Azərbaycanın COP29a ev sahibliyi ilə yazdığı növbəti uğur hekayəsi tariximizin mühüm səhifəsi kimi daim vərəqlənəcək ŞƏRH AZƏRTAC
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan davamlı uğurları, ev sahibliyi etdiyi beynəlxalq tədbirlərlə hər zaman dünyanın diqqətində olur. Bu gün isə Azərbaycanı beynəlxalq aləmin diqqətində saxlayan, dünyanı Bakıya toplayan COP29-dur. Tədbir başlayandan hər ötən gün Azərbaycanın beynəlxalq nüfuzunu artıran yeni mühüm hadisələrlə yadda qalır. Prezident İlham Əliyevin COP29-da iştirak etmək üçün ölkəmizdə olan müxtəlif ölkələrin prezidentləri, vitse-prezidentləri, baş nazirləri, beynəlxalq qurumların rəhbərləri ilə ayrı-ayrılıqda görüşləri münasibətlərimizin inkişafında yeni səhifənin açıldığının göstəricisidir. Prezident İlham Əliyev COP29-un Liderlər Sammitində, eləcə də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışlarında hazırkı dövrün çağırışlarını yerinə yetirmək üçün əsas vəzifələrin nədən ibarət olduğu açıqladı. Bu gün Azərbaycanın söz sahibliyi, hər bir sahədə zəngin təcrübəyə malik olması təqdir edilir. Ölkəmiz COP29-a tamamilə fərqli ovqatda ev sahibliyi edir. Tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi ilə qürurlanan qalib Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri addımları atıb. Tədbir iştirakçılarının hər biri Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyini, onun yüksək səviyyədə təşkilini alqışlayır, Prezident İlham Əliyevin liderliyi, səyləri nəticəsində uğurlu COP-a imza atılacağını bildirirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Milli Məclis” jurnalının baş redaktoru, Əməkdar jurnalist Ülviyyə Abdullayeva söyləyib.
Ülviyyə Abdullayeva qeyd edib: “Təbii ki, hər bir mühüm addım əvvəlki addımların məntiqi davamıdır. COP29-a gedən yola qısa nəzər salmaqla düşünülmüş siyasətin uğurların açarı olduğunu böyük inamla qeyd edə bilərik. Prezident İlham Əliyevin COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə söylədiyi “COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq” fikirləri bu gün real həyatda təsdiqini tapır. Dünya hazırda bu reallıqların şahididir. Arxada qalan hər gün COP29-la bağlı tariximizə mühüm uğur səhifələrini yazır. Azərbaycan sözünün həqiqi mənasında iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz olduğunu təsdiqləyir. Liderlərin Sammitində, eyni zamanda, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində səsləndirilən fikirlərə diqqət yetirsək, Azərbaycana, Prezident İlham Əliyevə böyük etimadın, inamın şahidi olarıq. Dünyanın diqqətlə izlədiyi bu tədbirə 196 ölkədən 72 min iştirakçı qatılıb. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünya Bakıya toplaşıb.
Nəzərə alsaq ki, qonaqların böyük əksəriyyəti Azərbaycana ilk dəfə səfər edirlər onların ölkəmiz haqqında təəssüratlarını düşünmək çətin deyil. Eyni zamanda, onlara ölkəmizlə daha yaxından tanış olmaq, tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı yaranır. Bu gün dünya bir daha bu reallığı təsdiqləyir ki, Şimal ilə Cənub, Qərb ilə Şərqin qovşağında yerləşən ölkə kimi Azərbaycan ölkələri, xalqları bir araya gətirir, onlar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yaradır”.
Azərbaycanın təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu, Avropa İttifaqının 10 üzvü ilə sazişlər və strateji tərəfdaşlıq haqqında bəyannamələr imzaladığını deyən Əməkdar jurnalist bütün bunların Azərbaycanın iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola biləcəyini söyləməyə əsas verdiyini diqqətə çatdırıb. Deyib ki, ölkəmiz, eyni zamanda, Türk dünyasının birliyini, həmrəyliyini xarici siyasətinin prioritet istiqaməti kimi ön planda saxlayır. COP29 bir daha Türk dünyasının birliyinə, həmrəyliyinə şahidlik etdi. Tədbir türk dövlətlərinin fəal iştirakı, dövlət başçılarının görüşləri ilə yanaşı, mühüm sənədlərin imzalanması ilə də tarixə yazılacaq. Həmçinin imzalanan Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır, yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir. Reallıq budur ki, bu tədbir beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın göstəricisi olmaqla yanaşı, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Hazırda yaşıl enerjiyə keçid ölkəmizin əsas prioritetlərindəndir. Azərbaycan “yaşıl artım” ölkəsinə çevrilməyi qarşısına əsas hədəf kimi qoyub. COP29 ölkəmizin bu hədəfə doğru inamla addımladığının nümayişidir. Məhz ölkəmizin zəngin təcrübəyə malik olmasının nəticəsidir ki, BMT-nin Baş katibi Antonio Quterreş belə bir çağırış etdi: “COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Əminik ki, biz buna birlikdə nail olacağıq”.
“Qısa təhlil Azərbaycanın COP29-a ev sahibliyini şərtləndirən amillərə işıq salmaqla yanaşı, hədəfləri, eyni zamanda, tədbirin ölkəmizə nə vəd etdiyini açıqlayır. COP29, eyni zamanda, Azərbaycana yeni investisiyaların cəlb edilməsi deməkdir. Ölkəmizin neft-qaz sektorunda qazandığı zəngin təcrübə yaşıl enerjiyə keçiddə də əhəmiyyətli rol oynayır. Yeni əməkdaşlıq formatlarının yaradılması Azərbaycana iqtisadi və siyasi dividentlər qazandıracaq. Bu tədbir Azərbaycandan dünyaya növbəti əməkdaşlıq, sülh, birlik, həmrəylik çağırışıdır. Liderlər Sammitində Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif dövlətimizin başçısı İlham Əliyevə Azərbaycanın COP29-a ev sahibliyinə görə təşəkkürünü bildirərək vurğuladı ki, Siz həqiqətən də öz rəhbərliyiniz və liderliyiniz ilə hamını sülhün vacibliyinə inandırdınız. Sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da biz sülhü yarada bilmərik”, - deyən Ü.İbrahimova bildirib ki, iki həftə Azərbaycanı dünyanın mərkəzinə çevirəcək COP29-dan gözləntilər fərqlidir. Bu fərqliliyə əsas verən Azərbaycanın keçdiyi uğurlu yol, beynəlxalq aləmdə söz sahibliyi, sabit, təhlükəsiz ölkə olaraq beynəlxalq tədbirlər üçün ideal məkan olması, hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırması, ən əsası qarşılıqlı etimad mühitinin qorunması ilə yeni dostlar, tərəfdaşlar qazanmaq səyləri, mövcud tərəfdaşları ilə əlaqələrini yeni istiqamətlər üzrə inkişaf etdirməsidir. Azərbaycan öz imkanlarına güvənən ölkədir. Hər bir tədbir bunun təqdimatıdır. Ölkəmizin COP29-a ev sahibliyi ilə yazdığı növbəti uğur hekayəsi tariximizin mühüm səhifəsi kimi daim vərəqlənəcək.