Icma.az
close
up
RU
Azərbaycan universitetlərini avtopilotda transformasiya etmək olarmı?.. EKSPERT

Azərbaycan universitetlərini avtopilotda transformasiya etmək olarmı?.. EKSPERT

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ali təhsildə sistemli dəyişiklik, idarəetmə məsuliyyəti və süni intellekt dövrünün çağırışları...

"Köhnə idarəetmə fəlsəfəsi ilə yeni texnologiyalardan istifadə edərək müasir universitet yaratmaq mümkün deyil..."

"Azərbaycan təhsil idarəetməsində diqqət çəkən problemlərdən biri də ayrı-ayrı layihələrin sistemli strategiyanı əvəz etməsidir..."

"Hər bir təşəbbüs üçün  bu suallar cavablandırılmalıdır: hansı problemi həll edir, hansı resursla həyata keçirilir, kim məsuliyyət daşıyır, hansı müddətdə tamamlanır və nəticəsi hansı göstərici ilə ölçülür? Bu suallara cavab yoxdursa..."

"Təhsil ölkənin bir nömrəli prioriteti elan edilirsə, bu prioritet ilk növbədə ali təhsil sisteminin real nəticələrində görünməlidir..."

***   ***   ***

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Rəqəmsallaşma və universitetlərimizin süstlüyü...” başlıqlı növbəti elmi analitik məqaləsinin II hissəsini dəyərli oxucuların müzakirəsinə buraxır:

(I hissə burada: )

Azərbaycan universitetlərinin transformasiyası artıq seçim deyil, zamanın tələbidir. Universitetlərinin transformasiyası, ali təhsil sisteminin yaşaması, beynəlxalq rəqabətə davam gətirməsi,  ölkənin gələcək intellektual potensialını formalaşdırması baxımından strateji zərurətdir. Məhz bu səbəblərdən ölkəmizdə təhsil  bir nömrəli prioritet elan edilib. 

Amma  transformasiyanın zəruriliyi   onun öz-özünə  (avtomatik)   baş verəcəyi anlamına gəlməməlidir.   Mövcud idarəetmə modeli, təşkilati süstlik, ətalət və    universitetlərin məhdud müstəqilliyi nəzərə alınarsa, deməli bu prosesin qarşısında ciddi maneələr var.  

İllərlə köklü təşkilti  dəyişiklikləri həyata keçirə bilməyən universitetlər süni intellekt dövrünün mürəkkəb çağırışlarına hansı idarəetmə mexanizmləri ilə cavab verəcəklər?

Transformasiya kosmetik dəyişiklik deyil…

Universitetin transformasiyası onun ayrı-ayrı struktur bölmələrinin adını dəyişmək, yeni informasiya sistemləri almaq, elektron sənəd dövriyyəsinə keçmək və ya tədrisə süni intellekt alətləri əlavə etmək demək deyil. Bunlar ssadəcə rəqəmsallaşmanın ayrı-ayrı elementləridir. Həqiqi transformasiya universitetin fəaliyyət fəlsəfəsinin, idarəetmə arxitekturasının, akademik proseslərinin, maliyyələşmə mexanizmlərinin və təşkilati  mədəniyyətinin yenidən qurulmasını tələb edir…

Müasir universitet yalnız bilik ötürən təhsil müəssisəsi deyil. O, eyni zamanda elmi tədqiqat, innovasiya, texnologiya transferi, sahibkarlıq, beynəlxalq əməkdaşlıq və ömürboyu öyrənmə mərkəzi olmalıdır. Universitetin rəqabət qabiliyyəti yalnız diplom verməsi (bəzən bu diplom xaricdə də heç tanınmır) və ya tələbə qəbul etməsi ilə ölçülmür. Onun elmi məhsuldarlığı, məzunların əmək bazarında mövqeyi, beynəlxalq akademik şəbəkələrdə iştirakı, innovasiya yaratmaq qabiliyyəti və cəmiyyətə təsiri də əsas göstəricilərdəndir.  Bu baxımdan transformasiya universitetin mövcud fəaliyyət modelindən yeni təşkilati  modelə keçididir. Belə keçid nə inzibati göstərişlə, nə də ayrı-ayrı layihələrlə təmin edilə bilməz… 

20 ilin təcrübəsi: niyə nəticə qənaətbəxş deyil?..

