Azərbaycan Ruanda: Yaxşı tərəfdaş və dost ölkələr
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.



Milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursuna malik olan Azərbaycan müxtəlif coğrafiyalarda yerləşən ölkələrlə əlaqələrini uğurla genişləndirməkdədir. Azərbaycan özünün ardıcıl diplomatiyasında bir qayda olaraq qarşılıqlı maraqlardan cıxış edir ki, bu da yaxın, uzaq coğrafiyalarda ölkəmizin cəlbediciliyini artırır.
Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin respublikamıza uğurlu səfəri də bu kontekstdə diqqət çəkir. Bəhs olunan səfəri Azərbaycanın ötən ilin noyabr ayında yüksək səviyyədə ev sahibliyi etdiyi COP29 çərçivəsində Prezident İlham Əliyevin Ruandanın dövlət başçısı ilə görüşünün davamı kimi də dəyərləndirmək mümkündür. Bakıda qlobal iqlim konfransı günlərində baş tutan görüşdə Prezident İlham Əliyev Ruandadan olan həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib və qarşı tərəf dəvəti məmnuniyyətlə qəbul edib. Bu günlərdə Bakıda kifayət qədər məhsuldar keçən rəsmi səfər çərçivəsində prezidentlər bir sıra mühüm görüşlərə qatılıblar və aktual müzakirələr aparıblar. “Əminəm ki, bu səfər ikitərəfli münasibətlərə əlavə təkan verəcək. Biz əməkdaşlığımızın müxtəlif aspektlərini artıq müzakirə etdik, tərəfdaşlığımızı dərinləşdirməkdə və genişləndirməkdə birgə iradəmizi ifadə etdik”, - deyə Prezident İlham Əliyev Azərbaycan ilə Ruanda arasında imzalanmış sənədlər mübadilə olunduqdan sonra mətbuata verdiyi bəyanatında vurğulayıb.
Azərbaycan Afrikanı fəth edir
Ruanda Prezidentinin Bakıya ardıcıl səfərləri Azərbaycanın öz siyasətini Afrika qitəsində genişləndirməsi kontekstində xüsusilə diqqət çəkir. Avropada, Asiyada, körfəz coğrafiyasında özünə çoxlu sayda dostlar qazanan respublikamız artıq Afrikada da möhkəmlənməkdədir. Dövlətimizin Afrika qitəsi ölkələri üzrə siyasəti diplomatiya, iqtisadi əməkdaşlıq və humanitar təşəbbüsləri özündə birləşdirən kompleks xarakter daşıyır.
Son illər ərzində Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlər ənənəvi siyasi dialoq çərçivəsindən kənara çıxaraq irəliləyib. 1992-2012-ci illərdə Afrika dövlətlərinin əksəriyyəti ilə diplomatik münasibətlərin qurulması ilə başlayan bu proses Bakının fəal xarici siyasəti sayəsində əhəmiyyətli dərəcədə inkişaf edib. Bunu Afrika ölkələrinin yüksəksəviyyəli rəsmilərinin respublikamıza intensivləşən səfərləri də təsdiqləyir. Qeyd edək ki, son vaxtlarda Konqo, Somali, Qvineya-Bisau kimi dövlətlərin prezidentlərinin respublikamıza uğurlu səfərləri baş tutub. Eyni zamanda, ölkəmizin Keniya, Əlcəzair və Nigeriya və digər Afrika ölkələri ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı uğurla inkişaf edir.
Artıq Afrika qitəsinin ölkəmizlə siyasi əlaqələrinin genişləndiyi dövlətlər sırasında Ruanda Respublikası da yer alır. Qeyd edək ki, Ruanda Afrika qitəsinin Şərqində yerləşir və dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Uqanda, qərbdən Kivu gölüdə daxil olmaqla Konqo Demokratik Respublikası, cənubdan Burundi, şərqdən isə Tanzaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kiqali, ümumi sahəsi 26,338 kvadrat kilometr, əhalisinin sayı 12 milyon nəfərdən çoxdur.
Azərbaycan və Ruanda arasında diplomatik əlaqələr 2004-cü il mayın 28-də qurulub. Bu addım iki ölkə arasında münasibətlərin əsasını qoyub. Azərbaycan ilə Ruanda arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində inkişaf edir. 2023-cü ildə BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ruanda Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası Hökuməti və Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanıb.
Hər iki ölkə çoxtərəfli platformalar çərçivəsində də əməkdaşlığın genişlənməsinə xüsusi önəm verir. Qeyd edək ki, Bakı ilə Kiqali arasında Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı dialoq üçün əsas platformalardır. Məhz bu təşkilatlar çərçivəsində Ruanda daim Azərbaycana dəstəyini ifadə edib. Mətbuata verdiyi bəyanatında bu kimi məqamları yüksək dəyərləndirən dövlətimizin başçısı “Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik”, - deyə vurğulayıb.
Qoşulmama Hərəkatı çərçivəsində genişlənən münasibətlər
Azərbaycanla əksər Afrika dövlətlərinin, o cümlədən də Ruandanın ən sıx əməkdaşlıq etdiyi beynəlxalq platformalardan biri Qoşulmama Hərəkatıdır (QH). Tərkibində 120 dövləti bir araya gətirən QH düntyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır.
Ölkəmiz 26 may 2011-ci ildə İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək QH-na tam hüquqlu üzv qəbul olunub. Həmin dövrdən etibarən respublikamız QH-nın fəaliyyət istiqamətlərinin genişlənməsinə, ideyalarının təşviqinə və həyata keçiriləsinə özünün sanballı töhfələrini verir ki, bu da qurumda təmsil olunan dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin respublikamıza həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub.
2021-ci ildə isə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət ünvanlayıb və sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş ediblər. Azərbaycan da öz növbəsində bu təklifi qəbul edib. Bu qərar Hərəkat üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir. Prezident İlham Əliyev mətbuata bəyanatında Afrika ölkələrinin, o cümlədən də Ruandanın Qoşulmama Hərəkatında ölkəmizə fəal dəstək verdiyini yüksək dəyərləndirərək vurğulayıb: “Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir. Siz bizə sədr seçilmək və sonra sədrliyimizin uzadılması üçün dəstək verdiniz. Ruanda, həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur. Biz birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik və bir-birimizə qarşılıqlı dəstəyi artırırıq”.
Öz növbəsində Azərbaycan Ruandanın və digər Afrika ölkələrinin QH çərçivəsində respublikamıza dəstəyini yüksək məsuliyyət kimi qəbul edir. Bunu ölkəmiz QH-na sədri olaraq bir daha təsdiqlədi. Belə ki, sədrliyi dönəmində Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artmasına nail oldu. Ölkəmizin fəal səyləri sayəsində qurumun yeni qolları yarandı. Eyni zamanda, respublikamız COVİD-19-la mübarizə çərçivəsində qlobal həmrəylik təşəbbüsündən çıxış etdi və Ruanda da daxil olmaqla bir sıra Afrika ölkələrini maddi cəhətdən dəstəklədi. QH-nın sədri kimi ölkəmiz, həmçinin “peyvənd millətçiliyi”nə qarşı qətiyyətli mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.
Qoşulmama Hərəkatına üzvlük və sədrliyin Azərbaycana töhfələri də böyük olub. 2012-ci ildə respublikamızın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində QH-na üzv dövlətlərin dəstəyi də öz rolunu oynayıb. Azərbaycan həmçinin Qoşulmama Hərəkatından ölkəmizin həqiqətlərinin beynəlxalq birliyin diqqətinə çatdırılması üçün səmərəli bir platforma kimi istifadə edir. İndiyədək ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində daim dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun (artıq ləğv olunub - red.) həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmalarını göstərmək mümkündür. Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb.
Heydər Əliyev Fondunun Ruanda ilə təhsil, mədəniyyət sahələrində əməkdaşlığı
Azərbaycanla Ruanda arasında humanitar sahədə əməkdaşlıq da genişlənməkdədir və burada Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulamaq lazımdır. Son vaxtlarda Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən humanitar diplomatiya əlaqələrin inkişafına və tərəfdaşlığa möhkəm zəmin yaratmaq üçün əsas vasitəyə çevrilib. Bunun əyani sübutu 2024-cü ildə Rvamaqana şəhərindəki məktəbdə içməli su probleminin həll olunmasıdır. Məktəb binasının yerləşdiyi ərazidə Fondun dəstəyi ilə su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib.
Ötən ilin dekabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva humanitar missiya ilə Ruandada səfərdə olub və bu ölkənin Prezidenti ilə görüşüb. Ruanda Prezidenti ilə görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Afrika ölkələrində təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətində layihələrin, təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib. Prezident Pol Kaqame ölkəmizin, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə Ruandada həyata keçirilən təhsil və mədəniyyət sahəsindəki layihələrə görə təşəkkür edib.
Azərbaycanın sülh gündəliyi Ruandada yaxından izlənilir
Postmüharibə mərhələsində qalib tərəf olan ölkəmizin təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında sülyaratma prosesinə start verilib. Azərbaycan bu məsələdə heç bir ilkin şərt irəli sürmədən sırf beynəlxalq hüquqa istinad edib. Məhz ölkəmizin fəal səyləri sayəsində tənzimləmə prosesi irəliləyib və avqust ayının 8-də Vaşinqtonda. Ağ Evdə, dünyanın bir nömrəli ofisində Donald Trampın şahidliyi ilə yekun sülh sazişi paraflanıb. İndi Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar.
Vaşinqton razılaşmaları ölkəmizin sülh gündəliyinin dünyada qəbul edildiyini təsdiqləyir. O cümlədən proseslər qonşu Konqo ilə uzun illər ərzində münaqişədə olan Ruandada da yaxından izlənilir. Bununla bağlı fikirlərini bildirən Ruanda Prezidenti Pol Kaqame vurğulayıb: “Mən Sizin ABŞ-da gəldiyiniz razılaşmanı - sülh razılaşmasını gördüm. Nəyə görə mən bu məsələni qabardıram, çünki biz də Ruanda və Konqo Demokratik Respublikası arasında özümüz üçün bir sülh sazişinə nail olmaq istəyirik. Lakin siz müəyyən hədəflərə çatmaq nöqteyi-nəzərindən bizdən irəlidəsiniz. Odur ki, mən Sizi bu münasibətlə təbrik etmək istəyirəm”.
Qeyd edək ki, cari ilin iyun ayında Vaşinqtonda Konqo Demokratik Respublikası və Ruanda sülh sazişi imzalayıb. Sənədi ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə Konqo DR-in xarici işlər naziri Tereza Kayivamba və Ruandanın xarici işlər naziri Olivye Nduhungirehe imzalayıblar.
ABŞ-nin vasitəçiliyi ilə imzalanan saziş Konqo DR-in şərqində hərbi əməliyyatlara son qoymaq məqsədi daşıyır və eyni zamanda iki ölkə arasında daha sıx iqtisadi əməkdaşlığa yol açır. Bununla belə, sənədin icrasının təmin edilməsi ilə bağlı müəyyən tərəddüdlər də var və bu, Prezident Pol Kaqamenin Bakıda ifadə etdiyi fikirlərdən də aydın görünür.
Mübariz ABDULLAYEV


