Bakı qlobal supermagistrala nəzarəti ələ keçirir: Qafqazda yeni Avrasiya düzəninin konturları çəkilir
Icma.az bildirir, Olke.az portalına istinadən.
Zəngəzur dəhlizi artıq regional logistik layihə olmaqdan çıxaraq, qlobal supermagistrala çevrilmə ehtimalı qazanmağa başlayıb. Belə ki, Zəngəzur dəhlizi ətrafında gedən proseslər və müzakirələr tədricən daha aydın şəkildə onu göstərir ki, bu layihə artıq sadəcə, Ermənistan və Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə məhdudlaşmayacaq. Yəni, bu dəhliz indi Avrasiya məkanında yeni geopolitik və geoiqtisadi nizamın formalaşmasında açar faktora çevrilir.
Maraqlıdır ki, ABŞ-da yerləşən Qlobal Siyasət İnstitutunun rəhbəri Paolo fon Şirahın açıqlaması bu reallığı bir daha təsdiqləyir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Türkiyədən başlayaraq, Adriatik dənizinə qədər uzanan, Avropanı Orta Asiya və Yaxın Şərqlə birləşdirən nəhəng bir supermagistralın əsas dayağı ola bilər. Və bu fərqli yanaşma Zəngəzur dəhlizi ilə bağlı mövzunu lokal mübahisə çərçivəsindən çıxararaq, qlobal logistika və güc balansı məsələsinə çevirir.
Onu da qeyd etmək lazımdır ki, hazırda bu geoiqtisadi layihə yeni Avrasiya xəritəsinin konturlarını müəyyən edir. Üstəlik, "Şərq-Qərb oxu"nun fəqrli geopolitik anlayışla çəkilməsinə də olduqca münbit şərait yaradır. Belə ki, Albaniya, Yunanıstan, Türkiyə, Cənubi Qafqaz və Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya doğru uzanan bu önəmli marşrut mahiyyət etibarilə alternativ Avrasiya dəhlizi deməkdir. Bu yeni logistik marşrut Rusiyadan yan keçən, İrandan mövcud asılılığı ciddi şəkildə azaldan, Çin-Avropa ticarət xəttini şaxələndirən bir struktur formalaşdırır.
Bu baxımdan, Zəngəzur dəhlizi hazırda bir neçə böyük strateji təşəbbüslə də üst-üstə düşür. Belə ki, ABŞ və Avropa Birliyinin Rusiyanın nəqliyyat və enerji monopoliyasını sarsıtmaq cəhdləri, Avropa Birliyinin "Global Gateway" strategiyası, Türk dünyasının vahid iqtisadi-logistik məkan kimi formalaşması indi Zəngəzur dəhlizinin gələcək taleyindən asılıdır. Beləliklə, Zəngəzur dəhlizi artıq sadəcə, nəqliyyat-kommunikasiya marşrutu deyil, həm də indi mövcud olana alternativ xarakterli yeni Avrasiya modelidir.
Digər tərəfdən, beynəlxalq səviyyədə “Trampın yolu” (TRIPP) adını daşıyan Zəngəzur dəhlizi ABŞ-ın Cənubi Qafqaza qayıdışı üçün də önəmli geoiqtisadi faktordur. Elə məhz bu kontekstdə ABŞ-Ermənistan xətti üzrə gündəmə gətirilən “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” (TRIPP) layihəsi artıq ön plana çıxarılıb. Belə önəmli marşrut üçün seçilmiş adın özü belə, Ağ Evin bu geoiqtisadi təşəbbüsü qlobal siyasi və ideoloji brendə çevirmək niyyətindən xəbər verir.
Ağ Evin TRIPP layihəsi üzrə əsas strateji hədəfləri Ermənistanı tədricən Rusiyanın təhlükəsizlik və nəqliyyat orbitindən uzaqlaşdırmaq, Zəngəzur dəhlizi mövzusunu Kremlin də tərəf olduğu 2020-2022-ci illərin üçtərəfli razılaşmaları çərçivəsindən qoparmaq, ABŞ-ı regionda birbaşa geopolitik oyunçuya çevirməkdir. Və bu, əslində, Ağ Evin postsovet məkanında uzun fasilədən sonra logistika üzərindən geopolitik təsir mexanizmi qurmaq cəhdidir.
Bütün bunları nəzərə aldıqda, Zəngəzur dəhlizi ətrafında baş verənlərə Kremlin reaksiyası da məhz Cənubi Qafqaza Rusiyanın nəzarətini itirməmək cəhdi kimi görünür. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin bu barədə açıqlamaları Kremlin mövqeyini açıq şəkildə ortaya qoyur. Və Rusiyanın olduqca ciddi narahat keçirsə də, hələlik açıq qarşıdurmaya getməkdən çəkindiyini biruzə verir.
Rus səfirin vurğuladığı TRIPP-in Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) üzvlüyünə potensial təsiri, yüklərin daşınmasının Aİİ hüquqi çərçivəsi ilə tənzimlənməsi, Rusiyanın bu mövzularda “məsləhətləşmələrə hazır olması” kimi əsas məqamların rəsmi İrəvana mesaj olaraq, ünvanlanması da qətiyyən təsadüfi deyil. Çünki bütün bunlar əslində, hazırda Kremlin əlində qalan son institusional təsir rıçaqları kimi diqqəti çəkir. Əgər, Zəngəzur dəhlizi ABŞ və Türkiyənin ortaq nəzarətinə keçərsə, onda Rusiya Cənubi Qafqazda logistika üzərindən təsir imkanlarını, "regional orbitr" statusunu və hətta təhlükəsizlik arxitekturasındakı hegemon mövqeyini itirmək riski ilə üz-üzə qala bilər.
Maraqlıdır ki, bütün bunlara paralel olaraq, Cənubi Qafqazın lider və açar dövləti olan Azərbaycan indi yeni geopolitik qovşağın mərkəzində yer alır. Çünki mövcud proseslərin ən önəmli nəticələrindən biri də məhz Azərbaycanın mövqeyinin həlledici xarakter daşımasıdır. Belə ki, əgər, Zəngəzur dəhlizi konsepsiyası reallaşarsa, Azərbaycan Avropa-Türkiyə-Orta Asiya xəttinin mərkəzi həlqəsinə çevriləcək.
Ona görə də, rəsmi Bakı artıq indidən Azərbaycanın sahib olduğu nəqliyyat-kommunikasiya və logistika alətlərini geopolitik kapitala çevirmək istiqamətində qətiyyətli və prinsipial addımlar atır. Yəni, Azərbaycan tranzit xətlərinin keçdiyi ölkə olmaqla yanaşı, həm də geostrateji qərarverici məkan statusu da qazanır. Bu, rəsmi Bakının yalnız regional deyil, Avrasiya miqyaslı geopolitik aktor kimi də mövqeyini gücləndirir. Və Azərbaycanı Qərb, Türkiyə, bütövlükdə Türk dünyası, eləcə də Asiya ölkələri üçün əvəzolunmaz tərəfdaşa çevirir.
Göründüyü kimi, Zəngəzur dəhlizi artıq qətiyyən sadəcə, geoiqtisadi mexanizm deyil, bu, yeni geopolitik və geostrateji nizamdır. Zəngəzur dəhlizi ətrafında gedən sərt mübarizə də onu göstərir ki, bu məsələ artıq texniki və ya iqtisadi faktorlar üzərindən müzakirə edilmir. Və bu, əslində, Cənubi Qafqazın gələcək geopolitik statusunu müəyyən etmək uğrunda mübarizədir.
Belə anlaşılır ki, Ağ Ev Bayden administrasiyası dövründə uzaqlaşdığı Cənubi Qafqaza ABŞ-ı məhz Zəngəzur dəhlizi üzərindən geri qaytarmaq istəyir. Kreml Ağ Evin bu regiona yönəlik prioritetlərinin doğura biləcəyi geopolitik nəticələrdən narahatdır və nəyin bahasına olursa-olsun, Rusiyanin mövqelərini qorumağa çalışır.
Ermənistan hələlik prinsipial seçim qarşısında qaldığından verəcəyi yekun qərarla bağlı tərəddüd mərhələsindədir. Cənubi Qafqazın hegemon dövləti olan Azərbaycan isə hazırda məhz bu qlobal geopolitik oyunun mərkəzində dayanaraq, regional prosesləri yönləndirməyə çalışır. Və mövcud situasiya Zəngəzur dəhlizinin indi XXI əsrin Avrasiya geopolitikası üçün ciddi sınaq layihəsi olduğuna heç bir şübhə yeri buraxmır.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 01 Yanvar 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















