Icma.az
close
up
RU
Azərbaycanı qlobal aktora çevirən amillər ŞƏRH

Azərbaycanı qlobal aktora çevirən amillər ŞƏRH

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Dünya gündəmini zəbt edən hadisələr göstərir ki, ənənəvi əməkdaşlıq meyarları sıradan çıxır, beynəlxalq münasibətlər sistemi yenidən qurulur və hər bir dövlət özünü praqmatik notlar üzərində, yeni dövrün reallıqlarına adekvat formatlar vasitəsilə qlobal arenaya təqdim edir. Bu prosesdə ən uğurlu diplomatik gedişlər hazırda faktiki, beynəlxalq güc mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycana məxsusdur”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, Xankəndi şəhərində keçirilən forumda Prezident İlham Əliyev qlobal müstəvidə həyata keçirilən konstruktiv siyasətin Azərbaycana hərtərəfli rəğbət qazandırdığını bir daha bəyan etdi: “Həqiqətən də, ölkəmiz tək Cənubi Qafqaz deyil, ümumilikdə, beynəlxalq təhlükəsizliyin təmini prosesində əhəmiyyətli rol oynamağa başlayır. Prezidentin Avropa Siyasi Birliyi, Türk Dövlətləri Təşkilatı, AQEM, İqtisadi Əməkdaşlıq Təşkilatı və digərlərinin tribunalarından verdiyi strateji mesajlar rəsmi Bakının yeni dövr hədəflərini müəyyənləşdirir və Azərbaycanın qlobal əməkdaşlıqda istinad etdiyi narrativlərin xarakterinə aydınlıq gətirir. Şübhəsiz, ölkəmizin qazandığı reytinq ilk növbədə, 44 günlük müharibədə qazanılan tarixi qələbə və suverenliyimizin bərpası ilə bağlıdır. İkinci mühüm element isə Azərbaycanın istər regional, istərsə də qlobal səviyyədə götürdüyü öhdəlikləri qüsursuz və tərəfdaşlıq meyarlarına uyğun şəkildə həyata keçirməsidir. 

Azərbaycan etibarlı tərəfdaşları ilə birgə regional və qlobal təhlükəsizlik sistemindəki rolunu artırır. Ölkəmizin iştirakçısı olduğu regional əməkdaşlıq formatlarına Türkiyə və Pakistanla strateji müttəfiqliyin də əlavə olunması faktiki, yeni güc mərkəzinin yarandığı anlamına gəlir. Pakistan iqtisadiyyatına 2 milyard dollar investisiyanın yatırılması, Türkiyənin də üzv olduğu Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal siyasi-iqtisadi təmaslar, TDT üzvləri iqtisadiyyatına 20 milyard dollardan çox sərmayənin qoyulması tərəfdaşlıq əlaqələrinin yeni “yol xəritəsi” deməkdir. Azərbaycanın yekdilliklə D-8 təşkilatına 9-cu üzv kimi qəbul olunması isə bir tərəfdən, ölkəmizin siyasi, iqtisadi və hərbi gücünün etirafı, digər tərəfdən, onun dünya arenasında özünü nüfuzlu dövlət kimi təqdim edə bildiyinin göstəricisi sayıla bilər.

Azərbaycanın Avrasiya coğrafiyasında artan rolu və qlobal enerji xəritəsinə gətirdiyi yeniliklər rəsmi Bakının Cənubi Qafqazdakı mövqeyini, daha doğrusu, Ermənistanla yekun sülh sazişinin imzalanması üçün irəli sürdüyü arqumentləri gücləndirir. Prezident İlham Əliyevin Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşü tərəflər arasında konstruktiv münasibətlərin mövcudluğunun ifadəsi olmaqla yanaşı, Azərbaycanın postmüharibə hədəfləri, xüsusilə də, sülh sazişinin imzalanmasını şərtləndirəcək bəndlərin – Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və Minsk qrupunun ləğvi tələblərinin qlobal səviyyədə qəbul olunduğundan xəbər verir. Doğrudur, Vaşinqtonda sülh sazişinin imzalanacağını kimsə gözləmir, lakin tərəflərin niyyət protokolu hesabına danışıqları daha dinamik şəkildə davam etdirmələri üçün yaranan imkan Bakının diplomatik uğuru, sülh prosesində dominant fiqurun Azərbaycan olduğunun rəsmi təsdiqidir”.

O əlavə edib ki, Azərbaycan artıq öz imperativlərini Cənubi Qafqaz hüdudları ilə məhdudlaşdırmaq niyyətində deyil: “Ölkəmizin İsrail-İran qarşıdurması zamanı nümayiş etdirdiyi mövqe, Rusiya-Ukrayna müharibəsinin beynəlxalq hüquq normaları çərçivəsində başa çatdırılmasına dair çağırışlar, Pakistan-Hindistan toqquşmasına, eləcə də, Yaxın Şərq hadisələrinə obyektiv və çevik reaksiya Azərbaycanın pozitiv imicini formalaşdıran mühüm komponentlərdir. Doğrudur, bəzi dairələr, siyasi sifariş yerinə yetirən media strukturları istər İran-İsrail, istər Rusiya-Ukrayna ziddiyyətləri fonunda ölkəmizin neqativ obrazını yaratmağa, bununla da Bakını həm Tehran, həm də Moskva ilə qarşı-qarşıya qoymağa çalışdılar. Lakin Prezidentin açıq və praqmatik mesajları, Azərbaycanın qlobal sülh təşəbbüsləri bəlli mərkəzlərin məkrli planlarını heçə endirən əsas arqumentə çevrildilər. 

Bu gün Azərbaycan-İran münasibətlərində konstruktivlik elementləri artır. İran prezidenti Məsud Pezeşkianın Xankəndinə səfəri, Azərbaycanın xarici siyasəti barədə xoş ifadələri bəzi şəxslərin əsassız ittihamlarına rəğmən, Bakı-Tehran münasibətlərində müsbət dinamikanın mövcudluğundan xəbər verir. Azərbaycan və İran D-8 təşkilatının da aktiv üzvləridir və təşkilat çərçivəsində fəal təmaslar hər iki ölkəyə ciddi iqtisadi dividendlər vəd edir. Xüsusilə də, nəqliyyat əməkdaşlığı sahəsində... Bu yerdə onu da qeyd edək ki, Azərbaycan və İran arasında diplomatik krizisin aradan qalxması uzun illər davam edən İran-Pakistan düşmənçiliyinə  tədricən son verilməsinə və yeni tipli münasibətlərin formalaşmasına gətirib çıxarır. İran prezidentinin Pakistana son səfəri çərçivəsində imzalanmış 12 sənəd Tehran-İslamabad əlaqələrinin gələcək strateji hədəflərinin müəyyən edilməsində əhəmiyyətli rol oynayacaq. Pakistan, İran və Azərbaycan arasında pozitiv əlaqələrin bir komponenti də Orta Dəhliz layihəsi və bu layihəni dəstəkləyən Çinlə qurulan dostluq münasibətləridir. 

Əlbəttə, yeni dünya nizamı qlobal nəqliyyat-enerji xəritəsində də dərin izlər buraxmaqdadır. Rusiya-Ukrayna müharibəsi açıq nümayiş etdirdi ki, əvvəlki münasibətlər sisteminə qayıdış olmayacaq. Odur ki, sözügedən müharibə nəticəsində iqtisadi imkanlardan və enerji resurslarından məhrum olan dövlətlər yeni çıxış yolları axtarmağa başlayıblar. Onların böyük əksəriyyətinin yeni münasibətlər sistemində strateji tərəfdaş imicində gördükləri ölkələr sırasında Azərbaycan ön sıralarda gedir. Azərbaycanın coğrafi mövqeyi, strateji nəqliyyat və enerji xətlərinin kəsişmə nöqtəsində yerləşməsi, qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi, dünyanın gələcəyi üçün önəm daşıyan resurs və xammala sahib olması onu vazkeçilməz tərəfdaşa çevirir. Bu faktor Qərbdəki bəzi dairələri və regional gücləri razı salmasa da, Prezidentin həyata keçirdiyi prinsipial siyasət böyük mərkəzləri reallıqlarla barışmaq məcburiyyətində qoyur. Məsələn, Transbalkan qaz xətti ilə Ukraynaya qaz ixrac edilməsi Rusiyanın bəlli seqmentində ciddi ajiotaja səbəb olub və həm rus mediası, həm də Konstantin Zatulin kimi üzdəniraq siyasətçilər Bakının düşünülmüş şəkildə anti-Rusiya kursu yürütdüyünü bildirirlər. Halbuki, hazırda ikitərəfli münasibətlərin gərgin müstəviyə keçməsində günahkar birbaşa Rusiya tərəfidir. Moskvanın ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin vurulması məsələsində hələ də nümayiş etdirdiyi saymazyana davranış 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında sazişlə qətiyyən üst-üstə düşmür. Üstəlik, Yekaterinburqda soydaşlarımıza qarşı başlanan hücum kampaniyasının Kreml tərəfindən dəstəklənməsi Azərbaycanı şimal qonşusu ilə münasibətlərə yenidən baxmaq məcburiyyətində qoyur. Ukraynaya sınaq məqsədilə qazın göndərilməsi isə əsla və əsla anti-rus fəaliyyəti yox, Azərbaycanın özünün enerji bazarlarını şaxələndirmək istəyinin real sübutudur.

İkinci vacib detal: Azərbaycan artıq Suriyaya da qaz ixracına start verir. Bakı və Dəməşq arasında əldə edilən razılaşmaya görə, ölkəmiz Kilis-Hələb boru kəməri vasitəsilə Türkiyənin BOTAŞ şirkətinin infrastrukturu üzərindən Suriyaya ildə 2 milyard kubmetr qaz ixrac etmək niyyətindədir. Avqust ayından etibarən Hələb və Homs bölgələrinə illik 1,2 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulur ki, bu da müharibədən və dağıntılardan çıxan Suriyanın yetərli infrastruktura sahib olmadığı ilə bağlıdır. Bəli, yeni enerji bazarları tapmaq Azərbaycan üçün də prioritet səciyyə daşıyır. Rusiya uzun illər Qərb bazarlarına daşıdığı enerji ehtiyatlarını, ilk növbədə, neftini indiki sanksiyalar səbəbindən Hindistana ixrac edir. Rəsmi Nyu-Dehli Azərbaycanı Pakistana dəstək verməkdə ittiham etdiyi halda Qərbin maraqlarının ziddinə gedərək Rusiya neftini ucuz qiymətə alır və bunu daxili tələbatı ödəməklə əlaqələndirir. Hərçənd, dünya birliyi Hindistanın həmin addımlarını sülhə xəyanət, müharibə və zorakılığa dəstək aksiyası kimi dəyərləndirir.     

Bəli, açıq görünür ki, Rusiya-Ukrayna müharibəsi regional və qlobal güc balansında ciddi dəyişikliklərə səbəb olmaqdadır. Şimal dövləti ənənəvi təsir zonalarını ABŞ və Avropa ölkələrinə təhvil verdikcə, bunu uzun illər dostluq etdiyi ölkələrin maraqlarına zidd bəyanatlar səsləndirməklə kompensasiya edir. Bu gün Azərbaycan, Qazaxıstan, Moldova, Serbiya və digərləri Kreml tərəfindən start verilən haqsız dezinformasiya və yanlış siyasi kursun hədəfinə çevriliblər. Azərbaycanın müstəqil dəst-xətt yürütməsini həzm edə bilməyən Rusiya siyasi dairələrinin Qazaxıstanı da “nankor dövlət” adlandırması böyük rezonans doğurmaqdadır. Kasım-Jomart Tokayevin bu yaxınlarda Türkiyəyə səfəri və Orta Dəhlizlə bağlı imzaladığı strateji müqaviləni rus mediası fərqli tərzdə təqdim edərək Astanaya qarşı təbliğat kampaniyası aparır, onu KTMT nizamnaməsinə zidd addımlar atmaqda günahlandırır. Buradan gəlinən qənaət odur ki, rus elitasında təmsil olunanların bir çoxu hələ də “velikorus şovinizmi”ndən qurtula bilmir və keçmiş müttəfiq respublikaların müstəqil qərarlarına ağrılı reaksiya ortaya qoyur. Lakin hər kəs yeni qlobal düzənin formalaşdığını, işğal, müharibə, nüfuz zonaları kimi elementlərin artıq qəbul olunmadığını anlamalı və ona uyğun davranış sərgiləməlidir. Azərbaycan qlobal müstəvidə baş verən dəyişiklikləri görür və həmin dəyişikliklərə adekvat fəaliyyət nümayiş etdirir. Bu üzdən də ölkəmizin üzv olduğu təşkilatlar regional təhlükəsizlikdə əsas söz sahibinə və dünya imperializmini təşviq edən qüvvələrin qorxulu ssenarilərini sıradan çıxaran güc mərkəzlərinə çevrilirlər”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Avqust 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see301

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see223

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see200

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see158

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see148

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri