Icma.az
close
up
RU
Azərbaycan teatr sənətinin əfsanəsi: Həyatını səhnədə yaşayan qadın

Azərbaycan teatr sənətinin əfsanəsi: Həyatını səhnədə yaşayan qadın

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycan təkcə torpağı qanı ilə suvaranları deyil, ruhu ilə yaşayanları da öz övladı sayır.

Bu torpağın səhnəsində oynayan, səhnəsində yanan, səhnəsində yaşayıb, səhnəsində ölənlər millətindən asılı olmayaraq, xalqın yaddaşında əbədi yer alır. Elə buna görə də biz onlara “azərbaycanlı olmayan azərbaycanlılar” deyirik. Çünki onlar doğulmadan öncə azərbaycanlı idilər. 

“Cümhuriyət” bu gün sizə Azərbaycanın teatr və kino sənətinin parlaq ulduzu, SSRİ xalq artisti, Azərbaycan SSR Xalq artisti, Azərbaycan Teatr Cəmiyyətinin sədri olmuş, tatar əsilli, lakin bütün varlığıyla azərbaycanlı olan aktrisa Mərziyyə Davudovadan danışıb. 

"Cebheinfo.az" yazını təqdim edir.

Həyatını dəyişən dəvət

Mərziyyə Davudova 1901-ci il dekabrın 8-də Həştərxan quberniyasının Sarevo çayının sahilində yerləşən eyniadlı kəndində dünyaya göz açıb. Uşaqlıq illəri bu kənddə keçmiş, ilk təhsilini də burada almışdır. 1908–1912-ci illərdə doğma kəndlərində fəaliyyət göstərən dördillik "Darültəhsil" məktəbində oxumuş, daha sonra 1912–1915-ci illərdə "Qaliyə", 1915–1918-ci illərdə isə "İqbal" adlı rus-tatar məktəblərində təhsilini davam etdirib. Elə bu illərdən etibarən gənc Mərziyyənin qəlbində sənətə, xüsusilə teatra böyük maraq yaranır.

Məktəblərdə və yerli maarifçi dərnəklərdə təşkil olunan həvəskar tamaşalarda iştirak edərək səhnə ilə ilk tanışlığını yaşayır. Onun teatra olan sevgisi, aktyorluğa meyili məhz həmin illərdə formalaşır və sonradan bütün həyatının əsası olur. Teatr səhnəsinə qadınların çıxmasının ayıb sayıldığı bir dövrdə o, cəmi 16 yaşında səhnəyə addım atır, qorxmadan, çəkinmədən. Onun ilk rolu Həştərxanda, “Birinci teatr” adlı tamaşada Ərəfə obrazı olur. 1918-ci ildə tanınmış aktyor Hüseyn Ərəblinski Həştərxanda qastrol səfərində olarkən Mərziyyənin oyununu görür və heyran qalır. Elə oradaca onu Bakıya dəvət edir. Bu dəvət onun həyatını dəyişdirir və bir daha geri dönüşü olmur.

O zamanlar aktrisa məsələsi, Hüseyn Ərəblinski üçün ən çətin və həll olunmaz məsələ idi. Hətta o qədər ciddi idi ki, Ərəblinski dramaturq Əbdürrəhim bəy Haqverdiyevdən qadın rolu olmayan pyes yazmağı xahiş etməyə məcbur olmuşdu. Haqverdiyev Azərbaycan səhnəsinin vəziyyətini və xüsusiyyətini nəzərə alaraq "Ağa Məhəmməd şah Qacar" dramasında qadın rolu yazmayıb. 1919-cu ildə anasını itirən Mərziyyə, arxasında bütün keçmişini qoyaraq Bakıya gəlir və burada özünü Azərbaycan səhnəsinə, xalqına və taleyinə bağlayır.

1920-ci ildən başlayaraq o, Azərbaycan teatrının tarixində silinməz iz buraxır. Azərbaycan teatr sənətinin inkişafında onun xidmətləri əvəzedilməzdir. O, səhnədə Hüseyn Ərəblinski ilə oynamağı arzulayır. Lakin tale buna imkan vermir: Ərəblinski 1919-cu ildə dayısı oğlu tərəfindən faciəvi şəkildə qətlə yetirilir. 

