Azərbaycan və Çin: yeni dövrün iqtisadi dialoqu
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan və Çin arasında qurulan iqtisadi dialoq sadəcə ikitərəfli ticarət və investisiya münasibətlərindən ibarət deyil. Bu, qlobal iqtisadiyyatın reallıqları və regionda dayanıqlı inkişaf perspektivləri ilə sıx bağlı olan yeni əməkdaşlıq modelidir. Prezident İlham Əliyevin Tiencin görüşündə verdiyi mesajlar göstərdi ki, Azərbaycan və Çin hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir: Çin üçün Azərbaycan etibarlı tranzit və enerji tərəfdaşı, Azərbaycan üçün isə Çin güclü iqtisadi partnyor və texnologiya transferi mənbəyidir. Bu əməkdaşlıq həm də ölkəmizin bilik, innovasiya və logistika mərkəzli iqtisadi strategiyası ilə dəstəklənir.
1. Yeni qlobal iqtisadi reallıqlar və Azərbaycan
Son illər dünya iqtisadiyyatında davamlı artım müşahidə olunur. Beynəlxalq Valyuta Fondunun (BVF) 2025-ci ilin iyulunda açıqladığı “Qlobal İqtisadi İcmal”a görə, qlobal iqtisadi artım 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 3,1 faiz olacaq. Lakin bu göstərici pandemiyadan əvvəlki orta səviyyədən (2017–2018: 3,7 faiz) aşağıdır və qlobal iqtisadiyyatın uzunmüddətli davamlılığını tam təmin etmir. Artımın keyfiyyəti və dayanıqlığı isə sual doğurur. BVF-in qiymətləndirməsinə görə, qlobal iqtisadi sabitlik əsasən fiskal stimullar, ticarət kompromisləri və müvəqqəti tədbirlər vasitəsilə qorunur. İqtisadi ədəbiyyatda bu proses “ön yüklənmə” (front-loading) adlandırılır və iqtisadiyyatın əsasən situativ qərarlar və qısamüddətli tədbirlər hesabına artdığını göstərir.
Regionlar üzrə iqtisadi vəziyyət də fərqlidir. Asiya regionunda iqtisadi artım sönməkdədir: BVF-ə görə, Asiyada 2024-cü ildə 5,3 faiz olan artım 2025-ci ildə 5,1 faizə, 2026-cı ildə isə 4,7 faizə enəcək. Avropa və ABŞ-da isə iqtisadi artım daha aşağıdır və 2025–2026-cı illərdə 2 faizdən az olacağı gözlənilir. Bu isə qlobal iqtisadi artımın daha çox regionlararası balanssızlıq və qısamüddətli stimullara bağlı olduğunu deməyə əsas verir.
Eyni zamanda, Avropa İttifaqı uzun illər qlobal iqtisadiyyatda normativ güc kimi çıxış etsə də, zəif iqtisadi artım, əhalinin yaşlanması, texnoloji geriləmə və “Yaşıl razılaşma”nın sənaye xərclərini artırması nəticəsində onun təsir imkanları məhdudlaşır. ABŞ və Çinlə müqayisədə Avropa innovasiya və rəqabət qabiliyyətində geridə qalır, sənaye istehsalı isə digər regionlara miqrasiya edir. Bu fonda Çin texnologiya, enerji və ticarət sahəsində artan gücü ilə qlobal iqtisadi balansda yeni liderlik mövqeyini möhkəmləndirir. Nəticədə, Avropa daha çox adaptasiya edən aktora çevrilir və qlobal transformasiya şəraitində ciddi çağırışlarla üz-üzə qalır.
Beynəlxalq investisiya və ticarət axınları da qeyri-sabit olaraq qalır. Məsələn, Asiyada texnologiya və istehsal sahələrində artım davam etsə də, ticarət gərginlikləri və enerji qiymətlərində dəyişkənlik iqtisadiyyatın uzunmüddətli böyüməsi perspektivlərini məhdudlaşdırır. Nəticədə, qlobal iqtisadiyyatda hazırkı artımın gələcəkdə qəfil daralma ilə əvəzlənməsi riski yüksək olaraq qalır.
Mövcud qlobal iqtisadi fonda Azərbaycan dayanıqlı və şaxələnmiş iqtisadi modelini uğurla formalaşdırır. Bir tərəfdən ölkəmiz “təmiz enerji” ixracatçısına çevrilir, regional və qlobal tranzit, logistika və innovasiya mərkəzi kimi mövqeyini gücləndirir. Bununla Orta Dəhliz və Şimal – Cənub marşrutları üzrə yükdaşımalar artmış, tranzit müddətləri isə əhəmiyyətli qısalmışdır. Eyni zamanda Ələt Beynəlxalq Dəniz Limanı Azərbaycanın Avrasiya nəqliyyat şəbəkəsində strateji mərkəzə çevrilməsinə töhfə verir. Beləliklə, zəngin enerji resursları və tranzit potensialı ölkəni qlobal enerji bazarında strateji oyunçuya çevirir, Asiya və Avropa bazarlarına enerji-logistika təminatını asanlaşdırır.
Digər tərəfdən, iqtisadiyyatda müşahidə olunan şaxələnmə ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mərkəzi elementinə çevrilmişdir. Nəzəri baxımdan, şaxələndirmə iqtisadi dayanıqlığın təmin olunması, resurslardan səmərəli istifadənin artırılması və qlobal bazarlarda dəyişkənlik risklərinin azaldılması üçün mühüm amil hesab olunur. Azərbaycan təcrübəsi göstərir ki, dövlətin məqsədyönlü siyasəti nəticəsində bu yanaşma praktiki nəticələrlə təsdiqlənməkdədir.
İlk olaraq, investisiya mühitinin yaxşılaşdırılması şaxələndirmə prosesinin əsas hərəkətverici qüvvəsi olmuşdur. Bu, həm yerli, həm də xarici investorların iqtisadiyyata inamını artırmış, qeyri-neft sektorunda istehsal güclərinin və ixrac potensialının artmasına gətirib çıxarmışdır. Bununla yanaşı, yeni texnologiyaların tətbiqinə dəstək istehsal səmərəliliyini yüksəltmiş, yüksək əlavə dəyərli məhsulların istehsalına şərait yaratmışdır. Bu isə yalnız daxili bazarın deyil, xarici bazarlarda da rəqabət qabiliyyətinin möhkəmlənməsinə xidmət etmişdir.
İkinci mühüm istiqamət sahibkarlığın təşviqi ilə bağlıdır. Vergi güzəştləri, subsidiyalar, kredit dəstəyi və digər mexanizmlər biznes mühitini daha əlverişli etmiş, nəticədə özəl sektorun iqtisadiyyatda rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu proses həm də məşğulluğun yüksəlməsinə, sosial rifahın genişlənməsinə və inklüziv inkişafın təmin edilməsinə mühüm təsir göstərmişdir.
Üçüncü aspekt ixrac potensialı ilə bağlıdır. Qeyri-neft sektorunda istehsalın və ixrac bazarlarının coğrafiyasının genişlənməsi Azərbaycanın qlobal iqtisadi sistemə daha dərin inteqrasiyasına imkan yaratmışdır. Bu, ölkənin iqtisadi təhlükəsizliyini möhkəmləndirmiş və rəqabətqabiliyyətli məhsulların dünya bazarlarında mövqeyini gücləndirmişdir.
Nəticə etibarilə, 2021–2024-cü illərdə qeyri – neft sektorunda orta hesabla 6,7 faiz artım qeydə alınmışdır ki, bu da Azərbaycan iqtisadiyyatında şaxələndirmə və dayanıqlıq proseslərinin dərinləşdiyini təsdiqləyir. Bu göstərici həm də iqtisadi nəzəriyyədə təsdiqlənmiş “davamlı artımın əsas şərti diversifikasiya və institusional dayanıqlıqdır” tezisini Azərbaycan nümunəsi ilə praktik şəkildə əsaslandırır.
Beləliklə, qeyri-neft sektoru təkcə iqtisadi inkişafın struktur transformasiyası deyil, həm də qlobal qeyri-sabitlik şəraitində ölkənin iqtisadi dayanıqlığının təmin olunmasında strateji təməl rolunu oynayır. Bu model Azərbaycanı regionda sabit və etibarlı iqtisadi güc mərkəzi kimi mövqeləndirir, uzunmüddətli perspektivdə isə milli iqtisadiyyatın qlobal dəyər zəncirinə daha səmərəli inteqrasiyasına zəmin yaradır.
2. Asiya ölkələrinin Azərbaycan üçün iqtisadi önəmi
Azərbaycanın dayanıqlı və şaxələnmiş iqtisadi modelə keçidi, həmçinin qeyri-neft sektorunun inkişafı ölkənin qlobal və regional iqtisadi əlaqələrində yeni imkanlar yaratmışdır. Bu, xüsusilə Çin və digər Asiya ölkələri ilə iqtisadi əlaqələrin strateji əhəmiyyətini artırır. Bütövlükdə Asiya regionu Azərbaycanın tranzit marşrutları və investisiya imkanları baxımından əsas tərəfdaşlarıdır və ölkəmizin qlobal iqtisadi təsirlərə müqavimətini gücləndirir. Qeyd edək ki, Asiya regionu dünya iqtisadiyyatında aparıcı rol oynasa da, region daxilində ölkələrin təsir gücü, qlobal iqtisadi inteqrasiyası və institusional dayanıqlığı kəskin şəkildə fərqlənir. Bu mənada xüsusilə iki ölkə – Çin və Hindistan – müqayisə üçün diqqətəlayiq nümunələrdir. Hər iki ölkələrin iqtisadiyyatı yüksək artım templərinə malik olsa da, onların dünya iqtisadiyyatına təsir imkanları fərqlidir.
Çin qlobal dəyər zəncirlərinin lokomotivi hesab olunur. İxracın coğrafi şaxələnməsi, ABŞ–Çin tariflərinin azalması və daxili fiskal stimullar iqtisadiyyatın böyüməsinə mühüm töhfə verir. Çinin yüksəlişi “mərkəz–periferiya” (core-periphery) nəzəriyyəsi çərçivəsində şərh oluna bilər: Çin əvvəl periferiyada yerləşirdi (az inkişaf etmiş, resurs ixrac edən ölkə idi), lakin son 30 – 40 ildə sürətli sənayeləşmə, texnoloji inkişaf və qlobal ticarətdə artım sayəsində mərkəzə yaxınlaşır. Artıq o, dünya iqtisadi sistemində mərkəz (core) statusunu möhkəmləndirərək texnologiya, sənaye istehsalı və ixrac yönümlü sektorlarda dünya iqtisadiyyatının əsas mənbəyinə çevrilmişdir. Bu proses daxili artımla yanaşı, qlobal tədarük zəncirinin sabitliyini də təmin edir.
Çinin iqtisadi modelini Yeni struktur iqtisadiyyat (New Structural Economics) konsepsiyası da aydın izah edir. Dövlətin iqtisadiyyatda fəal rolu, infrastruktur-investisiya siyasəti və strateji sənaye dəstəyi uzunmüddətli artımın bazasını formalaşdırır. Bu siyasət Çini qlobal “artım mühərrikinə” çevrib. Çin yalnız Asiya ölkələri ilə deyil, həmçinin Afrika və Qlobal Cənubdakı digər dövlətlərlə də aparıcı iqtisadi əməkdaş kimi çıxış edir. 2024-cü ildə Çin – Afrika ticarət dövriyyəsi rekord səviyyəyə – təqribən, 295,6 milyard ABŞ dollarına çataraq, özünün həmin regiondakı iqtisadi mövqeyini daha da möhkəmləndirmişdir.
Digər Asiya ölkəsi olan Hindistan iqtisadiyyatı artım nümayiş etdirsə də, zəif inteqrasiya ilə səciyyələnir. BVF-ə görə Hindistanda iqtisadi artım 2025 və 2026-cı illər üçün 6,4 faiz səviyyəsində olacaq. Lakin bu artım daha çox daxili istehlak hesabına formalaşır (təxminən 60 – 64 faiz), ixrac və investisiya komponentlərinin payı aşağıdır. Səbəb odur ki, Hindistan hələ də struktur zəifliklərlə üz-üzədir: infrastruktur çatışmazlığı, institusional islahatların ləngiməsi və istehsal sektorunun rəqabət qabiliyyətinin aşağı olması əsas faktorlardan hesab olunur. Buna görə də Hindistanda iqtisadiyyatın hətta sürətlə artması belə onun dünya iqtisadiyyatında təsir gücünü artırmır.
Bu vəziyyət “asılı inkişaf” nəzəriyyəsi ilə izah oluna bilər. Hindistanda iqtisadi artım əsasən daxili tələbat əsasında formalaşır, lakin qlobal dəyər zəncirinə zəif inteqrasiya səbəbindən ölkə “periferiya” mövqeyində qalır. Bu, həm də region ölkələrinin Hindistanla iqtisadi əməkdaşlığa marağının nisbətən aşağı olmasına gətirib çıxarır. Məsələn, Çin–ASEAN qarşılıqlı ticarət münasibətləri kəskin artır, ticarət dövriyyəsi təxminən 1 trilyon ABŞ dolları səviyyəsinə çatmışdır. Hindistan və ASEAN ölkələri arasında mal ticarətinin həcmi isə təqribən 123 milyard ABŞ dolları olmuşdur. Bu fərq göstərir ki, Hindistanın regional ticarətdə rolu ASEAN üçün hələ nisbətən azdır və Hindistanın ASEAN iqtisadiyyatı üzərində ticarət təsiri hələ ki, məhdud olaraq qalır.
Hər iki ölkə nümunəsi onu deməyə əsas verir ki, Azərbaycanın iqtisadi strategiyası baxımından Asiya ölkələrinin fərqli rolu xüsusi vurğulanmalıdır. Çin Azərbaycanın həm ticarət, həm də “Orta Dəhliz” (Middle Corridor) layihəsi çərçivəsində əsas tərəfdaşlarından biridir. Bu dəhliz Azərbaycanı Çin ilə Avropa arasında strateji tranzit mərkəzinə çevirir. Çin iqtisadiyyatının böyüməsi Azərbaycanın nəqliyyat-logistika xidmətlərinə tələbi artırır və region üçün yeni iqtisadi imkanlar yaradır.
Hindistanla isə Azərbaycanın iqtisadi əlaqələri məhdud xarakter daşıyır. Bunun səbəbi yalnız coğrafi məsafə deyil, həm də Hindistan iqtisadiyyatının daxili struktur xüsusiyyətləri ilə bağlıdır. Hərçənd ki, Hindistanda son illər iqtisadi artım sürətlənir, lakin yüksək yoxsulluq səviyyəsi, məhdud infrastruktur və dayanıqsız sahələrdən (əsasən xidmət sektoru və aşağı dəyərli istehsal) asılılıq onun xarici iqtisadi əlaqələrini zəiflədir. Bu amillər Hindistanı Azərbaycanın malik olduğu dayanıqlı, şaxələnmiş və yüksək infrastruktur potensialına əsaslanan iqtisadiyyatla səmərəli ticarət-iqtisadi əməkdaşlıq qurmaq imkanlarından məhrum edir. Hindistan Azərbaycan üçün potensial bazar olaraq qalır.
Nəzəri müstəvidə bu vəziyyət “mərkəz – periferiya” (core – periphery) modeli ilə izah oluna bilər. Azərbaycanın regional miqyasda formalaşdırdığı dayanıqlı, şaxələnmiş və yüksək infrastruktur potensialına malik iqtisadiyyat “core” statusunun göstəricisidir. Hindistan isə daxili sosial-iqtisadi problemləri və institusional qeyri-sabitliyi səbəbindən hələ də “semi – periphery” mövqeyindədir. Beləliklə, asimmetrik iqtisadi struktur iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə mane olur: Azərbaycanın yüksək infrastruktur və sabitliyə əsaslanan iqtisadi modeli ilə Hindistanın zəif institusional dayaqlar üzərində qurulmuş inkişaf trayektoriyası uyğun gəlmir.
Nəticə olaraq, Çin və Hindistan təcrübəsi sübut edir ki, iqtisadi artımın sürəti təkbaşına qlobal güc statusu üçün yetərli deyil. Qlobal təsir imkanlarını müəyyən edən əsas amillər institusional dayanıqlıq, infrastruktur səviyyəsi və dəyər zəncirinə dərin inteqrasiyadır. Bu kontekstdə Çin strateji tərəfdaşlıq üçün daha əlverişli mövqeyə malikdir.
3. Çin iqtisadiyyatının təkamülü
Son onilliklərdə Çin dünya iqtisadi sistemində “sadə istehsal bazası” statusundan çıxaraq keyfiyyət və innovasiya yönümlü inkişaf modelinə keçid etmişdir. Statistik göstəricilərə görə, Çin dünya iqtisadiyyatının artımına təxminən 30 faizdən çox töhfə verərək qlobal iqtisadi dinamikanın mühüm lokomotivi olmuşdur. Sənaye istehsalının həcmi üzrə lider mövqedə olan ölkə dünya istehsalının 1/3-ni təmin edir. Çinin sosial-iqtisadi inkişafında orta sinfin artımı xüsusi əhəmiyyət daşıyır. Belə ki, “World Data Lab”ın hesablamalarına görə, hazırda ölkədə 900 milyon nəfərlik orta sinif mövcuddur və bu rəqəmin 2030-cu ilə qədər 1,2 milyarda çatacağı gözlənilir. Bu dinamika daxili tələbat bazarının sürətlə genişlənəcəyini göstərir.
Çin həm də texnologiya və innovasiya sahəsindəki nailiyyətləri ilə diqqət çəkir. Son 20 ildə ölkə iqtisadi inkişafını daha çox sənaye istehsalı və texnologiya ixracı üzərində quraraq “qlobal istehsal mərkəzi” rolunu gücləndirib. Hazırda AR-GE xərclərinin ÜDM-də payı 2,7 faiz, qiymətləndirmələrə görə yüksək texnologiyalı malların ixracında payı isə 30 faizi ötür. Çin günəş panelləri, külək turbinləri və elektrik avtomobillərinin ən böyük istehsalçısına çevrilmiş, qlobal elektrikli avtomobil satışlarının 60-66 faizi məhz Çində reallaşmışdır. Elmi-tədqiqat və inkişaf (R&D) xərclərinə görə Çin ABŞ-dan sonra ikinci yerdədir və süni intellekt, biotexnologiya, kvant texnologiyaları kimi sahələrdə sürətli tərəqqi nümayiş etdirir.
Bununla yanaşı, Çin dünya ticarətinin aparıcı mərkəzlərindəndir. 2024-cü ildə onun ixracı təxminən 3,58 trilyon dollar, idxalı isə 2,59 trilyon dollar olub. Beləliklə, Çin həm ən böyük malların ixracatçısı, həm də dünya üzrə ikinci ən böyük idxalçı statusunu qoruyub. Ölkə RCEP (Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq) və “Bir Kəmər, Bir Yol” təşəbbüsləri vasitəsilə Asiya, Afrika və Avropada geniş iqtisadi əlaqələr qurmuş, bu isə yuanı hələ də altıncı ən çox istifadə olunan valyuta etmişdir.
İnfrastruktur və sosial inkişaf göstəriciləri də diqqətəlayiqdir. Ölkə əhalisinin 67 faizi şəhərlərdə yaşayır, bu isə daxili xidmətlər sektorunun genişlənməsinə şərait yaradır. Nəqliyyat sahəsində Çin 48 min kilometrdən çox uzunluğa malik sürətli dəmiryolu şəbəkəsi ilə dünya lideridir. Rəqəmsal iqtisadiyyatın inkişaf tempi də sürətlidir və növbəti illərdə onun cəmi iqtisadiyyatda payının davamlı artacağı gözlənilir.
Bütün bu göstəricilər təsdiq edir ki, Çin qlobal iqtisadiyyatın sadəcə “istehsal bazası” olmaqdan çıxaraq innovasiya, texnologiya və yaşıl inkişaf mərkəzinə çevrilməkdədir. Daxili bazarın genişlənməsi, beynəlxalq iqtisadi təşəbbüslərdə fəal iştirakı və texnoloji nailiyyətləri onun qlobal iqtisadi artımda aparıcı mövqeyini daha da gücləndirir.
4. Azərbaycan–Çin iqtisadi körpüsü
Azərbaycan və Çin arasında iqtisadi əlaqələr son illərdə sabit inkişaf və strateji dərinləşmə fonunda yüksələn xətlə inkişaf edir. 2024-cü ilin yekunlarına görə, ticarət dövriyyəsi təxminən 3,74 milyard ABŞ dolları təşkil etmiş və Çin Azərbaycanın xarici ticarət tərəfdaşları arasında dördüncü yerdə qərarlaşmışdır. Bu dinamika klassik “müqayisəli üstünlüklər nəzəriyyəsi” ilə izah oluna bilər: Azərbaycan təbii resurslarda, Çin isə istehsal gücü və texnologiyada nisbi üstünlüyə malikdir.
Azərbaycanın Çinə ixracı əsasən enerji və kimya məhsullarından ibarət olsa da, idxal maşın-mexanika, elektronika və nəqliyyat vasitələri ilə xarakterizə olunur. Bu qarşılıqlı asılılıq “həcm və struktur ticarət nəzəriyyəsi” baxımından tərəflərin fərqli ixtisaslaşmasını və bir-birini tamamlayan iqtisadi əlaqəsini təsdiqləyir. Ticarət balansının mənfi olması qısamüddətli disbalans kimi görünsə də, Çinin Azərbaycana yatırdığı sərmayələr bu boşluğu kompensasiya edir. Belə ki, 1995–ci ildən bəri Çindən Azərbaycana yönələn sərmayələrin həcmi təxminən 931 milyon ABŞ dolları olmuşdur. Bu investisiyalar əsasən neft-kimya və bərpaolunan enerji sahələrinə yönəlmişdir. Xarici birbaşa investisiya formatında reallaşan bu kapital axınları yalnız istehsal potensialını artırmır, həm də tədiyə balansında cari hesab kəsirini qismən tarazlaşdırmaq imkanına malikdir.
Əlaqələrin digər strateji istiqaməti nəqliyyat və logistika sahəsidir. Çindən Azərbaycana daşınan yüklərin həcmi son ildə 86 faiz artaraq 378 min tona çatmışdır. Bu artım Azərbaycanın tranzit potensialının və beynəlxalq ticarətdə əlaqələndirici rolunun möhkəmləndiyini göstərir. Burada Qlobal Dəyər Zənciri Nəzəriyyəsi əsas analitik çərçivə kimi çıxış edir: Azərbaycan beynəlxalq ticarətin mühüm halqası olaraq Şərq – Qərb istiqamətində malların hərəkətində kritik körpü rolunu oynayır.
İnfrastruktur sahəsində əməkdaşlıq isə yalnız tranzit imkanlarının artması ilə məhdudlaşmır. Bu əməkdaşlıq həm də yaşıl enerji, innovasiya və texnologiya transferi üçün institusional bünövrə yaradır ki, bu da “dayanıqlı inkişaf modeli”nin regional kontekstdə tətbiqi kimi qiymətləndirilə bilər. Azərbaycanın bərpaolunan enerji potensialı ilə Çinin texnologiya və maliyyə imkanlarının sintezi gələcəkdə yeni enerji marşrutlarının və “yaşıl körpü”lərin formalaşmasına zəmin yaradır.
Nəticə etibarilə, Azərbaycan–Çin əməkdaşlığı ticarət artımı, sərmayələr və infrastruktur inkişafı ilə bir-birini tamamlayaraq uzunmüddətli strateji sinerji yaradır. Bu əlaqələr “iqtisadi şaxələnmə” və “strateji tərəfdaşlıq nəzəriyyələri” fonunda təhlil edildikdə aydın olur ki, Azərbaycanın resurs potensialı, Çinin texnoloji üstünlükləri və regional infrastruktur imkanlarının birləşməsi ölkənin iqtisadi mövqeyini həm regional, həm də qlobal müstəvidə gücləndirir.
5. Çinlə iqtisadi əməkdaşlıq perspektivləri
Çin son illərdə qlobal texnoloji liderliyini möhkəmləndirərək süni intellekt, elektrikli nəqliyyat, kvant hesablama, dron texnologiyaları və batareya istehsalı kimi sahələrdə üstün mövqeyə yüksəlmişdir. Avstraliyanın Strateji Siyasət İnstitutunun “Critical Technology Tracker” hesabatına görə, Çin 44 strateji texnologiyadan 37-də lider mövqedədir. Dünya Əqli Mülkiyyət Təşkilatının 2024-cü il hesabatında isə Çin dünya üzrə ən çox elmi-texnoloji klasterə sahib ölkə kimi təqdim olunur. Şençjen – Honkong – Qvanjou, Pekin və Şanxa – Suçjou bölgələri bu baxımdan xüsusi önəm daşıyır. Bundan əlavə, Çin dünya üzrə ən çox patent müraciəti edən ölkədir ki, bu da Huawei və digər texnologiya nəhənglərinin qlobal rəqabət gücünü nümayiş etdirir.
Azərbaycan öz növbəsində rəqəmsal iqtisadiyyatı milli inkişaf strategiyasının prioriteti kimi müəyyən etmişdir. Startap ekosistemlərinin dəstəklənməsi, innovasiya mərkəzlərinin qurulması və texnologiya transferi vasitəsilə iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlılığın artırılması və qlobal rəqabət gücünün möhkəmləndirilməsi istiqamətində siyasət yürüdülür. Çinlə əməkdaşlıq bu prosesin əsas hərəkətverici qüvvələrindən biridir: Azərbaycan üçün rəqəmsal suverenliyin möhkəmlənməsi və şaxələndirmə siyasətinin gücləndirilməsi, Çin üçün isə Avrasiya bazarında yeni texnologiyaların tətbiqi və məhsul-modellərin uyğunlaşdırılması imkanı yaranır.
Eyni zamanda, Azərbaycan və Çin arasında möhkəmlənən iqtisadi əməkdaşlıq Prezident İlham Əliyevin strateji baxışının tərkib hissəsi kimi qlobal iqtisadi idarəetmədə yeni modelin formalaşmasına xidmət edir. Çin kapitalı, texnologiyası və bazar şəbəkələrinin Azərbaycanın iqtisadi sisteminə inteqrasiyası ölkənin uzunmüddətli inkişaf trayektoriyasını dəyişdirərək onu regionda və qlobal miqyasda daha təsirli oyunçuya çevirir.
Prezident İlham Əliyevin strateji yanaşması əməkdaşlığın bir neçə istiqamətdə prioritetləşdirilməsini şərtləndirir. İlk olaraq, kapital axınlarının şaxələnməsi kənd təsərrüfatı, logistika, turizm və yüksək texnologiyalar üçün yeni maliyyə resurslarının yaranmasına imkan verir. Bu, iqtisadiyyatın elmi-texniki bazasının möhkəmlənməsinə və maliyyə dayanıqlığının artmasına xidmət edir. İkinci istiqamət rəqabətli dəyər zəncirinə qoşulmadır. Azərbaycanın tranzit potensialı yalnız daşınma ilə məhdudlaşmamalı, istehsal və emal mərkəzinə çevrilməklə yeni şəbəkə sisteminin formalaşmasına imkan yaratmalıdır. Çin şirkətlərinin regionda tətbiq etdiyi istehsal modelləri Azərbaycanda məşğulluğun, ixrac gəlirlərinin və texnoloji bilik transferinin artmasına şərait yaradır.
Üçüncü istiqamət maliyyə inteqrasiyasıdır. Çinlə əməkdaşlıq Asiya İnfrastruktur İnvestisiya Bankı və İpək Yolu Fondu kimi qurumlarla tərəfdaşlığı gücləndirərək iri infrastruktur layihələrinin maliyyələşməsini asanlaşdırır. Bununla yanaşı, Çin yuanının beynəlxalq ticarətdə artan rolu gələcəkdə Azərbaycanın valyuta səbətinin şaxələndirilməsinə və maliyyə risklərinin daha effektiv idarə olunmasına şərait yaradır.
Dördüncü istiqamət texnoloji tərəqqi və innovasiyadır. Çin süni intellekt, 5G və yaşıl enerji texnologiyalarında lider mövqeyə sahib olaraq Azərbaycanın innovasiya yönümlü iqtisadi modelə keçidini sürətləndirir. Bu əməkdaşlıq ölkəni yalnız tranzit qovşağı deyil, həm də regionda “texnoloji meydan”a çevirə bilər.
Nəhayət, rəqabət üstünlüyünün gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Gürcüstan və Qazaxıstan daha çox tranzit funksiyasına fokuslandığı halda, Azərbaycan enerji, logistika və istehsal sintezini təqdim etməklə özünəməxsus mövqeyini möhkəmləndirir. Beynəlxalq proqnozlara görə, 2030-cu ilə qədər Çinin qlobal iqtisadi artıma töhfəsi əhəmiyyətli dərəcədə artacaq və qlobal dinamikanın formalaşmasında həlledici rol oynayacaq. Azərbaycanın bu böyümə dalğasına vaxtında qoşulması ölkəyə yeni bazarlara çıxış imkanı yaradacaq, milli iqtisadi model isə çevik, innovativ və rəqabətədavamlı əsasda inkişaf edəcək.
Nəticə etibarilə, Çinlə strateji əməkdaşlıq Azərbaycan iqtisadiyyatının modernləşməsinin əsas lokomotivlərindən biri olmaqla yanaşı, ölkənin yeni qlobal iqtisadi reallıqlara adaptasiyasını da sürətləndirir. Geoiqtisadi rəqabətin, texnoloji transformasiyanın və yaşıl keçidin müəyyənedici rol oynadığı hazırkı şəraitdə bu əməkdaşlıq Azərbaycanı yalnız regional tranzit mərkəzi deyil, həm də qlobal iqtisadi sistemdə innovasiya yönümlü, rəqabətədavamlı dayanıqlı oyunçu kimi mövqeləndirir.
Şaiq ADIGÖZƏLOV,
iqtisad üzrə fəlsəfə doktoru


