Azərbaycan qlobal təhsil qiymətləndirməsində
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Beynəlxalq tədqiqat ölkəmizin məktəbləri haqqında gerçək mənzərə yaradır
Dünən ADA Universitetində PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı keçirildi. Məclisdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək PISA 2025-in Azərbaycan üçün əhəmiyyətindən və tədqiqatın ölkənin təhsil sisteminin qiymətləndirilməsi baxımından yaratdığı imkanlardan danışdı.
Nazir qeyd etdi ki, diqqətçəkən məqamlardan biri PISA 2025-in Azərbaycanın ümumi təhsil sistemi haqqında daha geniş və dolğun məlumat əldə etməyə imkan verməsidir. İndiki qiymətləndirmədə 91 ölkə və iqtisadiyyat, 760 min şagird, Azərbaycandan isə 241 məktəb və 7 min 432 şagird iştirak edib:
– PISA 2025-i əvvəlki qiymətləndirmədən fərqləndirən mühüm məqam tədqiqatın coğrafi əhatə dairəsinin genişliyidir. Azərbaycanda 2018 və 2022-ci illərdə qiymətləndirmədə yalnız Bakı şəhəri iştirak edib. 2025-ci ildə isə proqram ilk dəfə ölkənin bütün regionlarını əhatə edib. Bu dəyişiklik Azərbaycanın təhsil sistemi barədə əldə olunan məlumatların miqyasını əhəmiyyətli dərəcədə genişləndirir. Müxtəlif regionlardan olan şagirdlərin nəticələrinin də tədqiqata daxil edilməsi ölkə üzrə şagirdlərin bilik və bacarıqlarının daha geniş mənzərəsini formalaşdırmağa imkan verir.
Azərbaycan bu dəfə oxu savadlılığı üzrə 374 bal toplayaraq 91 ölkə arasında 71-ci yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 405 bal təşkil edib və paytaxt 39 bal irəliləyib. Oxu savadlılığı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə orta bal isə 461 olub. Əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə bu göstərici 15 bal azalıb.
Nazir bildirdi ki, kateqoriyada ilk üçlükdə Sinqapur 535 balla birinci, Çin 527 balla ikinci, Çin Taybeyi 508 balla üçüncü olub:
– Digər ölkələrin nəticələrinə nəzər saldıqda, Birləşmiş Krallıq 494 balla 10-cu, Türkiyə 472 balla 18-ci, Almaniya 464 balla 24-cü, Fransa 457 balla 28-ci, İsrail 436 balla 37-ci, Qazaxıstan 385 balla 67-ci, Gürcüstan 384 balla 68-ci yerdə qərarlaşıb. Azərbaycan üzrə əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə dəyişiklik qeydə alınmayıb. Ölkələr üzrə dinamika göstəricilərinə əsasən, Albaniya 49 bal, Gürcüstan 38 bal, Monteneqro 32, İordaniya 20, Filippin isə 20 bal irəliləyiş göstərib.
Qeyd edək ki, PISA 2025-də oxu savadlılığı üzrə 91 ölkə və regiondan 13-ü əvvəlki qiymətləndirmədə iştirak etməyib. 19 ölkədə nəticələr yaxşılaşıb, 58 ölkədə isə nəticələr aşağı düşüb.
Təbiət elmləri üzrə isə geriləmə olub, buna baxmayaraq, ümumi dinamika müsbətdir. Nəticələrin yaxşılaşması tempi baxımından Bakı şəhərinin bu sahədə 2-ci, ümumi yaxşılaşmada isə 4-cü yerdə qərarlaşması müsbət göstəricidir. Davamlı olaraq, nəticələri artırmaq asan deyil. Növbəti qiymətləndirmələrdə Bakı üzrə göstəricini 460-a, Azərbaycan üzrə isə 420 bala qaldıra bilsək, bu, böyük uğur olar. Hər mərhələdə nəticələri 15 bal artırmaq yaxşı göstəricidir.
Emin Əmrullayev daha sonra bildirdi ki, oxuduğunu anlama ilə əlaqədar da ciddi pedaqoji problemlər var. Bakının göstəricilərində bununla bağlı geriləmə müşahidə olunub:
– Ölkə üzrə regionda oxu savadlılığı ilə bağlı göstəricilər yaxşı olsa da, irəli getməyə yerimiz çoxdur. Təhsil ictimaiyyəti bunu ciddi müzakirə etməlidir. Gələn il və 2029-cu ildə bu nəticələr irəliləməyəcək. Amma 2033-cü ildə buna nail olmaq mümkündür. İndiki zamanda isə Azərbaycanda 3 adamdan ikisi oxuduğunu anlamır. Bunu PISA tədqiqatlarının nəticələrinə istinad edərək deyirəm.
Diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, qızlar ilk dəfədir ki, riyazi savadlılıqda oğlanlardan yaxşı nəticə göstərir. İndiyədək ölkədə bu cür nəticələr olmayıb. Qızlar oğlanları bu məsələdə, təxminən, 13 bal geridə qoyurlar. 15 yaşlı yeniyetmə oğlanların riyaziyyatı qavraması ilə bağlı nə baş verdiyi təhlil olunmalıdır.
Təqdimat sual-cavab hissəsi ilə davam etdi. PISA nəticələrinin təhlilinin necə aparıldığı ilə bağlı suala cavabda elm və təhsil naziri Emin Əmrullayev bildirdi ki, beynəlxalq tədqiqatın nəticələri təhsil siyasətinin formalaşdırılması və islahatların nəticələrinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
– PISA şagirdlərin bilik və bacarıqlarını tətbiq etmək imkanlarını obyektiv şəkildə ölçən beynəlxalq qiymətləndirmə vasitəsidir və elə bir şkaladır ki, burada qiymətləndirmə kiminsə rəyi, subyektiv fikrinə yol vermədən, rəqəmlər üzərində və təhlil olunmuş faktlar əsasında aparılır. Bu nəticələr yalnız statistik göstərici kimi deyil, həm də təhsil siyasətinin təhlili baxımından əhəmiyyətlidir. Tədqiqatın nəticələri dərin təhlil aparmaq, təhsil siyasətini araşdırmaq, yeni islahatları müəyyənləşdirmək, əvvəlki islahatların necə işləməsi ilə bağlı nəticəyə gəlmək baxımından vacibdir. Təhsil siyasəti yalnız rəqəmlərə və statistik göstəricilərə əsaslanmamalı, eyni zamanda, müəyyən prinsiplər və qaydalar üzərində qurulmalıdır.
Ləman TƏHMƏZ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 09 Sentyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















