Azərbaycanın neftqaz sektoru 2024: əsas faktlar və mühüm hadisələr TƏHLİL
Hazırda qlobal enerji keçidi fonunda “yaşıl” enerjinin inkişafı və ənənəvi enerji mənbələrindən istifadənin tədricən azaldılması tendensiyası sürətlənir. Bu, bir dəb və ya kapriz deyil, qlobal istiləşmənin sürətini, iqlim dəyişikliyini azaldacaq və qlobal ekoloji vəziyyəti yaxşılaşdıracaq bir zərurətdir. Bütün dövlətlərin keçməli olacağı həyati və dönməz prosesdir.
Azərbaycan da atmosferə sıfır emissiyaya nail olmaq və qlobal ekoloji problemlərlə mübarizə sahəsində qlobal proseslərin fəal iştirakçısıdır. Bunu ölkədə günəş və külək elektrik stansiyalarının yaradılması, su elektrik stansiyaları şəbəkəsinin genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması kimi möhtəşəm planlar sübut edir. Bundan əlavə, ölkə Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında “yaşıl” əlaqə yaradacaq “yaşıl dəhlizlər”in yaradılması layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır.
Azərbaycanın qlobal “yaşıl” məqsədlərə sadiqliyinin bariz nümunəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransının Bakıda keçirilməsidir. Məhz bu möhtəşəm tədbir çərçivəsində Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına, ölkənin həm “yaşıl” enerjinin əsas istehsalçısına, həm də onun ixracatçısına və tranzit edən ölkəyə çevrilməsinə töhfə verəcək bir sıra saziş və sənədlər imzalanıb.
Tədbir zamanı Azərbaycanın “yaşıl” enerjinin inkişafı və yaşıl iqtisadiyyatın formalaşdırılması üzrə planlarına xidmət edən müəyyən məqsədlər açıqlanıb və bəyanatlar səsləndirilib.
Bəli, enerji keçidi, beynəlxalq enerji bazarının və dünya iqtisadiyyatının “yaşıllaşdırılması” üçün qlobal tendensiyalar və planlar artıq müəyyən edilib, lakin indiki mərhələdə ənənəvi enerji resurslarından və neft-qaz sektorundan tamamilə imtina etməkdən danışmaq mümkün deyil. Belə görünür ki, neft və qaz növbəti onilliklərdə hələ də əsas enerji mənbələri olaraq qalacaq və bu, “yaşıl” enerjiyə investisiyalarla yanaşı, neft-qaz sektorunun inkişafını zəruri edir.
Qeyd edək ki, hazırda neft-qaz sənayesi Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olaraq qalır ki, bu da ölkəyə böyük gəlirlər gətirir və digər sahələrin inkişafına imkan verir. Ölkədə neft və qaz hasilatının artırılması məqsədilə mövcud layihələr, eləcə də yeni mənbələrin axtarışı sahəsində zəruri işlər yerinə yetirilir.
Bəs 2024-cü ildə ölkənin neft-qaz sektoru hansı mühüm hadisələrlə yadda qalıb? “APA-Economics” bu il Azərbaycanın neft-qaz sektorunda baş verən vacib hadisələrin xülasəsini oxucularının diqqətinə çatdırır:
“Azəri-Çıraq-Günəşli”
Ölkənin neft-qaz sektorundan danışarkən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi üzrə əfsanəvi layihənin əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Məhz bu layihənin həyata keçirilməsinin başlanğıcı Azərbaycana SSRİ-nin dağılmasından sonra tənəzzülə uğramış iqtisadiyyatı dirçəltməyə və onu prinsipial olaraq yeni səviyyəyə qaldırmağa imkan verdi.
Onu da qeyd etmək lazımdır ki, bu il AÇG layihəsi üçün çox simvolikdir. Məhz 2024-cü ildə AÇG-nin işlənilməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü qeyd olundu.
Belə ki, 2024-cü il AÇG üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Yanvar ayında Böyük Britaniyanın BP şirkəti AÇG-nin işlənməsi layihəsinin operatoru kimi blokda yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlayıb.
“Balaxanı” və “Fasilə” lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik məlumat toplama üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanıb; hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.
Aprelin ortalarında Xəzərdə nəhəng AÇG yatağında quraşdırılmış yeddinci platforma olan yeni “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından ilk neft əldə olundu.
ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. ACE hazırda üç quyudan gündə təxminən 26 min barel neft hasil edir.
Qeyd edək ki, ACE platforması texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.
Vacib faktlardan biri də odur ki, AÇG-də dərin laylarda yerləşən sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalandı. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kub futadək olduğu düşünülür.
Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.
Quyu mövcud “Qərbi Çıraq” platformasından qazılır və ilk qaz hasilatının 2025-ci ildə olacağı gözlənilir.
Bununla yanaşı, bu ilin dekabr ayı AÇG üçün də əlamətdar olub. Belə ki, bu ay yataqlar blokundan 600 milyonuncu ton neft hasil edilib.
Ümumilikdə hasil edilmiş 600 milyon ton neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib.
Qeyd
Cari ilin iyulun 19-da SOCAR Norveçin “Equinor” şirkəti SOCAR və “ONGC Videsh Limited” (Hindistan) ilə AÇG və BTC-dəki (layihələrdə payı müvafiq olaraq 7,27% və 8,71% təşkil edib) aktivləri üzrə yenilənmiş alqı-satqı müqaviləsi imzalayıb. SOCAR “Equinor”un AÇG və BTC-də müvafiq olaraq 6,655% və 7,96%-lik, “ONGC Videsh Limited” isə müvafiq olaraq 0,615% və 0,75%-lik səhm payını alıb.
Noyabrın 29-da “Equinor” qeyd olunan əməliyyatlar üzrə sövdələşmələri bitirdiyini elan edib. Əməliyyatın ümumi dəyəri 720 milyon dollar təşkil edib.
“Şahdəniz”
Azərbaycanın ikinci nəhəng karbohidrogen layihəsi “Şahdəniz” qaz-kondensat yatağının işlənməsidir. Məhz “Şahdəniz”in (“Şahdəniz-2”) işlənməsinin ikinci mərhələsi Azərbaycana Avropanın qaz tədarükçülərindən birinə çevrilməyə imkan verdi. Belə ki, yataq istismara veriləndən 01 dekabr 2024-cü il tarixinədək buradan 48,3 milyon tona yaxın kondensat, 234,3 milyard kubmetr qaz çıxarılıb.
Ümumilikdə “Şahdəniz-2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
“Şahdəniz” müqavilə sahəsində qazılmış kəşfiyyat quyusunun (SDX-8) hədəflədiyi laylardan 2023-cü ildə əldə olunmuş məlumatların təhlili bu il ərzində davam etdirilib. Bunda məqsəd hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontları qiymətləndirməkdir.
Bu il BP Xəzər dənizindəki obyektlərində iri çənlərə texniki baxış keçirmək üçün qabaqcıl dron texnologiyasının tətbiqinə başlayıb. Şirkət ilk dəfə olaraq “Şahdəniz Alfa” platformasında boş çənlərə texniki baxış keçirmək üçün “Elios 3” dronlarından istifadə edib.
Bu, BP-nin regiondakı əməliyyatlarının təhlükəsizliyi və səmərəliliyinin artırılması üçün tətbiq olunan texnoloji ilklərdən biridir. Bu yeniliyin sürət və etibarlılıq kimi bir sıra əlavə üstünlükləri də var - onun sayəsində bu əməliyyata insan müdaxiləsinə ehtiyac qalmır, iş sürətlə və çevik yerinə yetirilir. Əlavə olaraq, bu innovativ texnologiyanın tətbiqi ardıcıl və daha dəqiq texniki baxış məlumatlarının əldə olunmasını təmin etməklə əməliyyat qərarlarının qəbuluna kömək edəcək.
Yatağın işlənməsi tarixində daha bir mühüm hadisə layihəyə yeni tərəfdaşın daxil olması oldu. Belə ki, iyun ayının 5-də Macarıstanın “MVM Group” şirkətinin “Şahdəniz “layihəsində 5 % və “Cənub Qaz Dəhlizi” QSC-də (SCPC) isə 4 % pay almasına dair saziş imzalanıb.
Artıq avqust ayında “MVM Group” “Cənub Qaz Dəhlizi” (SGC) QSC-dən “Şahdəniz” qaz yatağının işlənməsi layihəsində 5 % və “Azerbaijan Gas Supply Company Limited” şirkətindən “South Caucasus Pipeline Company”də 4 % pay almaq üçün satınalma prosesini tamamlayıb.
“Bu əlamətdar satınalma ilə “MVM Group” beynəlxalq mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirəcək və şirkətin təbii qazın dəyərinin yaradılması zəncirindəki mövqeyini daha da şaxələndirəcək. Sövdələşmə Avropa İttifaqının qaz tədarükünün şaxələndirilməsi səylərinə, eləcə də milli enerji strategiyasına və “MVM Group”un inkişaf strategiyasına tam uyğundur”, – şirkətin rəsmi məlumatında bildirilib.
“Abşeron” yatağı
“Abşeron” yatağının kəşfi Azərbaycanın qaz potensialının artırılmasında mühüm rol oynayıb. Son hesablamalara görə, yatağın karbohidrogen ehtiyatları 303 milyard kubmetr qaz və 100 milyon ton kondensat təşkil edir.
Bu ilin fevralında SOCAR və Fransanın “TotalEnergies” neft-qaz şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ADNOC şirkətinə Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz yatağının işlənməsi layihəsindəki paylarının 15 %-nin satış prosesini bitirib.
Bununla Fransa şirkəti və SOCAR-ın hər birinin layihədəki payı 35 %, ADNOC-un isə 30 % təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin avqustunda ADNOC, SOCAR və “TotalEnergies” şirkəti ilə “Abşeron” qaz-kondensat yatağında ümumilikdə 30 %-lik payın alınmasına dair müqavilə imzalayıblar.
Xatırladaq ki, 03 iyul 2023-cü il tarixində “Abşeron” qaz-kondensat yatağından gündəlik 4,2 milyon kubmetr qaz və 1200 ton kondensat hasilatı ilə istismara başladı. “Abşeron” qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə ilk bir il ərzində 1,5 milyard kubmetrdən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib.
Hazırda yatağın işlənilməsinin növbəti mərhələsinin başlanılması üçün müvafiq işlər aparılır ki, bununla bağlı son investisiya qərarı verilsin.
“Qarabağ” yatağı
Azərbaycanda neft hasilatının azalması prosesinin stabilləşdirilməsi baxımından "Qarabağ" yatağının işlənilməsi böyük əhəmiyyət kəsb edir. 2024-ci il ərzində layihənin səhmdarlarının tərkibində dəyişikliklər olub.
Norveçin “Equinor” şirkəti "Qarabağ" neft yatağının işlənməsi layihəsində 50 % payını SOCAR-a satışı üzrə sövdələşməni başa çatdırıb. Satışı üzrə sövdələşmə 2024-cü il aprelin 24-də başa çatıb.
Bununla yanaşı, bu ilin sentyabr ayında SOCAR və BP Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu imzalandı.
Birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100% iştirak payına malikdir.
İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi - Dan Ulduzu - Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş (HPBS) var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100%-nə malikdir.
Onu da qeyd etmək lazımdır ki, SOCAR “Qarabağ” yatağında qısa müddətdə neft hasilatına başlayacağını ümid edir.
“Bizim neft hasilatımızın əsas həcmi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşür. Əsas məqsədimiz neft hasilatının aşağı düşmə sürətini sabitləşdirmək və sonra müəyyən bir vaxtı bu səviyyədə saxlamaqdır. Eyni zamanda, yeni yataqların mənimsənilməsidir”, - SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.
Onun sözlərinə görə, “Qarabağ” yatağı neft hasilatı baxımından perspektivlidir: ““Qarabağ” yatağına gəlincə, burada artıq quyular var ki, onlardan 3-ü kəşfiyyat, 1-i isə qiymətləndirmə quyusudur. Ona görə də ümid edirik ki, bu yataqda hasilat tez bir zamanda başlayacaq”.
Qeyd
Cari ilin sentyabrında SOCAR və BP enerji təchizatı təhlükəsizliyinin artırılması mədsədilə beynəlxalq neft və qaz apstrim (kəşfiyyat və hasilat) layihələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq niyyətlərini dəstəkləyən bir anlaşma memorandumu imzaladıqlarını elan ediblər.
Memorandum çərçivəsində şirkətlər beynəlxalq səviyyədə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində sinerji potensialını və bir sıra yeni investisiya imkanlarını birgə qiymətləndirəcək.
Memorandum həmçinin bu iki şirkətin dünyaya etibarlı və əlçatan enerji təchizatını təmin etmək imkanlarının qiymətləndirilməsində öz təcrübə və biliklərini bölüşmək niyyətini əks etdirir.
Quruda kəşfiyyat işləri
Bu ilin sentyabrın 20-də SOCAR və Macarıstanın “MOL Hungarian Oil and Gas” şirkəti arasında “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumuna əsasən, tərəflər Azərbaycanın karbohidrogen hasilatının daha da artırılması istiqamətində əməkdaşlıq edəcəklər.
Gördüyümüz kimi, Azərbaycan neft-qaz sektorunun daha da inkişafı, neft hasilatının həcminin sabitləşdirilməsi və mavi yanacağın istehsalının artırılması istiqamətində fəal iş aparır. Artıq işlənməkdə olan və bir sıra perspektivli yataqların qaz potensialı ölkə üçün böyük ixrac imkanları açır, çünki hazırda təbii qaz yeni qlobal enerji nizamının formalaşması fonunda daha ekoloji cəhətdən təmiz keçid yanacağı hesab olunur.
Faktlar Azərbaycanın böyük qaz ixrac imkanlarından danışır. Təkcə bu il Azərbaycan beş Avropa ölkəsinə - Serbiya, Sloveniya, Şimali Makedoniya, Xorvatiya və Slovakiyaya qaz ixracına başlayıb. Beləliklə də, Azərbaycan hazırda dünyanın 12 ölkəsinə qaz çatdırır. Və bu, son deyil. Əsas odur ki, Azərbaycan geniş potensialı, böyük xammal bazası və infrastruktur imkanlarına malıkdir, qalan məsələlər isə zamanla həllini tapacaq. Bütün bunlar 2025-ci ilin Azərbaycan üçün bütün sahələrdə, xüsusən də neft-qaz sektorunda uğurlu il olacağına inanmağa imkan verir.