Icma.az
close
up
RU
Bakı və Pekin: Asiyanın sənaye xəritəsini dəyişən neft əməkdaşlığı TARİXİ ANALİTİK İCMAL

Bakı və Pekin: Asiyanın sənaye xəritəsini dəyişən neft əməkdaşlığı TARİXİ ANALİTİK İCMAL

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 24 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC

Neft sənayesi bütün dövrlərdə dövlətlərin iqtisadiyyatının inkişafında və möhkəmlənməsində mühüm rol oynayıb. Bu kontekstdə 1950–1960-cı illərdə Çinin neft sənayesinin formalaşmasında və inkişafında Azərbaycanın verdiyi töhfə xüsusilə diqqətəlayiqdir.

Bakı və Pekin arasında Asiyanın sənaye xəritəsini dəyişən neft əməkdaşlığı ilə bağlı AZƏRTAC-ın əməkdaşının hazırladığı tarixi-analitik icmalı təqdim edirik.

Çin Xalq Respublikasında sürətli sənayeləşmə prosesi və beynəlxalq əməkdaşlığın genişləndiyi bir dövrdə azərbaycanlı mütəxəssislərlə qarşılıqlı əlaqələr ölkənin müasir neft sənayesinin yaradılması üçün möhkəm texnoloji və kadr bazasının formalaşdırılmasına imkan verdi.

Bu əməkdaşlığın ən mühüm istiqamətlərindən biri Çin ərazisində neft və qazın kəşfiyyatı, işlənməsi və hasilatını həyata keçirməyi qarşısına məqsəd qoyan birgə müəssisələrin və səhmdar cəmiyyətlərin yaradılması idi. Həmin layihələrin əsasında artıq o dövrdə yüksək inkişaf etmiş istehsal bazasına və güclü mühəndislik məktəbinə malik Azərbaycan neft sənayesinin zəngin təcrübəsi dayanırdı. Azərbaycan mühəndisləri, geoloqları və fəhlələri Çin neft yataqlarının işlənməsində mühüm rol oynayaraq, yalnız qabaqcıl texnologiya və müasir hasilat üsullarını deyil, həm də müstəqil və dayanıqlı sənaye formalaşması üçün lazım olan dərin biliklərini səxavətlə bölüşürdülər.

Xüsusi qeyd edilməlidir ki, azərbaycanlı ekspertlər yalnız texniki dəstək göstərməklə kifayətlənmirdilər. Onlar Çin kadrlarının hazırlanması və təlimində də fəal iştirak edir, bununla da Çin neft sənayesinin davamlı inkişafının təməl daşını qoyurdular. Beləliklə, təcrübə mübadiləsi yalnız texniki sahədə deyil, həm də insan kapitalının inkişafı səviyyəsində baş verir, uzunmüddətli inkişaf və sənayeləşmə üçün möhkəm zəmin yaradırdı.

1950–1960-cı illərdə Çin intensiv sənaye inkişafı mərhələsindən keçir, əsas prioritetlərdən biri isə müasir neft sənayesinin yaradılması idi. Zəngin təbii ehtiyatlara malik olmasına baxmayaraq, Çin yataqların səmərəli işlənməsi və neft avadanlıqlarının istehsalı üçün kifayət qədər təcrübəyə və texnoloji bazaya sahib deyildi. Belə şəraitdə Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırdı. Bir çox çinli mütəxəssis təhsil və təcrübəni məhz Bakıda, Azərbaycan müəssisələrində keçərək sürətlə zəruri bilik və bacarıqlar topladılar.

Bunun praktik nümunəsi çinli mütəxəssislərin Bakının müəssisələrində təcrübə keçmələri idi. Bakıda neft avadanlıqları istehsalında aparıcı müəssisələrdən olan Leytenant Şmidt adına zavod Çin neft sənayesi üçün kadr və texnologiya mənbəyinə çevrildi. “Kommunist” qəzetində (№1, 10337, 1 yanvar 1957-ci il) dərc olunmuş məktubunda Çin nümayəndə heyətinin üzvü, konstruktor-mühəndis Lu Çji-Çu çinli mütəxəssislərin Bakıda qarşılaşdıqları səmimiyyət, peşəkarlıq və qonaqpərvərlik mühitini böyük minnətdarlıqla təsvir edib. Həmçinin zavodun yüksək texniki təchizat səviyyəsi və insani münasibətləri sayəsində əldə etdikləri qiymətsiz biliklərin Çində neft avadanlıqları istehsalının inkişafında əsas rol oynadığını vurğulayıb.

Bu biliklər strateji əhəmiyyət daşıyırdı. Lu Çji-Çu xüsusi qeyd edib ki, Bakı təcrübəsi 1958-ci ildə istifadəyə verilməsi planlaşdırılan Lançjou zavodu kimi yeni istehsal güclərinin yaradılmasına təməl oldu. Beləliklə, Azərbaycan təcrübəsi sadəcə ötürülmür, Çin neft sənayesinin strukturuna inteqrasiya olunaraq, onun sürətli inkişafına və irimiqyaslı layihələrin reallaşmasına təkan verirdi.

Bu əməkdaşlığın insani tərəfi də diqqətdən kənarda qala bilməz. Lu Çji-Çu məktubunda Azərbaycan və Çin xalqları arasında ortaq iş və ideallar əsasında yaranmış dostluq və qardaşlıq münasibətlərini vurğulayırdı. Qarşılıqlı hörmət və dəstək ruhu uğurlu əməkdaşlığın və ikitərəfli münasibətlərin möhkəmlənməsinin əsas amillərindən biri oldu.

Pekin Politexnik İnstitutunun məzunları olan bir çox çinli mütəxəssis Bakının neft emalı zavodlarında təcrübə keçərək müasir avadanlıqların quruluşu və iş prinsipləri ilə tanış olurdular. Məsələn, mühəndis Szin Lin elektrik cihazlarını və texnoloji prosesləri öyrənərək, qiymətli praktiki biliklər əldə edib. Azad Bağırov və Firudin Zeynalov kimi təcrübəli azərbaycanlı mühəndislər yalnız bilik ötürməklə kifayətlənməyib, həm də çinli həmkarları ilə səmimi dostluq münasibətləri quraraq, qarşılıqlı anlaşma və əməkdaşlıq mühitini gücləndirirdilər.

Təcrübə əsasən rus dilində aparılırdı, çünki texniki ədəbiyyat və tədris materialları məhz bu dildə idi. Təcrübəçilərin məktublarından görünür ki, istirahət otaqlarında əsasən rus və Çin dillərində dərsliklər və texniki kitablar olurdu. Bu, onların təhsilə ciddi yanaşmalarını və bilik əldə etməyə səmimi istəklərini göstərirdi.

Çinli mühəndislər Azərbaycan həmkarları ilə dostluq görüşlərini və ünsiyyətlərini xüsusi coşqu ilə xatırlayırdılar. Ai Si-xua və Çjan Xo-jo qeyd edirdilər ki, azərbaycanlılar onlar üçün yeni texnologiyaların mənimsənilməsinə dəstək göstərən əsl dost və qardaşlara çevrilmişdilər. Onlar öz məktublarında ölkələrindəki çətinliklərə baxmayaraq, Azərbaycan təcrübəsini mənimsəməklə Çin sənayesinin sürətli inkişafına töhfə verməyə çalışdıqlarını vurğulayırdılar. Çinli mütəxəssislər məktublarında Bakı neftçilərinə və bütün Azərbaycan xalqına səmimi təşəkkürlərini bildirərək, Bakıda keçirdikləri günləri xoş xatirələrlə yad edir və xalqlarımız arasında dostluğun daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını vurğulayırdılar. Beləliklə, Bakı və Çin neftçiləri arasında əməkdaşlıq təkcə texniki təcrübə mübadiləsi deyil, həm də sənaye inkişafına və mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verən beynəlxalq dostluq və qarşılıqlı yardım nümunəsi idi.

Məhz həmin dövrdə – 1950–60-cı illərdə Azərbaycan və Çin resursların, texniki potensialın və peşəkar təcrübənin birləşdirilməsi üçün səmərəli alətə çevrilən birgə müəssisələr və səhmdar cəmiyyətlər yaratmağa başladılar. Bu strukturlar təkcə iqtisadi əməkdaşlığı deyil, həm də biliklərin və idarəçilik təcrübəsinin ötürülməsini təmin edir, ilk növbədə isə neft sənayesində mühüm rol oynayırdı.

1950-ci və 1951-ci illərdə Çin Xalq Respublikası hökuməti ilə müttəfiq dövlətlər arasında bərabərlik və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan sazişlər çərçivəsində dörd birgə səhmdar cəmiyyəti yaradıldı. Bu müəssisələrdə Azərbaycan mütəxəssislərinin və kadrlarının fəal iştirakı xüsusi əhəmiyyət kəsb edirdi. Onların yaradılması ikitərəfli münasibətlərin və iqtisadi tərəfdaşlığın inkişafında mühüm mərhələ oldu və Çin sənayesinin əsas sahələrinin sürətli inkişafına şərait yaratdı.

İlk olaraq Sintszyan əyalətində - Çinin strateji əhəmiyyətli, zəngin təbii ehtiyatlara malik bu bölgəsində “Əlvan və nadir metalların hasilatı cəmiyyəti” təsis olundu. Ardınca həmin bölgədə “Neft hasilatı cəmiyyəti” yaradıldı ki, bu da enerji sektorunun inkişafına göstərilən xüsusi diqqəti əks etdirirdi. Dalyan şəhərində isə sənaye obyektlərinin texniki dəstəyi və infrastrukturun inkişafı ilə məşğul olan “Kapital və cari təmir cəmiyyəti” fəaliyyətə başladı. Nəhayət, “Mülki hava xətlərinin istismarı və idarə olunması cəmiyyəti” təsis olundu ki, bu da nəqliyyat sisteminin inkişafında və ölkələrarası əlaqələrin möhkəmlənməsində mühüm addım idi.

Bu səhmdar cəmiyyətlər Azərbaycan və Çin arasında praktiki iqtisadi əməkdaşlığın parlaq nümunəsinə çevrildi. Belə ki, neft cəmiyyətinin əsas vəzifəsi Sintszyanda neft və qazın geoloji kəşfiyyatı, mənimsənilməsi və hasilatı idisə, əlvan və nadir metallar cəmiyyətinin əsas məqsədi regionun mineral-xammal bazasının inkişafı idi. Bu sazişlərin müddəti təqribən 30 il təşkil edirdi, bu isə tərəflərin niyyətlərinin ciddi və uzunmüddətli xarakter daşıdığını göstərirdi.

1953-cü il dekabrın 31-də keçirilən təntənəli tədbirlər birgə müəssisələrdə payların Çin tərəfinə verilməsinə həsr olunmuşdu. Bu, Çinin neft aktivlərinin idarə edilməsində müstəqilliyinin möhkəmlənməsinə yönəlmiş etimadın və istəyin bariz göstəricisi sayılırdı. Nəticədə, artıq 1953-cü ilə qədər birgə işlənən yataqlarda neft hasilatının həcmi 1951-ci illə müqayisədə 19 dəfə artmışdı. Bu nailiyyətlərin əsas səbəblərindən biri Azərbaycan texnologiyalarının və mühəndislik həllərinin tətbiqi idi. Bu da əməkdaşlığın səmərəliliyini açıq şəkildə sübut edirdi.

“Sinhua” agentliyinin (“Kommunist” qəzeti, №2, 9727, 4 yanvar 1955-ci il) məlumatına görə, Dalyan və Urumçi şəhərlərində Çin Xalq Respublikasının (ÇXR) neft şirkətlərində payların ötürülməsini təsbit edən protokollar imzalanmışdı. Bu addım neft sektorunda milli idarəçiliyin möhkəmlənməsi və Çinin istehsal müstəqilliyinin genişlənməsi yolunda mühüm mərhələ idi.

Həmin dövrdə artıq ÇXR-in maşınqayırma nazirinin müavini vəzifəsini tutan Lu Çji-Çu çıxışında azərbaycanlı mühəndislərin və texnoloqların rolunu xüsusi vurğulayaraq, müəssisənin formalaşmasında göstərdikləri yardıma görə təşəkkürünü ifadə etmişdi. Bu müəssisə “Dalyan Dövlət Birgə Neft Emalı Zavodu” adını almışdı. Öz növbəsində, səhmdar cəmiyyətin baş direktoru Ma Çzab əldə edilmiş uğurların məhz azərbaycanlı mütəxəssislərlə sıx əməkdaşlıq sayəsində, habelə onların yüksək peşəkarlığı, məsuliyyəti və unikal texniki təcrübələrini açıq şəkildə bölüşmələri nəticəsində mümkün olduğunu qeyd etmişdi.

Çin Xalq Respublikasının sənaye naziri Çan Ke çıxışında azərbaycanlı mütəxəssislərə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirərək, Azərbaycan-Çin birgə müəssisələrinin fəaliyyətinin Çin neft sənayesinin inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğulamışdı. O, azərbaycanlı mütəxəssislərə dövlət mükafatları və xatirə nişanları təqdim etmişdi.

1953-cü ildə Çin xalqı böyük ruh yüksəkliyi ilə ilk beşillik çərçivəsində 130 iri sənaye obyektinin inşasına başlamışdı. Bu layihələrin həyata keçirilməsində azərbaycanlı mühəndislərin, geoloqların və texniklərin fəal iştirakı çinli mütəxəssislərə mühüm texnoloji dəstək oldu. Onların biliyi, təcrübə və dəstəyi sayəsində təkcə iddialı planların uğurla yerinə yetirilməsi deyil, həm də Çinin güclü sənaye-aqrar dövlətinə çevrilməsinə imkan verən möhkəm sənaye bazası quruldu.

Beləliklə, Azərbaycanın 1950–1960-cı illərdə Çin neft sənayesinin inkişafında rolu çoxşaxəli olmaqla yanaşı, strateji xarakter daşıyırdı. Azərbaycan mütəxəssislərinin, müəssisələrinin və texniki məktəbinin töhfələri vacib təcrübənin ötürülməsi, istehsal infrastrukturunun yaradılmasında fəal iştirak və etimada əsaslanan insani əlaqələrin gücləndirilməsi ilə özünü göstərmiş, iki ölkə arasında gələcək əməkdaşlığın möhkəm bünövrəsini təşkil etmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see402

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see141

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see141

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see138

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see136

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see130

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see130

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see129

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see128

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see128

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see127

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see125

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Pensiya alanların nəzərinə!

22 Sentyabr 2025 15:00see121

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see120

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see119

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118

SINAM və Abyss “Abyss Hackathon 2025” üçün qeydiyyatı açdı 72 saatlıq qlobal onlayn yarış

22 Sentyabr 2025 15:07see118

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri