Azərbaycandakı məhkəmədən Ermənistana xoş mesaj miflərə deyil, faktlara inanın
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Xocalının qarlı gecəsində qətlə yetirilən kimsəsiz uşaqların, anaların, ağsaqqalların səsi indi Bakı Hərbi Məhkəməsinin zalında əks-səda verir. Bu dəfə süngülər, “Qrad”lar, alovlanan evlər yoxdu. Bu dəfə onların arxalarında Azərbaycan dövləti, qarşılarında o dəhşətli cinayətləri törədən canilər var.
Bakıdakı açıq məhkəmə prosesində 15 nəfər erməni əsilli keçmiş hərbi-siyasi fiqur mühakimə olunur. Onlar illərlə Qarabağda yaradılmış qeyri-qanuni rejimin sütunları olublar. İndi isə soyqırımı, müharibə cinayətləri, terrorçuluq, terrorun maliyyələşdirilməsi, əhalinin deportasiyası, zorakı hakimiyyət qəsbi və onlarla başqa ağır maddə ilə ittiham olunurlar.
Məhkəmə materiallarına görə ittiham olunan əsas fiqurlar 15 nəfərdir. Siyahəda qeyri-qanuni rejimin son “prezidenti”, 2020 müharibəsi və 2023 antiterror əməliyyatları dövrünün əsas hərbi-siyasi siması Arayik Vladimiri Harutyunyan, 1990-cı illərin qanlı mərhələsinin “prezidenti” Arkadi Arşaviri Qukasyan, 2007–2020-ci illərdə işğal olunmuş ərazilərdə qurulmuş rejimin “prezidenti” Bako Sahaki Sahakyan, saxta “parlamentin sədri”, uzun illər həmin sistemin içində olan siyasətçi Davit Rubeni İşxanyan, qondarma rejimin “xarici işlər naziri”, işğalın ideoloqlarından biri Davit Klimi Babayan, keçmiş “müdafiə naziri” və korpus komandiri Levon (Lyova) Mnatsakanyan,eləcə də bütün zamanlarda onlarla birlikdə olmuş Vasili Beglaryan, Madat Babayan, Garik Martirosyan, Melikset Paşayan, Davit Allahverdiya, Erik Qazaryan, Gurgen Stepanyan, Levon Balayan və başqaları birbaşa döyüş əməliyyatlarında, raket zərbələrində, dinc əhalinin atəşə tutulmasında, işgəncələrdə, girovluqda və deportasiyada iştirakı iddia olunan şəxslərdir.
Bu 15 nəfər Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibə), 103 (soyqırımı), 105 (məhv etmə), 107 (deportasiya və məcburi köçürmə), 109 (təqib), 113 (işgəncə), 115–116 (müharibə qanunlarının pozulması), 214–214-1 (terror və terrorun maliyyələşdirilməsi), 278 (hakimiyyətin zorla ələ keçirilməsi və saxlanması) və onlarla digər maddəsi ilə ittiham olunur.
Bu xüsusda ayrıca Ruben Vardanyanın işi var. Rusiya əsilli milyarder, keçmiş “dövlət naziri” 42 epizod üzrə, o cümlədən terrorun maliyyələşdirilməsi və qeyri-qanuni silahlı dəstələrin yaradılması ittihamı ilə ayrıca prosesdə mühakimə olunur.
Xocalı soyqırımı indi yalnız tarix dərsliyi üçün xalqın qanlı səhifəsi anlamını vermir. O, bu gün Bakıda mühakimə olunanların ittiham aktının mərkəzində duran cinayətdir.
Rəsmi araşdırmalara görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıllar olub. Yüzlərlə insan ağır yaralanıb, 1275 nəfər girov götürülüb, onlarla sakinin taleyi hələ də məlum deyil.
Azərbaycanda aparılan rəsmi istintaq bu hadisənin Soyqırımı Konvensiyasının tələblərinə uyğun olaraq soyqırım tərkibi daşıdığını, yəni müəyyən milli qrupun, azərbaycanlıların bir hissəsinin sistemli şəkildə məhv edilməsinə yönəldiyini təsbit edib.
Bu gün Bakı məhkəməsində sənədlər, video-kadrlar, şahid ifadələri o gecənin kadrlarını yenidən göz önünə gətirir. Körpəsini əlində qaçan ananın qarda gülləbaran olunması, yaşlıların girov götürülüb alçaldılması, işgəncəyə məruz qalması, başı kəsilmiş, yandırılmış meyitlər və s…
Bunlara emosional təsvir vasitəsi kimi baxmayın, istintaq materiallarında, beynəlxalq təşkilatların hesabatlarında qeyd olunmuş, çoxsaylı şahid ifadələri ilə təsdiqlənmiş faktlardır.
Bakıdakı proses həm də erməni tərəfdən verilən etirafların məhkəmə protokoluna düşməsidir.
Məsələn, məhkəmədə ifadə verən Madat Babayan Xocalı və ətraf kəndlərdə vuruşmuş silahlı dəstələrin üzvlərindən biri olaraq istintaqa açıqlamasında 1988-ci ildən başlayaraq azərbaycanlılara qarşı silahlı dəstələrin formalaşdığını, 1990–1992-ci illərdə Aqdərə və ətraf kəndlərdə azərbaycanlılar yaşayan yaşayış məntəqələrinə hücumlarda iştirak etdiyini, 1992-ci il fevralın 24-də komandan Arkadi Şirinyanın qarşılarına çıxaraq fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edib “kütləvi qırğın törətmək” tapşırığı verdiyini, həmin gecə Xocalı istiqamətində formalaşdırılmış dəstələrdə yer aldığını bəyan edib.
Eyni iş üzrə ifadə verən digər təqsirləndirilən şəxslər, Garik Martirosyan, Gurgen Stepanyan, Melikset Paşayan, Davit Allahverdiya, Vasili Beqlaryan, Erik Qazaryan müxtəlif illərdə Aqdərə, Füzuli, Xocavənd və digər rayonlarda cəbhə xəttində, işğal olunmuş ərazilərdə Azərbaycana qarşı döyüş əməliyyatlarında iştirak etdiklərini etiraf ediblər.
Bu ifadələr bir şeyi açıq göstərir. Xocalı və digər kəndlərdə törədilən cinayətlər spontan epizodlar yox, yuxarıdan aşağıya planlaşdırılmış, dəqiq tapşırıqlarla həyata keçirilmiş bir hərbi-siyasi strategiyanın tərkib hissəsidir.
Bəli, Qarabağ hərbi yolla azad olundu, amma ədalət hüquqi müstəvidə bərpa olunmasa, müharibə həqiqətən bitmiş sayılmazdı.
2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi. 2023-cü ilin sentyabr antiterror tədbirləri separatizmin son qalıqlarını da təmizlədi. İndi isə Bakıdakı məhkəmə zalında insanlıq əleyhinə cinayətlərin hüquqi qiymətləndirilməsi gedir.
Bu məhkəmə Xocalı qurbanlarına verilən sözün əməl hissəsidir. İllərlə deyilirdi ki, bu qan yerdə qalmayacaq. İndi həmin qanlı əməllərə görə konkret adlar, konkret cəzalar masanın üzərinə qoyulur.
Bu, Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbənin hüquqi müstəvidə davamıdır.
Qələbə həm də cinayətkar sistemi ifşa edib, məsuliyyətə cəlb etməkdir və gələcək üçün təhlükəsizlik təminatıdır.
Əgər bu gün soyqırımı, etnik təmizləmə, terror və işgəncə başçıları cəzasız qalsa, sabah onlar bu əməlləri yenidən təkrarlaya bilərlər. Əslində, bu addımla rəsmi Bakı həm də beynəlxalq hüququn öhtəliklərini təmin edir.
Və bu gün ermənilər bilməlidirlər ki, bu məhkəmə erməni xalqına qarşı deyil. Bu məhkəmə cinayətkar ideologiyaya və onu həyata keçirən konkret adamlara qarşıdır. Onilliklər boyu onlara deyilən nağılları bir daha dinləməsinlər. Onlara deyilirdi ki,“Orada heç bir azərbaycanlı qalmayıb”, “Xocalı haqqında deyilənlər təbliğatdır”, “Biz yalnız müdafiə olunmuşuq” və s.
Bu gün Bakı məhkəməsində Ermənistan hərbçilərinin etirafları səslənir. Xocalıya hücum planlarından, dinc kəndlərə basqınlardan, raketlərlə vurulan şəhərlərdən danışırlar.
Odur ki, bu məhkəmə nağıllara inanlar üçün bir şansdır. Xocalını, Meşəlini, Qaradağlını, Gəncəni, Bərdədəki raket zərbələrini fakt kimi qəbul edin. Cəmiyyətinizdə “biz heç nə etməmişik” rahatlığını alt-üst edin və gələcək nəsillərə “bunu bir daha etməyək” deyin.
Bu məhkəmə həm də bu gün sosial şəbəkələrdə, bəzi dairələrdə “Qarabağı yenidən qaytaracağıq”, “bir gün yenə qayıdacağıq” deyən revanşistlərə açıq mesajdır. Silahla, terrorla, etnik nifrətlə, hər bir belə cəhdlə iddialar məhkəmə zalı, ağır ittiham aktı və ömürlük həbslə nəticələnir.
Ona görə də bu gün silaha sarılıb yeni müharibə arzusu quran hər kəs bilməlidir ki, törətdilən hər əməl bir gün sübut kimi qarşıya qoyulacaq. Bunu hədə-qorxu kimi anlamaq yanlışlıqdır, bu, hüquqi reallığın təmiz təsviridir. Müharibə cinayətləri üçün müddət məhdudiyyəti yoxdur, soyqırımı və insanlıq əleyhinə cinayətlər heç vaxt köhnəlmir.
Bəli, bu, həm də Azərbaycanın dünyaya verdiyi mesajdır. Biz qisas yox, ədalət istəyirik.
Xocalı soyqırımı, Qarabağ müharibələri bizim üçün acı tarix olmaqla yanaşı, müasir Azərbaycanın kimlik yaddaşıdır. Bu yaddaş indi qanundan, məhkəmə hökmündən, presedentdən ibarət konkret sənədlərə çevrilir.
Bakıda gedən bu məhkəmə bütün regionun gələcəyini müəyyən edə biləcək prosesdir. Azərbaycan üçün Xocalının, Qarabağda qətlə yetirilən minlərlə dinc sakinin ruhuna qarşı borcun ödənməsi, ədalətin bərpasıdır.
Erməni cəmiyyəti üçün öz tarixlərinə dürüst baxmaq, mifləri deyil, faktları qəbul etməyi yaratmaq imkanıdır.
Revanşistlər üçün “silahla xəritə dəyişmək” dövrünün bitdiyinə dair sərt xəbərdarlıqdır.
Ən nəhayət, beynəlxalq ictimaiyyət üçün soyqırımı və müharibə cinayətlərinin hətta onilliklər sonra belə məhkəmə zalına qaytara bilindiyini göstərən presedentdir.
Və tarix üçün əsas cümlə artıq formalaşıb. “Xocalı soyqırımını törədənlər Bakıda məhkəmə qarşısına çıxarıldı.”
Bu cümlənin içində həm azərbaycanlıların ağrısı, həm də yenidən belə cinayətlərə cəsarət etmək istəyənlər üçün çox güclü mesaj var.
Elnur ƏMİROV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 15 Noyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















