Azərbaycanın basketbol klublarının Çempionlar Liqasında iştirakı müzakirə olunub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və qurumun digər rəsmiləri ilə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zaqklis, 3x3 basketbol yarışlarının meneceri Yovana Vukoye və Çempionlar Liqasının kommersiya direktoru Benjamin Qoute arasında görüş keçirilib.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanda 3x3 basketbolun inkişafı və bu sahədə mövcud perspektivlər, həmçinin yeniyetmə basketbolçuların Çempionlar Liqasında iştirakı məsələləri geniş müzakirə olunub. Tərəflər Azərbaycanın peşəkar basketbol klublarının növbəti mövsümlərdə başda Çempionlar Liqası olmaqla, intensiv olaraq beynəlxalq arenalarda iştirakının vacibliyini vurğulayıb, bu istiqamətdə atıla biləcək addımlar və mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, Azərbaycan Basketbol Liqasının (ABL) mütəşəkkil inkişafı, liqanın strukturunun təkmilləşdirilməsi, kommersiya potensialının artırılması, yerli klubların idarəçilik və infrastruktur səviyyələrinin beynəlxalq standartlara uyğunlaşdırılması və ölkədə basketbolun ümumi inkişaf strategiyası müzakirə olunub.


