Bakı aeroportunda xoşagəlməz mənzərə Xanımım və qızım üçün almışam
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə bağlı yeni iddialar yayılıb. Sərnişinlərin bildirdiyinə görə, buradakı gömrük postlarında aparılan yoxlamalar normadan artıq sərt və izahsız şəkildə həyata keçirilir. Xüsusilə xarici ölkələrin hava limanlarındakı “Duty Free” mağazalarından alınan adi məhsulların belə müsadirə olunması, sərnişinlərin saatlarla sorğu-suala tutulması narazılığı daha da artırır.
Məsələ dəfələrlə mediada gündəmə gətirilsə də, problemin aradan qaldırılması istiqamətində real addımların atılmaması suallar doğurur.
Globalinfo.az-a danışan iqtisadçı və hüquqşünas Əkrəm Həsənov bildirib ki, bir neçə il əvvəl qanunvericiliyə edilən dəyişikliklərə əsasən, müəyyən məbləğdən yuxarı dəyərə malik malların və ya eyni məhsuldan normadan artıq sayda gətirilməsi gömrük rüsumuna cəlb olunur:
“Hələ o zaman bu qaydalar tənqid edilirdi, çünki onların subyektiv hallara yol açacağı aydın idi. Birincisi, bunu müəyyən etmək çox çətindir. Məsələn, mən xaricə gedib bahalı bir əşya almışam və onu üzərimdə gətirirəm. Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək? Bəlkə həmin əşya əvvəldən mənim olub və sadəcə üzərimdə aparmışam? Bu baxımdan məsələ olduqca mürəkkəbdir. Bu qaydanın tətbiq edilməsinin səbəbləri də hamıya bəllidir. Bir tərəfdən guya xaricdən mal gətirib ölkə daxilində satan şirkətləri qorumaq məqsədi güdülür. Yəni vətəndaş özü gedib mal alıb gətirməsin, mütləq hansısa sahibkar vasitəsilə alsın. Halbuki mən özüm gedib almışamsa, niyə buna məhdudiyyət qoyulmalıdır? Digər tərəfdən isə guya dövlət büdcəsinə əlavə vəsait cəlb edilir. Bütün bunlar insanların ciddi narahatlığına səbəb olur”.
Əkrəm Həsənov özü də oxşar vəziyyətlə üzləşdiyini qeyd edib:
“Dekabr ayında Avropadan qayıdanda məni də narahat etdilər. Proses belə olur: əşyalar rentgen aparatından keçirilir və bəzi yüklər bilərəkdən ən axıra saxlanılır. Sərnişin çıxışa yaxınlaşanda isə onu çağırıb çantaları açdırırlar. Mənə də dedilər ki, çantaları açın, orada alınmış əşyalar görünür. Həqiqətən də xanımım və dörd qızım üçün ümumilikdə 5 çanta və pulqabı almışdım. Bunlar sadəcə kiçik hədiyyələr idi, heç bahalı brend məhsullar da deyildi. Qəbzləri göstərdim, baxdılar ki, qiymətləri yüksək deyil. Buna baxmayaraq, məhsulların dəyərini müəyyənləşdirmək üçün başqa bir əməkdaş – qadın mütəxəssis dəvət olundu. O da təsdiqlədi ki, bunlar bahalı əşyalar deyil və bundan sonra buraxıldım. Amma bu proses insanda çox mənfi təəssürat yaradır. Gətirdiyin malların nə olduğu, neçəyə alındığı ilə bu cür maraqlanılması dünyanın heç bir yerində rast gəlinən hal deyil. Heç bir ölkədə sərnişini bu şəkildə saxlayıb gömrük rüsumu tətbiq etməyə çalışmırlar. Əgər yoxlama aparılmalıdırsa, bunu ya müəyyən saydan artıq çemodanın olduğu hallarda etsinlər, ya da adi sərnişinləri əsassız şəkildə narahat etməsinlər”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















