Icma.az
close
up
RU
Azərbaycan torpaqlarının işğalı üçün həyata keçirilən strategiyalar Ruandada tətbiq edilənlərlə eynidir SƏFİRLƏ MÜSAHİBƏ

Azərbaycan torpaqlarının işğalı üçün həyata keçirilən strategiyalar Ruandada tətbiq edilənlərlə eynidir SƏFİRLƏ MÜSAHİBƏ

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın iş adamlarının və şirkətlərinin Ruandaya, Şərqi, Mərkəzi və Cənubi Afrika regionuna investisiya qoyuluşu, Azərbaycan və Ruandanın tarixində baş verən soyqırımıları, Bakıda noyabrda baş tutan COP29 və neokolonizm məsələləri iqamətgahı Ankarada olan Ruandanın Azərbaycan üzrə qeyri-rezident səfiri Çarlz Kayonqun “Report”un Ankara bürosuna müsahibəsində əsas mövzular olub.

Bir müddət əvvəl etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edən səfir bu mövzular barədə ətraflı danışıb:

- Cənab səfir, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün hansı sahələri prioritet hesab edirsiniz?

- Azərbaycanda səfir kimi fəaliyyətimin əsas istiqaməti, ilk növbədə, ölkələrimiz arasında siyasi və diplomatik əlaqələri qorumaq və möhkəmləndirmək olacaq. Bu, yüksək səviyyəli siyasi əlaqələri, eləcə də siyasətçilər, siyasi institutlar arasında mübadilələri təşviq etməklə həyata keçiriləcək. Ölkələrimiz arasında qlobal və beynəlxalq səviyyədə yaxşı siyasi anlaşma və qarşılıqlı dəstək, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, eləcə də digər təşkilatlar çərçivəsində davamlı əməkdaşlıq edəcəyik.

Biznes və ticarətin təşviqi digər prioritet sahə olacaq. Mən Azərbaycan iş adamlarını və şirkətlərini Ruandaya, Şərqi, Mərkəzi və Cənubi Afrika regionuna investisiya qoymağa təşviq edəcəyəm. Ruanda təbii ehtiyatlarına görə bu bölgələrin birləşdiyi yerdir.

Azərbaycan da öz növbəsində maliyyə, texnologiya və təcrübə baxımından əhəmiyyətli potensiala malikdir və bu potensialı qarşılıqlı fayda üçün regionda tətbiq edə bilər. Təhsil sektoru, elm və texnologiya, mədəniyyət sahələrində, eləcə də insanlar arasında mübadilə imkanları var.

Bundan əlavə, mən sənaye, mədənçıxarma və xidmət sektorunda layihələrə investisiya qoymaq üçün tərəfdaşlar axtarmaq niyyətindəyəm. Artıq dekabrın sonuna kimi ölkəmizdən ASAN və DOST (Dayanıqlı və Operativ Sosial Təminat) kimi dövlət xidmətləri obyektlərinə müqayisəli səfərlər başlayacaq.

Çarlz Kayonq

- Ruanda ilə Azərbaycanı birləşdirən ortaq cəhət soyqırımıdır. Təəssüf ki, xalqlarımız müxtəlif dövrlərdə soyqırımına məruz qalıb. Bu haqda nə deyə bilərsiniz?

- İkinci Dünya Müharibəsində yəhudilərə qarşı soyqırımından sonra Birləşmiş Millətlər Təşkilatının elan etdiyi “Bir daha heç vaxt” şüarına baxmayaraq, təəssüf ki, hələ də bəşəriyyətə qarşı soyqırımılar davam edir.

Ruandadakı təcrübəmizdən görürük ki, müstəmləkəçilər bölücü və soyqırımı ideologiyalarını tətbiq etməkdə əsas məsuliyyət daşıyırlar. Bu, müstəmləkəçilərin xalqımızı özünə tabe etmək istədikləri “parçala və hökm sür” strategiyasına uyğundur.

Yaxın keçmişdə Azərbaycan torpaqlarının xarici qüvvələr tərəfindən işğalı və sonradan ərazilərinizə, insanlarınıza müdaxilə üçün həyata keçirilən strategiyalar Ruandada tətbiq edilənlərlə eynidir. Ruandada soyqırımına görə məsuliyyət daşıyanlar həm də müstəqillik dövründə hakimiyyətə gələn müflis liderlər idi.

Bu müstəmləkəçi marionetlərin öz ideyaları yox idi, ona görə də ölkəmizdə hakimiyyəti əldə saxlamaq istəyən müstəmləkəçilər onlara üstünlük verirdilər. Onlar ölkədə separatizmi davam etdirdilər və bu da, nəhayət, 1994-cü ildə Ruandada soyqırımılara gətirib çıxardı.

Çarlz Kayonq

- Noyabrın 12-də Bakıda COP29 çərçivəsində Afrika ölkələrinin təmsilçiləri neokolonializmə qarşı aksiya keçirdilər. Ruandalılar bu aksiyada təmsil olundumu və belə aksiyaları necə qiymətləndirirsiniz?

- Ruanda bu etiraz aksiyalarında iştirak etməyib, amma biz Azərbaycan Prezidenti cənab İlham Əliyevin noyabrın 12-də COP29 Sammitində və ertəsi gün inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı çıxışlarını diqqətlə dinlədik. Prezident keçmiş müstəmləkəçi dövlətləri güclü və haqlı şəkildə tənqid etdi. Cənab Əliyevin də dediyi kimi, keçmiş müstəmləkəçi ölkələr kiçik ada dövlətlərinə daha çox maddi dəstək göstərməlidirlər, çünki onlar bizim ölkələri istismar etməklə ətraf mühitə ciddi zərər veriblər.

- Yeri gəlmişkən, Azərbaycan neokolonializm mövzusunda silsilə beynəlxalq konfranslar təşkil edir. 2021-ci ildə tarixçilərdən ibarət komissiya “Fransa, Ruanda və Tutsinin soyqırımı (1990-1994)” adlı sənədi Fransa Prezidentinə təqdim edib. Siz bu sənəd haqqında nə deyə bilərsiniz? Ruandanın neokolonializm məsələsi ilə bağlı mövqeyi nədir?

- Bir çox digər müstəmləkəçi dövlətlər kimi Fransa da müstəmləkələrinə tam müstəqillik vermək istəmədi, əksinə, bu ölkələri nəzarətində saxlamaq üçün tədbirlər gördü. Bu tədbirlərdən biri də, az öncə dediyim kimi, marionet liderlərin hakimiyyəti ələ almasına dəstək vermək idi.

Ruanda Fransa tərəfindən müstəmləkəyə çevrilməsə də, fransız dilinin təsiri və coğrafi mövqeyinə görə bu dövlət ölkəmizlə yaxın münasibət qurmağa başladı. Fransanın Ruandadakı rolu 1973-cü ildə hərbi çevrilişlə hakimiyyətə gələn prezident Habyarimana rejimi dövründə diqqət mərkəzində olub.

Bu qeyd-şərtsiz dəstək prezidenti 1960-cı illərin əvvəllərində müstəqillik dövründə onlara qarşı ilk soyqırımından sonra ölkədən qaçan Ruanda qaçqınlarının, əsasən də tutsilərin yalvarışlarını rədd etməyə cəsarətləndirdi. Bu vəziyyət sürgündə olan ruandalıları 1990-cı ilin oktyabrında azadlıq müharibəsinə başlamağa təhrik etdi.

Bu müharibə ruandalılar ilə Ruanda Vətənpərvər Cəbhəsi (RPF) arasında daxili məsələ idi. Müharibəni başladan hərəkat Habyarimananın öz mövqeyini yenidən nəzərdən keçirməsinə və qaçqınların geri qayıtmasını təmin edən siyasi həll danışıqlarına səbəb olmaq üçün şok hərəkət demək idi. RPF buna görə də həmişə müharibə zamanı ortaya çıxan sülh təşəbbüslərini dəstəklədi. Bununla belə, fransızlar müttəfiqlərinin hərbi personal və texnika gətirməsini dəstəklədilər və hətta regional yaxınlarından biri, Demokratik Zairenin, indiki Konqo Demokratik Respublikasının prezidenti Marşall Mobutu Sese Sekoya Ruandaya hərbi qüvvə göndərməyi tapşırdılar.

Fransanın bu hərəkəti Habyarimananın hərbi əməliyyat kursunu davam etdirmək əzmini barışmaz hala gətirdi. Ona görə də 1994-cü ildə tutsilərə qarşı soyqırımına səbəb olan hadisələrin Fransanın təhriki ilə törədildiyini söyləmək olar.

Çarlz Kayonq

- Cənab səfir, sizcə, hazırda hansı dövlətlərlə əməkdaşlıq Ruandanın inkişafında dəstək ola bilər?