Azərbaycan ali təhsil sistemində uzun illərdir ki, islahatlar gedir.    Boloniya prosesinə qoşulma, kredit sisteminin tətbiqi, bakalavriat və magistratura pillələrinin təşkili, keyfiyyət təminatı mexanizmlərinin yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi bu prosesin əsas istiqamətləri olub.  Nəzərə almalıyıq ki,  islahatın formal elementlərinin tətbiqi ilə onun mahiyyətinin dərki   eyni şey deyil.

Boloniya prosesinin mahiyyəti yalnız kreditlərin hesablanması, təhsil pillələrinin uyğunlaşdırılması və diplomların tanınması ilə məhdudlaşmır. Onun əsas prinsipləri tələbəyönümlü təhsil, akademik mobillik, təlim nəticələrinin şəffaflığı, keyfiyyət təminatı və universitetlərin artan  məsuliyyətidir. Bu prinsiplərin universitetlərin gündəlik fəaliyyətində nə dərəcədə reallaşdığı xüsusi  qiymətləndirilməlidir. Əgər tələbəyönümlülük yalnız normativ sənədlərdə qalırsa,  akademik mobillik məhduddursa, təlim nəticələri real səriştələrlə  deyil, formal qiymətləndirmə ilə ölçülürsə, deməli, islahatın təşkilati  məzmunu  dərk edilməyib.

Eyni problem rəqəmsallaşmaya da  aiddir. Universitetdə elektron jurnalın, LMS platformasının, elektron kitabxananın və videodərslərin mövcudluğu hələ rəqəmsal universitet demək deyil. Rəqəmsal yetkinlik məlumatlara əsaslanan idarəetmə, inteqrasiya olunmuş informasiya sistemləri, çevik tədris modelləri, rəqəmsal tədqiqat infrastrukturu və fərdi  öyrənmə imkanları ilə müəyyən edilir.

Deməli, illərlə davam edən proseslərə baxmayaraq, əksər universitetlər (elə ali təhsil siyasəti də) təşkilati  və texnoloji yetkinliyə nail olmayıblar.  Bu suallara ümumi xarakterli  hesabatlarla deyil, müstəqil audit və müqayisəli göstəricilərlə cavab verilməlidir…

Əsas problem  universitetlərin idarəetmə modelidir..

Universitetlərin transformasiyasının qarşısındakı ən ciddi maneələrdən biri idarəetmə modelidir.  Müasir universitetin çevik, innovativ,  rəqabətqabiliyyətli olması üçün o akademik və maliyyə qərarlarını əsaslandırılmış formada,  müstəqil şəkildə  qəbul etməlidir.   Universitet öz inkişaf prioritetlərini müəyyənləşdirməli, resurslarını strateji məqsədlərə uyğun bölüşdürməli, akademik heyətini rəqabət prinsipləri əsasında formalaşdırmalı və nəticələrə görə məsuliyyət daşımalıdır.

Əgər universitetin əsas qərarları mərkəzləşdirilmiş inzibati mexanizmlərdən asılıdırsa, rektor və akademik rəhbərlik təşəbbüslərinin əhəmiyyətli hissəsini yuxarıdan gələn göstərişlərə uyğunlaşdırmağa məcburdursa, onda təşkilati sahiblik və strateji liderlik zəifləyir...

Burada belə bir paradoks yaranır: universitetlərdən innovasiya, təşəbbüskarlıq, beynəlxalq rəqabət və çeviklik tələb olunur, amma  həmin nəticələri təmin edəcək idarəetmə və qərarvermə mühiti təmin edilmir. 

Universitetə innovativ olmağı tapşırmaq olar, amma innovasiyanı inzibati göstərişlə yaratmaq mümkün deyil. İnnovasiya üçün akademik azadlıq, təşəbbüs imkanları, risklərin idarə edilməsi, maliyyə çevikliyi və uğursuzluqdan öyrənmə mədəniyyəti lazımdır.  Bu səbəblərdən universitetlərin transformasiyası ilk növbədə idarəetmə transformasiyası olmalıdır...

Süni intellekt dövrü köhnə universitet modelini  dağıdacaq... 

Süni intellekt universitetin bilik istehsalı, tədris, qiymətləndirmə, tədqiqat və idarəetmə funksiyalarını yenidən nəzərdən keçirməyə məcbur edən sistemli dəyişiklik amilidir.  Generativ süni intellekt tələbəyə fərdi təlim dəstəyi verə, müəllimin bəzi təkrarlanan işlərini avtomatlaşdıra, tədqiqat prosesini sürətləndirə və universitetin məlumatlara əsaslanan idarəetmə imkanlarını genişləndirə bilər. Süni intellekt  həm də  akademik dürüstlük, müəlliflik, məlumat təhlükəsizliyi, intellektual asılılıq və koqnitiv inkişafla bağlı yeni problemlər yaradır.  Bu şəraitdə universitetin əsas vəzifəsi tələbəyə süni intellektdən istifadə etməyi öyrətməklə məhdudlaşmamalıdır. Universitet  tələbənin müstəqil düşünmək, problem qoymaq, informasiya mənbələrini yoxlamaq, arqument qurmaq və əsaslandırılmış qərar qəbul etmək qabiliyyətini inkişaf etdirməlidir...

Sİ  dövrünün universiteti insan intellektini texnologiya ilə əvəz edən deyil, texnologiya vasitəsilə insan intellektini inkişaf etdirən universitet olmalıdır. Bunun üçün yeni pedaqoji yanaşmalar, fərdi öyrənmə sistemləri, AI əsaslı qiymətləndirmə modelləri, elmi tədqiqat infrastrukturu və universitet miqyasında süni intellekt siyasəti tələb olunur.

Lakin burada bir məqamı da unutmaq olmaz  ki,  rəqəmsal texnologiyalar zəif idarəetməni avtomatik olaraq səmərəli idarəetməyə çevirmir. Belə ki, düzgün qurulmamış proseslərin rəqəmsallaşdırılması mövcud problemləri daha da dərinləşdirə bilər.

Köhnə idarəetmə fəlsəfəsi ilə yeni texnologiyalardan istifadə edərək müasir universitet yaratmaq mümkün deyil... 

Universitetlər   avtopilotla transformasiya oluna bilməz…

Avtopilot əvvəlcədən müəyyən edilmiş parametrlər əsasında hərəkəti davam etdirən sistemdir. O, müəyyən şəraitdə faydalıdır. Amma  mürəkkəb və sürətlə dəyişən mühitdə yeni məqsədlər müəyyənləşdirmək, qeyri-müəyyənliyi qiymətləndirmək,  strateji qərarlar qəbul etmək üçün insan müdaxiləsi lazımdır. 

Universitetlərin transformasiyası da belə  prosesdir. Burada hazır reseptlər və standart inzibati göstərişlər kifayət etmir. Hər universitetin missiyası, elmi potensialı, kadr strukturu, maliyyə imkanları və regional funksiyası fərqlidir.

Transformasiya üçün bu şərtlər vacibdir:

• Strateji liderlik: Universitetin 5–10 illik inkişaf istiqamətini müəyyənləşdirən və nəticələrə görə məsuliyyət daşıyan rəhbərlik.

• Akademik və maliyyə muxtariyyəti: Universitetin resurslardan istifadə və akademik qərarlar qəbul etmək imkanlarının genişləndirilməsi.

• İnsan kapitalı: Müasir tədqiqat metodlarını, rəqəmsal texnologiyaları və innovasiya idarəetməsini bilən akademik və inzibati heyət.

• Maliyyə dayanıqlığı: Yalnız dövlət büdcəsindən asılı olmayan, qrantlar, tədqiqat müqavilələri, texnologiya transferi və digər mənbələrlə dəstəklənən maliyyə modeli.

• Məlumatlara əsaslanan idarəetmə: Qərarların şəxsi münasibətlər  və inzibati intuisiya ilə deyil, etibarlı məlumatlara və ölçülə bilən nəticələrə əsaslanması.

• Daxili keyfiyyət mədəniyyəti: Formal hesabatçılıqdan real özünüqiymətləndirməyə və davamlı təkmilləşməyə keçid.

Bu şərtlər olmadan transformasiya strategiyaları, yol xəritələri və rəqəmsal layihələr formal sənədlər  kimi qalacaq.

ETN-nin strategiya, resurs, koordinasiya və hesabatlılıq məsuliyyəti…

Bu məsələlərdə ETN -nin məsuliyyəti xüsusi qeyd edilməlidir. Çünki ali təhsil sisteminin inkişafı yalnız ayrı-ayrı rektorların və universitetlərin üzərinə qoyula bilməz. Dövlətin ali təhsil siyasətini formalaşdıran, normativ mühiti müəyyənləşdirən, maliyyələşmə mexanizmlərini tənzimləyən və sistemin nəticələrinə nəzarət edən əsas qurumun üzərinə ciddi strateji məsuliyyət düşür.

ETN aşağıdakı suallara aydın cavab verməlidir:

1.Azərbaycan universitetlərinin 2030-cu il üçün hansı təşkilati inkişaf modeli nəzərdə tutulur?

2.Universitetlərin akademik və maliyyə muxtariyyətinin genişləndirilməsi üzrə konkret plan varmı?

3.Rəqəmsal yetkinlik və süni intellekt hazırlığı hansı göstəricilərlə ölçüləcək?

4.Universitetlərin elmi məhsuldarlığı, beynəlxalq rəqabət qabiliyyəti və innovasiya fəaliyyəti necə qiymətləndiriləcək?

5.Universitetlərin inkişafı üçün ayrılan maliyyə vəsaitlərinin real nəticələri və səmərəliliyi necə ölçüləcək?

6.Uğursuz idarəetmə qərarlarına və yerinə yetirilməyən strateji öhdəliklərə görə hesabatlılıq və təşkilati  məsuliyyət mexanizmi necə işləyəcək?..

Bu suallar ali təhsil siyasətinin keyfiyyətini müəyyənləşdirən fundamental idarəetmə məsələləridir.  Əgər ETN  universitetlərdən transformasiya tələb edirsə, ilk növbədə həmin transformasiyanın hüquqi, maliyyə və təşkilati şərtlərini yaratmalıdır. Universitetlərə məsuliyyət verib, onlara qərarvermə səlahiyyəti və resurs təqdim etməmək idarəetmədə ziddiyyət yaradır.  Eyni zamanda universitet rəhbərləri də bütün problemləri mərkəzi idarəetmənin üzərinə də ata bilməzlər. Onların öz təşkilati  strategiyaları, daxili keyfiyyət təminatı sistemləri, inkişaf büdcələri və nəticələrə görə hesabatlılıq mexanizmləri olmalıdır. Deməli, məsuliyyət iki səviyyədə bölüşdürülməlidir: ETN sistemin inkişaf mühitini yaratmalı, universitetlər isə həmin mühitdə konkret nəticələr əldə etməlidirlər.

Transformasiya üçün hansı model lazımdır?..

Azərbaycan universitetlərinin transformasiyası ayrı-ayrı layihələrin deyil, vahid institusional inkişaf proqramının predmetinə çevrilməlidir. Bunun üçün ən azı beş istiqamət üzrə sistemli fəaliyyət zəruridir.

İstiqamət                                                                                                                                          Əsas dəyişiklik                                                                                     Ölçülə bilən nəticə

İdarəetmə                                                                                              Akademik və maliyyə muxtariyyətinin genişləndirilməsi                  Qərarvermə çevikliyi, strateji hədəflərin icrası

Tədris Kompetensiya və tələbəyönümlü öyrənmə                               Məzunların real səriştələri, işə düzəlmə göstəriciləri

Rəqəmsallaşma İnteqrasiya olunmuş rəqəmsal universitet                Rəqəmsal yetkinlik indeksi

Elmi tədqiqat Tədqiqat və innovasiya ekosistemi                                Keyfiyyətli nəşrlər, qrantlar, patentlər, texnologiya transferi

Beynəlmiləlləşmə Qlobal akademik şəbəkələrə inteqrasiya                Xarici tələbələr, beynəlxalq proqramlar, akademik mobillik

Bu proqramın I mərhələsində universitetlərin müstəqil təşkilati  auditindən başlamalıdır. Hər universitetin idarəetmə, maliyyə, akademik fəaliyyət, elmi tədqiqat, rəqəmsal infrastruktur və beynəlmiləlləşmə potensialı qiymətləndirilməlidir.

II  mərhələdə hər universitet üçün fərqli inkişaf trayektoriyası müəyyənləşdirilməlidir. Bütün universitetlərdən eyni nəticəni tələb etmək düzgün deyil. Tədqiqat universiteti, pedaqoji universitet, texniki universitet və regional universitetin missiyası və performans göstəriciləri fərqli olmalıdır.

III  mərhələdə maliyyələşmə nəticələrə bağlanmalıdır. Lakin burada mühüm prinsip qorunmalıdır: nəticəyə əsaslanan maliyyələşmə universitetlərin başlanğıc imkanları və missiya fərqlərini nəzərə almalıdır. Əks halda artıq güclü universitetlər daha çox resurs əldə edəcək, zəif universitetlərin inkişaf imkanları isə məhdudlaşacaq.

IV  mərhələdə illik monitorinq və ictimai hesabatlılıq sistemi qurulmalıdır. Strategiya yalnız qəbul edildiyi üçün deyil, real nəticə verdiyi halda uğurlu sayıla bilər.

Transformasiyanı sistemsiz layihələrlə əvəzləmək  ciddi səhhvdir...

Azərbaycan təhsil idarəetməsində diqqət çəkən problemlərdən biri də ayrı-ayrı layihələrin sistemli strategiyanı əvəz etməsidir. Müxtəlif platformalar, təlimlər, pilot layihələr və beynəlxalq əməkdaşlıq təşəbbüsləri faydalı ola bilər. Amma  bunlar vahid inkişaf modelinə inteqrasiya edilmədikdə, sistemdə davamlı dəyişiklik yaratmır.  Məsələn, universitetdə süni intellekt üzrə təlim keçirilməsi onun  “Sİ –universitet”ə çevrildiyini göstərmir. Bir neçə fənnin onlayn tədrisi distant təhsil sisteminin yaradılması demək deyil. Xarici universitetlə memorandum imzalanması beynəlxalq rəqabət qabiliyyətinin formalaşmasına zəmanət vermir. Yəni, layihələrin sayı deyil, onların təşkilati  nəticəsi əhəmiyyətlidir…

Hər bir təşəbbüs üçün  bu suallar cavablandırılmalıdır: hansı problemi həll edir, hansı resursla həyata keçirilir, kim məsuliyyət daşıyır, hansı müddətdə tamamlanır və nəticəsi hansı göstərici ilə ölçülür?

Bu suallara cavab yoxdursa, layihə çox güman ki, fəaliyyət görüntüsü yaradan, lakin transformasiya təmin etməyən növbəti inzibati təşəbbüs olacaq. Son 20 ildə təhsil sahəsində bir  çox işlərimiz məhz belə olub… 

Universitetlərin gələcəyini avtopilot deyil, strateji liderlik müəyyən edəcək…

Azərbaycan universitetlərinin qarşısında tarixi seçim dayanır.  Universitetlərimiz  ya mövcud idarəetmə modelini qoruyaraq rəqəmsal dövrün texnologiyalarını köhnə təşkilati  struktura əlavə edəcəklər, ya da öz fəaliyyət fəlsəfələrini, idarəetmə mexanizmlərini və akademik mədəniyyətlərini köklü şəkildə yeniləyəcəklər.  Birinci yol zahirən daha asandır. Amma  bu yol universitetləri beynəlxalq rəqabətdə daha da zəiflədəcək, onları texnologiyaların passiv istehlakçısına çevirəcəkdir.  İkinci yol isə siyasi iradə, peşəkar idarəetmə, akademik azadlıq, maliyyə təminatı və uzunmüddətli institusional məsuliyyət tələb edir…

Təhsil ölkənin bir nömrəli prioriteti elan edilirsə, bu prioritet ilk növbədə ali təhsil sisteminin real nəticələrində görünməlidir. Büdcə vəsaitlərinin həcmi, keçirilən tədbirlərin sayı, qəbul edilən strategiyaların çoxluğu özlüyündə inkişaf göstəricisi deyil. Əsas meyar insan kapitalının, elmi potensialın və universitetlərin rəqabət qabiliyyətinin yüksəlməsidir.

ETN-dən soruşmaq lazımdır: universitetlərin transformasiyası üçün hansı yeni idarəetmə fəlsəfəsi, hansı təşkilati  mexanizmlər və hansı konkret nəticə öhdəlikləri müəyyən edilib?

20  il ərzində fundamental dəyişikliklər   reallaşdıra bilməyən idarəetmə üslubu  ilə növbəti 5  ildə süni intellekt dövrünün universitetini yaratmaq mümkün olacaqmı?

Bu suala optimist şüarlarla deyil, konkret strategiya, maliyyə təminatı, səriştəli rəhbərlik və ölçülə bilən nəticələrlə cavab verilməlidir. Çünki universitetlər avtopilotda transformasiya olunmur. Transformasiya üçün istiqamət göstərən strateji liderlik, dəyişiklik yaradan peşəkar komanda və nəticələrə görə cavabdeh idarəetmə sistemi olmalıdır…

Müəllif:

Dosent İlham Əhmədov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Noyabr 2026 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri