Azərbaycanda evdən necə işləyirlər: Əmək Müfəttişliyi qaydaları açıqladı
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Rəqəmsal texnologiyaların əmək münasibətlərinə təsiri artdıqca işin ənənəvi ofis modelindən kənarda təşkili də geniş yayılır.
Xüsusilə internet və elektron kommunikasiya vasitələrindən istifadə etməklə işçinin fəaliyyətini işəgötürənin müəyyən etdiyi iş yerindən kənarda həyata keçirməsi distant iş modelinə marağı artırıb.
Azərbaycanda distant iş rejiminin qanunvericilikdə təsbit olunması isə bu iş formasının hüquqi çərçivəsinin müəyyənləşdirilməsi baxımından mühüm addım hesab olunur.
Bununla yanaşı, distant işin bütün peşə və vəzifələrə şamil edilməməsi, eləcə də işçinin bu rejimə keçirilməsinin müəyyən qaydalar əsasında həyata keçirilməsi bir sıra suallar yaradır.
Bəs distant iş rejimi konkret hansı hallarda tətbiq oluna bilər və bu proses zamanı işçi ilə işəgötürənin hüquq və öhdəlikləri necə tənzimlənir?
Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Solmaz Aydəmir “Cebheinfo.az”-a bildirib ki, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərlə məsafədən (distant) iş artıq əmək qanunvericiliyində ayrıca anlayış kimi təsbit olunub:
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-2-ci hissəsinə əsasən, məsafədən (distant) iş əmək funksiyasının elektron, proqram-texniki, telekommunikasiya və digər vasitələrlə müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerindən kənarda, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün münasib olan digər yerdə yerinə yetirilməsidir.
Burada əsas məsələ distant işin konkret olaraq hansı peşə və ya vəzifələr üçün nəzərdə tutulmasının ayrıca siyahı ilə məhdudlaşdırılmamasıdır. Yəni Əmək Məcəlləsi distant iş üçün bütün vəzifələri sadalayan və ya yalnız müəyyən peşələrə icazə verən ayrıca siyahı müəyyən etmir.
Əsas meyar əmək funksiyasının öz mahiyyətinə görə məsafədən yerinə yetirilməsinin mümkün olmasıdır. Başqa sözlə, işin nəticəsinin elektron və ya digər texniki vasitələrlə əldə edilməsi və işçinin həmin əmək funksiyasını işəgötürənin yaratdığı iş yerindən kənarda normal şəkildə yerinə yetirməsinin mümkün olması distant iş üçün əsas yarada bilər.
Məsələn, sənədlərin hazırlanması, məlumatların təhlili, proqramlaşdırma, dizayn, müəyyən məsləhət və inzibati xidmətlər, elektron yazışmalar və digər rəqəmsal vasitələrlə icra edilə bilən bir sıra əmək funksiyaları distant formada yerinə yetirilə bilər.
Lakin bu o demək deyil ki, istənilən vəzifə avtomatik olaraq distant işə keçirilə bilər. Əmək funksiyasının xarakteri işçinin fiziki olaraq müəyyən iş yerində olmasını tələb edirsə, həmin vəzifənin distant formada icrası praktik və hüquqi baxımdan mümkün olmaya bilər.
Məsələn, istehsalat avadanlığının bilavasitə idarə edilməsi, müəyyən xidmətlərin əyani göstərilməsi, fiziki nəzarətin həyata keçirilməsi və işçinin iş yerində iştirakını zəruri edən digər funksiyalar distant iş formatına uyğun deyil.
Eyni zamanda, Əmək Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə edilmiş dəyişikliklə Məcəllənin məsafədən (distant) iş formasında çalışan işçilərə də şamil edilməsi birbaşa nəzərdə tutulub. Bu isə distant işçinin də əmək qanunvericiliyinin ümumi təminatlarından kənarda qalmadığını göstərir.
Bu baxımdan, qanunvericilik prinsip etibarilə işəgötürənlər üçün distant iş rejimindən istifadəni qadağan etmir. Lakin distant işin tətbiqi konkret işçinin əmək funksiyasının xüsusiyyətləri, işin texniki imkanları və tərəflərin razılığı nəzərə alınmaqla həyata keçirilməlidir”.
O bildirib ki, burada mühüm məqam ondan ibarətdir ki, distant iş işçinin əmək müqaviləsi üzrə statusunu dəyişmir:
“İşçi yenə əmək müqaviləsi əsasında çalışır, əməkhaqqı alır və əmək qanunvericiliyində nəzərdə tutulmuş digər hüquq və təminatlardan istifadə edir. Sadəcə, əmək funksiyasının icra olunduğu məkan və bununla bağlı müəyyən əmək şəraiti dəyişir.
Distant iş rejiminin rəsmiləşdirilməsində əsas hüquqi norma Əmək Məcəlləsinin 55-ci maddəsinin 2-ci hissəsidir. Həmin normaya görə əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən edilir.
Bu normadan belə nəticə çıxır ki, distant iş rejimi yalnız işəgötürənin birtərəfli qərarı ilə rəsmiləşdirilən adi iş rejimi kimi qəbul edilməməlidir. İşçinin əmək funksiyasının distant formada həyata keçirilməsi ilə bağlı şərtlər işəgötürən və işçi arasında razılaşdırılmalıdır”.
Onun sözlərinə görə, əgər işçi artıq əmək müqaviləsi əsasında çalışırsa və sonradan distant iş rejiminə keçirilirsə, bu halda həmin rejimlə bağlı şərtlər əmək müqaviləsinə dəyişiklik edilməklə rəsmiləşdirilməlidir:
“Əmək müqaviləsində distant işin tətbiq edildiyi, onun müddəti, işin yerinə yetirilməsi qaydası, işəgötürənlə əlaqənin forması, zəruri texniki vasitələrdən istifadə, iş vaxtının təşkili və tərəflərin razılaşdırdığı digər məsələlər müəyyən edilə bilər. Əmək Məcəlləsinin 55-ci maddəsinin 2-ci hissəsində birbaşa olaraq distant işlə əlaqədar əmək şəraitinin əlavə şərtlərinin əmək müqaviləsi ilə müəyyən edilməsi tələb olunur.
Əgər distant iş rejimi əmək münasibətlərinin başlanğıcından müəyyən edilirsə, bu şərtlər əmək müqaviləsinin özündə göstərilə bilər. Əmək münasibətləri artıq mövcuddursa, tərəflərin razılığı əsasında əmək müqaviləsinə müvafiq dəyişiklik edilməlidir.
Bununla yanaşı, distant işin tətbiqi zamanı iş vaxtının müddəti, iş və istirahət vaxtı, əmək haqqının ödənilməsi, məzuniyyət və digər əsas əmək hüquqları ümumi qaydada qorunur.
İşəgötürən distant işin təşkilində həmçinin işin icrası üçün zəruri olan texniki və digər vasitələrin, məlumatların və sənədlərin təqdim olunması, işçi ilə əlaqənin və işin nəticələrinin qiymətləndirilməsi qaydasını əvvəlcədən müəyyənləşdirməlidir.
Bu məsələlərin konkret qaydası isə işin xüsusiyyətindən və tərəflərin razılaşmasından asılı olaraq əmək müqaviləsində və ya işəgötürənin daxili sənədlərində müəyyən edilə bilər.
Yekun olaraq distant iş forması Azərbaycan Respublikasının Əmək qanunvericiliyində artıq rəsmi qaydada tənzimlənir. Bununla belə, bu rejim hər bir vəzifə üçün avtomatik tətbiq olunmur və onun reallaşması üçün iki əsas şərt gözlənilməlidir.
İşin xarakteri tapşırıqların spesifikası məsafədən icraya imkan verməlidir. Tərəflərin razılığı işçi və işəgötürən bu formatla bağlı tam razılığa gəlməli və bütün şərtlər əmək müqaviləsində öz əksini tapmalıdır”.
S. Aydəmir qeyd edib ki, bu yanaşma həm işəgötürənin işin təşkilində çevikliyini, həm də işçinin əmək hüquqlarının qorunmasını təmin etməyə imkan verir.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: evdən işləmək Solmaz Aydəmir
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 25 Sentyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















