Azyaşlının ölümündə günahlandırılan həkim yenidən məhkəmə qarşısına çıxarılır
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
Azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses iyunun 12-nə təyin edilib.
Həkim barəsində bəraət hökmünün çıxarılmağını istəyir.
İttihama görə, Kürdəmir rayon sakini Roman Qəribov 2023-cü ilin noyabr ayında dörd yaşlı oğlu Rüfət Qəriblini müayinə olunmaq üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıb. Rüfət Qəriblini xəstəxananın həkim-infeksionisti Elton Musayev müayinə edərək ona yanlış olaraq “Ağırlaşması olmayan qızılca” diaqnozu təyin edib. İttihamda bildirilib ki, həkim təyin edilən diaqnozu dəqiqləşdirmək üçün hər hansı bir müayinələr aparmayıb, diaqnoz əsaslandırılmayıb, xəstədə ağciyərlərin pnevmoniyasını müəyyən etməyib, onun vəziyyətinin ağırlıq dərəcəsini nəzərə alaraq təcili müalicəyə cəlb etməli olduğu halda bunları etməyib. Nəticədə həkimin göstərdiyi tibbi xidmətin yetərsizliyi səbəbindən Rüfət Qəribli kəskin tənəffüs çatışmazlığından ölüb. Zərərçəkən Roman Qəribov prosesdə təqsirləndirilən Elton Musayevə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Elton Musayev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həmçinin Elton Musayev 2 il altı 6 müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədris müəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Kamal Məmmədov


