Azərbaycançılığın əsas prinsipləri: fəlsəfi təhlil
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
III SİLSİLƏ
III MƏQALƏ
Humanitar təfəkkürün dövrləşdirilməsi
Öncə, ümumiyyətlə, elmi prinsip anlamını qısa izah edək. Elmi prinsip nəzəriyyənin təməlinin baza elementi kimi tərif edilir. Bu keyfiyyətdə o, birləşdirici, təşkiledici və tənzimləyici funksiyalar yerinə yetirir. Özü də bu funksiyalar konkret sahədəki bütün biliklərin toplusuna aid olmalıdır.
Birləşdirici funksiya ayrı-ayrı faktları vahid düzənli qnoseoloji sistem halına salır. Təşkiledici funksiya nəzəri konstruktların həqiqilik və məntiqi qəbuledilənlik kriteriyaları ilə bağlıdır. Tənzimləyici funksiya konkret elmi paradiqma çərçivəsində qnoseoloji hüdudları və bu əsasda sonrakı tədqiqatlar istiqamətlərini müəyyən edir.
Buradan humanitar elmlərdə elmi prinsiplərin tərifini almaq olar. Onlar humanitar idraki fəaliyyətin başlanğıc, fundamental müddəaları, yönləndirici ideya və ya ideal normadır. Bu keyfiyyətdə humanitar elmi prinsiplər cəmiyyət, mədəniyyət və fərdin baxışlarının sistemini müəyyən etməyin baza şərtləridir. Bunun üçün həmin prinsiplər sistemin daxili məna özəlliyini açmağa imkan yaratmalıdırlar. Humanitar sahədə bir prinsip özəlliyini vurğulamaq lazımdır.
Humanitar dərketmədə elmi prinsip biliyi insanın öz dünyasının elementi kimi anlamağa istiqamətləndirir. Buna görə də prinsiplər üçün şüur, dil, dəyərlər və tarix faktorları vəhdət halında xüsusi məna alır. Bundan başqa, humanitar idrak üçün unikallıq və təkrarolunmazlıq əhəmiyyət daşıyır ki, bu da həmişə idrakın konkret cəmiyyət və dövlətə istiqamətlənməsi şərtinin ciddi şəkildə gözlənilməsi deməkdir.
Nəhayət, humanitar idrakın əsas fəlsəfi prinsipləri kimi anlama prinsipi (hermenevtik prinsip), tarixilik və sosial-mədəni şərtlənmə prinsipi, aksioloji prinsip (dərk edənin dəyərlərinin nəzərə alınması, biliyin subyektiv xarakteri) və dialojilik prinsipi (bilik subyektlərarası dialoq sayəsində son forma və məzmun alır) mövcuddur.
İndi bu ümumi təriflərdən konkret olaraq Azərbaycan humanitar elmi təfəkkürünün prinsiplərinin təsnifinə keçək. Biz mövcud tədqiqat təcrübələri sırasında akademik İsa Həbibbəyli yanaşmasının təhlili üzərində dayanacağıq. Bu zaman problemin təhlilinə beş səviyyədə yanaşmağa çalışacağıq.
Birincisi, Azərbaycan ədəbiyyatının tarixinin dövrləşdirilməsinə yanaşmanın əsas metodoloji prinsiplərinin izahı.
İkincisi, azərbaycançılığın bu yanaşmada prinsip kimi yeri və roluna baxış.
Üçüncüsü, Azərbaycan ədəbiyyatının 10 mərhələsində azərbaycançılığın təzahürləri.
Dördüncüsü, bütün bunlar əsasında baxılan konsepsiyanın fəlsəfi epistemoloji səviyyədə əsas cəhətləri.
Nəhayət, beşincisi İsa Həbibbəyli yanaşmasının YAP-ın VIII Qurultayında və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin müstəqil dövlətçilik kontekstində azərbaycançılıqla bağlı ifadə edilən tezislərlə səsləşməsi.
Yanaşmanın əsas prinsipləri
Burada ümumi yanaşma sivilizasiya faktoru və azərbaycançılıq məfkurəsinin qarşılıqlı semantik nisbəti ilə hər konkret mərhələdə ədəbi-tarixi prosesin daxili qanunauyğunluqları xüsusiyyətlərinin məna sintezi (və ya ahəngdarlığı) üzərində formalaşır. Əsas məqsəd ədəbiyyat və bütövlükdə fəlsəfi-elmi fikir və mədəniyyət tarixini məzmun, ideya, mərhələ və inkişaf istiqamətləri üzrə vahid nəzəriyyə səviyyəsində sistemləşdirmənin əsasını qoymaqdan ibarətdir. Çünki məsələnin qoyuluşu həm bizim elmi təfəkkürümüz üçün yenidir, həm də adətən bu kimi proseslər uzun müddətli, hərtərəfli və fərqli yanaşmalar sayəsində yekun halını ala bilirlər.
Vurğulanan xüsusları nəzərə alsaq, dövrləşdirmənin prinsiplərini aşağıdakı kimi müəyyən edə bilərik:
- Milli düşüncənin dövlətçiliklə vəhdətdə formalaşması;
- Ənənə və yeniliyin hər tarixi mərhələdə bir-birini tamamlaması;
- Milli mədəni və sivilizasiya faktorunun ahəngdarlığı;
- Xalqın tarixi təcrübəsinin dövlətçilik konteksti;
- Humanitar elmi təfəkkürün davamlı inkişafı.
Lakin vurğulanan prinsipləri ümumi səviyyədə istiqamətləndirən prinsip də mövcuddur. O prinsip bütövlükdə elmi təfəkkürün (ayrıca bədii təfəkkürün) ümumi “irdaki fonunu” yaradır, yuxarıdakı prinsiplər isə humanitar elmi baxımdan dərketmənin “forması”nı təşkil edirlər. Həmin prinsip azərbaycançılıqdır! Azərbaycançılıq baxdığımız təsnifdə əsas sistemləşdirici prinsip kimi çıxış edir. O, həmin kontekstdə ayrıca lokal məzmunlu ideya deyil.
Bütövlükdə azərbaycançılıq Azərbaycanın tarixi, mədəniyyəti, dili, dövlətçiliyi, elmi şüur təcrübəsi və milli özünüdərki üçün əsas istiqamətverici faktor olaraq qəbul edilir. Azərbaycançılıq anlayış, konsept, konsepsiya kimi prosesləri zaman-məkan kontinuumunda sadəcə təsvir etmir. Onları qiymətləndiməyin kriteriyalarını məzmunlaşdırır, semantikalarını birləşdirir və tarixi dönəmin mədəniyyət ruhuna uyğun dövlətçilik kontekstində istiqamətləndirir. Şübhəsiz ki, humanitar elmi təfəkkürün dinamikası bu konseptual çərçivədən kənarda mövcud ola bilməz!
Beləliklə, azərbaycançılıq elmi təfəkkürün dövrləşdirilməsi kontekstində aşağıdakı faktorların istiqamətlənməsi və məzmunlaşmasında başlıca təkanverici rol oynayan substantiv-funksional sistem (semantika sahəsi və ya koqnitiv-mədəni vahid) keyfiyyətində prinsip hesab oluna bilər. Bu keyfiyyətdə o:
- Milli kimliyin kriteriyalarını və məna hüdudlarını müəyyənləşdirir;
- Qövmün tarixi inkişafını vahid məcraya yönəldir;
- Hər tarixi mərhələdə toplumsal təkrar özünüqiymətləndirmənin meyarı kimi çıxış edir;
- Milli qürurun sinerji qaynağı olaraq dövlətçilik ideyasını sivilizasiya ilə milli aspektlərin ahəngdarlığında gücləndirir;
- Bütövlükdə elmi təfəkkür təcrübəsinin yaranmasında müəyyənedici faktor-proses kimi ənənə ilə müasirliyin vəhdətini yaradır.
Deməli, humanitar elmi təfəkkürün dövrləşdirilməsində azərbaycançılıq həm də prinsipdir. Ona görə ki, milli kimliyi formalaşdırır, tarixi inkişafı sistemləşdirir, qiymətləndirmə meyarı verir, dövlətçiliklə siyasi, liderlik və mədəni varisliyi birləşdirir. Bununla azərbaycançılıq Azərbaycan haqqında elmi düşüncə təcrübəsinin formalaşmasının konseptual səviyyədə dünyagörüşü, ideoloji, siyasi, elmi, aksioloji, futuroloji və ideoloji əsasıdır.
Üzərində dayandığımız və konseptual mahiyyətli xüsusiyyətlərin prizmasında azərbaycançılığın prinsip kimi yeri və roluna daha konkret kontekstdə baxaq.
Dövrləşdirmədə azərbaycançılığın rolu
Dövrləşdirmə konsepsiyası çərçivəsində onun bir neçə səviyyədə rolunu müəyyən etmək olar.
Azərbaycançılıq müxtəlif tarixi mərhələlərdəki elmi təsəvvürləri vahid milli inkişaf xəttində birləşdirməyin mənəvi-ideya sahəsini formalaşdırır.
Hər bir mərhələ üçün elmi təfəkkürdə dərkedən subyektlə proseslərin milli düşüncəyə, dövlətçilik ideyasına və mədəni yaddaşa verdiyi töhfə həmin tarixi dövrdə azərbaycançılığın aldığı məzmun və oynadığı rol prizmasında qiymətləndirilir. Bu proses tarixin gedişində təkrar-təkrar intellekt tərəfindən yenidən akuallaşdırılır. Bununla azərbaycançılıq zaman-məkan kontinuumunda elmi təfəkkürün müəyyənedici, məzmunlaşdırcı və istiqamətləndirici atributu statusunun dinamikasında özünütəsdiq edir.
Azərbaycançılıq humanitar elmi təfəkkürün milli maraqlara, tarixi varisliyə və dövlət müstəqilliyinə xidmət etməsi üçün onun ideoloji istiqamətini müəyyən edir. Azərbaycan elmi humanitar təfəkkürünün dövrləşdirilməsi konsepti bununla azərbaycançılığın ideyadan anlayışa, ondan konseptə və, nəhayət, konseptdən konsepsiyaya məzmun və funksional transformasiyasının koqnitiv və sosial-mədəni əsasını əmələ gətirir.
Beləliklə, humanitar elmi təfəkkürün dövrləşdirilməsi konsepsiyasının təsnifində azərbaycançılıq milli kimliyin əsas göstəricisi, tarixi inkişafın daxili məntiqini izah edən ideya, ədəbi və elmi düşüncəni vahid məntiq üzrə birləşdirən konsept olaraq ayrıca yer tutur. Humanitar elmi təfəkkürün dövrləşdirilməsinin mərkəzinə predmetik və funksional olaraq Azərbaycançılığı yerləşdirəndə xalqın özünüdərki konteksti ön plana çıxarılır. Azərbaycançılıq onun ideoloji ifadəsi statusunda bütövlükdə humanitar elmi təfəkkürün tarixi mərhələlər üzrə dövrləşdirilməsinin şüuri təcrübəsində aparıcı və müəyyənedici rol oynayır.
Buradan dövrləşdirmə konsepsiyasının semantik hüdudları çərçivəsində bir mühüm fəlsəfi nəticə hasil etmək imkanı yaranır: Azərbaycançılıq humanitar elmi təfəkkürdə şüuri təcrübə növü kimi xüsusi məna kəsb edir. Bu, necə mümkün olur?
Azərbaycançılıq və “forma məntiqi”
Məntiqi faktor bizə azərbaycançılığın şüuri təcrübə kimi mümkünlüyü sualına cavab axtarışlarına yanaşmanın təməl sahəsi kimi lazımdır. Azərbaycançılığın təfəkkür təcrübəsi olaraq tədqiqi yenidir və xüsusi baxış bucağı tələb edir. O baxış bucağının qnoseoloji hədəfi Azərbaycançılığın, ümumiyyətlə, şüuri təcrübə kimi özəllikləri olmalıdır. Deməli, məsələyə bütövlükdə “şüuri təcrübə” anlayışı prizmasında baxmaq faydalı ola bilər.
Lakin bu elmi problemin əsas çətinliyi ondan ibarətdir ki, “şüuri təcrübə” anlayışının özünü fəlsəfi araşdırmaq qəliz işdir. O, fəlsəfədə mürəkkəb və çoxçalarlı mənaya malikdir. Hələlik onun haqqında yekdil fikir mövcud deyildir.
D.Çalmers keçən əsrin 90-cı illərində bu məsələni yenidən fəlsəfi təfəkkürdə aktuallaşdırdı və problemi “beyində şüur necə yaranır?” kimi klassik fəlsəfi ruhda qoydu. Ancaq ona cavab axtarışları klassik fəlsəfənin imkanları hüdudunu aşmaqdadır və müxtəlif mövqelər özünü göstərməkdədir.
Bu prizmada bizim üçün “Azərbaycançılıq şüuri təcrübə kimi necə mövcuddur?” sualı ritorik konteksti çox aşır, dərin fəlsəfi, tarixi, kultroloji, sosial-psixoloji və mənəvi-mədəni anlam sahəsində aktuallaşır.
İlk baxışdan qeyri-adi və bir qədər mücərrəd məsələ təsiri bağışlayır, çünki indiyə qədər məsələnin bu aspektinə ciddi elmi yanaşma olmamışdır. Problem elmi təfəkkürün dövrləşdirilməsi konsepsiyası işığında isə xüsusi məna almaqdadır. Cavabın fundamentində suala fəlsəfi epistemologiya dərinliyində axtarışı dayanır. Qəzetdə mövcud olan format çərçivəsində onu tam əsaslı izah etmək imkansızdır. Ancaq baxılan dövrləşdirmə konsepsiyası ilə bağlı müəyyən tezisləri sistemləşdirmək mümkündür.
Öncə, bir sıra terminoloji izah verək. Dövrləşdirmə konsepsiyasında “dövr” anlayışı Con Spenser Braunun “forma məntiq” təlimindəki “forma” anlayışının konkret bir elmi sahə üzrə sinonimidir. “Forma” Barun məntiqində özünü formalaşdıran, tam özyetərli sayılan semantik sahədir. Onun fəlsəfi proobrazı Aristotelin “bölünməzləri”nə və Platonun “eydosu”na gedib çıxır.
Ondan sonrakı mərhələdə İbn Sinanın Əql Əl Fəal anlayışı ilə səsləşir və Maykl Skotun “koqnitiv şikəstliklə” xarakterizə olunan “informasiya” anlayışı əsasında xüsusi məna kəsb edir. Burada əsas iki məqam vardır: birincisi, dərketmə vahid “forma” daxilində onun bir aspektindən digərinə keçiddir, ikincisi, bu keçid ümumiyyətlə, fərqləndirmə prosesi ilə əlaqəlidir və əsas tədqiqat metodu təkrar daxilolmadır (re-entry).
Göründüyü kimi, mürəkkəb ritorikadır və onun fəlsəfi dərinliyinə getməyin burada faydası yoxdur. Biz dövrləşdirmə konsepsiyası fonunda “dövr”ün necə “forma” olduğu və bunun fonunda azərbaycançılığın “forma”nın (baxılan tarixi mərhələnin təfəkkür “dövrü” kimi təsnifi aspekti) dövrləşmənin əsas təşkiledici atributu ola bilməsi imkanları üzərində dayanaq.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru
Baxış sayı:69
Bu xəbər 13 Noyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















