Azərbaycan tarixi ədalətsizliklə barışmayacaq!
Prezident İlham Əliyev: "Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində addımlar atmalıdır"
"Azərbaycan xalqı ədalətsizliklə heç vaxt barışmayıb, haqq səsini dünyaya çatdırmağa çalışıb". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilən II beynəlxalq konfransın iştirakçılarına müraciətində ifadə edib.
Dövlətimizin başçısı əlavə edib ki, 2020-ci ildə Azərbaycanın şanlı Qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı: "Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda "Böyük Qayıdışa dair Dövlət proqramı" uğurla icra edilir".
Əlbəttə ki, Vətən müharibəsini Zəfərlə yekunlaşdıran Azərbaycan Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış konsepsiyasını həyata keçirir. Qərbi azərbaycanlıların da öz dədə-baba yurdlarına dönüşü gerçəkləşdirmək əsas məsələlərdəndir.
Tarixi mənbələrə nəzər salarkən görürük ki, İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır və bu ərazidə qədim abidələrimizin mövcudluğu onun xalqımıza məxsusluğunu sübut edən amillərdəndir. Ermənilər Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışmışlar. 1988-ci ildə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütləvi terrora məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalıb öz dədə-baba yurdların tərk etdilər. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".
"AZƏRBAYCANLILAR ETNİK TƏMİZLƏMƏYƏ MƏRUZ QALARAQ, TARİXİ VƏTƏNLƏRİNDƏN MƏRHƏLƏLİ ŞƏKİLDƏ ZORLA ÇIXARILMIŞLAR"
Azərbaycan Prezidenti müraciətində hazırda dünyada 120 milyondan çox insanın məcburi köçürülmə problemi ilə qarşılaşdığını qeyd edərək, beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həllinin mümkünsüz olduğunu bildirib.
Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. "Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar", - deyə Prezident bildirib.
XIX-XX əsrlər ərzində erməni millətçiləri Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər və mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə tarixi şəhərimiz - İrəvan Ermənistana bağışlanıb. 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra digər torpaqları sovet hökumətinin xain siyasəti nəticəsində Ermənistana birləşdirilib, 1948-1953-cü illərdə Qərbi azərbaycanlılar növbəti deportasiyaya məruz qalıblar. 1988-ci ildən erməni millətçiləri sovet hökumətinin dəstəyi ilə azərbaycanlıları tarixi diyarları Qərbi Azərbaycandan deportasiya ediblər. İki əsrə yaxın müddətdə erməni təcavüzü ilə üz-üzə qalan, tarixi yurdlarından deportasiya edilən, kütləvi qırğınlara, soyqırımlarına, işgəncələrə məruz qalan Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarından uzaq düşmüşlər.
"ÜMUMBƏŞƏRİ MƏDƏNİ DƏYƏR KİMİ TANINAN AZƏRBAYCAN AŞIQ SƏNƏTİNƏ CİDDİ ZƏRƏR VURMUŞDUR"
"1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir", - müraciətində qeyd edən Prezident bildirib ki, Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır: "Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur".
Qərbi Azərbaycan ölkəmizin tarixinə görə qədim bölgələrdən biridir. Burada mövcud olan qəbirsanlıqlardakı nadir məzar daş nümunələri, tarixi türk qalaları, məscidlər və s. bu məkanın tarixinin göstəricisidir. XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları var idi. XIX əsrin sonları, XX əsrin əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarla küçə mövcud idi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin ardınca dağıdılmışdır. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Erməni vandalları İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən sildilər. İrəvanda məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
İKİ ÖLKƏ ARASINDA DAYANIQLI SÜLHÜN ƏLDƏ OLUNMASINA MANELƏR YARADILIR
"Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir": - deyə Prezident bildirib.
Əlbəttə ki, göründüyü kimi, İrəvan şəhərində tarixi-memarlıq abidələrinə, dini ocaqlarımıza olan təcavüz xalqımızın tarixi keçmişini yer üzündən silmək məqsədi daşıyıb. Ermənistan öz ərazisində azərbaycanlıların hamısını ata-baba yurdlarından çıxarıb və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurub. Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir.
"Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir", - qeyd edən Prezident bildirib ki.
Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır: "2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir.
Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik "böyük Ermənistan" xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir".
QƏRBİ AZƏRBAYCAN İCMASI DƏFƏLƏRLƏ ERMƏNİSTAN HÖKUMƏTİNİ DİALOQA ÇAĞIRIB
Ermənistanın Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışdığını bildirən Cənab Prezident qeyd edib ki, icmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. "Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.
Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.
Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir".
Müraciətdə o da qeyd olunub ki, müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram: "Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir."
Qərbi azərbaycanlıların ermənilər tərəfindən tarixi yurdlarından deportasiya olunmaları və hüquqlarının pozulmaları, eləcə də bu soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsi istiqamətindəki məsələlərin beynəlxalq gündəliyə daxil edilməsi istiqamətində mühüm işlər görülür.
Qərbi azərbaycanlıların hüquqlarının sülh yolu ilə təminatı üçün əsas şərtlərdən biri beynəlxalq müstəvidə fəallığı artırmaqdır.
Qarabağ və Şərqi Zəngəzur kimi, Qərbi Azərbaycan da öz doğma sakinlərinə qovuşacaqdır.
Zümrüd BAYRAMOVA