- Ruandanın Türkiyə, Azərbaycan, Qazaxıstan və Livan üzrə fövqəladə və səlahiyyətli səfiri olaraq deyə bilərəm ki, bu dörd ölkə ilə əlaqələrimizin inkişafı üçün bütün bacarıq və təcrübələrimi tətbiq edirəm. Bundan başqa, hesab edirəm ki, Çin və Rusiya ilə əməkdaşlığı gücləndirmək Ruandanın inkişafının xeyrinə olar.

- Azərbaycanla Ruanda arasında mədəni əlaqələrin inkişafı ilə bağlı hansı planlarınız var?

- Həm Ruanda, həm də Azərbaycan qədim mədəniyyətlərə malikdirlər və ölkələrimiz uzaq coğrafi yerlərdə olsalar da, kontekstlər eynidir. Xalqlarımız müstəqilliyi və özünə dəyəri sevir. Mən Azərbaycanda sərgilər, təqdimatlar və mədəniyyət mübadiləsi vasitəsilə Ruanda mədəniyyətini nümayiş etdirməyi planlaşdırıram. Turizm də müvafiq ölkələri xalqımıza tanıtmağın başqa bir yolu ola bilər.

- Yeri gəlmişkən, turizm sahəsində Ruandanın Azərbaycanla əlaqələri necədir? Bu sahənin inkişafı və təbliği üçün hansı addımların atılması planlaşdırılır?

- Öncə onu deyim ki, Ruanda turizmi əsasən müxtəlif attraksionlar təklif edən milli parklara əsaslanır. Ölkənin şərqində aslan, fil, camış, zürafə və kərgədan da daxil olmaqla, beş böyük heyvanı olan Akagera Milli Parkı dünyanın hər yerindən vəhşi təbiət həvəskarlarını qəbul edir. Şimalda nəsli kəsilməkdə olan dağ qorillalarının yaşadığı Vulkanlar Milli Parkımız var. Yeni doğulmuş qorillaların adlarının verilməsi ilə bağlı hər il keçirilən tədbir də unikal cazibədir.

Cənubda isə Nyunqve Meşə Milli Parkımız mövcuddur. Bu, şimpanzelər və quşlar kimi primatlar üçün sığınacaq kimi xidmət edən qədim yağış meşəsidir. Nyunqve həm də dünyanın ən mühüm iki çayının - şərqdən Aralıq dənizinə axan Nil çayının, qərbdən Konqo çayının ən yuxarı mənbəyidir. Zəngin biomüxtəlifliyə malik olan və bu yaxınlarda yaradılan digər milli parkımız isə Qişvati-Mukura Parkıdır.

Ölkəmiz idman və müalicə turizmi məkanına çevrilməyə doğru irəliləyir. Bunlara konfrans və idman üçün müasir qurğuların, o cümlədən müasir infrastrukturun, avadanlıqların, eləcə də gənc, savadlı və ikidilli kadrların yaradılması kömək edir.

Biz Azərbaycanla əməkdaşlığı, o cümlədən mədəniyyət və idman mübadiləsini inkişaf etdirməyi planlaşdırırıq. Ruanda və Azərbaycan ətraf regionların bir-birinə yaxınlaşması ilə əlaqədar olaraq kommunikasiya qovşaqları rolunu oynaya bilər ki, bu da ölkələrimizdən hər hansı birinə ziyarətçilərin ətraf ölkələrə asanlıqla daxil olmasına imkan verir.

Çarlz Kayonq

- Azərbaycan Ruandadan, Ruanda Azərbaycandan hansısa məhsullar alırmı?

- Mən Azərbaycanın Ruandadan nə ala biləcəyinə daha çox diqqət yetirərdim. İlk olaraq, Ruanda Azərbaycana qəhvə və çay kimi unikal, dadlı, dünyaşöhrətli məhsullar təklif edə bilər. Avokado, manqo və hətta çiçəklər kimi tropik kənd təsərrüfatı məhsullarımız da var. Digər sahələr üzrə biz Azərbaycana nadir torpaq minerallarını ixrac edə bilərik, Azərbaycandan isə neft məhsulları və kimyəvi maddələr idxal edə bilərik.

- Azərbaycandakı diplomatlar işğaldan azad edilmiş ərazilərə dəfələrlə səfər ediblər. Sizi də Qarabağa getmək planınız varmı?

- Bəli, ilk fəaliyyətlərimdən biri Qarabağa səfər etmək olacaq. Qarabağın tarixi əhəmiyyətini öyrənməklə yanaşı, gözəl təbiəti görmək mənim üçün də maraqlıdır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://report.az
archiveBu xəbər 07 Dekabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see197

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see172

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see160

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see134

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see126

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see124

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see119

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see117

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see117

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see116

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see112

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri