Icma.az
close
up
RU
Bakı 2026: Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın qlobal liderliyini daha da möhkəmləndirəcək

Bakı 2026: Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın qlobal liderliyini daha da möhkəmləndirəcək

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 iyul, AZƏRTAC

Qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətini artırmaq, ətraf mühiti qorumaq və iqtisadi inkişafı təmin etmək baxımından əsas prioritetlərdən birinə çevrilib. Şəhərlər sürətlə böyüyür, lakin bu prosesin planlı və dayanıqlı olması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan öz inkişaf strategiyalarında şəhərsalmanı insan mərkəzli, ekoloji və iqtisadi cəhətdən dayanıqlı şəkildə formalaşdırmağa xüsusi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib.

Dayanıqlı gələcəyin şəhərləri Bakıda müzakirə ediləcək

2026-cı il mayın 17–22-də Bakı yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Azərbaycan paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir.

Bakı Forumunun əhəmiyyəti “UN-Habitat” və onun tərəfdaşları üçün bir neçə mühüm yubileylə sıx bağlıdır. Belə ki, həmin il bir sıra tarixi və rəmzi hadisələrin yubileyləri qeyd olunacaq. 1976-cı ildə keçirilmiş və “UN-Habitat”ın yaradılmasının əsasını qoymuş “Habitat I” konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda təşkil olunmuş “Habitat II” konfransının 30 illiyi, 2016-cı ildə qəbul edilmiş “Yeni Şəhər Gündəliyinin” 10 illiyi məhz 2026-cı ildə tamam olur. Bu yubileylər BMT-nin şəhərsalma sahəsindəki fəaliyyətinin mühüm mərhələlərini və qlobal şəhər inkişafı istiqamətində əldə olunan nailiyyətləri əks etdirir. Hər biri öz növbəsində şəhərsalmanın davamlı inkişafı, insanların həyat səviyyəsinin yüksəldilməsi və ətraf mühitin qorunması üçün strateji əhəmiyyət daşıyır.

WUF13-ün Bakıda keçirilməsi bu mühüm yubileylərin həm beynəlxalq səviyyədə qeyd olunması, həm də Azərbaycanın şəhərsalma sahəsindəki öncül rolunun dünyaya təqdim edilməsi baxımından əlamətdardır. Bu Forum ölkələrə ötən dövrdə əldə olunmuş təcrübələri müzakirə etmək və gələcək üçün yeni, innovativ həllər tapmaq imkanı yaradacaq. Azərbaycan üçün isə WUF13 həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və ağıllı şəhərsalma modellərini təşviq etmək üçün əvəzsiz platformadır.

Bakı WUF13-ə doğru gedən yolda real nəticələrlə öndədir: yaşıl zonaların genişləndirilməsi, ağıllı şəhər yanaşmaları, COP29 çərçivəsində şəhərsalma üzrə yüksəksəviyyəli görüşlərin təşkili, eləcə də beynəlxalq ekspertlər qruplarında fəal iştirak Azərbaycanın bu sahədə strateji baxışını ortaya qoyur. WUF13 təkcə şəhərsalma mütəxəssisləri üçün deyil, həmçinin iqlim, infrastruktur, texnologiya, kənd təsərrüfatı və insan rifahı sahələrində çalışan bütün qlobal oyunçular üçün gələcəyin şəhərlərinin necə qurulacağına dair yol xəritəsini təqdim edəcək.

Azərbaycanın bu sahədə artan nüfuzu təkcə ev sahibliyi ilə məhdudlaşmır. Ölkəmiz “UN-Habitat” təşkilatı ilə genişmiqyaslı əməkdaşlıq proqramı çərçivəsində insan mərkəzli, ağıllı və dayanıqlı şəhərlərin qurulması üçün qlobal bilik və təcrübənin formalaşdırılmasında da fəal iştirak edir. Belə ki, “UN-Habitat” Assambleyasının 2023-cü il iyunun 5–8-də keçirilmiş ikinci sessiyasında qəbul edilən qətnaməyə əsasən, “BMT-nin İnsan Mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Təlimat” sənədinin hazırlanması məqsədilə beynəlxalq ekspertlər qrupu formalaşdırılıb. İyirmi dörd ölkədən 31 aparıcı mütəxəssisin yer aldığı bu qrupda Azərbaycanı iki nümayəndə təmsil edir. Bu fakt Azərbaycanın həmin sahədə həm praktiki, həm də intellektual töhfə verən ölkələrdən biri olduğunu bir daha nümayiş etdirir. Həmin beynəlxalq ekspertlər qrupunun birgə fəaliyyəti nəticəsində hazırlanmış “İnsan Mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Təlimat” layihəsi 2024-cü il mayın 29–30-da Nayrobidə keçirilmiş “UN-Habitat” Assambleyasının növbəti iclasında təqdim olunaraq, üzv dövlətlər tərəfindən geniş şəkildə müzakirə edilib. Bu sənəd gələcəyin şəhərlərinin planlaşdırılması və idarə olunması sahəsində qlobal yol xəritəsi kimi çıxış etməyi hədəfləyir. Eyni zamanda, bu sənəd şəhərsalma ilə ətraf mühit məsələlərinin inteqrasiyası, xüsusilə də iqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsində daha da aktuallaşır. Artıq COP tədbirləri çərçivəsində şəhərsalma gündəmin xüsusi mövzusuna çevrilib. Son illərdə “UN-Habitat”ın təşəbbüsü ilə COP çərçivəsində “Şəhərsalma Günü” və əlaqəli tematik tədbirlər təşkil olunur. Bu prosesin əsası 2022-ci ildə Misirin Şarm əl-Şeyx şəhərində keçirilmiş COP27 konfransında qoyulub və həmin vaxtdan etibarən yüksəksəviyyəli Nazirlər Görüşləri mütəmadi şəkildə keçirilir.

Azərbaycan bu qlobal çağırışlara yalnız müşahidəçi kimi deyil, həmçinin fəal təşəbbüskar kimi qoşulur. Belə ki, COP29 çərçivəsində ölkəmizin təşəbbüsü ilə şəhərsalma və iqlim tədbirlərinin inteqrasiyasına həsr edilmiş xüsusi Nazirlər Görüşü əvvəlki illərdən fərqli olaraq bütün gün ərzində davam edən genişformatlı tədbirə çevrilib. Bakıda təşkil olunan bu görüş çərçivəsində “Yaşıl tikinti, binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlim böhranının həlli”, “Mobillik və yaşıl şəhər nəqliyyatı”, “Şəhərlərdə təbiət, sağlamlıq və kənd təsərrüfatı məsələləri”, “Dayanıqlı və ekoloji cəhətdən sağlam şəhərlərin inkişafı üçün maliyyələşmə mexanizmləri” mövzuları üzrə dəyirmi masalar keçirilib. Tədbirlərdə mindən artıq nümayəndə – dövlət rəsmiləri, diplomatik korpus üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, maliyyə institutlarının və özəl sektorun təmsilçiləri iştirak ediblər. Bu, həm Azərbaycanın şəhərsalma siyasətinə beynəlxalq etimadın göstəricisi, həm də WUF13 öncəsi ölkəmizin bu sahədə liderlik iddiasının real zəminə söykəndiyinin sübutudur.

Azərbaycanın şəhərsalma strategiyası

Gələn il Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu yalnız coğrafi mövqe baxımından deyil, həm də urbanizasiya sahəsində qlobal transformasiyanın mərkəzi kimi strateji əhəmiyyət daşıyır. Forum dünyanın aparıcı şəhərsalma mütəxəssislərinin, siyasətçilərin, ekspertlərin bir araya gələcəyi universal platformaya çevriləcək və gələcək nəsillər üçün innovativ şəhər modellərinin müzakirə olunacağı mühüm dialoq məkanı rolunu oynayacaq.

Bakı bu mötəbər tədbirin ev sahibi olmaqla artıq formalaşmış şəhər inkişaf konsepsiyasını beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı qazanacaq. 2019-cu ildə Beynəlxalq Memarlar İttifaqının Baş Assambleyasına və tematik forumuna ev sahibliyi edən Bakı şəhəri o dövrdə də beynəlxalq şəhərsalma mühitində böyük maraq doğurub. Həmin tədbir Azərbaycanın şəhərsalma və memarlıq sahəsində qlobal əməkdaşlığa verdiyi əhəmiyyətin ilkin təzahürlərindən biri olub.

Son illərdə paytaxt Bakıda həyata keçirilən kompleks abadlıq, infrastruktur və yaşıllaşdırma proqramları Azərbaycanın şəhər planlaşdırılmasına dair uzunmüddətli baxışını əks etdirir. Yeni salınan parklar, bərpa olunmuş ictimai məkanlar və ekoloji baxımdan balanslaşdırılmış şəhər strukturu Bakını dayanıqlı və yaşamaq üçün daha əlverişli məkana çevirir. Bu təşəbbüslər həm də ölkənin WUF13 kimi nüfuzlu tədbirlərə əhəmiyyətli töhfə verməyə tam hazır olduğunu göstərir.

Forumun Bakıda keçirilməsi, eyni zamanda, Azərbaycanın son illərdə şəhərsalma və ərazi bərpası istiqamətində apardığı genişmiqyaslı işlərin beynəlxalq səviyyədə tanınmasına səbəb olacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhər konsepsiyaları, xüsusilə də azad edilmiş ərazilərdə sıfırdan inşa olunan ağıllı və ekoloji məntəqələr Azərbaycanın bu sahədə regional lider kimi çıxış etdiyini göstərir.

Azərbaycanda şəhərsalmanın əsasını təşkil edən prinsiplər – əhalinin sosial rifahı, ekoloji tarazlıq və texnoloji yeniliklərin tətbiqi paytaxtın inkişafına yön verilən strateji xəttin mahiyyətini formalaşdırır. Bu baxımdan Bakı yalnız milli səviyyədə deyil, eyni zamanda, beynəlxalq miqyasda da müasir urbanizasiya modelinin öncül simvoluna çevrilir.

WUF13 Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin “UN-Habitat” ilə dərinləşən əməkdaşlığının və qlobal şəhərsalma proseslərində getdikcə artan rolunun təsdiqidir. Bu Forum Azərbaycan üçün təkcə nailiyyətlərini sərgiləmək imkanı deyil, həm də gələcəkdə qlobal iqlim dəyişikliklərinə, şəhər mühitinin idarə edilməsinə və dayanıqlı inkişaf hədəflərinə cavab verəcək yeni beynəlxalq tərəfdaşlıqlar qurmaq baxımından əhəmiyyətli platforma olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri