Azərbaycanın sosial siyasəti: yüksək rifah cəmiyyəti uğrunda
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hazırda hər bir müstəqil dövlət üçün sosial siyasət daha da önəmli hesab olunur. İnsanların rahat yaşaması, tələbatlarını tam ödəməsi və şəxsi inkişaf imkanlarına malik olması sosial inkişafın təmin edilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan dövləti üçün də bu məsələ çox aktualdır. Ölkə rəhbərliyi əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atır. Artıq beşinci sosial islahat paketi qəbul edilib və onun müddəaları yerinə yetirilməkdədir. Azərbaycanın sosial siyasətinin mahiyyətinə qısa nəzər yetirsək görərik ki, hər növbəti sosial islahat paketi öncəkindən daha geniş və əhatəli qaydada problemləri həll etməyə istiqamətlənib. Bu məsələnin həm də Azərbaycan dövlətinin identikliyi ilə sıx bağlılığı vardır. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səmərəli fəaliyyəti diqqətdən kənarda qalmamalıdır. Bu dinamik prosesin bir sıra nəzəri xüsusiyyətlərinin araşdırılmasına əsaslı ehtiyacın yarandığını düşünürük.
Müasir müstəqil dövlət: varisliyin sosial aspekti
Filosoflar və iqtisadçılar XXI əsrin gəlişi ilə dövlətlərin müstəqilliyinin əsas şərtlərini müəyyənləşdirməyə çalışırlar. Məsələnin mahiyyəti bundadır ki, XXI əsr insan kapitalının inkişafı ilə sıx bağlıdır. İndi kimsə şübhə etmir ki, dövlət üçün insanın rifah halının yaxşılaşdırılması, onun şəxsiyyət kimi formalaşması, intellektual səviyyəsinin və yaradıcılıq imkanlarının artırılması kimi aspektlər çox aktualdır. Buna görə də dünyanın ən inkişaf etmiş ölkələrində strateji inkişaf kursunda insana qayğı, dəstək və bütün cəhətlər üzrə vətəndaşın dinamik inkişafı əsas yerlərdən birini tutur.
Öncə onu vurğulayaq ki, Azərbaycanın sosial siyasətinin əsaslarını ulu öndər Heydər Əliyev yaradıb. Həmin sosial siyasət çərçivəsində insanların layiqli həyat şəraiti uğurla təmin edilir, çoxlu sayda uzunmüddətli proqramlar həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyununda imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" Fərmanı bu baxımdan fundamental rol oynamaqdadır.
Hazırkı mərhələdə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin sosial dövlət quruculuğu kursunu uğurla davam etdirir. Bu baxımdan Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf strategiyasında əsas hədəfin qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin yaradılması kimi müəyyən edilməsi tamamilə məntiqlidir. 2021-ci ildə sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlə bağlı qəbul edilmiş sənəddə vurğulanan beş üstün istiqamətdən üçü sosial rifahla əlaqəlidir. Bunlar aşağıdakılardır:
1) dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2) dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3) rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı.
Bizə görə, Azərbaycanın dövlət olaraq sosial siyasətinə, ümumiyyətlə, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin əsas müddəaları kontekstində baxmalıyıq. Çünki sosial rifahın strateji anlamı həmin sənəddə ifadə edilib. Orada deyilir: "Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir".
Vurğulanan sosial rifah yönlü üç istiqamətlə sənəddə yer almış fikirləri ümumiləşdirərək Azərbaycanın sosial rifah dövləti kimi bir sıra xüsusiyyələrini aydınlaşdıra bilərik.
Azərbaycan – sosial rifah nümunəsi
Yuxarıda vurğulanan prioritetlərdən görünür ki, Azərbaycanda cəmiyyətin sosial rifahının yüksəldilməsində bir neçə sfera əsas rol oynamalıdır. Belə ki, rəqabət qabiliyyəti yüksək olan iqtisadiyyat dayanıqlı olmalı, cəmiyyətin dinamizmi və inklüzivliyi birbaşa sosial ədalətə əsaslanmalı və XXI əsrin tələblərinə uyğun müasir innovasiya məkanı yaratmaqla insan kapitalının inkişafı sağlam rəqabət üzrə aparılmalıdır. Burada dövlət idarəetməsinin vətəndaşa qayğısı, iqtisadi sistemin davamlı və dayanıqlı inkişafı insanın inkişafı məsələsi ilə sıx əlaqədə təqdim olunur. Deməli, sosial rifahda başlıca məqam dövlət və cəmiyyətin qarşılıqlı əlaqədə vətəndaşın həyat səviyyəsinin yüksəlməsinə yönəlik addımlar atmasından ibarətdir.
