Bakıdan İstanbula uzanan elm yolu professor Abdullah Sofiyev
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
İstanbul, 25 avqust, AZƏRTAC
Elm adamlarının həyatı çox vaxt rəqəmlərlə ifadə olunur. Dərc olunan məqalələr, alınan istinadlar, həyata keçirilən layihələr, yetişdirilən tələbələr və qazanılan mükafatlar... Halbuki bütün bu rəqəmlərin arxasında illərin zəhməti, səbir, maraq və elmə sarsılmaz bağlılıq dayanır. Türkiyədə yaşayan azərbaycanlı alim, Dünya Azərbaycanlı Alimlər Birliyinin və Türkiyənin Azərbaycanlı Alimlər Dərnəyinin üzvü, İstanbul Ticarət Universitetinin professoru Abdullah Aveyin (Sofiyev) akademik yolu da bunlardan ibarətdir.
Alim həyat hekayəsini AZƏRTAC-la bölüşüb. Azərbaycanda anadan olan Abdullah Sofiyevin elm yolu riyaziyyatla başlayıb, zamanla nəzəri və tətbiqi mexanikanın ən mürəkkəb sahələrinə qədər uzanıb. Bakıda riyaziyyat üzrə təhsil aldıqdan sonra bir müddət riyaziyyat müəllimi işləyib, daha sonra mühəndislik mexanikasına yönələrək maye, qaz və plazma mexanikası, həmçinin deformasiya olunan cisimlər mexanikası sahələrində ixtisaslaşıb.
Doktorluq dissertasiyasını deformasiya olunan cisimlər mexanikası üzrə müdafiə edib. Sonrakı illərdə akademik fəaliyyətinin mühüm hissəsini Türkiyədə davam etdirən Sofiyevin diplomu, doktorluq dərəcəsi və elmi adlarının Türkiyədə tanınması prosesi də Türkiyə Ali Təhsil Şurası tərəfindən tamamlanıb. Onun Bakıda, Azərbaycan Texniki Universitetində başlayan akademik karyerası daha sonra Türkiyədə Ondokuz Mayıs və Süleyman Dəmirəl universitetlərində davam edib. 2005–2022-ci illərdə Süleyman Dəmirəl Universitetinin İnşaat mühəndisliyi fakültəsində professor kimi çalışan Sofiyev 2022-ci ildən etibarən İstanbul Ticarət Universitetinin Riyaziyyat fakültəsində professor olaraq elmi fəaliyyətini davam etdirir.
“Bu yol boyunca elmə baxışım heç vaxt bir sahə ilə məhdudlaşmayıb. Riyaziyyat, mexanika, mühəndislik və materialşünaslığın kəsişdiyi problemlər mənim əsas tədqiqat istiqamətlərimi təşkil edib. Kompozit qabıq konstruksiyaları, funksional dərəcələndirilmiş materiallar, nanomateriallar, nanokompozitlər, laylı kompozit strukturlar, elastik mühitlə qarşılıqlı təsir, konstruksiyaların dayanıqlılığı, titrəyişləri və qeyri-xətti dinamik davranışları araşdırmalarımın əsas mövzularıdır. Xüsusilə nazik divarlı konstruksiyaların dayanıqlığı və titrəyişi, funksional dərəcələndirilmiş materiallar, son illərdə isə karbon nanoborularla möhkəmləndirilmiş nanokompozit strukturların mexaniki davranışı ilə bağlı tədqiqatlarım beynəlxalq elmi ədəbiyyatda geniş əks-səda doğurub”-deyə professor AZƏRTAC-a müsahibəsində bildirib.
Alimin elmi fəaliyyətində Almaniyanın, xüsusilə Karlsruhe elmi məktəbinin xüsusi yeri var. Karlsruhe Universitetinin Bərk Cisimlər Mexanikası İnstitutunda müxtəlif dövrlərdə tədqiqatlar aparıb, qonaq professor kimi fəaliyyət göstərib və mürəkkəb mexanika problemləri üzərində çalışıb: “Almaniyadakı fəaliyyətimin böyük hissəsi DAAD proqramı çərçivəsində dəstəklənib. 1990-cı illərdən 2022-ci ilə qədər müxtəlif dövrlərdə Karlsruhedə çalışıb, NATO təqaüd proqramından da yararlanmışam. Türkiyədə isə TÜBİTAK-ın 1001 layihələri başda olmaqla çoxsaylı elmi layihələrdə kompozitlər, funksional dərəcələndirilən materiallar, konstruksiyaların dayanıqlığı və titrəyişləri üzrə araşdırmalar aparmışam. Bu, beynəlxalq əməkdaşlıqlar sonradan müxtəlif ölkələrdən alimlərlə ortaq elmi işlərin və yeni tədqiqat istiqamətlərinin yaranmasına zəmin yaradıb”.
Professorun elmi məhsuldarlığını göstərən ən diqqətçəkən göstəricilərdən biri beynəlxalq nəşrlərinin davamlılığıdır. 2000-ci illərin əvvəllərindən bu günə qədər bir çox nüfuzlu beynəlxalq jurnallarda məqalələri dərc olunub. SCI indeksli beynəlxalq elmi nəşrlərinin sayı 200-ü ötüb və 2026-cı ildə də yeni məqalələrlə davam edir. 2024–2026-cı illərdəki tədqiqatlarında nanokompozit silindrik və konusvari qabıqlar, qeyri-xətti titrəyiş, funksional dərəcələndirilmiş strukturlar, istilik mühitləri və müasir kompozit sistemlər əsas istiqamətlər olaraq qalır. 2026-cı ilin avqust ayına olan məlumata görə, onun Google Scholar h-indeksi 51, Scopus h-indeksi 48, Web of Science h-indeksi isə 47-dir. Lakin professorun elmi irsi yalnız bu rəqəmlərlə ölçülmür. Onun tədqiqatları yeni problemlərin həllinə töhfə verən, sonrakı nəsillərin araşdırmalarına istiqamət göstərən davamlı elmi məktəb formalaşdırıb.
Alimin uzun illərə söykənən elmi fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Stanford Universiteti və “Elsevier” tərəfindən hazırlanan, “PLOS Biology” jurnalında dərc olunan elmi təsir reytinqinə əsasən, Abdullah Sofiyev 2019–2025-ci illərdə dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıb və son qiymətləndirmələrdə azərbaycanlı alimlər arasında ön sıralarda göstərilib. O, bu uğuru təkcə şəxsi akademik nailiyyət deyil, Azərbaycanda başlayan və Türkiyədə inkişaf edərək dünya elminə açılan bir karyeranın göstəricisi kimi qiymətləndirir.
“Mükafatlardan daha qiymətlisi yetişdirdiyim alimlərdir. İllər ərzində çoxsaylı magistr və doktorantlara elmi rəhbərlik etmişəm. Tələbələrim funksional dərəcələndirilmiş strukturlar, kompozit qabıqlar, elastik mühitlər, qeyri-xətti titrəyiş və dayanıqlıq problemləri üzrə araşdırmalar aparıblar. Rəhbərliyim altında tamamlanan doktorluq işlərindən biri Türkiyə Nəzəri və Tətbiqi Mexanika Komitəsi tərəfindən ilin ən yaxşı doktorluq işi mükafatına layiq görülüb”-deyən Sofiyev bu gün də yeni doktorantların elmi rəhbəri kimi fəaliyyətini davam etdirir. Onun aldığı mükafatların siyahısı da kifayət qədər zəngindir. TÜBİTAK tərəfindən 150-yə yaxın elmi nəşr təşviq mükafatı alıb, Süleyman Dəmirəl Universitetində elm və texnologiya sahəsində birincilik mükafatlarına layiq görülüb. 2009-cu ildə isə elm mükafatını Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin əlindən alıb.
Professor Sofiyev yalnız tədqiqatçı deyil, həm də beynəlxalq elmi nəşrlərin inkişafında fəal iştirak edən alimdir. O, uzun illər “International Journal of Solids and Structures”, “Journal of Sound and Vibration”, “Engineering Structures”, “International Journal of Non-Linear Mechanics”, “Composite Structures və International Journal of Mechanical Sciences” kimi nüfuzlu nəşrlərdə rəyçi kimi çalışıb, “Composites Part B: Engineering” başda olmaqla müxtəlif beynəlxalq jurnalların redaksiya heyətlərində yer alıb. Hazırda isə “Composite Structures”, “Acta Mechanica”, “Journal of Applied and Computational Mechanics və Curved and Layered Structures” daxil olmaqla bir sıra beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.
Türkiyə Nəzəri və Tətbiqi Mexanika Milli Komitəsində üzv və sədr müavini vəzifələrində çalışaraq Sofiyev Türkiyədə mexanika elminin institusional inkişafına da töhfə verib.
Pprofessor deyir: “Mənim akademik həyatıma uzaqdan baxdıqda üç şəhər ön plana çıxır - Bakı, Karlsruhe və İstanbul. Bakı elmə ilk addım atdığım, riyaziyyatla tanış olduğu şəhərdir. Karlsruhe beynəlxalq elmi mühitlə güclü əlaqələr qurduğum və tədqiqatlarını dünya elminə çıxardığı mərkəzdir. İstanbul isə bu gün bilik və təcrübəsini yeni nəsillərə ötürdüyüm akademik məkandır. Bu hekayənin mərkəzində isə dəyişməyən bir fikir dayanır -elm sərhəd tanımır”.
Azərbaycanda yetişən, Türkiyədə uzun illər akademiyaya xidmət edən, Almaniyadan Amerikaya, Avropadan Asiyaya qədər geniş beynəlxalq elmi əməkdaşlıqlar quran bir alim kimi Abdullah Sofiyevin həyatı Türk dünyasının elm vasitəsilə dünyaya açılmasının uğurlu nümunələrindən biridir. Son beş ildə professor Sofiyevin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan universitetlərinə verdiyi davamlı akademik dəstək olub. O, Azərbaycanın müxtəlif ali məktəblərində keçirilən beynəlxalq konfranslarda iştirak edib, məruzələr təqdim edib və elmi-təşkilat komitələrinin üzvü olub. Bu əməkdaşlıq bu gün də davamedir. Bundan əlavə, o, Türkiyə Nəzəri və Tətbiqi Mexanika Milli Komitəsinin XXIV Milli Mexanika Konqresinin tarixdə ilk dəfə Türkiyədən kənarda, Azərbaycanda keçirilməsini təşkil edən alimlərdən biri olub. Bu təşəbbüs Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın güclənməsinə mühüm töhfə verib. Bu əməkdaşlıqlar yalnız ortaq elmi nəşrlərin yaranmasına deyil, iki ölkə arasında elmi əlaqələrin möhkəmlənməsinə, ortaq tədqiqat mədəniyyətinin inkişafına və azərbaycanlı alimlərin beynəlxalq akademik mühitə daha sıx inteqrasiyasına xidmət edir.
Bu gün professor Abdullah Sofiyevin adı yalnız yüzlərlə elmi məqalədə deyil, yetişdirdiyi alimlərin fəaliyyətində, beynəlxalq elmi əməkdaşlıqlarda, tədqiqatlarına edilən minlərlə istinadda və Azərbaycan ilə Türkiyə arasında qurduğu akademik körpülərdə də çəkilir.
Professor həyat hekayəsini belə xarakterizə edir: “Həqiqi elm adamının mirası yalnız həll etdiyi düsturlar deyil. Əsl elmi irs alimin arxasında qoyduğu bilik, yetişdirdiyi insanlar və özündən sonra da davam edən elmi ənənədir. Mənim yarım əsrə yaxın davam edən elm yolum da məhz belə bir elmi ənənənin hekayəsidir”.
Qeyd edək ki, Abdullah Avey Sofiyev Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspora fəaliyyətlərində xidmətə görə” medalına layiq görülüb.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 25 Avqust 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















