Icma.az
close
up
RU
Azərbaycanın qadın qarmon ifaçıları

Azərbaycanın qadın qarmon ifaçıları

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Ənvər SADIQOV
Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti
[email protected]

Azərbaycanda musiqi mədəniyyətinin və instrumental qarmon ifaçılığının inkişafında kişilərlə yanaşı, qadınların da böyük rolu olub. Bu məqalədə XIX əsrin sonu və XX əsrdə yaşamış bir neçə qadın qarmon ifaçısı haqqında məlumat vermək istəyirik. Öncə qarmonun yaranma tarixinə kiçik ekskurs edək.

lll

Diatonik səsdüzümlü, yəni yalnız ağ dillərdən ibarət olan qarmon alətini 1822-ci ildə Almaniyada saat ustası Fridrix Kristian Buşman icad edib. 1829-cu ildə Kirill Demian Vyanada (Avstriya) bu növ qarmonun əsasında akkordeon alətini hazırlamışdır. O, akkordeonun sol tərəfində özünü müşayiət etmək üçün düymələr qoyub. Həmin düymələr sol əlin barmaqları ilə çalınır.

1830-cu ildə qarmon Almaniyadan Rusiya İmperiyasının Tula şəhərinə gətirilib və alət burada özünün inkişaf mərhələsini keçib. Tula şəhərində silah ustası kimi çalışan İvan Sizov qarmonun sağ tərəfinə 7 dil və sol tərəfinə isə 2 bəm düymə qoyub. Sonrakı illərdə sağdakı dillərin sayını 10-a, soldakı düymələri isə 4-ə çatdırıblar. Belə quruluşlu qarmonlar təxminən 1840-1850-ci illərdə Rusiya İmperiyasının Tula şəhərindən musiqi mədəniyyətimizə daxil olub. Təbii ki, diatonik səsdüzümlü qarmon peşəkar musiqiçiləri qane etmirdi. 1870-ci ildə Tula şəhərində qarmon ifaçısı, müəllim və dirijor Nikolay Beloborodov ilk dəfə xromatik səsdüzümlü qarmonlar hazırladı, bununla da, alətin bədii-texniki imkanları və diapazonu genişləndi.

Virtuoz tarçı Mirzə Fərəc Rza oğlu Rzayevin nəvəsi, XX əsrin əvvəllərində ilk qadın kamança ifaçılarından biri olmuş Ruqiyyə Rzayeva babasından bəhs edən monoqrafiyada iki qadın musiqiçinin adını çəkir: "Nənəmin 14 dilli qarmonunu rəfiqələrindən Nərgiz adlı qadın, Mir Tağının (əslində, Mirseyid Mirbabayev yazılmalıdır, Mir Tağı isə məşhur xanəndənin atasıdır - Ə.S.) bizdə olan, balıq dərisindən üz çəkilmiş qavalını isə Xədicə xanım çalırmış".

Sitatda adıçəkilən bu qadınlar Mirzə Fərəcin ömür-gün yoldaşı Güləndam xanımın rəfiqələri olmuşlar. Çox təəssüf ki, qarmonçu Nərgiz xanım haqqında heç bir əlavə məlumat əldə edə bilmədik. Xədicəxanım Sadıqova isə kitabda Xalq artisti, görkəmli lirik-tenor səsli opera müğənnisi Hüseynqulu Sarabskinin bibisi kimi təqdim edilir. Amma onların doğum ilinə fikir verdikdə bibi qardaşoğlundan yaşca çox kiçik görünür və bu da şübhə doğurur. Xədicəxanımın oğlu Əməkdar artist Məmməd Sadıqov da tanınmış aktyor olub. Görkəmli şair Mikayıl Müşfiqin bibisi oğlu, Azərbaycan SSR-nin ilk Hərbi Komissarı, general Əlihüseyn Dağlı "Ozan Qaravəli" adlı əsərində bir sıra çalğı alətləri ilə yanaşı, qarmondan da bəhs edir. O yazır: "Birinci qarmon çalmaq məşğuliyyət kimi, evlərdə qadınlar arasında yayılıb və bəyənilmişdir (o dövrdə gəlin toylarında yalnız qadın çalğıçılar iştirak etdiyindən qarmon onlar üçün əvəzsiz alət sayılırdı). Lakin bu da məlumdur ki, XIX əsrin axırlarında Bakıda, içərişəhərli Seyid Həsən mükəmməl qarmon çalırdı. Ətrafında həvəskar şagirdləri olub, ondan qarmon ifaçılığının sirlərini öyrəniblər".

İqtibasdan göründüyü kimi, Azərbaycanda qarmon alətinin ilkin ifaçıları qadınlar olub. Belə ki, Azərbaycana, Bakı şəhərinə ilk qarmonu 1840-cı illərdə Rusiyadan Volqaboyu Xəzər dənizi vasitəsi ilə Bakıya gələn gəmiçilər gətiriblər. Gəmi işçilərindən biri yola düşərkən ifa etdiyi qarmonunu da özü ilə "qulaqyoldaşı" kimi götürüb. O, nahar vaxtı və yaxud işdən sonrakı asudə vaxtlarında qarmonu ifa etməklə dinləyənlərə mənəvi zövq verirdi. Gəmi işçiləri Bakıda əhalinin ehtiyacı olan malları satıb həmin pulla başqa mallar alıb Rusiyaya aparırmışlar. Qarmonçu da bazarda aləti çalmaqla ətrafına daha çox müştəri toplayırmış. Adı bizə bəlli olmayan içərişəhərli bir kişi qarmonu da uşaqları üçün oyuncaq kimi alır. İçərişəhərli həmin kişi Ə.Dağlı adını çəkdiyi Seyid Həsənin atası olubmuş. O, qarmonu evə gətirdikdə xanımı (təəssüf ki, Seyid Həsənin ata və anasının adlarını müəyyənləşdirə bilməmişik) yüksək musiqi duyumu olduğundan qarmonu sərbəst şəkildə ifa etməyi öyrənir. Seyid Həsən də qarmon çalmağı anasından öyrənibmiş.

Həmin dövrdə qadın toylarına kişi musiqiçiləri dəvət etməzdilər. Qadın müğənnilər qaval çalıb oxuyar, qız-gəlinlər rəqs edərmişlər. Beləcə, qarmon aləti qadın məclisləri üçün əvəzolunmaz alətə və toyların bəzəyinə çevrilir. Bu gün də qadın məclislərində, xınayaxdı mərasimlərində qarmon ən aparıcı və mühüm alət sayılır.

Rusiyadan Volqaboyu Xəzər dənizi vasitəsi ilə Bakıya gələn gəmi işçiləri sonrakı səfərlərində özləri ilə bir neçə qarmon gətirib limanda satırdılar. Beləcə, yalnız ağ dillərdən ibarət, yəni diatonik səsdüzümlü qarmonlar Bakıdan Azərbaycanın müxtəlif bölgələrinə də yayılırdı.

Ə.Dağlı məşhur "Qıdqılıda" rəqsinin də elə bazarda yarandığını bildirir: "Çox maraqlıdır ki, qarmon "Moltanı karvansara"sında, sandıq bazarında satılırmış. Əvvəllər qarmonu alan olub, amma çalan olmayıbdır. Satıb-alan vaxt yoxlamada qarmondan "qıd-qıd-qıdıl-qıd" səsləri çıxıb. Ona görə də yarışəbədə, yarıgerçək qarmon satana "qıd-qıdılıcı" deyiblər".

Deməli, rəqsin "Qıdqılıda" adlandırılmasında "qıd-qıd-qıdıl-qıd" səsləri səbəb olub.

Sona xanım Qarabağlı (XIX əsrin sonu, XX əsrin əvvəli) - qadınlar arasında ilk qarmon ifaçılarından biri olub, Şuşada yaşayıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar mədəniyyət işçisi, müxtəlif rəqslərin quruluşçusu Kamal Həsənov əsərlərində XX əsrin əvvəllərində Qarabağda, daha dəqiqi, Şuşada saz çalıb rəqs edən Sona adlı bir ifaçının adını çəkir. Maraqlıdır ki, Kamal müəllim həmçinin Sona xanım adlı bir qarmonçalandan da söz açır. Fikrimizcə, adıçəkilən ifaçılar eyni şəxsdir. Belə ki, Sona xanım çoxşaxəli sənətkar olmuş, gözəl rəqs etməklə yanaşı, saz və qarmon çalğı alətlərinin də mahir ifaçısı kimi tanınmışdı. O, Azərbaycanın bütün bölgələrində geniş yayılmış "Xalabacı" rəqsinin müəllifidir. Bu barədə folklorşünas-alim Kamal Həsənov məlumat verib.

Xədicə Hüseyn qızı Musaxanova (1875-1985) - 110 il ömür sürmüş bu qarmonçunun da adı hörmətlə xatırlanmalıdır. O, XIX əsrin sonlarında qarmon alətinə böyük maraq və həvəs göstərib. Xədicə xanım qarmonu müstəqil şəkildə öyrənib, sonralar biliyini artırmaq məqsədi ilə dövrünün ilk qarmon müəllimi İçərişəhərli Seyid Həsəndən muğamların sirlərinə yiyələnib. Xədicə xanım qadınlardan ibarət sazəndə ansamblı təşkil edib və qadın toylarının bəzəyinə çevrilib.

Narınc Şamaxılı (XIX əsrin II yarısı-XX əsrin əvvəli) - bu qarmon ifaçısı və müğənni-xanəndənin adına tanınmış folklorşünas-alim, filologiya elmləri doktoru, professor Hacı Seyfəddin Qəniyevin araşdırmalarında rast gəlirik. Doğrudur, Narınc Şamaxılı haqqında geniş məlumat əldə edə bilməsək də, onun həmin mənbədə Şirvanda qarmonun yayılmasında, təbliğində, eləcə də tədrisindəki rolu açıqlanır.

Sənəm Səlimqızı (1890-1976) - 1890-cı ildə Şamaxı şəhərində dünyaya göz açmışdı. O, qarmon çalmağı və xanəndəlik sənətini Şamaxıda Narınc xanımdan öyrənmişdir. Sənəm Səlimqızı ifaçılıq sənətini erkən yaşlarında mənimsəsə də, ailə həyatı qurduğundan və körpələrinin qayğısına qaldığından ciddi sənətlə bir qədər gec məşğul olmuşdu. O,1923-cü ildən etibarən qız toylarına ayaq açmış, tezliklə xanəndə və qarmonçalan kimi bölgədə çox məşhurlaşmışdı. Sənəm Səlimqızı ustadı Narınc xanımla və onun musiqiçi rəfiqələri - Püstə, Zeynəb Abbas qızı, Nisəxanım Bağır qızı ilə birgə Şamaxıda toyları idarə etmişdi.

Sənəm Səlimqızı 1930-cu illərin I yarısında ustad Aşıq Mirzə Bilalla tanış olmaq qərarına gəlir. Belə ki, Aşıq Mirzə Bilalın ömür-gün yoldaşı Soltanxanım rəfiqəsi Sənəm Səlimqızı ilə bir məhəllədə yaşamışlar. Aşıq Mirzə Bilal ailə həyatı quranda Sənəm Səlimqızı artıq müstəqil toyları idarə edir və bölgədə çox sevilən sənətkara çevrilmişdi. Bununla belə, o, hər gün öz üzərində çalışır, günbəgün repertuarını zənginləşdirirdi. Sənəm rəfiqəsi Soltanxanımdan xahiş edir ki, "onu Aşıq Mirzə Bilalla tanış etsin və bu ustaddan bilmədiklərini öyrənsin". Belə də olur, o, nəinki aşıq sənətini, eləcə də yaxşı bilmədiyi bir sıra muğamları Aşıq Mirzə Bilaldan mükəmməl şəkildə mənimsəyir. Sənəm Səlimqızı 1930-1937-ci illərdə Aşıq Mirzə Bilalla bərabər bir çox toylarda cürə sazda çalıb-oxuyur. Bilindiyi kimi, Aşıq Mirzə Bilal 1937-ci ildə şərlənib "antisovet" təbliğatına görə həbs edilib güllələnir. Onun bir çox tələbələri kimi, Sənəm Səlimqızı da ustada ehtiram əlaməti olaraq uzun müddət çalıb-oxumur.

II Cahan müharibəsi illərində Azərbaycanın bütün bölgələrində şənliklər, toy-düyünlər səngimişdi. Əhalinin maddi vəziyyəti xeyli ağırlaşmışdı, bir sıra ailələrin başçıları və övladları müharibədə həlak olmuşdular. Ölkədə aclıq, səfalət hökm sürürdü. Təbii ki, belə bir şəraitdə kimsənin yadına şənlənmək düşmürdü.

1945-ci ildə II Cahan müharibəsi bitəndən sonra Sənəm xanım yenidən Şamaxıda qız toylarına dəvət almağa başladı. O, 1960-cı ildə Bakıya köçmüş və ömrünün sonuna kimi bu şəhərdə yaşamış, qız toylarında qarmonçalan kimi fəaliyyət göstərmişdi.

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:315
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see519

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see398

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see395

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see360

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see259

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see255

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see247

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see215

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see210

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see210

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see197

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see189

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see186

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see185

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see181

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see172

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see163

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see158

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri