Icma.az
close
up
RU
Azərbaycanda kazino biznesinə icazə verilməsinin perspektivi Büdcə nə qədər qazanar?

Azərbaycanda kazino biznesinə icazə verilməsinin perspektivi Büdcə nə qədər qazanar?

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycandan hər il yüzlərlə insan kazinolarda əylənmək məqsədilə Gürcüstana, Rusiyaya və daha uzaq ölkələrə üz tutur. Bu isə, sadəcə maraq deyil, külli miqdarda maliyyə vəsaitinin xarici bazarlara yönəlməsi deməkdir. Bununla yanaşı, region ölkələrinin əyləncə və kazino turizmi sahəsində əldə etdiyi gəlirlər artdığı bir zamanda, Azərbaycan bu sahədə potensialından tam istifadə edə bilmir.

Halbuki, düzgün hüquqi çərçivə və ciddi nəzarət mexanizmləri ilə kazinoların fəaliyyəti ölkəyə həm böyük maliyyə resursları, həm də turist axını gətirə bilər.

Çin və ABŞ: Kazino kralı olan ölkələr

Dünyada kazinoların sayına və məşhurluğa görə üzrə lider ölkə Birləşmiş Ştatlar sayılır. Las Vegasda 1000-dən çox qanuni kazino fəaliyyət göstərir. 2023-cü ildə ABŞ-da yalnız kommersiya kazinoları üzrə ümumi gəlir 60 milyard dolları keçib.

Kazino sahəsində ən çox gəlir əldə edən ölkələrdən biri də Çin Xalq Respublikasıdır. 2023-cü ildə kazino üçün xüsusi inzibati bölgə olan Makao kazinolar ümumilikdə 22,7 milyard ABŞ dolları məbləğində ümumi oyun gəliri (Gross Gaming Revenue - GGR) əldə edib. Makao hökuməti 2023-cü ildə qumar fəaliyyətlərindən 8,1 milyard ABŞ dolları vergi gəliri əldə edib.

Gürcüstan və Rusiyanın kazino strategiyası

Gürcüstanda kazino biznesi Cənubi Qafqaz regionunda ən inkişaf etmiş və liberallaşdırılmış sektorlardan biridir. Ölkə həm yerli, həm də xarici investorlar üçün əlverişli qanunvericilik və vergi mühiti yaratmaqla bu sahəni sürətlə inkişaf etdirib. Gürcüstanı regional kazino bazarı da adlandırmaq olar.

Gürcüstanın paytaxtı Tiflis ölkənin ən böyük və lüks kazinolarına ev sahibliyi edir. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. Bu sektor dövlət büdcəsinə yüksək vergi gəlirləri gətirir və turizmin inkişafına mühüm töhfə verir. 2024-cü ildə 20 mindən çox insan bu sahədə çalışıb, orta aylıq əməkhaqqı isə 1182 ABŞ dolları olub.

2023-cü ildə Rusiyada kazino sənayesinin ümumi gəliri təxminən 2,1 milyard avro təşkil edib. Bu, ölkəni Avropada bu sahədə ikinci ən böyük bazar edir.

2023-cü ildə Rusiyanın dörd əsas Kazino zonası – Krasnaya Polyana (Soçi), Tigre de Cristal (Vladivostok), Siberian Coin (Altay) və SOBRANIE (Kalininqrad) dövlət büdcəsinə ümumilikdə 2 milyard rubl vergi ödəyib. Bu dörd kazino zonasını təxminən 1,5 milyon nəfər ziyarət edib.

Azərbaycanda maliyyə piramidaləri və qanunsuz kazinolar

Maliyyə piramidaləri hər zaman yeni iştirakçıları cəlb edərək əvvəlki iştirakçılara qazanc ödəmək prinsipinə əsaslanır. Bu sistemlər qanunsuz olub, iqtisadiyyatın qeyri-rəsmi sektorunda fəaliyyət göstərir. Azərbaycan daxilində bir çox piramida təşkilatları son illərdə aktiv olaraq öz işlərini həyata keçirir. Onlar insanları yüksək faizlərlə cəlb edir, nəticədə, investisiya qoyan şəxslər çox vaxt pullarını itirir.

Qanunsuz kazinolar, dövlətin qanunlarına zidd olaraq fəaliyyət göstərir və bu fəaliyyətlər dövlətin vergi yığımını, həmçinin iqtisadiyyatın şaxələnməsini zəiflədir. Azərbaycanda gizli kazinoların, qumarxanaların geniş yayılması həm də yerli əhalinin iqtisadi itkilərə məruz qalmasına səbəb olur. Qanunsuz kazinolar dövlətin rəsmi büdcəsinə heç bir vergi ödəmir, bu isə büdcə gəlirlərinin azalmasına səbəb olur. Xarici turistlərin cəlbindən isə söhbət gedə bilməz.

Gizli fəaliyyət göstərən kazinolar, həmçinin, qumar oyunları böyük pul itkisinə, insanların şəxsi faciəsinə səbəb olur.

Qanunsuz kazinoların qarşısının alınması üçün ən effektiv yollardan biri bu fəaliyyətlərin müəyyən çərçivədə leqallaşdırılmasıdır. Kazinoların leqallaşdırılması yalnız əyləncə və turizmin inkişafını, ölkəyə əcnəbi turist axınını stimullaşdırmaqla yanaşı, eyni zamanda qeyri-rəsmi iqtisadiyyatı tənzimləmək, vergi yığımını artırmaq və maliyyə şəffaflığını təmin etmək baxımından mühüm rol oynaya bilər.

İqtisadçı-ekspert Eldəniz Əmirov APA-ya açıqlamasında bildirib ki, kazinolar və maliyyə piramidaları iqtisadi və hüquqi baxımdan bir-birindən tamamilə fərqli anlayışlardır. Onun sözlərinə görə, kazino fəaliyyətinə Azərbaycanda icazə verilməsə də, bu sahə dünya çapında həm iqtisadi fəaliyyət növü, həm də əsas əyləncə növlərindən biri hesab edilir: “Gün gələcək, Azərbaycanda da kazinoların fəaliyyətinə icazə veriləcək. Belə fikirlər var ki, kazino sahəsindən çirkli pulların yuyulması üçün istifadə edilə bilər. Bu baxımdan kazino fəaliyyətinin qadağan olunması hardasa qismən başa düşüləndir. Lakin bunun qarşısını almaq - kazinolarda çirkli pulların yuyulmasına yol verməmək üçün təkmil mexanizmin yaradılması mümkündür.

Bütün hallarda Azərbaycanda kazino olmasa da, mahiyyət etibarı ilə müxtəlif pul uduşlarına əsaslanan oyunlar rəsmi olaraq keçirilir. Xüsusi yerlər var ki, o yerlərdə kazino oyunları təşkil edilə bilər. Hesab edirəm ki, bu, ölkəmizdə həm turizm sektorunun inkişafına, həm də yeni sahibkarlıq subyektlərinin meydana gəlməsinə səbəb olar”.

Kazinoların leqallaşdırılması - iqtisadiyyat üçün yeni səhifə

Azərbaycan coğrafi mövqeyinə, iqlim və infrastruktur imkanlarına görə bölgədə turizm üçün əlverişli məkandır. Kazino infrastrukturu - otellər, əyləncə mərkəzləri, tədbir məkanları ilə birlikdə – ölkənin turizm təklifini daha da cəlbedici edə bilər. Xüsusilə ərəb ölkələrindən və MDB məkanından gələn turistlər üçün Bakı və regionlar yeni “oyun turizmi” istiqamətinə çevrilə bilər.

Xüsusən ona görə ki, hazırda Azərbaycan vətəndaşları xaricdə kazinolarda milyonlarla vəsait xərcləyirlər. Bu, ölkədən həm valyuta axını, həm də turizm sahəsində potensialın itirilməsi deməkdir. Yerli kazinolar yaradılması vətəndaşların pullarının ölkə daxilində qalmasına şərait yaradar, eyni zamanda əlavə valyuta gətirən turistlərin cəlb olunmasına səbəb olar. Maliyyə nəzarəti və şəffaflıq sayəsində vergitutma bazasını da genişlənər.

İqtisadçı ekspert Xalid Kərimli “APA-Economics”ə açıqlamasında bildirib ki, kazinoların fəaliyyətinin bərpa edilməsinə münasibəti müsbətdir: “Kazinolar da digər əyləncə növləri kimi qanuni fəaliyyət göstərməlidir ki, turistlər ölkəyə gəldiyi zaman bütün əyləncə növlərindən rahat istifadə edə bilsinlər. Azərbaycanda faktiki olaraq kazinoların fəaliyyəti məhdudlaşdırılıb, ancaq bu fəaliyyət növlərinin qeyri-leqal təşkil edildiyini müşahidə edirik. Bu tip “azart” oyunlarının gizli təşkil edilməsi bu sahəyə nəzarət etmək imkanlarını məhdudlaşdırır. Kazinoların fəaliyyəti isə xüsusi seçilmiş yerlərdə təşkil edilə bilər. Bu yerlərin seçilməsinə görə standartlar və qaydalar müəyyənləşməlidir. Yəni bu sahə üzrə standartlar və qaydalar qəbul edildikdən sonra sahibkarlıq subyektləri bu fəaliyyətlə məşğul ola bilər”.

Xalid Kərimli kazinoların olmasını vacib hesab edir: “Çünki insanlar əylənmək istəyir. Bunun üçün vətəndaşlarımız Gürcüstana, Rusiyaya, İsveçrəyə üz tutur. Bu da ölkədən ciddi şəkildə turist və maliyyə axını deməkdir. Mən bu fəaliyyətin tam bərpasının tərəfdarıyam. Hazırda ölkədə müxtəlif lotereya oyunları rəsmi şəkildə təşkil edilir, bu lotereya oyunları “azart” oyunlarının bir növüdür. Eyni zamanda turizm sektorunu inkişaf etdirmək üçün mütləq şəkildə azadlıqları bərpa etməliyik. Bir növ turistlər istirahət və əyləncə üçün yerlər seçərkən azadlıqların verildiyi məkanlara daha çox üstünlük verir. Kazinoların bərpası ölkənin turizm, əyləncə, ictimai-iaşə sektoruna çox müsbət təsir edəcək. Düşünürəm ki, bu sahənin leqallaşması həm ölkədən turist axınının qarşısını almaq, həm də ölkəyə turist axınını artırmaq baxımından olduqca vacibdir”.

“Kazino-otellər”

Kazinoların leqallaşdırılması təkcə bir neçə iri investora gəlir mənbəyi yaratmır, bu bütöv bir iqtisadi ekosistemin formalaşmasına səbəb olur. Kazinolar ətrafında müxtəlif xidmət sahələri və yeni bizneslər yaranır ki, bu da sahibkarlığın inkişafına təkan verir.

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri, "Azərbaycan Ekoturizm Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Samir Dübəndi APA-Economics”ə açıqlamasında bildirib ki, kazino fəaliyyəti bir çox ölkələrdə kifayət qədər diqqət mərkəzində olan iqtisadi fəaliyyət sahəsidir.

Samir Dübəndi qeyd edib ki, ABŞ, İngiltərə, İspaniya, İtaliya kimi ölkələr bu sahədə qabaqcıllar sırasındadır: “Düşünürəm ki, bu ölkələrin təcrübəsi yenidən araşdırılmalıdır. Bu ölkələrin təcrübəsi, illər ərzində qarşılaşdıqları problemlər öyrənilməlidir. Həmçinin bu sahənin tənzimləmə mexanizmləri, hüquqi bazası yaradılmalıdır. Kazino biznesinin ətrafında böyük otel biznesi də inkişaf edir. “Kazino otellər” məşhurdur və bu otellərdə kazinodan başqa yerləşmə, qidalanma və xidmətlərdən böyük qazanclar əldə edilir.

Bu fəaliyyət sahəsinin insanlara sosial-iqtisadi təsirləri qiymətləndirilməli, dərin təhlillər aparılmalıdır. Kazino sahəsinin yerləşmə məkanları da ciddi əhəmiyyət daşıyır. Kazinolar, əsasən, təhsil müəssisələrindən, şəhər mərkəzlərindən kənarda yerləşməlidir”.

Kazino biznesi - qeyri-neft sektorunun gücləndirilməsi

Kazinolar fəaliyyətə başladıqda bu sektordan dövlətə müxtəlif vergi növləri ödənilir. Lisenziya haqları, gəlir vergiləri əməkhaqqı üzrə vergi və sosial ödənişlər, əlavə dəyər vergisi və sair. Bu, xüsusilə də qeyri-neft sektorunun gücləndirilməsinə yönələn dövlət siyasəti fonunda böyük əhəmiyyət kəsb edir.

Bu sahə yalnız oyunlarla məhdudlaşmır – burada minlərlə insan üçün iş imkanı yaranır. Menecerlər, marketinq mütəxəssisləri, texniki heyət, təhlükəsizlik işçiləri, xidmət personalı - kazino sənayesi həm peşəkar işçilərə, həm də yeni iş axtaranlara yönəlmiş geniş spektrli məşğulluq platforması ola bilər.

Turizm eksperti Ceyhun Aşurov APA-Economics”ə açıqlamasında bildirib ki, məhz xüsusi seqment insanların kazino oyunlarına görə başqa ölkəyə səfər etməsi reallıqdır: “Bu insanlar öz vəsaitlərini xarici ölkələrdə xərcləyirlər. Azərbaycanda kazinoların fəaliyyətinin leqallaşdırılması, həm turizm potensiyalının artırılmasına, həm də ölkəyə əlavə gəlirlərin cəlb edilməsinə səbəb olacaq. Bir müddət əvvəl “Sea Breeze” ərazisində belə imkanların yaradılması baxımından fikirlər irəli sürülmüşdü.

Eyni zamanda kazino fəaliyyəti həyata keçirilən zaman bütün faktorlar nəzərə alınmalıdır. Ölkəyə, cəmiyyətə mümkün zərərli təsirlərin qarşısının alınması üçün addımlar atılmalıdır”.

Azərbaycanda gizli kazinoların fəaliyyət göstərdiyi sirr deyil, hüquq-mühafizə orqanları dəfələrlə bu cür obyektləri aşkar edib. Bundan başqa, fırıldaqçılıqla məşğul olan onlayn-kazinolar var. Ölkədə turizmin inkişafı üçün müəyyən ərazilərdə leqal kazinoların fəaliyyəti turist axınına, bu isə ümumilikdə turizmin inkişafı və büdcə gəlirlərinin artımına ciddi təkan ola bilər.

Qlobal təcrübə göstərir ki, kazinoların fəaliyyəti düzgün idarə olunduqda yalnız əyləncə deyil, həm də güclü iqtisadi stimul yaradır. Azərbaycan da bu sahədə addım atarsa, həm yeni gəlir mənbəyi əldə edə, həm də ölkədən xaricə axan maliyyə və turizm potensialını geri qaytara bilər. Əsas olan bu prosesi məsuliyyətlə, şəffaf və sosial yönümlü yanaşma ilə həyata keçirməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Aprel 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see170

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see166

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see148

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see142

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see140

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see140

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see139

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see137

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see134

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see133

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see132

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see131

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see129

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see127

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see125

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see124

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see121

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see119

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see118

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri