Azərbaycanın iqlim təşəbbüsləri COP31 də yeni ideyalara çevrilir
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Müasir dünyada iqlim dəyişmələri bu gün təkcə ekoloji problem kimi diqqət çəkmir. Bu, eyni zamanda, iqtisadi inkişafdan ərzaq təhlükəsizliyinə, insanların sağlamlığından sosial rifaha, şəhərsalma siyasətindən beynəlxalq münasibətlərə qədər həyatın bütün sahələrinə ciddi təsir göstərir.
Qlobal istiləşmənin qabarıq müşahidə olunması, su ehtiyatlarının azalması, biomüxtəlifliyin zəifləməsi, atmosfer havasının çirklənməsi və təbii fəlakətlərin intensivləşməsi dövlətləri daha çevik, kompleks və uzunmüddətli strategiyalar həyata keçirməyə sövq edir. Belə bir şəraitdə iqlim dəyişmələrinə qarşı mübarizə təkcə ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmır. Bu istiqamətdə beynəlxalq həmrəylik, təcrübə mübadiləsi və ortaq məsuliyyət prinsipləri xüsusi önəm daşıyır.
Azərbaycanın Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında – COP31-də iştirakı da məhz bu baxımdan diqqət çəkir. Ölkəmiz beynəlxalq iqlim gündəliyində fəal iştirakını həyata keçirməklə bərabər, COP29-a ev sahibliyi dövründə formalaşan təcrübəsini, ekoloji təşəbbüslərini və dayanıqlı inkişaf istiqamətində gerçəkləşdirdiyi layihələri beynəlxalq ictimaiyyətə təqdim edir.
COP31 çərçivəsində Azərbaycan nümayəndələrinin iştirak etdiyi müzakirələr, irəli sürülən təşəbbüslər və təqdim olunan layihələr göstərir ki, ölkəmiz iqlim dəyişmələrinə qarşı mübarizəyə təkcə enerji keçidi və emissiyaların azaldılması baxımından yanaşmır. Burada təbiətin mühafizəsi, insanların sağlamlığı, sosial ədalət, qadınların iqtisadi imkanlarının genişləndirilməsi, şəhərlərin dayanıqlılığı, işğalçıdan təmizlənən ərazilərin ekoloji prinsiplər əsasında bərpası kimi bir-birini tamamlayan istiqamətlər vahid inkişaf yanaşmasının tərkib hissəsi kimi çıxış edir.
Xəzər yalnız regional problem deyil...
COP31 çərçivəsində IDEA İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının tərəfdaşlığı ilə keçirilən “Geri çəkilən dəniz: Xəzər bölgəsində iqlim, təbiət və insanlar” mövzusunda konfransda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çıxışı Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə aktuallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Xəzər dənizinin səviyyəsinin azalması son illərdə regionun ən ciddi ekoloji çağırışlarından biri kimi diqqət çəkib. Bu proses təkcə sahil xəttinin dəyişməsi və su hövzəsinin kiçilməsi ilə məhdudlaşmayıb. Dəniz səviyyəsindəki dəyişikliklər, bütövlükdə, ekosistemə, canlıların yaşayış mühitinə, balıq ehtiyatlarına, sahilyanı ərazilərin təbii tarazlığına və həmin ərazilərdə yaşayan insanların sosial-iqtisadi fəaliyyətinə ciddi təsir göstərib.
Xüsusilə Xəzərin nadir canlıları hesab edilən nərə balıqlarının və suitilərin mövcudluğu üçün yaranan təhlükələr problemin nə qədər narahatlıq doğurduğunu nümayiş etdirir. Nərə balıqları Xəzərin biomüxtəlifliyinin mühüm hissəsidir. Onların qorunması yalnız bir canlı növünün mühafizəsi deyil, eyni zamanda, dəniz ekosisteminin sağlamlığının və təbii tarazlığının saxlanılması deməkdir. Xəzər suitilərinin sayının azalması da dənizdə baş verən ekoloji dəyişikliklərin canlı aləmə təsirini göstərən amillərdən biridir.
Leyla Əliyevanın çıxışında elmi tədqiqatların, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki Xəzərin səviyyəsinin azalmasının səbəblərinin, ekosistemlərə təsir mexanizmlərinin və canlı növlərinin sayındakı dəyişikliklərin obyektiv qiymətləndirilməsi elmi məlumatlara əsaslanmalıdır. Problemin miqyası və mürəkkəbliyi ayrı-ayrı ölkələrin imkanlarını aşdığından Xəzəryanı dövlətlərin əlaqələndirilmiş fəaliyyəti zərurətə çevrilir.
Bu baxımdan IDEA İctimai Birliyinin həyata keçirdiyi təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. Xəzər suitilərinin sayının azalmasının səbəblərini araşdırmaq məqsədilə elmi ekspedisiyaların təşkili, balıq ehtiyatlarının bərpasına xidmət edən tədbirlər və müxtəlif növ balıq körpələrinin su hövzələrinə buraxılması təbiətin mühafizəsinə əməli töhfədir.
Digər mühüm istiqamət Xəzər sahillərinin təmizliyinin təmin edilməsidir. Bu baxımdan 2011-ci ildən etibarən təşkil edilən sahilyanı təmizlik aksiyalarına 7 minə yaxın könüllünün qoşulması, 120 tondan çox tullantının toplanaraq təkrar emala yönəldilməsi ictimai iştirakçılığın əhəmiyyətini göstərir. Bu rəqəmlər ətraf mühitin qorunmasının təkcə dövlət qurumlarının və ixtisaslaşmış təşkilatların vəzifəsi olmadığını, vətəndaşların da bu prosesdə fəal iştirakının vacibliyini təsdiqləyir.
Əslində, ekoloji mədəniyyətin formalaşdırılması təbiətin mühafizəsi siyasətinin ən vacib komponentlərindən biridir. İnsanlar yaşadıqları ərazinin, dənizin, çayın, meşənin və digər təbii sərvətlərin qorunmasında şəxsi məsuliyyət hiss etdikdə ekoloji tədbirlərin səmərəliliyi də artır.
Xəzərin gələcəyinin bu gün imzalanan qərarlardan asılı olması fikri məhz belə bir məsuliyyət yanaşmasını ifadə edir. Dənizin qorunması üçün görülən işlər gələcək nəsillərin təbii sərvətlərdən istifadə imkanlarının saxlanılmasını şərtləndirir.
“Sağlam şəhər”in yolu iqlim siyasətindən keçir
COP31 çərçivəsində keçirilən “Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə” mövzusunda konfrans da Azərbaycanın ekoloji gündəliyində şəhər mühitinin sağlamlaşdırılmasına verilən əhəmiyyəti nümayiş etdirir. Çünki bu gün dünyanın iri şəhərlərində hava çirklənməsi, nəqliyyat sıxlığı, yaşıllıq sahələrinin azalması, sənaye tullantıları və enerji istehlakının artması ciddi problemlər yaradır. Şəhərlərin sürətlə böyüməsi infrastrukturun genişləndirilməsini tələb etsə də, bu proses ekoloji tarazlığın qorunması ilə uzlaşdırılmadıqda insanların sağlamlığı və sosial şəraiti ilə bağlı əlavə narahatlıqlar meydana çıxarır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında hava çirklənməsinin insan sağlamlığına təsirlərinə diqqət yetirməsi bu məsələnin sosial mahiyyətini ön plana çəkir. Sağlam şəhər, ilk növbədə, insanın təmiz hava ilə nəfəs aldığı, təhlükəsiz və rahat hərəkət etdiyi, yaşıllıq ərazilərindən yararlandığı yaşayış məkanıdır.
Bu baxımdan şəhərsalma qərarlarının qəbulunda ekoloji amillərin nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Yeni yaşayış massivlərinin, sənaye və nəqliyyat infrastrukturunun planlaşdırılması zamanı havanın keyfiyyəti, yaşıllıq sahələrinin qorunması, su ehtiyatlarından səmərəli istifadə və enerji sərfiyyatının azaldılması əsas meyarlardan olmalıdır.
Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji cəhətdən təmiz nəqliyyatın təşviqi bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir. IDEA İctimai Birliyinin “Bizim həyət” layihəsi, ağacəkmə aksiyaları və şəhər mühitinin yaşıllaşdırılmasına yönələn digər təşəbbüsləri də ekoloji məsələlərin həllinə xidmət edir.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, yaşıllıq sahələrinin artırılması yalnız şəhərlərin estetik görünüşünün yaxşılaşdırılması məqsədi daşımır. Ağaclar və yaşıllıq zolaqları şəhər mikroiqliminin tənzimlənməsinə, tozun və bəzi çirkləndiricilərin azalmasına, istilik adası effektinin zəifləməsinə, insanların istirahət imkanlarının genişlənməsinə müsbət təsir göstərir.
COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin konfransda səsləndirdiyi fikirlər də bu yanaşmanı tamamlayır. Onun sözlərinə görə, havanın keyfiyyətinin yaxşılaşdırılması ilə iqlim dəyişmələrinə qarşı mübarizə tədbirləri arasında qarşılıqlı əlaqənin mövcudluğu şəhər siyasətində kompleks yanaşmanın vacibliyini göstərir.
Eyni zamanda, zərərli tullantıların azaldılması, dayanıqlı nəqliyyat sistemlərinin inkişafı və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi həm atmosfer havasının keyfiyyətinə, həm də iqlim məqsədlərinə müsbət təsir göstərir. Deməli, şəhərlərdə ekoloji problemlərin həlli ilə qlobal iqlim gündəliyi arasında birbaşa əlaqə mövcuddur.
“Yaşanılabilən Bakı” qlobal təqdimatı
COP31 çərçivəsində Azərbaycan pavilyonunda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən panel müzakirələrində şəhərlərin ekoloji dayanıqlılığının gücləndirilməsi, çirklənmiş ərazilərin bərpası və əlverişli yaşayış mühitinin formalaşdırılması məsələləri də diqqət mərkəzində olub.
İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərovun çıxışında bu istiqamətdə kompleks yanaşmanın tətbiqinin vacibliyi vurğulanıb və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmaqda olan “Yaşanılabilən Bakı” adlı layihənin bu problemin həllinə müsbət təsir göstərəcəyinə əminlik ifadə edilib. Xatırladılıb ki, layihənin əsas istiqamətləri sırasında tullantıların idarə olunması, çirklənmiş göllərin və torpaq sahələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması və dayanıqlı şəhər mühitinin inkişafı kimi məsələlər yer alıb.
Bakının ekoloji problemlərinə kompleks yanaşılması şəhərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Paytaxt əhalisinin getdikcə artması, iqtisadi fəallığın yüksəlməsi və nəqliyyat infrastrukturunun genişlənməsi də ekoloji yükün artmasına təsir göstərir. Belə şəraitdə təkcə ayrı-ayrı çirklənmə mənbələrinin aradan qaldırılması kifayət etmir. Şəhərin su, torpaq, hava, tullantı və yaşıllıq problemlərinin vahid sistem daxilində qiymətləndirilməsinə də zəruri ehtiyac yaranır.
Xüsusilə çirklənmiş göllərin və torpaq sahələrinin bərpası ekoloji təhlükəsizliyin təmin edilməsi baxımından daha çox diqqət çəkir. Belə ərazilərin sağlamlaşdırılması şəhər sakinlərinin həyat şəraitinin yüksəldilməsi ilə bərabər, yeni ictimai məkanların yaradılması və şəhər infrastrukturunun daha səmərəli istifadəsi üçün əlverişli imkanlar açır.
Əsgər Ələkbərovun sözlərinə görə, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanan layihənin digər mühüm əhəmiyyəti beynəlxalq təcrübənin yerli şəraitə uyğun tətbiqidir. Müasir şəhər idarəçiliyində ekoloji problemlərin həlli üçün maliyyə resursları ilə yanaşı, texnologiya, hüquqi imkanlar və uzunmüddətli planlaşdırma da mühüm rol oynayır. Bu baxımdan “Yaşanılabilən Bakı” təşəbbüsü paytaxtın ekoloji inkişafı üçün yeni imkanlar yarada biləcək mühüm layihə kimi böyük əhəmiyyət daşıyır.
“Ekoloji memarlıq” günün yanaşmasıdır
COP31 çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni inzibati binasına beynəlxalq “yaşıl” bina sertifikatının (YeS-INT) təqdim edilməsi ölkəmizdə ekoloji cəhətdən dayanıqlı memarlıq yanaşmasının inkişafı baxımından əlamətdar hadisədir. Ümumi sahəsi, təxminən, 25 min kvadratmetr olan 18 mərtəbəli inzibati binanın beynəlxalq sertifikata layiq görülməsi enerji səmərəliliyi, ekoloji dayanıqlılıq və resurslardan səmərəli istifadə meyarlarının müasir tikinti prosesində tətbiqinin konkret nümunəsidir.
Layihənin önəmli xüsusiyyətlərindən biri onun yerli mütəxəssislər tərəfindən hazırlanması və həyata keçirilməsi ilə bağlıdır. Belə ki, Əməkdar memar Nəriman İmaməliyevin rəhbərliyi ilə azərbaycanlı memarların layihələndirdikləri binanın tikintisində də yerli memar, mühəndis və inşaatçılardan ibarət komandanın iştirak etməsi diqqət çəkir. Bu fakt müasir memarlıq və mühəndislik sahəsində milli kadr potensialının inkişaf etdiyini, yerli mütəxəssislərin beynəlxalq standartlara cavab verən layihələr hazırlamaq imkanlarına malik olduğunu göstərir.
Binanın memarlıq həllərində Bakının iqlim xüsusiyyətlərinin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Oval forma və əsas həcmlər arasında yaradılan açıq məkan hava axınının səmərəli istiqamətləndirilməsinə, istilik itkilərinin azaldılmasına imkan verir. Beşinci mərtəbədə yerləşən və təxminən, 1200 kvadratmetr sahəni əhatə edən asma bağ isə layihənin ekoloji baxımdan ən maraqlı elementlərindən biridir. Buradakı yaşıllıq zonası əməkdaşlar üçün istirahət şəraiti yaratmaqla bərabər, binanın mikroiqliminin yaxşılaşdırılmasına və istilik yükünün azaldılmasına xidmət edir.
Digər mühüm xüsusiyyət intellektual idarəetmə texnologiyalarının tətbiqidir. Fasad sistemlərinin günün saatlarından və hava şəraitindən asılı olaraq Günəş şüalarının binaya təsirini avtomatik tənzimləməsi soyutma sistemlərinə olan tələbatı azaltmağa imkan verir.
Bu nümunə göstərir ki, “yaşıl” memarlıq təkcə tikintidə ekoloji materiallardan istifadə etməkdən ibarət deyil. Burada binanın layihələndirilməsindən istismarına qədər bütün mərhələlərdə enerji, su, istilik və digər resursların səmərəli idarə olunması əsas prinsip kimi qəbul edilir.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 17 Noyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















