Icma.az
close
up
RU
Bakıda məktəbli avtobuslarının təşkili reladırmı? Araşdırma

Bakıda məktəbli avtobuslarının təşkili reladırmı? Araşdırma


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramınında Bakının nəqliyyat sıxlığına təsir edən məqamlar, onların araadan qaldırılması ilə yanaşı, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə məktəb avtobuslarından istifadənin təşkili də nəzərdə tutulub.

Məsələnin icrası, ehtiyacların müəyyən olunması Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb.

Bu gün məktəblilərin daşınması üçün əsas yük ictimai nəqliyyatın, taksinin, eləcə də şəxsi minik avtomobillərinin üzərinə düşdüyündən, paytaxt yollarında tıxac, avtobuslarda isə basabas olur. Məktəblilərin dərsdən çıxan və dərsə gedən vaxtlarında uşaqlarını məktəbə gətirən və məktəbdən götürən valideynlər avtomobillərini məktəbin qarşısında heç bir qayda-qanun gözləmədən saxlayırlar. Bu zaman digər hərəkət iştirakçılarını nəzərə almayan sürücülər yolun böyük bir hissəsini bağlayırlar. Onların əksəriyyətinin uşaqlarını məktəbdən götürmək istəyi isə vəziyyəti daha da ağırlaşdırır.

Şagirdlərin nəqliyyat məsələsi təkcə Bakıda deyil, regionlarda da ciddi problemə çevrilib.

Millət vəkili Vüqar Bayramov vurğulayıb ki, inkişaf etmiş ölkələrdə olduğu kimi ölkəmizdə də məktəb avtobuslarından istifadə nəzərdə tutulur:


“Hazırda məktəb avtobuslarından az sayda məktəblilər istifadə edir. Qiymətləndirmələr göstərir ki, sistemli şəkildə məktəb avtobuslarından istifadə olunmaması tıxac yaradan səbəblərdən biridir. Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin davamlı olaraq inkişaf etdirilməsi və həmin sistemin respublikanın digər böyük şəhərlərində tətbiqi məqsədilə tədbirlər görülməsi də nəzərdə tutulur. Bu, o deməkdir ki, yalnız Bakıda deyil, digər iri şəhərlərdə də smart nəqliyyat sistemi formalaşacaq. Bütövlükdə, dövlət proqramı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun sistemli və mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur”.

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində şagirdlərin daşınması məktəbli avtobusları vasitəsilə həyata keçirilir. Avropa ölkələrində, məsələn, Almaniyada məktəb avtobusları daha çox kənd və şəhərətrafı bölgələrdə aktiv fəaliyyət göstərir və burada marşrutlar konkret olaraq təhsil müəssisələrinin yerləşdiyi ərazilərə uyğun planlaşdırılır. Xüsusi təyinatlı belə nəqliyyatlar təhlükəsizlik baxımından da olduqca əlverişlidir. Azərbaycanın da bu təcrübədən faydalanaraq sistemli bir yanaşma ortaya qoyması vacibdir. Valideynlər bu zaman övladlarını məktəbə aparmaq qayğısından azad olar, yollarda yaranan tıxacın isə qarşısı alınar:


“Bu halda həm valideynlər vaxt itirməyəcək, həm də xərclər azalacaq. Mövcud vəziyyətdə bəzi ailələr öz övladlarını taksi və ya şəxsi avtomobil ilə məktəbə aparmalı olur ki, bu da əlavə maliyyə yükü yaradır. Dövlət tərəfindən təmin edilən məktəb avtobusları isə bu problemi həll edərək bütün şagirdlər üçün bərabər imkanlar yaradacaq”.

Ekspert vurğulayıb ki, natamam orta təhsilin olduğu kəndlərdə şagirdlərin daşınmasının dövlət hesabına təmin edilməsi dağlıq ərazilərdə şagirdlərin tam orta təhsil almasına gətirib çıxarda bilər: "Bəzi valideynlər uşaqlarını uzaq məsafəyə apara bilmədiklərindən ibtidai sinifdən, eləcə də 9-cu sinifdən məktəbdən çıxardırlar. Halbuki belə ərazilərdə dövlət məktəblilərin nəqliyyat xərcini qarşılayarsa, onlar arasında tam orta təhsil alanların, ali məktəbə qəbul olanların da sayı artar".

Nadir İsrafilovun dediyinə görə, bir çox ölkələrin qanunvericiliyində göstərilir ki, məktəb avtobuslarına yaxınlaşanda və ya yanından keçəndə sürət həddi mütləq aşağı salınmalıdır. Məhz buna görə də məktəbli avtobusları ən az qəzaya uğrayan nəqliyyat hesab edilir. Həmin avtobuslar uşaqların mənzil başına təhlükəsiz çatmasını təmin etməklə yanaşı, həm də onlar arasında ayrı-seçkiliyi aradan qaldırır. Bundna başqa məktəbin xüsusi nəqliyyatının mövcud olması təhsilin keyfiyyətinə müsbət təsir göstərir".

Təhsil eksperti Elmin Nuri hesab edir ki, Bakıda məktəb avtobuslarının olması çox vacibdir:


“Bu gün aşağı siniflərdə təhsil alan şagirdlərin böyük əksəriyyəti məktəbə məhz valideyn və ya başqa şəxslər tərəfindən aparılır. Bunun üçün də şəxsi minik avtomobilindən istifadə olunur. Bu da paytaxtda tıxacların yaranmasına səbəb olur. Müşahidə etsək, görərik ki, hər halda, tətil və dərs vaxtlarda nəqliyyat sıxlığı arasında xeyli fərq var. Buna görə də düşünürəm ki, Bakıdakı nəqliyyat sıxlığını müəyyən edən əsas göstərici təhsil müəssisələridir. Bunun aradan qaldırılması, xüsusən də ibtidai sinif seqmenti üçün məktəbli avtobusunun ayrılması vacibdir”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, şagirdlərin şəxsi avtomobillərlə daşınması şəhər nəqliyyatının yüklənməsində ciddi faktordur. Bakı ətrafında yüz minlərlə insanın məskunlaşdığı məntəqələrdə məktəb yoxdur. Elə yaşayış məntəqələri var ki, məktəb olsa da, şəraiti qənaətbəxş deyil, yaxud tədris valideynləri qane etmir. Bu səbəbdən valideyin məcbur qalıb uşağı şəxsi avtomobili və ya taksi ilə başqa məktəbə aparır. Bu da yollarda, xüsusən də məktəblərin yerləşdiyi ərazilərdə tıxacların yaranmasına səbəb olur:


“Məktəbli avtobuslarının istifadəyə verilməsi hər şeydən əvvəl valideynlərin vaxtına və puluna qənaət etmək deməkdir. Əgər məktəbli avtobusları olarsa, məktəblərin qarşısındakı keçilməz tıxacları görmərik. Təmayüllü və xüsusi təyinatlı məktəblərdə nəqliyyatın uşaqları məktəbə aparmasına ehtiyac ola bilər. Amma burada da xüsusi təyinatlı avtobuslardan istifadə olunmalıdır. Məktəbli avtobusları nəqliyyatın intiensiv hərəkəti, eləcə də uşaqların təhlukəsizliyi baxımından faydaıdır. Bu, bütün dünyada qəbul olunub”.

Ekspert deyir ki, məktəbli avtobuslarında təhlükəsizlik məsələsi də önəmlidir. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan tələblər gözlənilməlidir:

“Avtobuslara gündəlik texniki qulluq edilməli, sürücü tibbi müayinədən keçməlidir, avtobus qarajda saxlanmalıdır, sürücünün iş rejiminə diqqət etmək lazımdır. Daşıyıcı təşkilatın olması məqsədəuyğun olar. Bu kimi məqamlara xüsusi olaraq diqqət yetirilməlidir".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ölkədə fəaliyyət göstərən özəl məktəblərin əksəriyyətində avtobuslar mövcuddur. Xarici ölkələrdə isə bütün özəl və dövlət məktəblərində şagirdlər avtobuslarla təmin olunub:


“Məktəb avtobusları ibtidai sinif şagirdlərinin daşınması üçün daha vacibdir. Bu, həm uşaqların təhlükəsizliyi baxımından əhəmiyyətlidir, həm də məktəblərin yerləşdiyi ərazilərdə, yollarda yaranan tıxacların qarşısını almağa kömək edəcək. Hazırda müşahidə olunan odur ki, səhər və günorta saatlarında, yəni uşaqların məhz şəxsi avtomobillər və ya taksi vasitəsilə məktəbə gətirilib aparıldığı müddətdə böyük tıxaclar yaranır".

Nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, Azərbaycanda bir sıra özəl məktəb və liseylərdə məktəb servisləri var və valideynlər bu xidmətdən olduqca razıdırlar:


"Hərəkətin təhlükəsizliyi baxımından məktəb avtobuslarının olması vacibdir. Çünki bir avtobus 30-40 şagirdi eyni vaxtda məktəbə gətirib-aparırsa, bu o deməkdir ki, hansısa məktəbin qarşısından 30-40 avtomobil azalır. Bu, çox yaxşı haldır. Yollarda sıxlığın da azalmasına səbəb olur".

Elməddin Muradlı bildirib ki, valideynlər uşaqlarını məktəbə aparıb-gətirməyə çox xərc çəkir: "Tıxacların, məktəblərin qarşısındakı sıxlığın qarşısının alınması üçün məktəb avtobusları əlverişlidir. Eyni zamanda bu, valideynlərin büdcəsinə də xeyirdir. Məktəbli avtobuslarının təşkil olunması yüzlərlə insanın işlə təmin olunması deməkdir”.

Məktəb avtobuslarından istifadənin təşkili məsələsi valideynlər tərəfindən də müsbət qarşılanıb.

Valideyn Çiçək Əliyeva bildirib ki, məktəb yaşadığı ünvandan uzaqda yerləşir. Buna görə də uşağı hər gün məktəbə ya taksi, ya da avtobusla aparıb-gətirir:

“Yağışlı havalarda yalnız taksidən istifadə edirik. Avtobusla gedəndə yol xərci 20 manat, taksi ilə isə 80 manata gəlib çıxır. İnanıram ki, məktəb avtobuslarının təşkil olunması valideynlər üçün həm sərfəli, həm də rahat olacaq”.

Digər valideyn Nazilə Muradova deyir ki, övladının biri 4-cü, digəri isə 2-ci sinifdə oxuyur. Biri səhər, digəri isə günorta növbəsindədir. Məktəb uzaqda olduğu üçün bəzən iki avtobus dəyişməli olurlar:

“Kiçik​ övladımı məktəbə taksi ilə aparıb-gətirirəm. Böyüyü isə avtobusla. Aylıq yol xərci 250 manata gəlib çıxır. Əgər məktəbli avtobusları təşkil olunsa, böyük məmnuniyyətlə övladlarımı məktəbə bu avtobuslarla yola salaram. Məktəbli avtobusları ilə şagirdlərin daşınması həm ucuz, həm də etibarlı olar”.

Sevinc,

BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.


seeBaxış sayı:86
embedMənbə:https://www.bakupost.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri