Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər EKSPERT
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda yol infrastrukturunun qiymətləndirilməsi zamanı yalnız tikilən və ya mövcud yolların ümumi uzunluğuna diqqət yetirmək obyektiv mənzərə yaratmır. Yolun örtüyü, texniki dərəcəsi, ərazi və əhali üzrə təminat göstəriciləri də nəzərə alınmalıdır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev Azərbaycanın yerli yol şəbəkəsinə fərqli yanaşmağın vacibliyini vurğulayıb.
Ekspert 2023-cü ilin rəsmi statistikasına əsasən, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğunun 18 916 kilometr təşkil etdiyini bildirib. Bunun 4 806,9 kilometri respublika əhəmiyyətli, 14 109,1 kilometri isə yerli əhəmiyyətli yollardır. Beləliklə, ölkənin ümumi avtomobil yol şəbəkəsinin təxminən 74,6 faizi yerli yolların payına düşür.
Bu göstərici xüsusi əhəmiyyət daşıyır. Çünki insanların gündəlik hərəkətinin böyük hissəsi kəndləri, qəsəbələri, rayon mərkəzlərini və digər yaşayış məntəqələrini birləşdirən yerli yol şəbəkəsindən asılıdır.
Rauf Ağamirzəyevin sözlərinə görə, yerli yolların örtük strukturuna nəzər saldıqda isə fərqli mənzərə ortaya çıxır. Belə ki, 14 109,1 kilometrlik yerli yol şəbəkəsinin 7 534,3 kilometri asfalt-beton, 5 612 kilometri çınqıl, 888,8 kilometri qara örtük, 70 kilometri torpaq, cəmi 4 kilometri isə sement-beton örtüklüdür. Bu isə yerli yolların təxminən 40 faizinin çınqıl örtüklü olduğunu göstərir.
Yol şəbəkəsinin texniki dərəcəsinin də qiymətləndirmədə nəzərə alınmalı olduğunu bildirib. Ümumi şəbəkədə 10 463,3 kilometr IV dərəcəli, 1 103,2 kilometr isə V dərəcəli yolun olması aşağı texniki dərəcəli yolların əhəmiyyətli paya malik olduğunu göstərir.
Ekspert hesab edir ki, rayonları yalnız yerli yol şəbəkəsinin uzunluğuna görə müqayisə etmək düzgün deyil. Rəsmi göstəricilərə əsasən, yerli yolların uzunluğuna görə Lerik 456 kilometrlə ilk sırada qərarlaşıb. Qubada bu göstərici 429 kilometr, Laçında 406 kilometr, İsmayıllıda 393 kilometr, Şəkidə 343 kilometr, Gədəbəydə 336 kilometr, Şərurda 329 kilometr, Tovuzda 328 kilometr, Sabirabadda 325 kilometr, Cəlilabadda isə 307 kilometrdir.
Lakin yolun çox olması avtomatik olaraq həmin rayonun yol infrastrukturunun daha yaxşı olduğu anlamına gəlmir. Çünki rayonların ərazisi, əhali sayı, yaşayış məntəqələrinin sayı və coğrafi xüsusiyyətləri bir-birindən fərqlənir.
Bu səbəbdən Azərbaycanın rayonları üzrə ayrıca “Yerli Yol İnfrastrukturu İndeksi” formalaşdırılmalıdır. Onun fikrincə, belə qiymətləndirmədə yerli yolların ümumi uzunluğu ilə yanaşı, 1000 kvadratkilometr əraziyə düşən yol uzunluğu, 10 min nəfər əhaliyə düşən yol təminatı, sərt örtüklü yolların payı və yolların texniki dərəcəsi də nəzərə alınmalıdır.
Bu yanaşma “hansı rayonda daha çox yol var?” sualından daha əhəmiyyətli olan “ərazisi və əhalisi nəzərə alınmaqla hansı rayonda yerli yol təminatı daha yaxşıdır?” sualına cavab verməyə imkan yarada bilər.
O hesab edir ki, növbəti mərhələdə Azərbaycanın rayonları üzrə yerli yol şəbəkəsinin xəritəsi və müqayisəli reytinqi hazırlanmalıdır. Çünki yol infrastrukturu yalnız asfaltın kilometri deyil, eyni zamanda əraziyə çıxış, yaşayış məntəqələrinin əlaqələndirilməsi, iqtisadi aktivlik və insanların gündəlik mobilliyidir.
Rauf Ağamirzəyev vurğulayıb ki, əsas məqsəd yalnız mövcud problemləri sadalamaq deyil, mövcud imkanlardan daha səmərəli istifadə etməklə şəhər və rayon sakinləri üçün real nəticə yaratmaqdır.
Eltac Züflüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 05 Oktyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















