Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir? ƏLİMƏMMƏD NURİYEVİN MƏQALƏSİ
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əliməmməd Nuriyev
(“Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti)
Müasir dünyada qlobal rəqabətin artması və mürəkkəb geosiyasi proseslər şəraitində ölkələrin sabit inkişafının təmin edilməsində, daxili və xarici təhdidlərdən qorunmasında, milli dövlətçiliyin möhkəmləndirilməsində təhlükəsizlik orqanlarının rolu artmaqda davam edir.
II Dünya Müharibəsindən sonra Avropada ən böyük silahlı münaqişənin, Rusiya - Ukrayna müharibəsinin artıq üç ilddən çoxdur davam etməsi, Yaxın Şərqdə İsrail -Həmas müharibəsi, Livan və Suriyada daxili hərbi qarşıdurma riskinin yüksək səviyyədə qalması, Ermənistanın Azərbaycanla sülh danışıqlarında qeyri-konstruktiv yanaşmasının qalması regionumuzda Azərbaycanla bağlı təhlükəsizlik mühitinin, risklərin və yeni çağırışların formalaşmasına bilvasitə təsir göstərir.
Terrorizm və ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlıqla qarşı uğurlu mübarizə
Müasir dövrdə yalnız Azərbaycan üçün deyil, qlobal geosiyasi qarşıdurmalardan, silahlı münaqişələrdən təsirlənən və həssas regionlarda yerləşən bütün ölkələr üçün təhlükəsizlik orqanlarının missiyası daha geniş spektri əhatə edir. Bundan irəli gələrək funksiya və qarşıda duran vəzifələr dairəsi daha genişlənib və məsuliyyət dərəcəsi görünməmiş şəkildə artıb. Bu, ilk növbədə Azərbaycanın milli maraqları ilə əlaqədar ənənəvi təhlükələr və yeni təhdidlərə qarşı qabaqlayıcı, önləyici funksiyanın əhəmiyyətinin, başlıcası isə təhlükəsizlik tələbatlarının artması ilə şərtlənir. Açıq mənbələrdəki məlumatların təhlili, Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində təşəbbüslərinin, xarici siyasət aspektlərinin analizi deməyə əsas verir ki, Azərbaycanın təhlükəsizlik orqanları daim dəyişən şəraitə uyğunlaşmaqla, müasir iş üsullarını uğurla tətbiq etməklə və qabaqcıl texnologiyalardan istifadə etməklə müasir çağırışlara operativ və yüksək peşəkarlıqla cavab verir. Azərbaycanın “Global Terrorism Index 2024” (GTI) Hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə reytinq sıralanmasında “0” indekslə - 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşması bunun bariz nümunəsidir.
Azərbaycanla sıralamada eyni mövqeyi bölüşən ölkələrin təhlükəsizlik riskləri ölkəmizin potensial riskləri ilə müqayisəolunmaz dərəcədə aşağıdır. Azərbaycan hazırda müharibə aparan Rusiya və Yaxşı Şərqdəki proksi müharibələrin əsas iştirakçısı İranla sərhədi olan ölkədir. Həmçinin, 30 il torpaqlarımızı işğal altında saxlamış Ermənistanla sülh müqaviləsi imzalanmayıb və ermənilər bir an olsun belə digər üsul-vasitələrlə mübarizəyə araya verməyiblər. Belə mürəkkəb mühit və şərtlərdə bu nəticə, yalnız reytinq göstəricisindən artıqdır və Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin siyasi iradəsinin, uğurlu siyasət strategiyasının və onun rəhbərliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Xarici Kəşfiyyat Xidmətinin yüksək professionallığının, fədakar xidmətinin bilvasitə nəticəsidir. Bu, həmçinin Azərbaycan dövlətinin, milli dövlətçiliyin sütunlarından olan təhlükəsizlik orqanlarının gücüdür.
2024-cü ildə “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda keçirilən II Bakı Təhlükəsizlik Forumunda bu formatın təhlükəsizlik strukturlarının müzakirə aparacaqları platformaya çevrilməsi təşəbbüsünün dəstəklənməsi Azərbaycanın qlobal miqyasda əhəmiyyətini, milli təhlükəsizlik orqanlarının yüksək nüfuzunu və güclü professional reputasiyasını nümayiş etdirdi. Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılması ilə əlaqədar Prezident İham Əliyevin təşəbbüsünün iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəklənməsi də Azərbaycan dövlət başçısına, beynəlxalq müstəvidə onun təhlükəsizlik siyasətinə etimadı bir daha göstərdi. 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi Forumda DTX-nın bu uğurlu təşəbbüsü məhz yüksək dinamikaya malik qlobal geosiyasi qarşıdurma, dünyanın aparıcı ölkələrinin bilavasitə və dolayısı ilə iştirak etdiyi müharibə və silahlı münaqişələr, hibrid və proksi müharibələrin yeni formatlarının meydana çıxıdığı dövrdə təhlükəsizlik orqanlarının strateji əhəmiyyətini bir daha vurğuladı. DTX-nın bu addımı, həmçinin Azərbaycanın artıq dünyada rəğbətlə qarşılanan münaqişələrin qarşısının alınması, dinlərarası dialoq, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlərin çoxtərəfli müzakirə formatlarının, platformaların yaradılması təşəbbüslərini (Bakı Humanitar Forumu, Qlobal Bakı Forumu, Qlobal Media Forumu) uğurla tamamlayır.
Hibrid təhlükələrdən, informasiya hücumlarından etibarlı müdafiə
Azərbaycanın informasiya məkanının qorunmasına, kibertəhdidlərə qarşı mübarizəyə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” qəbul edilib. Strategiya kibertəhlükəsizlik sahəsində ekosistemin formalaşdırılması və inkişafı istiqamətində milli normativ və institusional çərçivəni müəyyən edir. Azərbaycanın bu sahədə uğurları beynəlxalq arenda vurğulanır. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index) reytinqdə 100 mümkün xaldan ümumilikdə 93,76 xal toplayıb və yeni metodologiyaya əsasən “təkmil səviyyə”də qərarlaşıb.
Ötən ilin iyun ayından etibarən Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində Milli Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətə başlaması və İsrailin “Technion” Universitetinin mütəxəssislərinin yerli kibertəhlükəsizlik kadrlarının hazırlığına cəlb olunması kibertəhlükəsizlik sahəsində mühüm addımdır. Bu mərkəzin fəaliyyəti kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirməni, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyini təmin edir. Açıq mənbələrdən məlumatların analizi deməyə əsas verir ki, Azərbaycan bu sahədə MDB və postsovet məkanı ölkələri arasında yaxşı institusional, texnoloji və beynəlxalq əməkdaşlığa malik ölkələrdən biridir.
Suverenliyin qorunması və dövlətin rəvan inkişafının təmin edilməsi əsas tapşırıqdır
Azərbaycanın Cənubi Qafqazda, Avropa və Asiyanın sərhəddində yerləşən strateji mövqeyi, onu regional və qlobal siyasətdə mühüm oyunçuya çevirir. Ölkəmiz böyük dövlətlərin maraqlarının kəsişdiyi mürəkkəb geosiyasi coğrafiyada yerləşib və hazırda Rusiya - Ukrayna müharibəsi, İran ətrafında baş verənlər, Yaxın Şərqdəki münaqişələr, Ermənistanın sülh müzakirələrində qeyri-konstruktiv mövqeyi potensial təhdidləri şərtləndirir. Belə bir şəraitdə sabitliyin təmin edilməsində, suverenliyin qorunmasında və dövlətin rəvan inkişafının təmin edilməsində təhlükəsizlik orqanları əsas rol oynayır.
Son üç ildə açıq mənbələrdəki məlumatların analizi, Azərbaycanda İranın bir neçə böyük casus şəbəkəsinin zərərsizləşdirilməsi, Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinin aşkarlanması, Qərb ölkələrinin informasiya-casus şəbəkəsinin çökdürülməsi, Rusiyanın bu cəhdlərinin qarşısının qətiyyətlə alınması bu istiqamətdə fəaliyyətin miqyası haqqında təsəvvür yaradır. Bunlar əməliyyat işinin yüksək səviyyədə aparılmasından xəbər verir. Azərbaycan elə bir coğrafiyada yerləşir ki, həmçinin elə qonşulara malikdir ki, təhlükəsizlik orqanları daim fövqəladə və yüksək risklər şəraitində işləməlidirlər.
Qeyd etdiyimiz nəticələr Azərbaycan təhlükəsizlik orqanlarının zamanın tələblərinə cavab vermək və ölkəni çoxşaxəli təhdidlərdən qorumaq qabiliyyətini nümayiş etdirir.
Bütün müharibələrdə qələbəni şərtləndirən əsas amillərdən biri uğurli kəşfiyyat fəaliyyətidir. DTX və Xarici Kəşfiyyat Xidmətinin bu istiqamətdə uğurlu fəaliyyəti İkinci Qarabağ müharibəsində parlaq qələbənin zəminlərindən biri kimi qeyd edilməlidir. Azərbaycan təcrübəsi bir daha göstərdi ki, effektiv təhlükəsizlik orqanları olmadan silahlı münaqişə zamanı milli təhlükəsizliyi və ərazi bütövlüyünü təmin etmək mümkün deyil. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19 sentyabrında keçirilən antiterror əməliyyatı zamanı təhlükəsizlik orqanlarının uğurlu əməliyyat-kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti işləri işğal olunmuş ərazilərin azad edilməsində həlledici rol oynadı. Düşmən təxribat qruplarının zərərsizləşdirilməsi, qeyri-qanuni silahlı birləşmələrin sürətlə tərksilah edilməsi, mühüm infrastrukturun qorunması DTX və Xarici Kəşfiyyat Xidmətinin yüksək peşəkarlığı, səriştəsi və fədakar xidmətini bir daha nümayiş etdirdi.
Antiterror əməliyyatı zamanı və ondan sonra Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrin tərksilah edilməsi qondarma rejimin "rəhbər"lərinin gizləndikləri yerlər müəyyən edildikdən sonra onların həbs edilərək cinayət məsuliyyətinə cəlb olunması tarixi nailiyyətdir və təcrübədə nadir nümunələrdən biridir.
Bu gün DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Hərbi əməliyyatlarda göstərdiyi fədakarlığa görə Xidmətin 7 əməkdaşı "Zəfər", 14 əməkdaşı "Qarabağ" ordeni ilə təltif olunub.
Azərbaycan təhlükəsizlik orqanlarının məharəti, usta işi artıq xarici KİV-də, araşdırmalarda müzakirə predmetidir və uğurlu nümunələrdən biri kimi öyrənilir. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi də təhlükəsizlik orqanlarının səmərəli fəaliyyətinin bariz nümunəsi oldu.
Güclü təhlükəsizlik orqanları Ali Baş Komandanın qələbə strategiyasının əsas komponetlərindən biri kimi
Azərbaycanda təhlükəsizlik orqanlarına, Dövlət Təhlükəsizliyi Xidmətinə ictimai etimad yüksək səviyyədədir. Vətəndaşlar ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsində onların mühüm rolunu dərk edərək, təhlükəsizlik orqanlarının fəaliyyətinə anlayış və dəstək nümayiş etdirirlər. Bu etimad təhlükəsizlik orqanlarının səmərəli fəaliyyətinin, eləcə də ictimaiyyətlə sıx əlaqəsinin nəticəsidir. Azərbaycan cəmiyyəti güclü və səmərəli təhlükəsizlik orqanlarını Azərbaycan milli dövlətçiliyinin inkişafının tərkib elementi kimi qəbul edir və bu yanaşma yüksək inam, etibarı şərtləndirir.
Həmçinin, başlanğıcını Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə, 1919-cu ilin mart ayının 28-də Hərbi Nazirliyin tərkibində yaradılmış Kəşfiyyat və əks-kəşfiyyat bölməsindən götürən xüsusi xidmət orqanlarımız həm də ictimai şüurda dövlətçiliyimiz və suverenlyimizin atributlarından biri kimi dəyərləndirilir. Bu tarixi irs bünövrəsində bu gün qürur duyduğumuz təhlükəsizlik orqanlarımızın müasir inişaf səviyyəsinə çatması Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti, fəaliyyəti ilə bilavasitə bağlıdır. Təhlükəsizlik orqanlarında Azərbaycanın milli kadr potensialının formalaşmasında Ulu Öndərin böyük xidmətləri olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının - Heydər Əliyevin təyin edilməsi, bu orqanların tarixində yeni bir səhifənin başlanğıcı idi. Müstəqillik illərində Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın milli təhlükəsizlik siyasətinin yeni mərhələsi başladı. Bu siyasət gənc dövlətin güclənməsi, dövlətçiliyin inkişafı maraqlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində təhlükəsizlik orqanlarının potensialından, imkanlarından maksimum yararlanmağa hesablanmışdı, həm cari problemlərin səmərəli həllini, həm də gələcək hədəflərə çatmaq üçün quruculuğu, inkişaf strategiyasını əhatə edirdi.
Müasir dövrdə Azərbaycanın təhlükəsizlik strategiyası Ümummmili liderin adı ilə sıx bağlıdır. Azərbaycanın milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yüksəlməsi, ordu quruculuğu ilə paralel təhlükəsizlik orqanlarının inkişafının, güclənməsinin Ali Baş Komandan, cənab İlham Əliyevin qələbə strategiyasının əsas komponentlərindən biri olduğunu nümayiş etdirdi. Zamanında bu sahədə atılmış addımlar, mərhələli islahatlar, strateji yanaşma öz nəticəsini verdi. Əminliklə demək olar ki, bu gün atılan addımlar növbəti mərhələlərdə də sağlam təməllərə malik Azərbaycanın təhlükəsizlik orqanlarının ən müasir çağırışlara uyğun inkişafını təmin edəcək.
"Qarşıdan 28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü gəlir. Peşə bayramı münasibətilə DTX, Xarici Kəşfiyyat Xidməti rəhbərliyini, əməkdaşlarını təbrik edirəm, çətin və şərəfli missiyada uğurlar, yeni nailiyyətlər arzu edirəm.

