Bakıda “İtaliya Dizayn Günü” keçirilib
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
İtaliya və Azərbaycan arasında dizayn sahəsində
əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyan “İtaliya Dizayn Günü”nün (Italian Design Day) 10-cu buraxılışı keçirilib.
525.az xəbər verir ki, tədbirdə mebel, dizayn və innovasiya
sahəsində dünyanın aparıcı beynəlxalq tədbirlərindən biri olan Salone del Mobile.Milano
sərgisinin prezidenti xanım Maria Porro xüsusi qonaq qismində iştirak edib.
İtaliya-Azərbaycan Biznes Forumu çərçivəsində keçirilən tədbir
İtaliyanın Bakıdakı Səfirliyi və İtaliya Ticarət Agentliyi (ITA) tərəfindən “Re-Design.
Məkanlara, əşyalara, ideyalara və münasibətlərə yeni baxış” mövzusu altında təşkil
olunub.
Maria Porronun iştirakı İtaliya və Azərbaycan dizayn icmaları arasında dialoqun
gücləndirilməsi, İtaliya dizaynının beynəlxalq miqyasının, yaradıcılıq, texnoloji
innovasiya, dayanıqlılıq və özünəməxsus mədəni kimliyi birləşdirmək qabiliyyətinin
nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.
Proqram Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərinin, memarlıq və
dizayn studiyalarının nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa ətrafında
müzakirə ilə başlayıb. İştirakçılar arasında PASHA Real Estate Group, PMD Projects,
Sea Breeze Resort & Real Estate, Orange Studio, Renee Architecture & Design və
Fontana Grande şirkətlərinin nümayəndələri, eləcə də yerli sektorun digər təmsilçiləri yer
alıblar. Fontana Grande layihəsinin direktoru Fazil Hümbətlinin moderatorluğu ilə keçirilən müzakirələrdə memarlıq, interyer dizaynı, daşınmaz əmlak layihələri və şəhər
məkanlarının yenilənməsi arasındakı inkişaf edən əlaqələr müzakirə olunub.
“Salone del Mobile.Milano” sərgisinin prezidenti Maria Porro çıxışında bildirib: “Azərbaycan hazırda Cənubi Qafqazda İtaliyanın ağac emalı və mebel sənayesi üçün ən
böyük bazardır. Ölkədə hotellərdən və yaşayış komplekslərindən tutmuş ofislərə və ictimai məkanlara qədər genişmiqyaslı layihələr həyata keçirilir. Bunlar məhz İtaliya
dizayn sənayesinin öz üstünlüklərini nümayiş etdirə bildiyi layihələrdir. İtaliya şirkətləri
üslub və dizayn sahəsindəki təcrübələrini fərdi layihə tələblərinə uyğunlaşmaq, işləri
vaxtında təhvil vermək və geniş miqyasda sabit keyfiyyəti təmin etmək bacarığı ilə
birləşdirirlər.
Bu gün yerli investorlar və memarlarla apardığımız müzakirələr artıq formalaşmağa
başlayan əlaqələri inkişaf etdirmək və İtaliya şirkətlərinin Azərbaycan bazarının tələblərini
qarşılaya biləcəyi konkret layihələri müəyyənləşdirmək üçün bizə imkan yaradır.
Italian Design Day 2026-nın əsas mövzusu olan Re-Design (yenidən dizaynvermə) yalnız
məkanların yenilənməsi deyil, həm də münasibətlərin yenidən qurulması deməkdir. Bu səbəbdən Azərbaycan investorları və dizaynerlərindən ibarət geniş nümayəndə heyətini 13 aprel 2027-ci ildə Salone del Mobile.Milano sərgisinin 65-ci buraxılışı çərçivəsində ilk
dəfə keçiriləcək Salone Contract platformasında qəbul etməyi arzulayırıq.
Rem Koolhaas və David Gianotten tərəfindən yaradılan OMA memarlıq studiyasının
layihələndirdiyi bu yeni platforma 4 500 kvadratmetr sərgi sahəsini əhatə edəcək. Salone Contract vasitəsilə Salone del Mobile.Milano İtaliya dizaynının dünyada təbliğindəki
rolunu daha da gücləndirərək, bütün istehsal zənciri üzrə fəaliyyət göstərən şirkətlərə iri
beynəlxalq layihələrdə iştirak etmək imkanları yaradır. Milanda Bakını və ölkənin digər bölgələrini dəyişdirən layihələrin arxasında duran komandalar öz ambisiyalarına uyğun
təcrübəyə malik istehsal tərəfdaşları tapa biləcəklər.
Bu günkü tədbirin təşkilinə görə İtaliyanın Azərbaycandakı səfiri Luca Di Gianfrancescoya
və İtaliya Ticarət Agentliyinə təşəkkürümü bildirirəm. Həmçinin bu gün öz təcrübə və fikirlərini bizimlə bölüşən azərbaycanlı layihə rəhbərlərinə və memarlara minnətdarlığımı
ifadə edirəm”.
Günün proqramı ADA Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin
memarlıq və dizayn ixtisasları üzrə tələbələri üçün Maria Porronun təqdim etdiyi “Salone
del Mobile.Milano – Connecting the Dots” adlı mühazirə ilə yekunlaşıb.
Mühazirə zamanı Porro dizaynerlərin müəyyən bir məkanı və orada yaşayan insanları
necə öyrəndiklərini, istehsalçılarla əməkdaşlığın isə ilkin ideyanı hazır məhsula necə çevirdiyini izah edib. O, Salone Satellite platformasının təcrübəsinə əsaslanaraq, müxtəlif
mədəniyyətlərdən olan gənc dizaynerlərin öz işlərini Milanda təqdim etmək və ideyalarını
real məhsula çevirməyə kömək edə biləcək istehsalçılarla əlaqə qurmaq imkanlarından
bəhs edib.
Tələbələrə müraciət edən Maria Porro qeyd edib: “Hər bir uğurlu dizayn dinləməklə başlayır. Əlaqələri qurmaq dizaynerlərin əsas fəaliyyətidir. Onlar məkanı orada yaşayacaq insanlarla, ideyanı onu həyata keçirə biləcək
sənaye ilə, bir mədəniyyəti isə digəri ilə əlaqələndirirlər.
Salone hər il Milanda dünyanın müxtəlif ölkələrindən 2 000-dən çox iştirakçını və 172
ölkədən 300 000-dən artıq ziyarətçini bir araya gətirərək, beynəlxalq miqyaslı mədəni
proqramla bu əlaqələrin qurulmasına töhfə verir.
1998-ci ildən etibarən biz 35 yaşadək dizaynerlər üçün nəzərdə tutulmuş Salone Satellite
platforması vasitəsilə də bu əlaqələri yaradırıq. Bu platforma dünyanın təxminən 60
ölkəsindən 16 000-dən çox gənc dizaynerə öz yaradıcılıqlarını ilk dəfə təqdim etmək
imkanı verib. Eyni zamanda, dünyanın müxtəlif ölkələrindən 350-dən çox dizayn məktəbi
və universitet bu təşəbbüsdə iştirak edib.
Yaradıcı düşüncənin mahiyyətini araşdırmaq istiqamətində davam edən bu təşəbbüsə
qoşulduqları üçün ADA Universitetinə, Azərbaycan Memarlıq və İnşaat Universitetinə və hər iki ali təhsil müəssisəsinin tələbələrinə təşəkkürümü bildirirəm”
“Italian Design Day” İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Mədəniyyət
Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşviq etdiyi illik təşəbbüsdür. Layihənin əsas
məqsədi İtaliya dizaynının beynəlxalq səviyyədə tanıdılması, bu sahədə yüksək nailiyyətlərin
təbliği və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.
Bakıda keçirilən 2026-cı il buraxılışı dizaynın İtaliya və Azərbaycan arasında iqtisadi və
peşəkar əlaqələrin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətini bir daha
təsdiqləyib, şirkətlər, memarlar, dizaynerlər və dövlət qurumları arasında yeni dialoq və əməkdaşlıq imkanlarının yaranmasına töhfə verib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Noyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















