Azərbaycan tərəqqi yolunda: praqmatik siyasətin bəhrələri
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan müasir inkişaf tarixinin ən əlamətdar günlərini yaşayır. Son illərdə əldə olunmuş tarixi nailiyyətlər dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqların təmin olunması və ölkəmizin beynəlxalq nüfuzunun artması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusən də 2020-ci ilin payızında başlayan İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsi və ərazi bütövlüyümüzün bərpası, daha sonra qısa vaxt ərzində həyata keçirilmiş uğurlu antiterror əməliyyatlarından sonra Azərbaycanın dövlət suverenliyinin tam bərpası xalqımıza qürur yaşatdı.
Bu tarixi uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli iradəsi, uzaqgörən və məqsədyönlü siyasəti dayanır. Məhz bu düşünülmüş strateji xətt Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu, həm də Azərbaycanı uğurlara aparan tərəqqi yolunun, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi praqmatik siyasətin bəhrələridir.
Bu nailiyyətlər sırasında Prezident İlham Əliyevin 2025-ci ilin avqust ayında ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona tarixi səfəri və BMT Baş Assamleyasındakı çıxışları xüsusi qeyd olunmalıdır. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar nəinki ölkəmiz, bütöv region üçün xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarının nümayəndələri ilə görüşü və verdiyi mesajlar da əldə olunmuş tarixi nailiyyətlərin ictimaiyyətə daha dolğun çatdırılması və ötən illərdə qazanılmış uğurların hesabatı kimi qiymətləndirilə bilər. Dövlət başçısının qeyd etdiyi kimi: “Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır”.
Dövlət başçısının ölkənin aparıcı telekanallarına verdiyi müsahibə cəmiyyətlə açıq dialoqun mühüm platformasıdır və öz dolğunluğu baxımından ciddi maraq doğurur. Müzakirələrin mərkəzində, xüsusən də, Azərbaycan-ABŞ münasibətlərində özünü göstərən və artıq yeni mərhələyə qədəm qoyan strateji tərəfdaşlıq durur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2025-ci il Azərbaycan-Amerika münasibətlərində doğrudan da tarixi il sayıla bilər. “Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi - Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində”.
Dövlətimizin başçısı 907-ci düzəlişin ABŞ ilə Azərbaycan arasında genişmiqyaslı münasibətlərin qurulmasına imkan vermədiyini qeyd edərək artıq bu məhdudiyyətin aradan qaldırıldığını bildirib: “Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə”.
Qeyd edək ki, Azərbaycanın Cənubi Qafqaz və beynəlxalq miqyasda fəal və praqmatik siyasət yürütməsi, mühüm nəqliyyat və enerji layihələrinin təşəbbüskarı rolunda çıxış etməsi, eləcə də beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsində artan rolu Birləşmiş Ştatlar tərəfindən də ölkəmizə qarşı sərgilənən yüksək diqqət və önəmin bariz nümunəsidir. Rəsmi Vaşinqton Azərbaycanın regional rolunu yüksək qiymətləndirir. Məhz bu baxımdan da Azərbaycan regional güc mərkəzi olaraq ABŞ-nin beynəlxalq siyasət konsepsiyasında mühüm yer tutur. Bu rol həm də dövlət başçısı İlham Əliyevin son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət kursunun nəticələridir.
Prezident İlham Əliyev bu xüsusda danışarkən qeyd edib ki, “təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır. Bundan başqa, Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanmışdır. Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlamışdır. Təbii ki, uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı. Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir”.
Azərbaycan-ABŞ münasibətlərinə də diqqət yetirən dövlət başçısı Bayden-Blinken administrasiyasının fəaliyyəti dövründə ikitərəfli əlaqələrin ciddi zərər gördüyünü, 2025-ci ilin Azərbaycan-Amerika münasibətləri baxımından dönüş nöqtəsi olduğunu vurğulayıb: “Artıq Azərbaycan – Amerika arasında bu gün çox fəal diplomatik hərəkət var. Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir”.
Məlumdur ki, Azərbaycan Prezidentinin 2025-ci ilin avqustunda baş tutan Vaşinqton səfərinin ən böyük rəmzi və praktiki uğurlarından biri Donald Trampın 907-ci düzəlişin tətbiqini dayandıran sərəncamı imzalaması oldu. Bu addım sadəcə maliyyə və hərbi yardımların yolunu açmayıb, həm də ABŞ-nin Azərbaycanı regionda mühüm müttəfiq kimi tanıdığını nümayiş etdirdi. Prezident İlham Əliyev müsahibəsində 1992-ci ildə 907-ci düzəlişin qəbulu lə bağlı tarixi dövrə qayıdıb: “Əlbəttə ki, bu düzəliş bizə qarşı tətbiq olunanda bu, çox böyük ədalətsizlik, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. O vaxt Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hətta Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər və heç bir təcrübəsi olmadan, yəni hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular. Ovaxtkı AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar. Məsələnin ikinci tərəfi o idi ki, bizə qarşı böyük ədalətsizlik olmuşdur. Çünki 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi. O vaxt bizim torpaqlarımız artıq işğal altında idi, Şuşa, Laçın işğal altında idi. O vaxt bu düzəlişin təbii ki, böyük təsiri var idi. Çünki Azərbaycan çox kasıb ölkə idi, xəzinə boş idi, valyuta ehtiyatlarımız yox idi. Bizi yardımdan məhrum etmək, əlbəttə ki, bizə böyük bir zərbə idi.
Biz uzun illər çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi. Tramp administrasiyası hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi. Təbii ki, qeyd etdiyim kimi, indi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq... Biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var. Bu gün bu, yenə də simvolik xarakter daşısa da, necə deyərlər, masanı tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün Konqres bunu birdəfəlik ləğv etməlidir”.
Azərbaycanın Cənubi Qafqazda və beynəlxalq miqyasda fəal, praqmatik siyasət yürütməsi, mühüm enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış etməsi ölkəmizə olan beynəlxalq marağı daha da artırıb. Rəsmi Vaşinqton Azərbaycanın regional təhlükəsizlik və sabitliyə verdiyi töhfələri yüksək qiymətləndirir. Bu isə Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun məntiqi nəticəsidir.
Azərbaycanının qlobal gücə və dünya siyasətində fəal aktora çevrilməsi ABŞ ilə yanaşı ölkəmizin dünyanın sürətlə inkişaf edən, iqtisadi və texnoloji innovasiyaların təşəbbüskarı kimi çıxış edən Çinlə münasibətləri də yeni keyfiyyət mərhələsinə yüksəldib. Azərbaycan son illərdə Çinlə faydalı qarşılıqlı əməkdaşlıq münasibətlərini inkişaf etdirib. Xüsusən də 2025-ci ildə böyük əhəmiyyət daşıyan hadisələrdən biri də Azərbaycanın Çinlə olan strateji tərəfdaşlığıdır. İki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul olunub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bir il ərzində strateji, sonra isə hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənəd imzalanıb, bu, ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib... Biz əmtəə dövriyyəsinin artdığını görürük. O, rekord həddə - 4 milyard dollara çatıb, hətta 20 faiz artaraq 4 milyard dolları da keçib. Bu, yəqin ki, bizim hər hansı bir ölkə ilə əmtəə dövriyyəmizdə ən böyük artımdır. Biz imzalanmış investisiya xarakterli müqavilələri görürük, Çin şirkətləri Azərbaycana fəal şəkildə investisiya qoymağa başlayıb, əvvəllər bu yox idi. Ayrıca investisiya layihələri var idi, amma belə böyük sayda və dövlət strukturları ilə bu cür koordinasiya şəraitində biz bunu müşahidə etmirdik. Yəni bu ondan xəbər verir ki, qarşılıqlı fəaliyyəti genişləndirmək üçün çox ciddi siqnal və impuls verilib. Artıq indi Çin şirkətləri bərpaolunan enerji mənbələrinə investisiyalar qoyur. Elektrik, Günəş, külək stansiyalarının tikintisinə başlanılır və bu stansiyaların sayının artırılması üzrə müraciətlər var”.
Dövlət başçısı Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. “Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər. Digər tərəfdən, biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur...Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir”.
Ötən il xarici siyasət sahəsində Azərbaycanın əldə etdiyi digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Bu hadisə ölkəmizin beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Dövlət başçısı bu hadisəni də yüksək qiymətləndirib: “Hesab edirəm ki, bu da nadir hadisə sayıla bilər. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik. Mən Prezident kimi artıq iki il ardıcıllıqla fəxri qonaq kimi Zirvə görüşlərinə dəvət olunurdum. Amma iştirakımla keçirilən üçüncü Zirvə Görüşündə artıq tamhüquqlu üzv seçildik. Əlbəttə ki, bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Ona görə Azərbaycanı bu qrupa rəsmən qəbul etməklə Mərkəzi Asiya ölkələri, onların rəhbərləri həm bizə böyük hörmət göstərmiş oldular, həm də ki, öz uzaqgörənliklərini nümayiş etdirdilər. Çünki bu, bölgədə olan geosiyasi vəziyyəti tamamilə dəyişir”.
Bütün bunlar Azərbaycanın Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında artan geosiyasi rolundan xəbər verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr nəticəsində Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilib. Bu layihələr Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də beynəlxalq nəqliyyat və ticarət marşrutlarının təhlükəsizliyini təmin edən etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib.
İşğaldan azad edilmiş rayonlarımızın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərə çevrilməsi Azərbaycanın postmünaqişə dövründə yaratdığı yeni reallıqların bariz nümunəsidir. Xankəndidə keçirilmiş ECO Zirvə Görüşü, Şuşa, Laçın və Ağdamda təşkil olunan forumlar Azərbaycanın sülh, əməkdaşlıq və inkişaf mesajlarını dünyaya çatdırmaq baxımından mühüm rol oynayıb. Ölkə başçısı bu xüsusda maraqlı statistika və məlumat verib: “Bir çox xarici səfərlərim olub, səhv etmirəmsə, 20-yə yaxın, bəlkə də çox. Bir çox xarici dövlət, hökumət başçıları Azərbaycana gəlmişlər. Ölkəmizdə beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında təbii ki, Xankəndidə keçirilən ECO Zirvə Görüşünü qeyd etməliyəm. Əsas tədbir orada - Xankəndidə keçirilmişdir, amma işğaldan azad edilmiş digər şəhərlərdə - Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə üç forum keçirilmişdir: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu. Yəni biz istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların bütün olmasa da, böyük hissəsini görsünlər və biz buna hazır idik. Doqquz dövlət və hökumət başçısını biz Xankəndidə, Ağdamda, Şuşada qəbul etməyə hazır idik. Mövcud olan infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı bizə yaratmışdır.
Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü də xüsusilə qeyd etməliyəm. Bu, bir daha Türk dünyasının birliyini əks etdirən bir Zirvə idi və bildiyiniz kimi, bizim təşəbbüsümüzlə qeyri-rəsmi Zirvə görüşləri də keçirilməyə başlamışdır. Birinci qeyri-rəsmi Zirvə Şuşada keçirilmişdir, rəsmi Zirvə Qəbələdə və bu ənənəni indi digər ölkələr də davam etdirirlər”.
Məlumdur ki, Böyük Zəfərdən sonra türkdilli ölkələr arasında inteqrasiya, iqtisadi, mədəni, humanitar, hərbi sahələrdə yeni əməkdaşlıq təşəbbüsləri intensivləşib.
Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət çəkən məsələlərdən biri də türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsi ilə bağlı çağırışlar olub. Dövlət başçısı vurğulayıb ki, müasir dünyada təhlükəsizlik və güclü ordu dövlətlərin əsas prioritetinə çevrilib. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə hərbi təlimlərin keçirilməsi həm rəmzi, həm də praktiki baxımdan mühüm əhəmiyyət daşıyır.
Xüsusən də ötən il Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Sammiti müasir dövrdə bu əməkdaşlığın perspektivləri üçün geni imkanların olduğunu göstərib. Dövlət başçısı İlham Əliyev bu xüsusda bildirib: “Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə, ilk növbədə, öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir… Bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir. Qəbələdəki Zirvə Görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir. Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda, məsuliyyətimiz göz önündədir. Biz həm 2020-ci ildə, həm 2023-cü ildə, həm də bu illər arasındakı olan hadisələr zamanı güc tətbiq edərək Ermənistana, yəni onlara layiq olan cavabı verə bilərdik. Necə ki, bizim xalqımız əzab-əziyyət içində yaşayıb, necə ki, bizim ərazilərimiz viran olunub, necə ki, bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdik. Tam rahatlıqla və əminliklə deyə bilərəm ki, heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik. Çünki birincisi, bu, nahaq iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq. Bunu güclü tərəf dayandırmalıydı və hətta bu artıq mətbuata da getmişdir, Prezident Trampın müşaviri cənab Vitkof müsahibəsinin birində demişdi ki, Ağ Evdə Prezident Tramp da məndən də soruşdu “Niyə siz dayandınız? Siz güclüydünüz”. Mənim cavabımı da yəqin ki, eşitmisiniz. Ona görə, buna baxmayaraq, hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın. Hətta heç kim düşünməsin ki, sənə ziyan vura bilər və bunun cavabınıödəməyəcək.
Ona görə biz gücümüzü artırırıq, o cümlədən hərbi gücümüzü. Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır”.
Prezident İlham Əliyev ötən il ərzində Azərbaycanın sosial siyasət gündəmindən, eyni zamanda əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək layihələrdən danışıb. Dövlət başçısı qeyd edib ki, sosial sahə həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir: “Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz, bu birincisi. İkincisi, həmişə çalışmışam və bu gün də çalışıram populizmdən uzaq olum və mümkün olmayan vədləri verməyim”.
Doğrudan da müdrik dövlət başçısının həyta keçirdiyi sosialyönümlü islahatlar nəticəsində, son 20 ilin statistikasına əsasən, minimum əməkhaqqı Azərbaycanda 40 dəfədən çox artıb. Bu illər ərzində neft-qaz layihələrini icrasından əldə olunan gəlirlər sosial sahəyə yönəldilib. İşğal dövründə 300 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilib, 100-dən çox şəhərcik inşa olunub. Son yeddi il ərzində 5 sosial islahat paketi icra edilib. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.
Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib. Müharibə zamanı əlil olmuş hərbçilər dövlət tərəfindən ən müasir protezlərlə təmin olunub. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. “Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur. Bir sözlə, bu istiqamətdə mən hələ sosial infrastruktur layihələrini qeyd etmirəm. Son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib. Yəni bu, bizim siyasətimizin, o cümlədən iqtisadi siyasətin ayrılmaz hissəsidir və yenə də deyirəm, iqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq.
Beləliklə, ötən il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin ardıcıl, praqmatik və milli maraqlara əsaslanan siyasətinin məntiqi nəticəsidir. Bu siyasət Azərbaycanın regional güc və qlobal aktor kimi mövqelərini möhkəmləndirib, ölkəni yeni inkişaf mərhələsinə çıxarıb. Dövlət başçısının vurğuladığı kimi, güclü dövlət, xalqın birliyi və qətiyyətli iradə Azərbaycanın gələcək uğurlarının əsas təminatıdır.
Ölkəmizin ərazi bütövlüyünü bərpa və dövlət suverenliyini təmin etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza ünvanladığı aşağıdakı mesajlar hazırda sülh şəraitində yaşayan qalib xalq üçün mühüm çağırışdır: “Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə konseptual xarakter daşıyır və Azərbaycanın inkişafının hazırkı mərhələsini, strateji hədəflərini və regional perspektivləri əhatə edir. Müsahibədə ictimaiyyətə çatdırılan fikirlər dövlət siyasətinin davamlı inkişafını, milli maraqlara əsaslanan müstəqil kursun davam etdirilməsini və ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu əyani şəkildə nümayiş etdirir.
Aytən Qurbanova
YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 08 Yanvar 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















