Azərbaycan Türk dünyasında birləşdirici mövqeyə malikdir
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Azərbaycanın Zəfər Günü münasibətilə ölkəmizdə rəsmi səfərdə oldu. Ərdoğanın Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan bir gündə, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin mahiyyətini və strateji tərəfdaşlığın sarsılmaz xarakterini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevlə keçirilən görüş, dövlət başçılarının səsləndirdiyi bəyanatlar və verdikləri siyasi mesajlar Bakı-Ankara münasibətlərinin yalnız tarixi və qardaşlıq bağlarına deyil, həm də ortaq geosiyasi maraqlara və regional təhlükəsizlik məsələlərinə söykəndiyini təsdiqlədi. Bu səfər həm də son dövrlərdə ayrı-ayrı dairələrin münasibətlərə kölgə salmaq, Bakı ilə Ankara arasında fikir ayrılığı görüntüsü yaratmaq cəhdlərinə tutarlı cavab oldu.
Ankara Siyasi Düşüncə İnstitutunun rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar "525-ci qəzet"ə müsahibəsində Şuşa səfərinin əhəmiyyəti, iki qardaş ölkənin münasibətləri barədə danışıb.
- Güray bəy, son dövrlərdə Türkiyə-Azərbaycan münasibətlərində müəyyən fikir ayrılıqlarının olması ilə bağlı müxtəlif iddialar ortaya atılmışdı. Bu baxımdan Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Şuşaya səfərini, Prezident İlham Əliyevlə görüşünü, verilən bəyanatları necə dəyərləndirirsiniz?
- Azərbaycan və Türkiyə istər Türk dünyası, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində iki mühüm müstəqil dövlətdir. Azərbaycanın geosiyasi mövqeyi və Türk dünyasını bir-birinə bağlayan körpü rolunu oynaması onun əhəmiyyətini daha da artırır. Bu birləşdirici rolda Azərbaycan Prezidenti İlham Əliyev dövlət xadimi kimi mühüm rol oynayır.
İki müstəqil ölkənin müxtəlif sahələrdə inkişaf etdirdiyi münasibətlər və bu münasibətlərin yaratdığı sinerji regionun geosiyasi, sosial, mədəni və iqtisadi inkişafı üçün yeni imkanlar açır, gələcəyə hesablanmış mühüm nəticələrə zəmin yaradır. Son dövrlərdə bir çox istiqamətlər üzrə əməkdaşlıq sahələrini genişləndirən bu iki ölkənin sıx təmasda olması və birgə layihələr həyata keçirməsi tamamilə təbii və məntiqlidir.
Türkiyə və Azərbaycanın bir çox məsələlərdə eyni mövqedən çıxış etmələrinə rəğmən, hər iki ölkə müstəqil və böyük dövlətlərdir. Buna görə də onların bütün məsələlərdə eyni cür düşünməsi hər zaman mümkün deyil. Dünyanın hazırda sürətlə dəyişən müasir reallıqları şəraitində əsas məsələlərdə və gələcəyə dair strateji baxışda ortaq mövqeyə malik olsalar da, müəyyən məsələlərdə fərqli düşünmələri və öz milli maraq və ehtiyaclarına uyğun siyasət yürütmələri tamamilə normal qarşılanmalıdır.
Bu reallıq ortada olduğu halda, yarana biləcək fikir və siyasət fərqlərini sanki iki ölkə arasında problem varmış kimi təqdim etmək yanlışdır. Türkiyə və Azərbaycan arasında dərin köklərə malik münasibətlər bu cür məsələlərin böhrana və ciddi problemlərə çevrilməsinə imkan verməyəcək qədər güclüdür. Hər iki ölkənin liderləri, nüfuzlu ictimai-siyasi xadimləri və diplomatları bu məsələləri həll etmək üçün kifayət qədər təcrübəyə, dərin düşüncəyə və fəlsəfi baxışa malikdirlər.
Son dövrlərdə müəyyən qərəzli ritorika və cəhdlərə baxmayaraq, hər iki ölkədə ən aşağı səviyyədən ən yüksək səviyyəyədək bütün tərəflər təmkinli və sağlam düşüncə ilə hərəkət edərək bu cür cəhdlərin qarşısını uğurla almağa nail olublar. Nəticədə, Azərbaycan və Türkiyə xalqları əvvəlkindən də sıx tellərlə bir-birinə bağlanıblar. Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Şuşaya səfəri və burada verilən aydın mesajlar bunun bariz nümunəsidir. Bu səfərdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin ev sahibliyi etdiyi COP31 İqlim Zirvəsində iştirak etmək üçün Antalyaya gəlməsi də iki ölkə arasındakı münasibətlərin qarşılıqlı etimad və həmrəyliyə əsaslandığının sübutudur.
- Hər iki lider bəyan etdi ki, Azərbaycan-Türkiyə birliyini sarsıtmaq, xalqların qardaşlığına kölgə salmaq istəyənlər öz məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər. Eyni zamanda, Prezident Ərdoğan Şuşadan qayıdarkən jurnalistlərin suallarını cavablandıran zaman bildirdi ki, Türkiyə və Azərbaycan arasında parçalanma yaratmağa cəhd edənlər mənasız bir işlə məşğuldurlar və bu cəhdlər nəticəsiz qalacaq. Bu fikirlər Ankara ilə Bakı arasında münasibətlərin gələcəyi baxımından hansı mesajları verir?
- Azərbaycan və Türkiyə arasında formalaşmış kifayət qədər güclü, açıq və birbaşa kommunikasiya mexanizmləri münasibətlərdə ayrılıq yaratmağa yönəlmiş cəhdləri təsirsiz hala gətirmək gücündədir. Son hadisə zamanı da bu mexanizmlər operativ şəkildə işə salınmış və münasibətlərin əvvəlkindən də güclü şəkildə davam etməsi üçün zəmin yaradılmışdır. Bu proses bir daha göstərdi ki, iki ölkə liderləri arasında mövcud olan ünsiyyətin gücü və problemləri operativ şəkildə həll etmək bacarığı olduqca yüksək səviyyədədir.
- Prezidentlər Şuşadakı bəyanatlarında enerji, nəqliyyat, investisiya və Zəngəzur dəhlizi məsələlərinə xüsusi diqqət yetirdilər. Sizcə, yaxın perspektivdə bu istiqamətlərdən hansı ikitərəfli əməkdaşlıqda daha üstün mövqeyə malik olacaq? Xüsusilə Zəngəzur dəhlizinin açılması regional iqtisadi və geosiyasi mənzərəni necə dəyişə bilər?
- Şuşa görüşləri zamanı gündəmə gətirilən bütün məsələlər - enerji, nəqliyyat, investisiyalar və Zəngəzur dəhlizi - bir-biri ilə sıx bağlı olan və üzərində uzun müddətdir ətraflı işlənilən istiqamətlərdir. Bu məsələlər yalnız Azərbaycan və Türkiyənin gələcəyi baxımından deyil, həm də regionun digər ölkələri və onların vətəndaşları üçün geosiyasi əhəmiyyət daşıyır.
Sözügedən layihələrin həyata keçirilməsi regionun iqtisadi mənzərəsini dəyişəcək, yeni əməkdaşlıq imkanları yaradacaq və əldə olunacaq iqtisadi dividendlərdən kifayət qədər geniş coğrafiyada yerləşən ölkələr və xalqlar faydalanacaqlar.
Bir məqama da toxunmaq istərdim. Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, siyasi, iqtisadi əlaqələr, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi görüşdə geniş müzakirə olundu. Amma dövlət başçısı qeyd etdi ki, səfərin əsas nəticəsi odur ki, Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır. Bu məqam iki ölkənin qardaşlıq münasibətlərinin bütün digər məsələlərdən üstün tutulduğunu göstərir.
- Güray bəy, sizin də qeyd etdiyiniz kimi, Türkiyə və Azərbaycan regional və beynəlxalq məsələlərdə bir-birinə siyasi dəstək nümayiş etdirir. Lakin hər iki dövlətin müxtəlif məsələlərə, beynəlxalq aktorlarla münasibətlərində fərqli yanaşmaları mümkündür. Belə fərqli yanaşmaların hər hansı anlaşılmazlığa yol açmaması üçün hansı mexanizmlərin gücləndirilməsinə ehtiyac var?
- Azərbaycan və Türkiyənin bir çox sahədə əməkdaşlıq etdiyi və bu əməkdaşlığın hər iki ölkə üçün faydalı nəticələr verdiyi açıq şəkildə görünür. Hər iki ölkə bir sıra məsələlərdə oxşar mövqedən çıxış edir. Bununla yanaşı, müstəqil dövlətlər kimi öz geosiyasi maraqları və reallıqları baxımından zaman-zaman müəyyən məsələlərdə fərqli siyasət yürütmələri də mümkündür. Bu, tamamilə normal haldır.
Belə fərqliliklərə daha çevik yanaşmaq, qarşılıqlı müzakirələr və dialoq vasitəsilə ortaq məxrəcə gəlmək mümkündür. Eyni zamanda, əvvəlcədən məlumatlandırma və müntəzəm məsləhətləşmələr yolu ilə yarana biləcək fikir ayrılıqlarını qabaqcadan müəyyənləşdirmək və onların problemə çevrilməsinin qarşısını almaq olar. Hər iki ölkədə bunu təmin edə biləcək siyasi anlayışın, təcrübənin və müdrikliyin mövcud olduğunu bilirik. Son görüşlər də hər iki ölkə liderinin nümayiş etdirdiyi sağlam düşüncənin və siyasi məharətin bu məsələlərin həllində mühüm rol oynadığını bir daha göstərdi.
Azərbaycanın getdikcə artan geosiyasi əhəmiyyəti, müxtəlif sahələrdə həyata keçirdiyi uğurlu fəaliyyət və regionda sülhün, eləcə də təhlükəsizlik arxitekturasının formalaşmasına verdiyi töhfələr xüsusi əhəmiyyət daşıyır.
- Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı və türk dünyasının inteqrasiyası məsələlərində də mühüm rol oynayırlar. Ərdoğan çıxışında Türkiyənin təşkilata sədrliyi dövründə onu daha güclü və institusionallaşmış quruma çevirmək niyyətini açıqladı. Bu baxımdan Ankara və Bakının qarşısında hansı ortaq prioritetlər dayanır?
- Türk Dövlətləri Təşkilatının gələcəyi baxımından ilkin mərhələdə həyata keçirilməsi zəruri olan layihələrin əsas hissəsi məhz Azərbaycan üzərindən keçir. Bu baxımdan Azərbaycan aparıcı rol oynayır, ölkənizin coğrafi mövqeyi isə xüsusi geosiyasi əhəmiyyət daşıyır. Azərbaycanın regiondakı mövqeyi, strateji yanaşması və siyasi baxışları onu Türk dünyası arasında zəruri əlaqələndirici mərkəzə çevirir. Azərbaycan olmadan bu miqyasda əməkdaşlığın reallaşdırılması mümkün deyil.
İqtisadi, hərbi və siyasi baxımdan güclü olan Azərbaycan bütövlükdə regionun iqtisadi tərəqqisi və sülh şəraitində yaşaması üçün mühüm amil kimi çıxış edir. Məhz bu imkanlar sayəsində Türk dünyası daha sıx birləşə, iqtisadi əməkdaşlığını genişləndirə və qlobal miqyasda daha güclü mövqeyə sahib ola bilər.
Pərvanə SULTANOVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 13 Noyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















