Azərbaycan ruhunu yaşadan dahi Üzeyir Hacıbəyli 140
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini
Bu günlər 140 illik yubileyini qeyd etdiyimiz dahi bəstəkar, görkəmli musiqişünas, istedadlı dirijor, tanınmış publisist, librettoçu-dramaturq, qabaqcıl pedaqoq, nüfuzlu ictimai xadim Üzeyir Hacıbəyli mədəniyyət tariximizə əbədi imza atan parlaq şəxsiyyətdir. Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi, hər zaman əlimiz köksümüzdə sayğı duruşunda qürurla dinlədiyimiz Dövlət Himnimizin, nəinki Şərqdə, bütün İslam dünyasında ilk operanın müəllifi Üzeyir bəy zəngin, misilsiz musiqi irsi yaradıb. "Leyli və Məcnun", "Koroğlu", "Şeyx Sənan", "Əsli və Kərəm" , "Harun və Leyla", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşid Banu" operaları, "Arşın mal alan", "O olmasın, bu olsun", "Ər və arvad" operettaları, çoxsaylı mahnılar və müxtəlif janrda musiqi əsərləri məhz Üzeyir Hacıbəyli dühasının misilsiz bəhrələridir. O, Azərbaycan musiqisi tarixində bir çox ilklərin yaradıcısıdır: ilk opera, ilk musiqili komediya və bir sıra digər musiqi janrlarında ilk örnəklər, ilk azərbaycanlı folklorçu-bəstəkar və musiqişünas alim, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın banisi... Onun zəngin irsini araşdıranlar, yəqin ki, bu siyahını xeyli genişləndirə də bilərlər.
Üzeyir bəyin musiqisi hər birimiz dünyaya gözümüzü açandan, dinləməyə başlayandan elə layla kimi iliyimizə işləyib, ruhumuzu qanadlandırıb. Üzeyir Hacıbəyli musiqisi ilə tanışlığımın dəqiq tarixini xatırlamasam da, bilirəm ki, lap körpəlikdən, hələ dil açmazdan onun cazibəsində olmuşam.
1979-cu ildə, hələ 15 yaşında ikən Şuşada - Cıdır düzündə ülvi duyğular, qeyri-adi hisslər məni ağuşuna alanda tarixin möcüzə sərgisinə bənzətdiyim "Cıdır düzü" şeirimdə Üzeyir bəyi xatırlamışdım:
Dili tutulubmu torpağın, daşın,
Görən niyə belə səssizdir bu yer?
Haçansa Üzeyir ayağı dəyib,
Yəqin ona görə əzizdi bu yer...
Bu, həyatı yenicə anlamağa başlayan bir gəncin Üzeyir bəy musiqisinə ehtiramının və heyranlığının ifadəsi idi. Lap gənclik illərimdən Üzeyir Hacıbəylinin ev-muzeyi ilə tanışlığım vardı və o muzeyə tez-tez baş çəkirdim, onun əlinin dəydiyi, toxunduğu hər bir əşyaya müqəddəs nəsnə kimi baxırdım.
Doğulduğum Ağcabədi ilə Üzeyir Hacıbəylinin bağlılığı isə mənim üçün məxsusi fəxarətli bir məqam idi. Orta məktəb çağımda Üzeyir Hacıbəylinin bioqrafiyasını hər dəfə oxuyanda onun məhz Ağcabədidə doğulmasına görə çox qürurlanırdım və dahi bəstəkarın xatirəsinə ithaf etdiyim, yeniyetmə könlümdən gələn ilk qələm təcrübələrimdən biri olan "Burda görüşüb" şeiri o vaxt Ağcabədidəki "Sürət" adlı rayon qəzetində çap olunmuşdu:
Böyük sənətiylə, istedadıyla,
O keçdi ən çətin, uca səddi də.
Yanaşı yazıldı dahi adıyla:
"Dünyaya gəlibdir Ağcabədidə".
O burda cahana açıb gözünü,
Torpaqla ilk dəfə burda görüşüb.
Böyük sənətinə Üzeyir bəyin,
Bir çınqı alov da bu yerdə düşüb.
Yeri gəlmişkən, Üzeyir Hacıbəylinin Ağcabədi ilə bağlılığına dair bir az da mifə, əfsanəyə çevrilən məqamı yada salmaq istəyirəm. Ağcabədinin mərkəzində qayım-qədim ağacların kölgəsində bir bağ var. Yaşlı adamlar, o cümlədən atam Müseyib Məcidov danışardı ki, təxminən ötən əsrin 50-ci illərində o bağda Mircəfər Bağırov böyük sənətkar Bülbülün qoluna girib gəzişir, söhbət edirmişlər. Bu əhvalat Ağcabədidə əfsanə kimi dillərdə dolaşırdı. Sonrakı illərdə beynimdə fikirlər dolanırdı ki, o illərdə - Üzeyir bəyin 1948-ci ildə vəfatından bir az sonra - Azərbaycanın rəhbəri Bağırovla əslən Qarabağdan - Şuşadan olan böyük sənətkar Bülbül Ağcabədidə nədən söhbət edərdi ki?.. Əlbəttə, bu, həm də bir bədii təxəyyülün yaradacağı bədii əsər ola bilər. Amma mən uşaqlıqdan eşitdiyim bu söhbəti sonrakı illərdə də düşünürdüm. O bağda düşüncələrə dalanda fikirləşmişəm ki, ola bilsin, onlar Üzeyir Hacıbəylinin burada muzeyini yaratmaq, yaxud xatirəsini hansısa formada əbədiləşdirmək üçün müzakirə aparıblar. Həmin bağda indi Üzeyir Hacıbəyli adına Muğam Mərkəzi var və dahi bəstəkarın özünün büstü, eləcə də qəhrəmanlarının fiqurları var. Deyilənə görə, Üzeyir Hacıbəyli ilə bağlı Ağcabədinin mərkəzində bir ev olub, sonradan sökülüb. Bəzi versiyalara əsasən, Üzeyir bəy Ağcabədinin Rəncbərlər kəndində, qohumlarıgildə dünyaya gəlib. Bioqrafiyasını, irsini araşdıranlar bu barədə müxtəlif fikirlər səsləndiriblər...
Aradan illər keçəndən sonra bizim əziz şəhərimiz, Üzeyir bəyin də doğma yurdu Şuşa işğal ediləndə və dərin mənəvi ağrılarla müşayiət olunan o müddətdə dahi bəstəkarın ölməz musiqisi əzəməti, möhtəşəmliyi ilə bərabər, həm də müdhiş kədər doğururdu. 2020-ci ildə xalqımızın Böyük Zəfəri ilə o kədər arxada qaldı və mən 2021-ci il mayın 12-də, otuz illik ayrılıqdan sonra Şuşaya gedəndə növbəti şeirimi qələmə aldım. Şuşa işğaldan azad ediləndən sonra mən dəfələrlə orada oldum, hər dəfə Şuşanın ilahi gözəlliyi və sirli aurası barədə yazdım. "Şuşa dəftəri" silsiləsində yer alan son şeirlərimdən birində yenə də dahi Üzeyir bəyi yad etmişəm:
Dahiləri yetişdirib suyu-şörəyi,
Vaqif, Cabbar, Bülbül, Xandı çarpan ürəyi.
Bəstəsinə təzim üçün Üzeyir bəyin
Sidq-ürəklə ibadətdi Şuşaya getmək...
Həqiqətən sonrakı illərdə də nə vaxt Şuşada olmuşuqsa, Üzeyir Hacıbəylinin xatirəsinə ehtiramımızı bildirmədən keçməmişik, bunu özümüzə bir mənəvi borc, ruhun ehtiyac duyduğu ziyarət hesab etmişik.
Ötən il Azərbaycan Yazıçılar Birliyinin 90 illiyi ilə bağlı türk dünyasından gələn qonaqlarımızla birlikdə Şuşada olarkən, Cıdır düzündə gəzərkən yenə də, az qala hər dəqiqə Üzeyir bəyi, onun möhtəşəm musiqisini xatırladıq. Və mən çox sevinirdim ki, türk dünyasından olan sanballı qonaqlar Üzeyir Hacıbəylini yaxşı tanıyırlar, onun musiqisinə bələddirlər.
Üzeyir Hacıbəyli mənim üçün ilk növbədə Azərbaycan ruhunu bizim yaddaşımıza, canımıza hopduran, zəngin yaradıcılıq irsi ilə bu ruhu yaşadan dahi bəstəkardır. Biz onun əbədiyaşar, dillər əzbəri olan əsərləri ilə böyümüşük və bu ənənə nəsil-nəsilə davam edir.
Üzeyir Hacıbəylinin publisist, jurnalist kimi fəaliyyəti də məni həmişə qürurlandırıb. Onun zəngin publisistik irsinə həm Azərbaycan, həm də rus dillərində yazdığı felyeton, məqalə, resenziya, açıq məktub, satirik miniatür və publisistik janrın bir çox növündə yazdığı yüzlərlə əsər daxildir. Üzeyir bəy peşəkar jurnalist kimi müxtəlif illərdə "Azərbaycan", "Həyat", "Kaspi", "İrşad", "Həqiqət", "Molla Nəsrəddin", "Tərəqqi", "İqbal" kimi dövrünün nüfuzlu jurnal və qəzetlərində felyetonçu, tərcüməçi, naşir və redaktor kimi fəaliyyət göstərərək Azərbaycan mətbuatında da imzasını uğurla, həmişəlik təsdiqləyib.
Yadımdadır ki, ustad Şirməmməd Hüseynov "525-ci qəzet"də vaxtilə Üzeyir Hacıbəylinin çap olunmamış əsərlərini silsilə şəklində uzun illər çap etdirdi. O yazılar ayrıca kitab kimi də nəşr olundu. Təqdirəlayiqdir ki, son illərdə Üzeyir Hacıbəylinin publisistik irsi ayrıca kitablar şəklində işıq üzü görür. Mən onun məqalələrini, felyetonlarını oxuyanda Üzeyir bəyin böyük vətən və millət sevgisini, hər bir yazısında xalqımızın maariflənməsi yolunda fədakarlıqla çalışdığını aydın hiss etmişəm. Millətin tərəqqisi, xalqın inkişafı, dilimizin və mədəniyyətimizin qorunması, övladlarımızın, xüsusilə qızların təhsil alması, cəhalətə, xurafata qarşı mübarizə mövzularını əhatə edən bu möhtəşəm publisistik irs milli kimlik şüurumuzun, müasir zənət zövqümüzün formalaşmasına elə Üzeyir bəyin musiqisi qədər müstəsna təsir göstərib. Xüsusilə qeyd etmək istərdim ki, Qarabağ və Zəngəzurla əlaqədar hələ o zamandan başlanan əsassız erməni iddialarına qarşı vətəndaşlıq mövqeyi Üzeyir bəyin bir çox publisistik yazılarında qabarıq əks olunub. O, tarixi ədalət prinsipləri qorunmaqla Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasını arzulayıb, ictimai-publisistik fəaliyyətində məhz buna çalışıb.
Qabaqcıl pedaqoq olan Üzeyir bəy yazılarında da təhsilin, savadın önəminə həmişə diqqət yetirib. O, 1909-cu ilin avqust ayında "Tərəqqi" qəzetinin 137-ci sayında çap edilən "Xəbərdarlıq" felyetonunda yazırdı: "Keçən səfər müəllimlər barəsində işarə edib tərbiyəyi-ətfaldan bəhs açdıq. Doğrudan da uşaq tərbiyəsi çətin bir əmrdir. Evladı xeyir yolda tərbiyə etmək üçün tərbiyənin yolunu da bilmək lazımdır. Tərbiyənin yolunu ancaq elm sayəsində bilmək mümkündür. Yəni bütün ömürlərini uşaq tərbiyəsinə sərf etmiş olan əzim pedaqoqların tərbiyə haqqındakı mülahizat və təklifatından layiqincə xəbərdar olmalıdır. Bizim başımıza gələn bunca fəlakətlərin hamısına bais əksəriyyətimizin elmsizliyidir... Bu barədə möhtərəm Firidun bəy Köçərli cənabları şirin dilli məqalələrlə tərbiyə və təlimi-nisvanın lüzum və vücubunu qəzetəmiz səhifəsində vazeh surətdə bəyan buyurublardır..." Bu ruhda davam edən felyetonda mahir publisist uşaq tərbiyəsi və müəllimlik sənətinin əhəmiyyətinə dair dərin düşüncələrini satirik dillə qələmə alıb. Müəllimlərin rolu, tərbiyə işinin mürəkkəbliyi və valideynlərin təhsildəki məsuliyyəti haqqında millətinin savadlanmasını arzulayan əsl vətəndaş yanğısı ilə söz açıb. Üzeyir Hacıbəyli təhsil işinin təkmilləşdirilməsi üçün Qori seminariyası kimi xüsusi seminariyaların açılmasına, yerli məktəblərin inkişafına da öz yazılarında təsirli çağırışlar edib. Demək olar ki, bütün yazılarında xalqın aydınlanması, təhsili, inkişafı, tərəqqisi naminə öz dövrü üçün də, müasir çağımızda da aktual olan məsələləri qabardaraq onların həlli yollarını təklif edib və beləliklə də, uzun illər ərzində həm də əvəzsiz pedaqoji maarifçilik missiyası yerinə yetirib.
Təxminən 25 il əvvəl - 2001-ci ilin noyabr ayında Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylinin nəvəsi, tanınmış musiqiçi, caz perkussionisti Klement Bailly Hacıbəyli Azərbaycana gəlmişdi. Biz Aqil Abbasla birgə onu Bakının görməli yerlərində gəzdirdik. O, Bakıdakı "Caz Klub"da Hacıbəylilər nəslindən bir qrup insanla görüşüb tanış olmuşdu. Heyrətə gəlmişdi ki, ilk dəfə ayaq basdığı Azərbaycanda onun babasının qardaşı - nəslinin böyük nümayəndəsi Üzeyir Hacıbəyli necə məşhurdur və xalq tərəfindən necə sevilir, ehtiramla xatırlanır. Sonralar Fransa mətbuatında bütün bunları qürurla ifadə etmişdi...
Üzeyir bəyin işğaldan azad olan doğma Şuşası hazırda Azərbaycanın Mədəniyyət Paytaxtı kimi yenidən dünyaya tanıdılır, dahi bəstəkarın ölməz musiqisinin ritmləri ilə də bu sehrli şəhər təkrar canlanır. Musiqimizi və mədəni irsimizi bütün dünyaya tanıdan, eyni zamanda gələcək nəsillərimizin mənəvi ilham qaynağı, milli qürurumuzun tərənnümçüsü olan Üzeyir Hacıbəylinin 140 illik yubileyi həmçinin gözəl Şuşamızın inkişafı ilə əlaqələndirilən rəmzi məqama çevrilib və bütün bunlara görə çox fərəhlənir, qürurlanırıq...
İnanıram ki, doğma Şuşa yer üzündə var olduğu müddətcə dahi bəstəkarın əsərlərinin əzəmətli ahəngi daima səslənəcək və hər notunda Şuşa eşqi canlanan Üzeyir Hacıbəyli musiqisi sonsuza qədər Azərbaycan ruhunu yaşatmağa davam edəcək.