Səhnədə yaranan sevgi

Mərziyyə Azərbaycan səhnəsinin digər böyük aktyoru - Abbas Mirzə Şərifzadə ilə tərəf müqabili olur. Zamanla A.M. Şərifzadə ilə səhnədə yaranan sevgi, daha sonra evliliyə çevrilir. Bu evlilikdən onların Firəngiz adlı bir qız övladı dünyaya gəlir. Tanınmış aktrisa Firəngiz Şərifzadə valideynlərinin sənət yolunu layiqincə davam etdirir. Lakin bu sevgi dastanı da uzun sürmür.

Mərziyə Davudova və Abbas Mirzə Şərifzadə ayrılırlar. Məşhur "Mixaylo" rolunun ifaçısı Nodar Şaşıqoğlunun əmisi Ülvi Rəcəb 1925-ci ildə Tiflisdən Bakıya gələndən sonra Mərziyyə Davudova ilə tanış olur. Aktrisa həmin ərəfədə həyat yoldaşı Abbas Mirzə Şərifzadədən yenicə boşanmışdı. Ülvi ilə aktrisa qısa zamanda bir-birlərinə bağlanıb ailə qururlar. Bu evlilikdən onların Rauf adlı oğlu dünyaya gəlir. Mərziyyə Davudova çox qısa müddətdə Akademik Milli Dram Teatrının ən aparıcı aktrisalarından birinə çevrilir.

“Sevil” pyesində Sevil obrazını o qədər təbii və inandırıcı canlandırır ki, tamaşaya baxmağa gələn qadınlar zaldaca çarşablarını çıxarıb atırlar. Onun səhnədə yaratdığı təbii oyun və sənət yanğısı haqqında Cəfər Cabbarlı belə yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".

1920-ci illərdən sonra Azərbaycan səhnəsində Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli kimi sənətkar qadınlar öz sözlərini deməyə başlayırlar. Mərziyyə xanım da bu silsiləyə böyük həvəs və istedadla qoşulur. Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında əvvəlcə “Gülçöhrə”, daha sonra isə “Cahan xala” rollarını uğurla ifa edir və bununla da aktrisa kimi geniş imkanlara malik olduğunu sübut edir. Hüseyn Cavidin "İblis" əsərinin səhnə quruluşunda Abbas Mirzə Şərifzadə ilə tərəf müqabili olur.

Mərziyyə xanım yalnız milli obrazlar deyil, eyni zamanda, “Dezdemona”, “Amalya”, “Ofelya”, “Viola” kimi dünya klassikasının mürəkkəb qadın qəhrəmanlarını da böyük uğurla canlandırır. O, obraza o qədər dərindən girirdi ki, heç bir mübaliğəsiz Hüseyn Ərəblinski və Abbas Mirzə Şərifzadə kimi nəhəng sənətkarlarla bir sırada dayanırdı. Mərziyyə Davudova Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərlərində, həmçinin rus və Qərbi Avropa klassiklərinin səhnələşdirilən əsərlərində bir-birindən fərqli və mürəkkəb qadın talelərinə həyat verdi. Rejissor Mehdi Məmmədov Mərziyyə Davudovanın sənətini dəyərləndirərkən yazır:

"1937-ci ildə Mirzə İbrahimovun "Həyat" dramı ilk dəfə səhnəyə qoyuldu. Tamaşa gurultulu uğur qazandı. İfaçılar ansamblı, xüsusilə əsas rolların ifaçıları - Mərziyyə Davudova (Həyat) və Ülvi Rəcəb (Süleyman) yüksək qiymətləndirildi. Klassik repertuarda daha çox romantik obrazlarla tanınan bu aktyorlar, “Həyat” tamaşasında məişət çalarları ilə zəngin, dərin realist xarakterlər yaratmaqla böyük qələbə əldə etdilər. Yekdilliklə təsdiqləndi ki, bədii çəkisi yüksək olan bu tamaşanın mərkəzində Mərziyyə Davudovanın yaratdığı “Həyat” obrazı durur”.

Gənc aktrisalar üçün məktəb

 Həmin illərdə Mərziyyə xanımın yaratdığı obrazlar artıq gənc aktrisalar üçün məktəb rolunu oynayırdı. Xalq artisti Hökümə Qurbanova xatirələrində yazır:

"Bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə canlandırdığı obrazları sonralar mən oynadım. Həmişə düşünürdüm: görəsən o bu oyuna necə baxacaq? Lakin o, böyük ürəyə və sənət sevgisinə sahib idi. Tamaşadan sonra məni ilk təbrik edən, ifamı bəyənib sevincini paylaşan həmişə Mərziyyə xanım olurdu. O, əsl sənət fədaisi idi. Gənclərə xüsusi diqqətlə yanaşırdı".

Həyat səhnəsində  baş qəhrəman

 Ancaq 1937-ci il təkcə uğurların deyil, itkilərin, göz yaşlarının da ili oldu. Qanlı repressiya dalğası sənət adamlarının taleyindən də yan keçmədi. müşfiqləri, cavidləri, cavadları, çəmənzəminləri aparan repressiya maşını bu dəfə Azərbaycan səhnəsinin qüdrətli aktyoru Abbas Mirzə Şərifzadənin və Ülvi Rəcəbin ünvanına yönəlir. 1937-ci il Mərziyə Davudovanın həm həyat yoldaşı Ülvi Rəcəb, həm də sənət dostu Abbas Mirzə həbs olunur. Ülvi Rəcəb 1937-ci ilin 9 yanvarında "Vətən xaini" damğası ilə həbs edilir və 1938-ci ilin yanvarında, tam 1 il sonra 38 yaşlı aktyor Bakıda güllələnir. O, yalnız 1956-cı ildə bəraət alır.

Dövlət Təhlükəsizliyi İdarəsinin sənədlərinə əsasən, 1937-ci il dekabrın 3-də 3-cü şöbənin leytenantı Kovrijenko tərəfindən verilən həbs qərarı yüksək instansiyalar tərəfindən təsdiqlənir. Abbas Mirzə ad günü ərəfəsində Bakının Çadrovaya küçəsi 115-də yerləşən evində saxlanılır. Evdə aparılan axtarış zamanı bir teatr qılıncı və iki səhnə tapançası müsadirə olunur. 1938-ci il oktyabrın 30-da, 44 yaşlı Abbas Mirzənin "casusluq fəaliyyəti" ittihamı ilə güllələnməsinə dair qərar çıxarılır. Əmr noyabrın 16-da yerinə yetirilir.

Səhnədə bir çox faciə qəhrəmanlarına həyat verən aktyorun, əslində, özü də həyatın səhnəsində acı bir faciənin baş qəhrəmanına çevrilir. O, nə qədər irəli baxsa da, heç vaxt ağlına gətirməzdi ki, canlandırdığı dramatik obrazların taleyi bir gün onun da alnına yazılacaq. Bu ağır zərbənin sarsıdıcı ağrısını ömür boyu ürəyində daşıyan isə səhnəmizin fədakar aktrisası Mərziyyə Davudova oldu. Repressiyalarla üz-üzə qalan Mərziyyə xanım bütün ağrı-acısını içinə gömür. O dərdini nə səhnəyə çıxarır, nə də gündəlik həyatına daşıyır. Tamaşaçıların qarşısına həmişəki kimi qüdrətli, qürurlu, ilhamverici obrazlarla çıxmağa davam edir. 61 yaşında dünyadan köçəndə bir təsəllisi vardı: böyük məhəbbətlə böyütdüyü qızı Firəngiz Şərifova onun sənət yolunu ləyaqətlə, sədaqətlə davam etdirir.

Uzun illər ərzində nə Mərziyyə xanım, nə də Firəngiz xanım Abbas Mirzənin taleyi haqqında heç nə bilmirlər. 1955-ci ilin oktyabrında Firəngiz Şərifova Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edərək atasının aqibəti barədə rəsmi məlumat istəyir. Araşdırmadan sonra SSRİ Baş Prokurorluğu Abbas Mirzəyə qarşı irəli sürülmüş ittihamları ləğv edir, cinayət işi xətm olunur. Amma nədənsə Firəngiz xanıma atasının 1938-ci il noyabrın 16-da güllələndiyi yox, 1941-ci il noyabrın 1-də guya ürəktutmasından vəfat etdiyi deyilir. Həqiqət bir müddət də susdurulur… 

O ağır illərdə Mərziyyə xanım dəfələrlə istintaqa çağırılır. Deyilənə görə, əri həbs olunandan sonra balaca bir yol çantası hazırlayıb evin bir küncündə saxlayırmış. Hər an qapı döyülə bilər, onu da apararlar deyə… O qorxu, o gözləmə hissi onu içdən içə yeyirdi. Bu sarsıntı, bu dərd onun qəlbindən heç vaxt silinmədi, daim onun içində yaşadı, susaraq, amma dərindən. 1962-ci il yanvarın 6-da Mərziyyə Davudova Bakı şəhərində, uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişir. O, təkcə məşhur aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı, görkəmli aktrisa Firəngiz Şərifovanın anası deyildi o, həm də Azərbaycan teatrının sütunlarından biri, bir sənət dövrünün simvolu idi. Sənət yoluna Tiflisdəki Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında başlasa da, ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı aktrisalarından biri oldu.

1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinə (indiki Teatr Xadimləri İttifaqı) sədrlik etdi, bir müddət Azərbaycan SSR Ali Sovetinin deputatı kimi də fəaliyyət göstərdi. Onun həyatı yalnız bir sənətkarın taleyi deyildi, bu, eyni zamanda repressiyalarla üz-üzə qalmış bir qadının, məğrurluğunu heç zaman itirməyən bir ananın, vətəninə və sənətinə sadiq bir insanın həyat hekayəsi idi. Mərziyyə Davudovanın ömrü səhnə ilə yazılmışdı. O, qəlbi qan ağlaya-ağlaya səhnəyə çıxır, pərdə qalxan kimi bütün ağrılarını, dərdlərini bir kənara qoyub obrazlarının dərdinə şərik olurdu. Onun üçün səhnə müqəddəs idi orada heç bir şəxsi kədərə yer yox idi. Hətta həyat yoldaşını və dostlarını itirdiyi, özü də təqib və hədə altında olduğu illərdə belə bu səhnəyə sədaqətini qoruyub saxladı. Bəlkə də bu sədaqət, bu iradə, bu iç gücü onu o dəhşətli illərdən salamat çıxaran əsas qüvvə idi. 

Mərziyyə xanımın sənət yolu təkcə teatr tariximizin səhifəsi deyil, həm də xalqımızın keçdiyi məşəqqətli yolların, yaşadığı sarsıntıların simvoludur. O, həm də bir ana idi. Qızı Firəngiz Şərifovanın sənətə gəlişi və bu sənətdə qazandığı uğurlar Mərziyyə xanımın ruhunu dirçəldən, ona təkcə sənətdə deyil, həyatda da qalib gəlmək gücü verən səbəblərdən biri idi. O, Azərbaycan teatr sənətində qadın obrazını yenidən formalaşdırdı. O vaxta qədər kişilərin hökm sürdüyü bir sənət aləmində, səhnədə öz möhtəşəm duruşu ilə qadının iradəsini, qüdrətini, zəkasını təcəssüm etdirdi. Onun səhnədə yaratdığı güclü qadınlar obrazı təkcə rollar deyildi bu, cəmiyyətə, tamaşaçıya ünvanlanmış çağırış idi. Mərziyyə xanım sanki demək istəyirdi:

“Qadın zəif deyil. Qadın həm ana, həm sənətkar, həm də dözümlü döyüşçüdür”.

O, bir ömürlük sükut içində öz vətəninə, xalqına sədaqətlə xidmət etdi. Dövlət onu yüksək fəxri adlarla təltif etsə də, o, ən böyük mükafatını xalqdan aldı, yaddaşlarda əbədi yaşamaqla...

Səbinə Uğur
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 İyun 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri