Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən Lider
Ümummilli Lider Heydər Əliyevinsiyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin Vətən qarşısında xidməti və azərbaycançılıq ideologiyasının bütövləşdirilməsi, irsimizin qorunması, gələcək nəsillərə ötürülməsi, dünyada milliliyimizin, kimliyimizin təbliği baxımından mübarizliyi, əzmkarlığı və lider olaraq təəssübkeşliyi əsl örnək hesab edilir. Müasir Azərbaycan tarixinin "qızıl dövrü" milli heysiyyəti və üstün dünyagörüşü ilə dövlətçiliyin keşiyində qətiyyətlə dayanan onun lider fenomeni ilə birbaşa bağlıdır.
Ötən illər onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Şəxsiyyətinin ölçüyəgəlməz və müqayisəolunmaz böyüklüyü siyasi fəaliyyətində özünü qabarıq büruzə verir. Çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər hər zaman Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edib. Bu prosesdə ölkəmizə qarşı çıxan, onu zəiflətməyə çalışan qüvvələr olsa da, dövlətimizin başçısının qətiyyətli siyasəti ilə bütün belə planlar dəf olundu.
Tanınmış ekspertlərin, nüfuzlu strateji tədqiqat mərkəzlərinin təhlillərində Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığı xüsusi qeyd olunur, ölkəmizlə əməkdaşlığın strateji əhəmiyyəti diqqətə çatdırılır. Prezident İlham Əliyevin fikirləri, son zamanlar müşahidə edilən proseslər təsdiqləyir ki, Azərbaycan özünün və tərəfdaşlarının maraqlarına, beynəlxalq hüquq normalarına və müasir çağırışlara uyğun xarici siyasət yürüdür. Bu gün Azərbaycan bir çox nəhəng layihələrə öz imzasını atır, dünya miqyaslı, önəmli beynəlxalq tədbirləri təşkil edir, eləcə də ölkəmiz xarici dövlətlərdə keçirilən tədbirlərdə ön sıralarda yer alır. Məhz bu faktın özü Prezident İlham Əliyevin nüfuzunun ali təcəssümü olaraq dəyərləndirilir.
Ümummilli liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü ildə keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək onu Prezident seçdi. Təbii ki, İlham Əliyevin Prezident seçilməsi ölkənin siyasi həyatında yeni inkişaf dönəminin başlanğıcı oldu. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi üzərində Azərbaycanın daha yeni uğurlara imza atması İlham Əliyevin adı ilə sıx bağlıdır. Xalqa ilk müraciətində demişdi ki, mən hər bir azərbaycanlının prezidenti olacağam! Bu gün həmin ifadənin həqiqətə çevrildiyi tarixə şahidlik etmək hər bir azərbaycanlıya yalnız qürur hissləri yaşadır. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın liderinə inam və etimadı görünməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2020-ci illərdə Azərbaycan nəinki həyata keçirilən sosial-iqtisadi layihələr sayəsində qüdrətli dövlətə çevrildi, həm də regional siyasət meydanında güc mərkəzi olmağı bacardı. Bakı dünyanın bir-birinə əks qütbündə dayanan aparıcı güc sahibi olan ölkələrin əsas təmas nöqtəsi halına gəldi. Bu aspektdə bir məqamı xüsusi qeyd etmək lazımdır. Sözsüz ki, qardaş Türkiyənin və Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana birmənalı siyasi və mənəvi dəstəyi, xüsusən ordu quruculuğu, müasir silah və texnologiyalarla təchizat sahəsində rolu çox böyükdür. Xalqımız bunu daim minnətdarlıq hissi ilə xatırlayacaq.
Vətən savaşında qələbəmizin əsasında dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin gücü-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, xalq-Prezident-ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı. Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır.
İkinci Qarabağ müharibəsi parlaq qələbəmizlə başa çatandan dərhal sonra işğaldan azad edilən ərazilərdə tikinti-quruculuğa başlanıldı. Dövlət başçısının tapşırığı əsasında bu torpaqlardakı yaşayış sahələrinin bərpası zamanı ən son texnologiyalardan istifadəyə üstünlük verilir. Ölkə rəhbərinin Qarabağın dirçəldilməsinin ilk günlərində "Qarabağı yenidən quracağıq və dünyaya yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik" söyləməsinə rəğmən rəqəmsallaşma, üçüncü Sənaye İnqilabının ən son nailiyyətləri diqqət mərkəzində saxlanıldı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları hazırda müasir texnoloji təcrübə, eləcə də inzibati idarəçilik əsasında bərpa edilir, bu ərazilərdə fərqli inzibati strukturlar fəaliyyət göstərir. Müharibədə qələbə qazanmağın əsas şərtlərindən olan birliyin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasının da uğurla başa çatdırılmasında yenə də əsas amil olacağı şübhəsizdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb və dövlətçilik tarixinin möhtəşəm və qüdrətli dövrünü yaşamaqdadır. Qazanılan uğurlar, inkişaf göstəriciləri bütün sferaları əhatə edir. Belə ki, müstəqil və demokratik Azərbaycan elə bir yüksəlişin və tərəqqinin rəmzinə çevrilib ki, bu amil sərhədlərimizdən kənarlarda da vurğulanır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin əsəri olan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində mükəmməl inkişaf modelinə malikdir və müxtəlif sahələr üzrə əldə etdiyi yüksəliş dinamikası bir çox dünya ölkələri üçün nümunəyə çevrilib. Zamanla müxtəlif yerli və xarici sosioloji sorğu mərkəzləri, dünyanın bir çox nüfuzlu media qurumları ölkə başçımızı qurucu Prezident olaraq qiymətləndirirlər.
Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhvali-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Cənab İlham Əliyev məhz belə liderdir. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Ötən 21 il ərzində Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib, bütün sahələr üzrə dinamik inkişaf qeydə alınıb. Eləcə də insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib.
Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.
Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı, uğurlu icraçısı və etibarlı tərəfdaş kimi tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib. Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. "Azerspace-1", "Azersky" və "Azerspace-2" peykləri orbitdə uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələrin, inqilabi islahatların müəllifidir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə - "ASAN xidmət" mərkəzlərinə, dövlət sosial xidmətləri sahəsində innovativ nailiyyət olan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) konsepsiyasına Azərbaycanın yeni brendləri kimi beynəlxalq arenada da böyük maraq göstərilir.
Xalqımız həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Azərbaycanın güclü, qüdrətli və nüfuzlu dövlət kimi müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərinə çatması, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə dəstək verməsi, liderin isə milli mənafelərə adekvat siyasət həyata keçirməsidir. Qətiyyətli lider - müdrik siyasətçi olan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir". Dövlət başçısının həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. COP29 kimi dünyanın ən mötəbər təşkilatının Bakıda keçirilməsi də dövlətimizin gücünü, şəxsən Prezidentimizin beynəlxalq müstəvidə nüfuzlu və qətiyyətli Lider olduğunu təsdiqlədi. Dünya ölkələrinin liderləri, on minlərə əcnəbi qonaq ölkəmizə səfər edərək güclü və qüdrətli Azərbaycanın inamlı inkişafının şahidi oldu. Azərbaycan xalqı bu tarixi nailiyyətlərin və zəfərlərin müəllifi olan Prezident İlham Əliyev kimi Lideri ilə hər zaman qürur duyur. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi, hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir.
İsmayıl Əvəzov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl SuvarmaSistemlər İdarəsi ərazi partiya təşkilatının sədri