Icma.az
close
up
RU
Hanoydan dünyaya verilən mesajlar

Hanoydan dünyaya verilən mesajlar

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan–Vyetnam münasibətləri ikitərəfli əməkdaşlığın çoxtərəfli platformalarla tamamlandığını göstərir

Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü iki ölkə arasında diplomatik münasibətlərin növbəti mərhələsi olmaqla yanaşı, dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın xarici siyasət prioritetlərinin coğrafi və məzmun baxımından genişlənməsinin əhəmiyyətli göstəricisidir. 

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin ardıcıl inkişafının və ənənəvi diplomatik əlaqələrin yeni geosiyasi şəraitə uyğunlaşdırılmasının təzahürüdür. 2025-ci ilin mayında Vyetnam Prezidenti To Lamın Azərbaycana dövlət səfəri zamanı ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əlaqələrin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdu. Hanoyda keçirilən görüş isə həmin siyasi qərarın institusional və praktiki məzmunla zənginləşdirilməsi baxımından əhəmiyyət daşıyır. 

Görüşdə Vyetnam Prezidenti To Lamın səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq mövqeyinin Cənub-Şərqi Asiyanın mühüm dövlətlərindən biri tərəfindən necə qiymətləndirildiyini göstərir.  Burada diqqət çəkən digər məqam Vyetnamın Azərbaycanla münasibətlərə tarixi yaddaş və qarşılıqlı etimad prizmasından yanaşmasıdır. To Lamın Vyetnamın milli azadlıq və müstəqillik uğrunda mübarizəsi dövründə Azərbaycanın göstərdiyi dəstəyi xüsusi qeyd etməsi iki xalq arasında münasibətlərin yalnız müasir siyasi maraqlara əsaslanmadığını nümayiş etdirir. Beynəlxalq münasibətlərdə tarixi yaddaş dövlətlərarası etimadın formalaşmasında mühüm siyasi kapitaldır. Xüsusilə müxtəlif siyasi sistemlərə və geosiyasi məkanlara mənsub dövlətlər arasında bu amil münasibətlərin davamlılığını təmin edən mənəvi-siyasi əsas rolunu oynaya bilər.

Prezident İlham Əliyevin çıxışında Vyetnamın sürətli inkişafının, beynəlxalq aktor kimi artan rolunun və investisiya mühitinin xüsusi vurğulanması Azərbaycanın tərəfdaş ölkəyə münasibətində praqmatik yanaşmanın ön planda olduğunu göstərir. Dövlət başçısının 2014-cü ildə Vyetnama səfərindən sonra ölkədə baş verən dəyişiklikləri qeyd etməsi iki ölkənin inkişaf təcrübələrinin müqayisəsi və qarşılıqlı öyrənilməsi üçün də müəyyən siyasi zəmin yaradır. Vyetnam son onilliklərdə sənaye istehsalının genişləndirilməsi, ixrac yönümlü iqtisadiyyatın inkişafı, xarici investisiyaların cəlb edilməsi və qlobal istehsal zəncirlərinə inteqrasiya istiqamətində ciddi nəticələr əldə edib. 

Məhz bu nöqtədə Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişafı üçün yeni imkanlar meydana çıxır. Azərbaycanın enerji ehtiyatları, tranzit və logistika imkanları, Şərqlə Qərb arasında nəqliyyat-kommunikasiya bağlantılarında artan rolu Vyetnamın istehsal, texnologiya, sənaye və ixrac potensialı ilə uzlaşdırıla bilər. Vyetnamın qlobal istehsal zəncirlərində mövqeyinin genişlənməsi, Azərbaycanın isə Avrasiya nəqliyyat və logistika məkanında strateji mövqeyə malik olması iqtisadi əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Daha geniş yanaşmada Azərbaycan Vyetnam məhsullarının Avropa və digər bazarlara çıxışında alternativ logistika imkanları, Vyetnam isə Azərbaycan şirkətləri üçün Cənub-Şərqi Asiya bazarlarına çıxış baxımından əlverişli tərəfdaş ola bilər.

***

Hanoy görüşünün ən mühüm siyasi mesajlarından biri münasibətlərin dərin tarixi köklərə malik olmasıdır. Prezident İlham Əliyevin Vyetnamın böyük dövlət xadimi Ho Şi Minin 1959-cu ildə Azərbaycana tarixi səfərini xatırlatması xüsusi əhəmiyyət daşıyır. Həmin səfər Azərbaycan ilə Vyetnam arasında münasibətlərin formalaşmasında mühüm tarixi mərhələ olub. 1959-cu ildə neft sənayesi sahəsində formalaşan əməkdaşlıq bu gün enerji təhlükəsizliyi, texnologiyaların tətbiqi, sənaye modernləşməsi və yeni iqtisadi layihələr kontekstində davam etdirilə bilər.          

Digər mühüm məsələ Azərbaycan–Vyetnam münasibətlərinin beynəlxalq siyasi müstəvidə yaratdığı imkanlarla bağlıdır. Müasir beynəlxalq sistemdə güc mərkəzləri arasında rəqabətin intensivləşməsi, iqtisadi əlaqələrin siyasi təsir vasitəsinə çevrilməsi və dövlətlərin xarici siyasətdə daha çevik tərəfdaşlıq mexanizmlərinə üstünlük verməsi yeni diplomatik yanaşmaları zəruri edir. Belə şəraitdə Azərbaycan kimi Avrasiyanın mühüm geosiyasi məkanında yerləşən dövlətlə Vyetnam kimi Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkəsi arasında strateji tərəfdaşlığın qurulması hər iki tərəfin beynəlxalq əlaqələrinin şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydaya əsaslanan münasibətlərin inkişaf etdirilməsidir. Azərbaycanın Çin, Mərkəzi Asiya, Cənubi və Cənub-Şərqi Asiya dövlətləri ilə münasibətlərinin inkişafı vahid siyasi xəttin müxtəlif istiqamətləri kimi nəzərdən keçirilməlidir. Bu xəttin əsas məqsədi Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək, yeni iqtisadi bazarlara çıxışı genişləndirmək və qlobal siyasi proseslərdə iştirak imkanlarını artırmaqdır.  

Vyetnamın xarici siyasət yanaşması da bu baxımdan maraqlı müqayisə imkanı yaradır. Hanoy uzun müddətdir müxtəlif güc mərkəzləri ilə münasibətlərdə balanslaşdırılmış siyasət yürütməyə, milli maraqlarını qorumağa və iqtisadi inkişaf üçün əlverişli beynəlxalq şərait formalaşdırmağa çalışır. Xüsusilə Cənubi Çin dənizi ətrafında geosiyasi rəqabətin mövcudluğu, ABŞ və Çin arasındakı strateji münasibətlərin Vyetnamın təhlükəsizlik və iqtisadi siyasətinə təsiri bu ölkənin xarici siyasətində çoxşaxəli tərəfdaşlığın əhəmiyyətini artırır. Vyetnamın müxtəlif dövlətlərlə münasibətləri paralel inkişaf etdirməsi onun milli maraqlara əsaslanan müstəqil xarici siyasət xəttinin mühüm elementidir.

Hanoydan verilən mesajların digər mühüm istiqaməti çoxtərəfli diplomatiya ilə bağlıdır. Vyetnam Prezidentinin AQEM Zirvə Görüşündə iştirakına görə Azərbaycan Prezidentinə təşəkkür etməsi və iki ölkənin beynəlxalq müstəvidə güclü qarşılıqlı əlaqələrini vurğulaması ikitərəfli münasibətlərin çoxtərəfli platformalarla tamamlandığını göstərir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi platformalar dövlətlərə regional təhlükəsizlik, etimad quruculuğu, iqtisadi əməkdaşlıq və siyasi dialoq məsələlərində mövqelərini ifadə etmək imkanı verir. Azərbaycanın bu platformada fəal iştirakı onun Asiya məkanında diplomatik iştirakının genişləndirilməsi baxımından əhəmiyyətlidir.                    

Hanoy görüşünün daha geniş geosiyasi mənası Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan manevr imkanları ilə də əlaqəlidir. Müasir dünya siyasətində dövlətlərin gücü yalnız hərbi və iqtisadi göstəricilərlə ölçülmür. Diplomatik əlaqələrin coğrafiyası, beynəlxalq təşkilatlarda fəallıq, müxtəlif regionlarda etibarlı tərəfdaşların mövcudluğu və milli maraqların qlobal miqyasda ifadə edilməsi də dövlətin beynəlxalq mövqeyini müəyyən edən mühüm amillərdir. Azərbaycan beynəlxalq münasibətlərdə öz maraqlarını müxtəlif siyasi mərkəzlərlə əlaqələr qurmaq, iqtisadi əməkdaşlığın coğrafiyasını genişləndirmək və regional təşəbbüslərdə fəal iştirak etmək vasitəsilə təmin etməyə çalışır. Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi bu yanaşmanın Asiya istiqamətində konkret ifadəsidir.                               

Beləliklə, Hanoy görüşü iki ölkənin münasibətlərində yeni mərhələ açmaqla yanaşı, Azərbaycanın qlobal miqyasda tərəfdaşlıq coğrafiyasını genişləndirən və beynəlxalq mövqelərini möhkəmləndirən ardıcıl xarici siyasət xəttinin növbəti təzahürüdür.

Şəbnəm ZEYNALOVA,

XQ-nin analitiki, Dövlət 

İdarəçilik Akademiyasının dosenti, 

siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Noyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri