Bakı Hanoy: zəngin tarixə malik dostluq ŞƏRH
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan-Vyetnam münasibətləri uğurla inkişaf edir. Onilliklər əvvəl əsası qoyulan dostluq əlaqələri bu gün böyük bəhrələr verir. Bakı və Hanoy ikitərəfli münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu və nəticəyönümlü prinsiplər əsasında qurur, bununla da zamanın sınağından çıxmış tərəfdaşlığın ən etibarlı sərvət və gələcəyə uzanan sarsılmaz körpü olaraq qaldığını bir daha sübut edir.
Dövlət başçısı İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibəsində iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin uğurlu inkişafından, münasibətlərin zəngin tarixindən, Vyetnama rəsmi səfərinin gözləntilərindən və gələcək perspektivlərdən geniş bəhs etmişdir. Cənab İlham Əliyev vurğulamışdır ki, Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq lazımdır. Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi.
1983-cü il isə münasibətlərdə əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfər etdi. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin müddəti səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirdi. Möhkəm, zamanın sınaqlarından çıxmış dostluğa əsaslanaraq, hər iki tərəf əlaqələrin gücləndirilməsini və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsini ardıcıl şəkildə davam etdirdi. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri baş tutdu. 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanq Azərbaycana səfər etdi. Ənənəvi dostluq münasibətlərimiz uğurla inkişaf edərək 2025-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Belə ki, 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lam Azərbaycana ilk dövlət səfərini etdi və dövlətlərarası münasibətlərimizdə yeni səhifə açıldı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər geniş istiqamətləri əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın - Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi bu səfərin məntiqi nəticəsi oldu. Bu hadisə tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi. Ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər nüfuzlu təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub.
İqtisadi-ticari sahəyə gəldikdə isə əlaqələr ardıcıl şəkildə genişlənir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Cənab İlham Əliyev sözügedən müsahibəsində bildirdi ki, bu göstərici hələ real imkanları tam əks etdirmir və hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir.
Sovet İttifaqı dövründən bəri tarixən tərəfdaşlığımızın təməlini təşkil edən neft sektoru bu gün də qarşılıqlı fəaliyyətin əsas istiqaməti statusunu qoruyub saxlayır. Bu kontekstdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Tikinti, infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olan “ROX Group” şirkəti bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlərin imzalanması bunun əyani təsdiqidir.
Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal–Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək mümkündür. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək.
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə də iki ölkə münasibətlərinin dünəninə və bu gününə baxış əsasında qarşıdakı dövrün hədəfləri müəyyənləşdirildi. Əlaqələrimizin gələcək inkişafında əhəmiyyətli rol oynayacaq sənədlər imzalandı, dövlət başçıları Birgə Bəyanat qəbul etdilər. Bütün bunlar Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişafının aydın mənzərəsini təqdim edir. Qarşılıqlı hörmətə və etimada əsaslanan bu dostluq bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin davamlı tərəqqisinə və beynəlxalq sülhə xidmət edəcək. Bakı ilə Hanoy arasındakı strateji tərəfdaşlıq qarşıdakı illərdə daha böyük layihələrlə zənginləşərək regional və qlobal əməkdaşlığın nümunəvi modelinə çevriləcəkdir.
Həbib Cəfərov,
YAP Astara rayon təşkilatının sədri
Baxış sayı:98
Bu xəbər 23 Noyabr 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