Bu ümumi siyasi-idarəetmə və sosial-iqtisadi inkişaf konteksti xüsusi fəaliyyət mexanizmlərinin müəyyən edilməsini şərtləndirir. Onlar da yuxarıda sənəddən gətirdiyimiz iqtibasda dəqiq ifadə edilib. Həmin mexanizmləri aşağıdakı kimi qruplaşdıra bilərik: yüksək, dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi artım; azad edilmiş ərazilərə əhalinin qayıdışı; Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsi kimi cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi; dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması; özəl mülkiyyət institutlarının gücləndirilməsi; ticarət rejimlərinin daha da liberallaşdırılması; özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi.
Vurğulanan özəlliklər Prezident İlham Əliyevin sosial rifah siyasətində davamlı olaraq öz parlaq ifadəsini tapıb. Bu məqam üzərində geniş dayanmağa çalışacağıq.
Azərbaycanın sosial dövlət identikliyi
Prezident İlham Əliyevin aşağıdakı tezisi Azərbaycan Respublikasının sosial dövlət kimi identikliyinin konkret aspektlərini dəqiq ifadə edir: "Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır". Bu yığcam tezisdə Prezident İlham Əliyev Azərbaycanın sosial dövlət xarakteristikasını dörd faktor üzrə müəyyən edib. Onlar Azərbaycan vətəndaşının qayğıları, vətəndaşın problemləri, vətəndaşın təhlükəsizliyi və insan xoşbəxtliyinin təminidir. Həmin dörd faktorun kompleks həyata keçirilməsi Azərbaycan vətəndaşına xidmət nümunəsidir. Deməli, Azərbaycanın sosial dövlət identikliyinin mərkəzində "vətəndaş" anlayışı dayanır. Fokusda isə vətəndaşın qayğıları, problemləri, təhlükəsizliyi və xoşbəxtliyi yer alır.
Vətəndaşın qayğıları hər bir cəmiyyətə xas olan məsələdir. Onların təmin edilməsi dövlət üçün sosial aspektdə strateji məna kəsb edir. İnsan üçün ən etibarlı dəstək dövlət tərəfindən göstərilən dəstəkdir. Vətəndaş gündəlik həyatda qarşısına çıxan problemlərin həllində dövlət tərəfindən dəstək gördükdə məmnunluq duyur. Azərbaycanda da insanlar problemlərin həllində dövlətin dəstəyinə güvənirlər.
Vətəndaşın problemləri haqqında daha çox danışılır. Ən inkişaf etmiş ölkələrdə belə problemsiz vətəndaş yoxdur. Buna görə də Azərbaycan rəhbərliyi daim vətəndaşların üzləşdiyi problemləri öyrənir və onların həllinə çalışır. Bunun üçün konkret proqramlar həyata keçirilir.
Vətəndaşın təhlükəzisliyi sosial rifah aspektində çox aktual və müasir məsələdir. Burada təmiz ekoloji mühitin yaradılması məsələsi ön sıraya çıxarılır. Azərbaycan daim bu məsələ ilə bağlı beynəlxalq miqyaslarda müzakirələr aparır və problemləri masaya çıxarır. Məsələn, Bakı ermənilərin Qarabağda ətraf mühiti çirkləndirməsinin aradan qaldırılması ilə bağlı kifayət qədər fəallıq göstərir. Etnik mənsubluğundan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı ekoloji təmiz mühitdə yaşamalıdır. Bundan başqa, Azərbaycanda hər il ağacəkmə aksiyaları keçirilir, çayların və dənizin təmizliyi ilə bağlı konkret addımlar atılır. İçməli su məsələsi tam həll edilib.
Bunlarla yanaşı, COP29-un Azərbaycanda keçirilməsi tarixi hadisədir. Bu da Azərbaycanın sosial dövlət identikliyinin əsas göstəricilərindən biridir. İqlim dəyişikliyi ilə mübarizənin mərkəzi məqamını atmosferin çirklənməsinin qarşısının alınması təşkil edir. Bu, sırf sosial mahiyyətli məsələdir. Deməli, Azərbaycan Prezidenti beynəlxalq səviyyədə atmosferin təmizliyi üçün ciddi addımlar atır. Bunun fonunda sosial dövlət identikliyində "yaşıl iqtisadiyyat", "bərpaolunan enerji", "yaşıl ölkə" üzrə proqram və layihələr mühüm yer tutur.
Digər faktor kimi Azərbaycanda ərzaq təhlükəsizliyinə çox ciddi diqqət yetirilir. Sosial sfera üzrə qəbul edilən proqramlarda həmin istiqamət mühüm və əhəmiyyətli yer alır.
Nəhayət, vurğulanan üç faktor Azərbaycan vətəndaşının xoşbəxtliyi üçün çox əhəmiyyətlidir. Onların kompleks halda təmin edilməsi sosial dövlətin əsas vəzifələrindən biridir.
Bütün bu məqamlara son bir neçə ildə qəbul edilən sosial proqramlar işığında baxa bilərik. O zaman Prezident İlham Əliyevin sosial rifah siyasətinin mahiyyəti daha aydın təsəvvür edilə bilər.
6 ildə 4 sosial islahat paketi
Prezident İlham Əliyevin 2018-2024-cü illəri əhatə edən fərman və sərəncamları ilə dörd sosial islahat paketi həyata keçirilib. Onlar cəm halında 4 milyondan artıq vətəndaşı əhatə edir. Bu, ölkə vətəndaşlarının təqribən 50 faizinin 6 il müddətində dövlət qayğısı ilə konkret proqramlar üzrə əhatə olunması deməkdir. Digər proqramları – iqtisadi və enerji islahatlarını, kənd təsərrüfatı üzrə həyata keçirilən layihələri də nəzərə alsaq, çox yüksək rəqəm, demək olar, 100 faizlik nəticə alınır.
Xüsusi olaraq, dörd sosial islahat paketi üçün 7 milyard manat əlavə illik vəsait ayrılıb. Həmin dövrdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğində 2,7 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 2 dəfəyədək, median əməkhaqqında 2,2 dəfə, əməkhaqqı fondunda 3 dəfə, əmək müqavilələrinin sayında 609 min (48 faiz) artım qeydə alınıb.
Altı il ərzində hazırlanıb həyata keçirilən dörd sosial islahat paketi Azərbaycan Respublikasının sosial dövlət siyasətinin özəlliklərini çox dolğun şəkildə ifadə edir. Burada əsas məqam ondan ibarətdir ki, həmin proqramlarda əhalinin daha çox kəsiminin (təqaüdçülərin, orta aylıq pensiya, müavinət, yardım və əmək haqqı alanların) əhatə edilməsinə xüsusi diqqət yetirilib. Bu siyasətin fəlsəfəsi və sosial hədəfləri çox əhəmiyyətlidir. Məsələ onunla bağlıdır ki, son zamanlar hətta Avropa ölkələrində pensiya, müavinət və yardımların differensiasiyası daha da əhəmiyyətli xarakter alıb. Çünki, bütövlükdə, dünyada maddi dəstəyə ehtiyacı olanların sayı sürətlə artır. Bunun fonunda bir sıra Avropa dövlətləri çətinliklərlə üzləşir. Məsələn, Polşa öncə xaricilərə qapılarını geniş açmışdı. İndi təhsil sahəsində məhdudiyyətlər qoyur, çünki xaricilərə bonus verə bilmir. Və ya Böyük Britaniya rəsmi şəkildə bir neçə dəfə Şərqi Avropadan miqrasiya edənlərə sosial müavinətlər ödəməyəcəyini bəyan edib. Azərbaycanda isə vurğulanan istiqamətlərdə inkişaf davamlı olaraq müşahidə edilir. Əhalinin sosial rifahı üçün dövlət mümkün olan hər bir cəsarəti nümayiş etdirir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin ifadə etdiyi fikirlər və gətirdiyi statistik məlumatlar çox maraqlı məqamlardan xəbər verir. Nazir vurğulayıb: "Əmək bazarı ilə bağlı görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4 faiz artıb və bu artımın 90 faizi özəl sektorun payına düşüb. Qeyd olunan müddət ərzində əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artıb. Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi və məşğulluğu ilə bağlı tədbirlər gücləndirilib, Vətən müharibəsindən sonrakı dövrdə bu kateqoriyadan olan 131 min şəxsə, ümumilikdə, 380 minə yaxın sosial xidmət göstərilib, şəhid ailələrinin və müharibə əlillərinin müavinət və təqaüdləri orta hesabla 2 dəfəyədək artırılıb. Son beş ildə onlara 6800 mənzil və müharibə əlillərinə isə 567 avtomobil verilib. 26,2 min nəfərin məşğulluğu təmin olunub, o cümlədən 12,4 min nəfər özünüməşğulluq proqramına, 1070 nəfər isə peşə hazırlığına cəlb edilib. 11 min nəfərə 77 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib".
Əmək və əhalinin sosial müdafiəsi nazirinin vurğulanan fikirlərinin işığında yeni sosial paketin də əhəmiyyətini aydın dərk etmək olar.
5-ci sosial paket
2024-cü il dekabrın 23-də Prezident İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzalayıb. Bu hadisə, ilk növbədə, Azərbaycanda vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini göstərir. Beşinci sosial paketin məzmununa və məqsədinə gəldikdə isə vurğulamaq lazımdır ki, yeni sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
Beşinci sosial paketdə digər sosial ödənişlərin də nəzərdə tutulması mühüm faktdır. Belə ki, dövlət başçısının tapşırığına əsasən, Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təklifləri yekunlaşdırıb. Həmin təkilflər paketi əsasında bütün sahələr üzrə müavinət və təqaüdlərin artımı təmin olunacaq. Ümumilikdə, cari ildə reallaşdırılan beşinci sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait nəzərdə tutulub və həmin artımlar 3 milyon vətəndaşı əhatə edəcək.
Yeni sosial paketin icrası üçün maliyyə vəsaitləri də kifayət qədərdir və bu ilin sonuna qədər yığım mənbələrində artımlar olacaq. Bütövlükdə, cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,7 milyard manatı ötüb ki, bu da proqnozdan 171,3 milyon manat (1,8 faiz) çoxdur. İlk 3 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox gəlirlərin yığımı icra edilib. Bu, cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizi deməkdir. Büdcə gəlirlərində qeydə alınan artımlar xərclərin tam şəkildə icrasını təmin edir. Onu mütləq vurğulamaq gərəkdir ki, beşinci sosial paketdə əlillərə, şəhid ailələri və qazilərə, məşğulluq proqramlarına ayrıca yer verilib.
Əlbəttə, beşinci sosial islahatlar paketi son deyildir. Bütövlükdə, söhbət Azərbaycanda sistemli və ardıcıl olaraq həyata keçirilən sosial siyasətdən gedirsə, məsələnin stratej tərəfini mütləq nəzərə almalıyıq. Çünki ölkənin strateji inkişaf kursu dəqiq müəyyən edilib və həmin istiqamətdə kifayət qədər inamlı addımlar atılmaqdadır. Sosial aspekt bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Beşinci sosial paketin məzmunu və məqsədi göstərir ki, hər il Azərbaycan dövləti əhalinin sosial təminatına daha çox diqqət ayırır və bu istiqamətdə fəaliyyətini genişləndirir.
Bu proses dinamik şəkildə davam edir. Etiraf edək ki, dünyanın müxtəlif regionlarında qanlı-qadalı hadisələrin baş verdiyi bir şəraitdə Azərbaycanda sosial dövlət quruculuğu davamlı olaraq inkişaf edirsə, bu, böyük nailiyyətdir. Azərbaycanın yüksək sosial rifah cəmiyyətinin yaranması məqsədinə çatacağına şübhə yoxdur. Deməli, beşinci sosial paketdən sonra altıncı sosial paket daha geniş, əhatəli və dərin sosial dəstəyi əks etdirəcəkdir!
Heydər Əliyev Fondunun sosialyönümlü layihələri
Mehriban Əiyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həmişə sosial siyasət istiqamətinə xüsusi diqqət göstərib. Bu proses indi də uğurla davam edir. Mehriban Əiyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycan vətəndaşlarında yüksək məmnunluq duyğuları yaradır. Çünki DOST mərkəzlərində, sözün əsl mənasında, müasir tələblər səviyyəsində xidmət göstərilir və problemlərin çevik həllinə nail olunur. Prezident İlham Əliyevin bu baxımdan DOST Agentliyinin və ilk DOST mərkəzinin açılışı tədbirində ifadə etdiyi aşağıdakı fikirlər böyük ümidlər yaradır: "Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək".
Faktlar da ümidvericidir. Belə ki, 159 xidmətin "bir pəncərə"dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunduğu DOST mərkəzlərində ötən dövrdə 2 milyonadək vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,1 faizdir. Artıq bir sıra ölkələr Azərbaycanın DOST təcrübəsini öyrənərək bu təcrübəni özlərində tətbiq etməyə maraq göstərirlər.
DOST infrastrukturunun ölkə boyu genişləndirilməsi işləri davam edir, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə də DOST xidmətləri qurulur.
Sosial təminat sisteminin genişləndirilməsi ilə DOST konsepsiyasının uğurlarını vahid sosial siyasət kursu sistemində qarşılıqlı əlaqədə təsəvvür edə bilərik. Həqiqətən, sosial dövlətin perspektivli inkişafı kontekstində ümidverici mənzərə yaranır. Azərbaycan rəhbərliyi sosial dövlət quruculuğunu davamlı və dayanıqlı olaraq ciddi elmi əsaslar üzrə həyata keçirir. Bu da, şübhəsiz ki, başlıca strateji məqsədə – yüksək rifah cəmiyyəti quruculuğu işinə əhəmiyyətli töhfələr verməkdədir!
Kamal Adıgözəlov


