Icma.az
close
up
RU
Azərbaycan Tibb Elmində Silinməz İz: Zərifə Əliyeva İrsi

Azərbaycan Tibb Elmində Silinməz İz: Zərifə Əliyeva İrsi

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aprelin 15-i görkəmli alim, Əməkdar elm xadimi Zərifə xanım Əliyevanın anım günüdür. Gözlərə işıq, qəlblərə nur bəxş edən, dünyaya gəlişi bahara düşən Zərifə xanım Əliyeva bahar günündə də-1985-ci ilin aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur.

Hər bir insan dünyaya bir dəfə gəlir. Gəlir ki, dəyərli və şərəfli bir ömür yaşasın. Vətənə, torpağa məhəbbəti, təmiz mənəviyyatı, xalqa sədaqətli xidməti ilə yaddaşlarda qalsın. Belə insanların yaşadıqları bitib-tükənmir, əməlləri, xeyirxah işləri daim xatırlanır. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva da belə bir ömür yaşamışdır. Zərifə xanım fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı ömrü, keçdiyi şərəfli həyat yolu ilə hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Zərifə xanım böyük ürəyə, yüksək intellektual səviyyəyə malik bir Azərbaycan qadını idi. Zərif ürəkli, həssas qəlbli bu qadın ömrünü son zərrəsinədək xalqına, onun səhiyyəsinin inkişafına, insanların gözlərinin nurlanmasına sərf etmişdir.

Atasının keçdiyi qeyri-adi həyat yolu Zərifə xanım üçün tarixi bir hadisə idi. Əziz Əliyevin ömür yoluna nəzər salsaq görərik ki, Zərifə xanım necə mürəkkəb bir dövrdə həyata qədəm qoyub. Zərifə xanımın ailə üzvləri o dövrün qabaqcıl fikirli ziyalılarından idi. Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri həmişə evlərinin qonaqları olardı. Dövrün görkəmli şəxsiyyətləri ilə ailəvi və mənəvi yaxınlıq, onların humanist dəyərlərə bağlı diqqətəlayiq söhbətləri də uşaqların milli ruhda formalaşmasında böyük rol oynamışdır.

Zərifə xanım üçün insan, vətəndaş və alim anlayışları hər zaman öndə olmuşdur. O, tayı-bərabəri olmayan işıqlı bir şəxsiyyət idi. Çünki onun yanında atası Əziz Əliyev və ömür-gün yoldaşı, görkəmli dövlət xadimi Heydər Əliyev kimi şəxsiyyətlər vardı.

Zərifə xanımın həyat fəlsəfəsinin kökünü, hər şeydən əvvəl onun uşaqlıq illərində axtarmaq lazımdır. Ana olduqdan sonra o, həmişə deyirdi ki, uşaqlıq çağları insanın həyatında ən vacib dövrdür və o dövrü heç nə əvəz edə bilməz. Uşaq olarkən insan xeyirxahlığın, şəfqətin nə olduğunu dərk edir və onu başa düşəndə sevincin hədsiz-hüdudsuz olduğunu anlayır.

Zərifə xanım müxtəlif mədəniyyət sahələri ilə maraqlanırdı.Azərbaycan və rus dillərində gözəl danışır, bu dillərdə elmi əsərlər yazır, dünya mədəniyyətini dərindən öyrənirdi. O, eyni zamanda musiqi istedadı və musiqiyə olan məhəbbəti ilə də seçilirdi. Azərbaycan xalq mahnılarını çox sevir, klassik və Azərbaycan bəstəkarlarının əsərlərini yüksək qiymətləndirirdi.

Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olan Zərifə xanım Əliyeva institutu bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Sözsüz ki, onun bu ixtisası seçməsində atasının və ailəsinin də böyük təsiri olmuşdur. İxtisası üzrə kamil mütəxəssis olmaq üçün Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, təcrübi vərdişlərə yiyələnmiş, oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazırlığı keçmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi çalışmağa başlamışdır. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə özünə rahat yollar seçmək stereotipindən uzaq olmağa çalışaraq vətənə, xalqa, həqiqi mənada, xeyir verə biləcək ən çətin sahələrdə özünü sınamağa can atmış və istəyinə nail olmuşdur.

İkinci Dünya müharibəsinin təzəcə başa çatdığı illərdə keçmiş SSRİ-nin çox yerində olduğu kimi, Azərbaycanda da traxoma xəstəliyi yenidən baş qaldırmışdı və ona qarşı aparılan ara-sıra mübarizə tədbirləri o qədər də effektli təsir göstərmirdi. Xalqın sağlamlığını ön plana çəkən gənc alim göz xəstəliklərinin qarşısını almaq və bu xəstəliklərin ləğvinə nail olmaq üçün yollar axtarırdı. O dövrdə bir çox insan traxoma xəstəliyinə tutulmuş, görmə qabiliyyətini itirmişdi. Çünki traxoma xəstəliyinin müalicəsində güclü təsirə malik dərman preparatları hələ mövcud deyildi. Yenicə müharibədən çıxmış ölkənin iqtisadi vəziyyəti də belə preparatların əldə olunmasına nikbin yanaşmağa əsas vermirdi. Bu kimi problemlərlə üzləşən gənc tədqiqatçı Zərifə xanım Əliyeva ruhdan düşməyərək axtarışlarını davam etdirmiş, ölkə daxilində yayılmaqda olan traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər hazırlamış və həyata keçirməyə başlamışdır.

Gənc oftalmoloq traxoma xəstəliyinin epidemioloji xüsusiyyətlərini araşdırır və bu xəstəliyə tutulan xəstələrə öz məsləhətlərini verir, Azərbaycanın bütün rayonlarını gəzərək xəstəliklərin profilaktika və müalicəsi haqqında maarifləndirici söhbətlər aparırdı. Yalnız bundan sonra dissertasiya müdafiə etməyi qərara alan alim 1959-cu ildə tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Alim ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin - “Peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Heç təsadüfi deyil ki, oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanımın adı ilə bağlıdır.

Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Zərifə xanım ilk dəfə olaraq elmdə yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası üsullarını işləyib hazırlamışdır. Onun bu sahədəki ciddi axtarışları dünya tibb elmi ədəbiyyatında nadir tədqiqatlar sırasındadır. Akademik uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparmış, “Şin istehsalında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” adlı qiymətli monoqrafiyalar yazmışdır.

Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.

Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. Onun bu mövzuya dair baxışları həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış və o, bu mövzunu “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” monoqrafiyalarında genişşərh etmişdir. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Alim haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir. Akademik Zərifə xanım Əliyeva qeyd edirdi ki, “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

Zərifə xanımın elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və sair əsərləri bu qəbildəndir.

Akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi rəhbəri və məsləhətçisi olmuş, böyük bir elmi məktəb yaratmışdır. TəkcəAzərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığının keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Akademik Zərifə xanım Əliyeva özünün səmimiliyi, xeyirxahlığı, insanpərvərliyi, vətənpərvərliyi, bəşəri duyğuları ilə xalqımızın qəlbində əbədi yaşayacaq və heç vaxt unudulmayacaqdır.

Turanə Baxşəliyeva

Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, YAP fəalı

  
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Aprel 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri