Azərbaycanlı kulturoloq UNESCO nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görülüb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycanlı kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru Fuad Məmmədov UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Fuad Məmmədov mənəvi mədəniyyətin tərəqqisinə, yüksək mədəniyyətə malik şəxsiyyətlərin formalaşmasına və inkişafına, cəmiyyətin və dövlətin davamlı və təhlükəsiz inkişafı üçün məqsədlərə və strateji bərpaolunan ehtiyatlara həsr olunmuş bir sıra fundamental monoqrafiya və mədəniyyətşünaslıq konsepsiyalarının müəllifidir. Onun mədəniyyətşünaslığa verdiyi töhfələr altı beynəlxalq akademiya tərəfindən yüksək qiymətləndirilib. Alim beynəlxalq forumlarda, həmçinin Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Belçika, Cənubi Koreya və digər ölkələrdəki səfirliklərdə məruzələrlə çıxış edib.
Qeyd edək ki, ilk Sülh Mədəniyyəti İnstitutu UNESCO-nun dəstəyi ilə 2000-ci ildə Kazan şəhərində yaradılıb.


