Azərbaycan tarixinin ən böyük amnistiyası: "Güclü dövlət mərhəmətlə idarə olunur"
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib. Milli Məclisdə qəbul olunan Amnistiya aktı layihəsi 20 mindən çox şəxsə şamil edilib. Bunlardan 5 mindən artıq məhkumazadlıqdan məhrumetmə cəzasından azad ediləcək, 3 mindən çox şəxsin isə cəzası azaldılacaq. Bundan əlavə, 7 mindən artıq məhkum azadlığın məhdudlaşdırılması cəzasından, təxminən 4 minə yaxın şəxs isə alternativ cəzalardan (islah işləri, ictimai işlər, cərimə, şərti cəza) azad olunacaq.
Amnistiya aktına əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olan və ya xəbərsiz itkin düşənlərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olanların, qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və s. kateqoriyadan olanların da cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, son 30 il ərzində imzalanmış 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb. Onun sözlərinə görə, qəbul edilmiş 12 amnistiya qərarı isə 130 mindən çox şəxsə şamil olunub.
Komitə sədri qeyd edib ki, Avropa Parlamentinin arzuladığı, Azərbaycanda dövlət, xalq, konstitusion quruluş əleyhinə çıxış etmiş və məsuliyyətə cəlb olunmuş şəxslərə nə bu amnistiya aktı, nə də gələcək amnistiya aktları şamil ediləcək.
Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən Milli Məclisin üzvü Tural Gəncəliyev bildirib ki, bu gün Azərbaycan tarixində ən böyük amnistiya aktı cənab Prezidentin fərmanı ilə həyata keçirilir:

“Bu akt 20 mindən çox insanı əhatə edəcək. Çox möhtəşəm bir amnistiya fərmanıdır və nəticədə 20 min insana bilavasitə təsir edəcək. Bu amnistiya ailə üzvləri ilə birlikdə minlərlə, on minlərlə insana sevinc gətirəcək. Xüsusilə də 44 günlük müharibədən sonra ölkəmizdə yeni bir reallığın yaranması, mərhəmətlilik, humanizm prinsiplərinin cəmiyyətə aşılanması və vahid xalq-hakimiyyət birliyinin daha da gücləndirilməsi, Azərbaycanın əldə etdiyi uğurların davamlılığı baxımından bu aktın çox böyük önəmi var. Çünki dövlət bir daha sübut edir ki, cəzanın məqsədi məhz cəzalandırmaq deyil, islah etməkdir. Hazırda təəssüflər olsun ki, Avropa institutlarında, Avropa Parlamentində Azərbaycanla bağlı qarayaxma kampaniyası keçirilir. Ancaq belə bir mərhəmətli, humanist amnistiya aktının olması haqqında bir kəlmə belə söhbət açılmır. Bu da bir daha göstərir ki, dünyada mövcud olan ikili standartlar, riyakar yanaşma insanların sevincinə səbəb olan amnistiya aktını görməzdən gəlməyə hazırdır ki, qarayaxma kampaniyasını davam etdirsin. Bunu sadəcə bir müqayisə, reallığı anlamağımız üçün misal gətirdim. Ancaq biz görürük ki, səhərdən axşama qədər insan hüquqlarından danışan Avropa institutlarında immiqrantların, xüsusilə də Yaxın Şərqdən və digər münaqişə bölgələrindən gəlmiş insanların hüquqları necə pozulur. Ksenofobiya, islamofobiya halları artır, polis zorakılığı bu şəxslərə qarşı pik həddə çatıb. Ona görə də amnistiya aktını həm beynəlxalq miqyasda, həm də regional və yerli kontekstdə nəzərdən keçirdikdə, dövlətimizin humanist və mərhəmət prinsiplərindən çıxış etdiyi etiraf olunmalıdır".

Mövzu ilə bağlı Bakupost.az -a danışan deputat Arzuxan Əlizadə bildirib ki, bu il "Suverenlik və Konstitusiya ilidir" və bu amnistiya aktı gözlənilən idi:

“Eyni zamanda Zəfərimizin 5 ili tamam olur. Bu ilin əlamətdar bir il olmasını nəzərə alaraq, Azərbaycan cəmiyyətində amnistiya aktının - əfv sərəncamının ola biləcəyi ehtimalı ilə bağlı müzakirələr aparılırdı. Şükürlər olsun ki, Prezident belə bir xüsusi təşəbbüslə çıxış etdi və parlamentdə də amnistiya aktı qəbul olundu. Bu dəfəki amnistiya aktının müstəqil Azərbaycanın tarixində ən böyük və ən əhatəli amnistiya aktı olması gözlənilir. Minlərlə ailənin sevincinə səbəb olacaq bir qərar, minlərlə məhbusu azadlığa qovuşduracaq bir sənəddir. Bu gündən etibarən onun 4 ay ərzində icrası gözlənilir".
A.Əlizadə vurğulayıb ki, Azərbaycanda amnistiya aktları və əfv sərəncamları mütəmadi olaraq qəbul edilir:
“Bu, humanizm aktıdır. İndiyə qədər 71 əfv sərəncamı, eyni zamanda 12 amnistiya aktı qəbul edilib ki, bununla da 130 mindən çox şəxs yarımçıq qalmış cəzadan azad edilib.Təbii ki, bu qədər çox insanın sevincinə səbəb ola biləcək humanist addımların atılması cəmiyyətdə olduqca pozitiv qarşılanır və təqdir edilir. Biz də bu məsələyə məhz bu prizmadan yanaşırıq. Bu qərar həmin şəxslərdə və ümumilikdə cəmiyyətdə bir məsuliyyət yaratmalıdır ki, dövlət öz vətəndaşına bu cür humanizm prinsipləri ilə yanaşırsa, vətəndaş da qanunvericiliyə riayət etməli, bundan sonrakı dövrdə cinayət əməllərindən kənarda qalmalı, qanunları pozmamalı və geniş anlamda dövlətinin yanında olmalıdır ki, problemlər yaşanmasın”.

Milli Məclisin deputatı Tahir Mirkişili də Bakupost.az -a açıqlamasında qeyd edib ki, Azərbaycan dövlətçilik modelinin əsas sütunlarından biri humanizm prinsipidir. Bu anlayış təkcə milli-mənəvi dəyər kimi deyil, eyni zamanda hüquqi-siyasi idarəetmənin ayrılmaz tərkib hissəsi kimi formalaşıb:

“Tarixi inkişaf mərhələləri göstərir ki, xalqımızın humanist dünyagörüşü dövlət siyasətində sistemli və ardıcıl şəkildə öz əksini tapır və bu yanaşma hüquqi dövlət quruculuğunun ideoloji əsaslarından birinə çevrilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən növbəti amnistiya təşəbbüsü də məhz bu konseptual yanaşmanın məntiqi davamıdır. Qanunun aliliyinin təmin edilməsi ilə humanizm prinsiplərinin uzlaşdırılması müasir hüquqi dövlət anlayışının əsas göstəricilərindən biridir. Azərbaycan bu sahədə yalnız deklarativ deyil, praktik və institusional yanaşma nümayiş etdirir. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu hadisələr təkcə hərbi-siyasi qələbə deyil, həm də Konstitusiyanın aliliyinin və dövlətin hüquqi iradəsinin real tətbiqinin bariz nümunəsidir. Bu gün Azərbaycan Respublikasının bütün ərazisində konstitusiya quruluşunun tətbiqi hüquqi dövlətin tam suveren fəaliyyət göstərdiyini təsdiqləyir. Belə bir tarixi mərhələdə amnistiya institutunun aktuallaşması təsadüfi deyil. Dövlətin gücü yalnız cəza mexanizmlərinin sərtliyi ilə deyil, həm də mərhəmət, sosial ədalət və insana hörmət prinsipləri ilə ölçülür. Amnistiya aktları hüquq sistemində humanist korrektə mexanizmi kimi çıxış edərək cəza siyasətinin islah və reinteqrasiya məqsədlərinə xidmət edir. Müasir Azərbaycan dövlətinin humanizm siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun rəhbərliyi dövründə qəbul edilən əfv sərəncamları və amnistiya aktları hüquqi dövlətin formalaşmasında mühüm rol oynayıb. Ulu Öndər hüququn aliliyini təmin etməklə yanaşı, dövlətin cəza siyasətində mərhəmət prinsipinə xüsusi önəm verib. Məhz bu dövrdə amnistiya institutu siyasi qərar olmaqdan çıxaraq hüquqi dövlət mexanizminin tərkib hissəsinə çevrilib. Bu siyasət Prezident İlham Əliyevin prezidentliyi dövründə ardıcıl və sistemli şəkildə davam etdirilib, eyni zamanda yeni keyfiyyət mərhələsinə yüksəldilib. Dövlət başçısının imzaladığı çoxsaylı əfv sərəncamları və irəli sürdüyü amnistiya təşəbbüsləri on minlərlə insanın cəmiyyətə qayıdışına, sosial adaptasiyasına şərait yaradıb. Bu fakt Prezident İlham Əliyevin rəhbərliyi altında cəza siyasətinin humanist mahiyyət daşıdığını və hüquqi islahatlarla uzlaşdırıldığını göstərir. Humanizm siyasətinin qanunvericilik müstəvisində inkişafında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də xüsusi təqdirə layiqdir. Onun Milli Məclisin deputatı olduğu dövrdə təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə qəbul edilən amnistiya aktları hüquqla mərhəmətin vəhdətinin parlaq nümunəsinə çevrilib. Bu təşəbbüslər minlərlə ailəyə sevinc bəxş etməklə yanaşı, humanizm ideyasının parlament səviyyəsində institusionallaşmasına mühüm töhfə verib".

T.Mirkişili qeyd edib ki, hazırda gündəmdə olan yeni amnistiya təşəbbüsü miqyasına görə əvvəlkilərdən daha geniş olmaqla, 20 mindən artıq şəxsi əhatə edəcək:
"Amnistiya aktları yalnız hüquqi sənəd deyil, eyni zamanda cəmiyyətə ünvanlanan mənəvi-siyasi mesajdır: güclü dövlət yalnız qanunlarla deyil, mərhəmətlə də idarə olunur. Bu yanaşma ictimai etimadın möhkəmlənməsinə, sosial sabitliyin qorunmasına və milli həmrəyliyin daha da gücləndirilməsinə xidmət edir”.
Lalə,
BakuPost
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 24 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















