dialektikası” məqaləsi diqqət çəkir: “Bəzən bizi işin düz getməməsində, cəsarətsizlikdə, ikili mənəviyyatda təqsirləndirirlər. Əlbəttə, söhbət kimin haqlı, kimin haqsız olduğundan getmir. Onu demək lazımdır ki, onillərlə biz yalan və qorxu şəraitində yaşamışıq. Sosializm haqqında Lenin nəzəriyyəsinə yenidən baxılmalıdır”.

Göründüyu kimi, günün “yenidənqurmasına və yeniləşməsinə” bəraət qazandırmaq niyyəti ilə kommunist rejiminin dünəninə qiymət verən kommunist müəlliflər bəzən bilərəkdən, bəzən də bilməyərəkdən rejimin mahiyyətini ortaya qoyurlar. Bu yazılarla yanaşı, milli ruhun və milli tarixin yüksəlişini təbliğ edən, tariximizin şərəfli səhifələrini gündəmə gətirən və mətbuada dərc edilən məqalə və yazıların sayı da onlarca olmuşdur.

Milli tariximiz və istiqlalçı yaddaş haqqında mətbuatımızda getdikcə artıb çoxalan “Azərinform”un böyük qardaşı”, “Azərbaycan Demokratik Respublikası”, “Demokratik respublikaya həsr edilir”, “Təkamül” qəzetinin baş redaktoru” “Beş hürriyyət”, “Xatirə lövhəsi açılmışdır”, “Respublika Azərbaycan milli dövlət quruluşunun dirçəliş gününü bayram edir”, “Böyük Əkinçi. Yaxud unudulmuş Həsən bəy Zərdabi”, “Tağıyev H.Z.: sahibkar, mesenat. Tarix elmləri doktoru Marat Allahverdiyevin kitabı haqqında”, “Azərbaycan xanlıqları. Dəyirmi masa”, “Folklorumuzun fədailəri”, “Orta əsr Azərbaycan dövlətləri. Dəyirmi masa” kimi nəşrinə uzun illər çox möhkəm qadağalar qoyulan mövzuların qarşısını nə kommunist rəhbərlik, nə redaktorlar, nə də senzura ala bilmirdlər. Bir sıra hallarda onlar heç bunu istəmirdilər də. Bu xalq hərəkatının qarşısıalınmaz axarında mümkün də deyildi.

Əslində, bu “qiyamçı” yazılar”ın məzmun və mənasına, bir də müəlliflərin kimliyinə diqqət edəndə görünür ki, xalqın ziyalıları çox şeyləri bilirmiş. Sadəcə, həqiqətlərin söylənməsi mümkün olmayıb, olanlar da ciddi senzura nəticəsində həyata vəsiqə ala bilməmişdir.

Milli mücadilənin güclənməsi Azərbaycan mətbuatında daha çox Türkiyə ilə əlaqəli yazıların artımı ilə də müşayiət olunub. Onda ölkə mətbuatı üçün Türkiyə mövzusu bir nömrəli məsələ kimi diqqəti cəlb etməkdə idi. Bu dövrdə də türkdilli ölkələrin kütləvi informasiya vasitələrinin, xüsusilə mətbuatının apardığı araşdırmalar adət-ənənələrimiz və müştərək tariximiz haqqında bilgilərimizin genişləndirilməsində və türk dünyasının inteqrasiya yollarının axtarılıb tapılmasında mühüm rol oynayırdı.

Bu dövrdə mətbuat yeni mövzular ortaya qoysa da, hələ də bütün nəşrlər dövlətə bağlı idi, yəni nəşr olunan qəzet və jurnallar mütləq mənada hansısa bir dövlət təşkilatının nəşri kimi təqdim olunurdu. O, başqa məsələ idi ki, bu nəşrlərdə yeni əhval-ruhiyyənin, milli çağırışların yer tapması həm dövrün tələbi, həm də vətənpərvərlik mövqeyindən yeni idi. “Gənclik” – “Molodost” (baş redaktor Məmməd İsmayıl) respublika komsomolunun jurnalı olsa da, ətrafında yeni dövrün havası ilə yüklənmiş, milli ruhun öndə dayanan müəllifləri toplamaqla, həm də cəmiyyətin aparıcı gücü olan böyük bir gənclik ordusunu birləşdirməkdə idi. Yaxud “Vətən” cəmiyyətinin nəşri olan “Odlar yurdu” qəzeti (redaktor Ramiz Əskər) dünya azərbaycanlılarının birliyinə dair ciddi çağırışlar səsləndirməkdə idi. Bu kimi meyillər partiya-sovet mətbuatının dəst-xəttində və mövzu seçimində də özünü göstərməkdə idi.

Bu baxımdan mətbuatın, eləcə də ölkənin baş mətbu orqanı “Kommunist” qəzetinin müstəqillik ərəfəsində nəşr olunan saylarında Türkiyə mövzusu aktuallıq baxımından diqqəti cəlb etdiyi kimi, həm də xarici ölkə həyatından dərc edilən məqalələr sırasında say etibarı ilə ən çox diqqət çəkənidir. Az bir zaman kəsiyində bu mövzuda dərc edilən yazıların sayı belə kifayət qədərdir: iki ildə (1990 və 1991-ci illər) 345 yazı. Mövzu və janr rəngarəngliyi ilə seçilən bu yazılar təkcə statistikası ilə yox, həm də müəlliflərin hiss və duyğularının türk dünyasına məhəbbət və doğmalığı ilə maraq oyada bilir. Hətta bu mövzuda təqdim olunan rəsmi xəbərlərdə belə bunları sezməmək mümkün deyil.

Qardaş Türkiyənin adının keçdiyi və mətbuatda dərc edilən bu yazılar, janrından, üslubundan, mövzusundan asılı olmayaraq, uzun illər ayrı düşmüş xalqlarımızın milli mədəni bağlılıqlarını ortaya qoyan nümunələrdir. Bu yazılarda təkcə ayrı-ayrı fərdlərin yox, yaşından və zümrəsindən asılı olmayaraq bütün xalqın, eləcə də müstəqillik mücadiləsinə qalxan insanların (əslində, o vaxtlar buna inananlar çox az idi), daha çox xalqlarımızın doğma münasibətlərinin ifadəsi və tərənnümü hiss olunmaqdadır.

Mətbuatın yaratdığı bu mənəvi körpü gələcək əlaqələrin qurulmasında təməl kimi də qəbul edilə bilər. Ola bilsin ki, hansısa bir məsələdə o dövrkü hakimiyyətin mövqeyində xalqın fikirləri ilə müəyyən ayrılıqlar olsun və sonralar göründü ki, bu, var idi. Amma Türkiyə ilə belə bir fakt diqqətdə olmasa da, olanlar da elə ciddi və prinsipial mövqe nümayişi olmadığından heç vaxt gündəmə təsir etməmiş və ciddiliyi ilə də gündəmdə olmamışdır.

Azərbaycanın SSRİ-nin tərkibində olduğu illərdə Türkiyə rəsmilərinin – dövlət və hökumət adamlarının Moskvaya rəsmi səfərləri çərçivəsində, birmənalı olaraq, Azərbaycana səfərlər də planlaşdırılmış və demək olar ki, bu səfərlər uğurla baş tutmuşdur. Keçən əsrin 60-cı illərindən başlayan bu səfərlərdə Bakı ziyarətləri də önəmli yer tutmaqla, təkcə ümumittifaq deyil, eləcə də respublika mətbuatının işıqlandırdığı mövzulardan olmuşdur.

Düzdür, respublika mətbuatı bu məsələləri müəyyən qadağa və hədlər çərçivəsində işıqlandırsa da, hər halda rəsmi xarakterli bu təqdimatların özündə belə qardaşlıq münasibətlərindən doğan mənəvi bağlılıqları asanca görmək olur. Azərbaycanın müstəqilliyi ərəfəsində isə bu münasibətlərdə daha ciddi yaxınlaşmalara və əlaqələrin genişlənməsinə şahidlik edirik. Türkiyənin Moskvadakı fövqəladə və səlahiyyətli səfiri V.Vuralın 16 yanvar 1991-ci ildə, ardınca Türkiyə Prezidenti Turqut Özalın 13 mart 1991-ci ildə Moskva, sonra da Bakı səfərləri və Bakıda Türkiyə konsulluğunun fəaliyyətə başlaması, baş konsulun Azərbaycanın dövlət başçısı tərəfindən qəbulu Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin başlandığının müjdələri idi.

Göründüyu kimi, artıq bu məsələ dövlətlərarası münasibətlərdə də özünü göstərir və siyasi dairələrin gündəmini müəyyən edirdi. Çox sonralar eks-prezident Ayaz Mütəllibov Türkiyəyə ilk səfərini xatırlayaraq deyirdi: “Bəxtiyar da (Bəxtiyar Vahabzadə) məni müşayiət edən böyük nümayəndə heyətinin tərkibində idi. Bizim heyətin hərarətlə qarşılanmasından təsirlənən şair dedi: "Kaş biz öz müstəqil dövlətimizi təmsil edəydik". Cavab verdim ki, darıxma, gün gələr, bunu da görərik! O vaxt mən Nazirlər Kabinetinin sədri idim”.

Artıq zaman yeni hökmlərini diktə etməkdə, bu sırada isə Sovetlər Birliyinin yaxınlaşan süqutu görünməkdə idi. Amma Azərbaycana, eləcə də SSRİ tərkibində olan digər türk respublikalarına milli münasibətlərin və onların gələcək müqəddəratlarının təyinində dəstəyin gözləniləndən aşağı səviyyədə olması da diqqəti cəlb edirdi. Bu, əslində, ölkədəki millətçilərin önəmli mövqeyi olsa da, Turqut Özal Türkiyəsi daha çox iqtisadi, ticari və mədəni əlaqələrin qurulmasına, dövlətlərarası münasibətlərin bu yöndə inkişaf etdirilməsinə çalışırdı.

Təbii ki, NATO üzvü olan bir dövlətin başqa istiqamətdə siyasət aparmasını gözləmək də reallıqlara sığası fakt deyildi. Amma maraqlıdır ki, istər Türkiyədəki bəzi millətçi qüvvələr, istərsə də bu qüvvələrin dəstəyinə arxalanan və ondan ruhlanan xalq kütlələri bu dəstəyi ummaqda idi. Burada milli-tarixi bağlılığın və qardaşlıq çağırışlarının rolu danılmaz olduğu kimi, təsiri də qaçılmaz idi. Hətta Azərbaycana vaxtilə – XX əsrin əvvəllərində edilən hərbi kömək, Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyası 80-ci illərin sonunda və 90-cı illərdə uşaqdan-böyüyədək, az qala, hər kəsin danışdığı və qardaş Türkiyədən umduğu böyük köməyin bir nömrəli mövzusu idi.

Amma xalqdan uzun illər gizlədilən və ya işğal tarixi kimi təqdim edilən bu tarixin kökündə nələrin dayandığını bəzi siyasətçi və tarixçilərdən başqa dərindən bilən yox idi. Ona görə ki, sovet təbliğat sistemi Azərbaycan–Türkiyə münasibətlərinin bütün tərəflərini “ustalıqla” təhrif etmiş, bu sahədə bütün imkanlardan bəhrələnmişlər. Hətta erməni-bolşevik basqıları önündə qırğınlara məruz qalıb, az qala bir millət kimi varlığını itirmək təhlükəsi ilə üzləşəndə Azərbaycan türklərinin çağırışı ilə köməyə gələn Osmanlı ordusu və Azərbaycan könüllülərinin yaratdığı İslam Ordusu işğalçı və təcavüzkar kimi dəyərləndirilmiş, bu iftiralara etiraz edənlər isə repressiya qurbanları olmuşlar.

Milli dirçəlişin yenidən oyandığı bir vaxtda Azərbaycan Respublikası 1991-ci ilin avqustunda dövlət müstəqilliyini elan edir. Amma oktyabrın 18-də tanınan, yeri gəlmişkən qeyd edək ki, ilk dəfə məhz Türkiyə tərəfindən tanınan bu müstəqillik Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminə inteqrasiya olunmuş, beynəlxalq imic qazanmış və suverenliyini qorumağa qadir bir dövlət olduğunu dünyaya göstərə bilmişdi. Müstəqilliyinin ilk günlərindən Azərbaycanın xarici siyasət xəttində də Türkiyə və türkdilli ölkələrlə əməkdaşlığın qurulması xüsusi diqqətdə olmuşdur.

Şübhəsiz ki, cəmiyyətin ictimai-siyasi həyatında baş verən qabarma və çəkilmələr milli mətbuatımızın diqqətində olmaqla, onların dövrülüyünə, məzmun və ideya qayəsinə də təsirsiz ötüşməmişdir. Azərbaycanın ikinci müstəqilliyinə qovuşduğu ərəfədə respublika mətbuatında Türkiyə mövzusu gündəlikdə duran önəmli mövzulardan olmuşdur. Ən önəmlisi, bu materiallar artıq redaksiyaya Moskvadan gəlmirdi. Bu fakt özü də qəzet materiallarını rəsmi çərçivədən çıxarmış, jurnalist sənətkarlığı baxımından da zəngin bir spektr yaratmışdır.

Əgər vaxtı ilə qəzet səhifələrində Türkiyə haqqında olan məqalə və təqdimatlar ancaq rəsmi materiallar idisə, artıq bu ənənə qırılmışdı, müəllif yazılarının, zarisovka, reportaj, müsahibə kimi jurnalistika janrlarının yer aldığının da şahidi oluruq. Ən başlıcası isə Türkiyə haqqında dərc edilən rəsmi xəbərlərdə belə tarixdən qaynaqlanan qardaşlıq ənənələrinin təqdimatının, demək olar ki, bütün yazılarda yer alması idi. Bu yazılarda milli ruh, tarixi köklərə bağlılıq özünü daha bariz şəkildə göstərirdi.

Respublika mətbuatında müstəqillik ərəfəsində Türkiyə və türk dünyası haqqında onlarca material dərc edilmiş, ictimaiyyətin türk dünyasına olan sevgisi açıq mövzuya çevrilmişdi. Aradan keçən illər bu əlaqələri daha da zəruri etmiş və bu gün də mətbuatda Azərbaycan–Türkiyə mövzusu aktuallığı ilə seçilən və diqqət mərkəzində olan bir nömrəli mövzu kimi ən önəmli yeri tutmaqdadır.

Namiq QƏDİMOĞLU,
fəlsəfə doktoru
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see257

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see224

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see185

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see177

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see164

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see161

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see156

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see156

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see155

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see142

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see138

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see136

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see135

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see135

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see133

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see131

Hikmət Hacıyevin adından yayılan xəbər SAXTADIR!

21 İyul 2025 17:49see131

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see130

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see124

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri