AZƏRBAYCANDA HƏR 10 NƏFƏRDƏN 7 si QANUNSUZ İŞLƏYİR? Millət vəkilinin açıqladığı qəribə statistika
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov kifayət qədər mübahisəli sayıla biləcək statistika açıqlayıb.
“AzPolitika” xəbər verir ki, V.Bayramovun Milli Məclisdə sözügedən komitənin bugünkü iclasında dediyinə görə, iqtisadiyyatda fəal iştirak edən əhalinin cəmi 36,3 faizi əmək müqaviləsi ilə çalışır.
O qeyd edib ki, hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşların sayı 1 milyon 781 min nəfərdir: "Onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 36,3 %-i əmək müqaviləsi ilə çalışır.
Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 64 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 64-ü müqavilə olmadan işləyir. Yeni dəyişikliklərin əmək müqaviləsi ilə çalışanların sayının artırılmasına xidmət etməsi vacibdir".
Millət vəkili bu statistikanı hardan aldığını deməyib. Daha doğrusu, əmək müqaviləsi ilə çalışan vətəndaşların sayı (1 milyon 781 min nəfər) rəsmi statistikadan götürülə bilər. Amma iqtisadiyyatda faktiki 4 milyon 900 min insanın fəal şəkildə iştirak etdiyi, yəni işlədiyi barədə deyilənlər, əgər rəsmi statistikada varsa da belə, yumşaq desək, mübahisəli görünür. Yəni, belə çıxır ki, 4.9 milyon işləyənin cəmi 1.7 milyonu, yəni az qala hər 10 nəfərdən cəmi 3-ü rəsmi müqavilə ilə işləyir. Qalan təxminən 3.2 milyon nəfər, yəni, 10 nəfərdən 7-si isə qanunsuz fəaliyyət göstərir.
Birincisi, məntiqlə 4.9 milyon “iqtisadiyyatda fəal iştirak edən” 4.9 milyon iş yeri deməkdir. Azərbaycanda bu qədər iş yeri varmı? Sözügedən 3.2 milyon nəfərin hamısının işlə, xüsusilə də daimi iş yeri ilə təmin olunduğunu, lakin orada əmək müqaviləsi olmadan çalışdığını təsəvvür etmək belə absurd görünür. Bəli, rayon yerlərində öz təsərrüfatında, yaxud başqalarının təsərrüfatlarında müvəqqəti, mövsümi çalışanlar var. Ancaq bu adamlar ilin böyük hissəsini işsiz qalırlar. Çoxları Bakıda, Rusiya şəhərlərində, yaxud digər ölkələrdə işləyən qohumlarının göndərdiyi vəsaitlə dolanırlar. Odur ki, onların böyük əksəriyyətini “iqtisadiyyatda fəal iştirak edənlər” kateqoriyasına aid etmək doğru olmaz və bu insanları hər hansı bir qanun dəyişikliyi ilə əmək müqaviləsinə cəlb edə bilməzsiniz. Digər yandan, hansısa fermerin təsərrüfatında mövsümi 3-5 gün işləyən şəxsi də əmək müqaviləsinə cəlb etmək müşkül məsələdir. Məsələn, insanlar 5 gün bir fermerin bağında alma yığırsa, növbəti 5 günü başqa birinin bağında çalışır, daha 3 gün 3-cü fermerin təsərrüfatında işləyir və sair. 2-3 gündən bir yeni fermerlə yeni əmək müqaviləsi bağlamaq isə hər şeydən başqa texniki baxımdan müşküldür. Guya əmək müqavilələrinin bağlanmasını elektron üsulla asanlaşdırmaq üçün ortaya atılan “SİMA” tətbiqi, eləcə də elektron sistemdə bununla bağlı aparılan digər əməliyyatlar çox vaxt texniki çətinliklər yaradır və xeyli vaxt aparır. Vətəndaşların çoxu bu tətbiqi anlamaqda və istifadə etməkdə çətinlik çəkir. Yəni, texniki tərəflər də daxil olmaqla, mövsümi işçilərin əmək müqaviləsi ilə işə cəlb edilməsi göstəricisini azaldan xeyli səbəb var.

Bir də ki, rayonlarda mövsümi işlərlə məşğul olanların sayı zatən elə də çox deyil və bunlar millət vəkilinin nəzərdə tutduğu guya əmək müqaviləsindən yayınan 3.2 milyon nəfərin cüzi hissəsini təşkil edə bilər. Üstəgəl, rayonlarda və şəhərlərdə yaşayış qeydiyyatında olsa da, Rusiya, Türkiyə və digər ölkələrdə yaşayan və işləyən bəlkə də milyondan çox həmvətənimiz var. Onları necə əmək müqaviləsinə cəlb edəcəksiniz?
Yəni, qısası, ölkədə 3.2 milyon insanın faktiki əmək müqaviləsi olmadan işlədiyini birmənalı iddia etmək olmaz. Digər yandan, əgər doğrudan da millət vəkilinin dediyi kimi, hər 10 nəfərdən az qala 7-si əmək müqaviləsi olmadan işləyirsə, bəs müvafiq qurumlar – vergi orqanı və digərləri hara baxır? Millət vəkilinin bu iddiası bir növ bu qurumların fəaliyyətinin yarıtmaz olduğu qənaəti yaradır. Hansı ki, məsələn, ən azından paytaxt Bakıda əmək müaviləsi olmadan işləyənlərin deputatın dediyi nisbətdə olması qətiyyən inandırıcı görünmür. Bununla bağlı cərimələr böyükdür, sahibkarların əksəriyyəti müqaviləsiz işçi götürməkdən ehtiyat edir, vergi orqanı isə bununla bağlı tez-tez reydlər aparır. Digər yandan hökumətin iqtisadi sektoruna aid nazirlər tez-tez ölkə iqtisadiyyatının “ağardılmasına”, iş yerlərinin rəsmiləşdirilməsinə dair yeni-yeni nailiyyətlərlə bağlı hesabatlar verirlər. Əgər belədirsə, necə olur ki, “iqtisadiyyatda fəal iştirak edən” əhalinin 64 faizi(!) rəsmi müqaviləsiz işləyir?
Deməli, ya millət vəkilinin statistikası qüsurludur, ya da bu sahəyə cavabdeh olan dövlət qurumlarının işi yarıtmazdır. Odur ki, ya müvafiq nazirlik millət vəkilindən, ya da əksinə, deputat nazirlikdən hesab sormalıdır. Əlbəttə, əgər bir deputatın buna sözdə yox, real səlahiyyəti çatırsa…
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 10 Dekabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















