Bakının COP29 dan Antalyanın COP31 nə düşən “yaşıl” işıq
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın yaratdığı qlobal iqlim dialoqu nümunəsi qardaş ölkədə üstün təcrübəyə çevrilib
İqlim dəyişmələri müasir dünyanın qarşısında dayanan ən ciddi qlobal problemlərdən biridir. Temperaturun yüksəlməsi, təbii fəlakətlərin intensivləşməsi, su ehtiyatlarının azalması, biomüxtəlifliyin pozulması və ekoloji tarazlığın dəyişməsi artıq ayrı-ayrı ölkələrin deyil, bütün bəşəriyyətin gələcəyini müəyyənləşdirən məsələlər sırasındadır.
Bu problemlərin həlli isə təkcə siyasi bəyanatlarla deyil, dövlətlərin üzərinə götürdükləri öhdəliklərin real iqtisadi və texnoloji tədbirlərlə həyata keçirilməsi, maliyyə resurslarının səfərbər olunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə mümkündür. Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) məhz bu baxımdan xüsusi önəm daşıyır.
Noyabrın 9-da keçirilən rəsmi açılış mərasimi və yüksək səviyyəli müzakirələr bir daha göstərdi ki, beynəlxalq iqlim gündəliyində əsas diqqət artıq yeni hədəflərin müəyyənləşdirilməsi ilə yanaşı, əvvəlki konfranslarda qəbul olunan qərarların icrasına, maliyyə öhdəliklərinin yerinə yetirilməsinə və konkret nəticələrin əldə edilməsinə yönəlir.
Azərbaycan nümayəndə heyətinin COP31-də iştirakı da ölkəmizin qlobal iqlim prosesində fəal mövqeyinin davam etdirilməsi, COP29 zamanı formalaşdırılan təşəbbüslərin inkişafının diqqətdə saxlanılması və beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
COP29-un məramı COP31-də davam edir
COP31-in açılış mərasimində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP30-un prezidenti Andre Korrea du Laqodan sədrliyi təhvil alıb. Mərasimdə Paris Sazişinin məqsədlərinə nail olunması, beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsi və qəbul edilmiş öhdəliklərin konkret tədbirlərlə həyata keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Qardaş ölkənin COP31-ə ev sahibliyi etməsi regionun qlobal iqlim diplomatiyasındakı mövqeyinin güclənməsi baxımından da diqqətəlayiq hadisədir. Xüsusilə Azərbaycan və Türkiyənin iqlim məsələlərində əməkdaşlığı, enerji sahəsində qarşılıqlı əlaqələri və regional nəqliyyat-kommunikasiya layihələrində ortaq maraqları Antalya konfransının əhəmiyyətini daha da artırır.
Açılış mərasimində Murat Kurum Azərbaycan nümayəndə heyətinə beynəlxalq iqlim prosesinə verdiyi töhfələrə görə təşəkkür edərək ölkəmizin COP29 çərçivəsində gördüyü işləri beynəlxalq qiymətin ifadəsi kimi yüksək dəyərləndirib. Türkiyəli nazir Bakıda keçirilmiş COP29-da illik 300 milyard ABŞ dolları həcmində yeni iqlim maliyyələşdirilməsi hədəfinin müəyyənləşdirildiyini xatırladaraq, bu maliyyə öhdəliklərinin konkret nəticələrə çevrilməsinin zəruriliyini diqqətə çatdırıb.
Əslində, Antalya konfransının əsas müzakirə istiqamətlərindən biri də məhz bu məsələdir. Çünki iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizədə inkişaf etməkdə olan ölkələrin üzləşdiyi əsas problemlərdən biri maliyyə və texnologiya çatışmazlığıdır. Bu dövlətlərin bir çoxu hazırda emissiyaların azaldılması, alternativ enerji mənbələrinin yaradılması, su təsərrüfatının modernləşdirilməsi, kənd təsərrüfatının iqlim dəyişmələrinə uyğunlaşdırılması və ekosistemlərin qorunması üçün genişmiqyaslı investisiyalara ciddi ehtiyac duyur.
COP29-da iqlim maliyyələşdirilməsi ilə bağlı əldə edilmiş razılaşma bu istiqamətdə mühüm mərhələ olsa da, əsas məsələ həmin vəsaitlərin necə səfərbər ediləcəyi, hansı mənbələrdən təmin olunacağı və ehtiyac duyulan ölkələrə hansı mexanizmlərlə çatdırılacağı ilə bağlıdır. Başqa sözlə, beynəlxalq iqlim siyasətində vədlərdən icraya keçid zərurəti getdikcə daha qabarıq şəkildə ortaya çıxır.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin COP31-dəki çıxışı da bu baxımdan diqqət çəkir. O bildirib ki, hər bir COP-un gündəliyi və müzakirələri özündən əvvəlki konfranslarda qəbul olunmuş qərarlarla sıx bağlıdır. Bu prosesdə müəyyən ardıcıllıq mövcuddur və əvvəlki illərdə müəyyənləşdirilən öhdəliklərin necə yerinə yetirilməsi növbəti konfranslarda əsas müzakirə predmeti kimi nəzərə çarpır.
Bu yanaşma beynəlxalq iqlim diplomatiyasının mühüm prinsipini ifadə edir: qəbul edilən qərarlar təkcə sənədlərdə qalmalı deyil, onların icrası ölçülə bilən göstəricilər və konkret nəticələrlə təsdiqlənməlidir. Əks halda, hər il keçirilən beynəlxalq konfranslarda yeni hədəflərin müəyyənləşdirilməsi əvvəlki öhdəliklərin yerinə yetirilməməsi problemini aradan qaldırmır.
Muxtar Babayevin inkişaf etmiş ölkələrin və beynəlxalq maliyyə institutlarının üzərlərinə götürdükləri öhdəliklərin icrasına xüsusi diqqət yetirilməsi barədə fikirləri də məhz bu reallıqdan irəli gəlir. İnkişaf etməkdə olan dövlətlər iqlim dəyişmələrinin nəticələrindən daha çox zərər çəkdikləri halda, onların bu prosesə təsir imkanları və maliyyə resursları bir çox hallarda məhdud olur. Buna görə də iqlim maliyyələşdirilməsi məsələsində beynəlxalq məsuliyyət və ədalətli yanaşma xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın bu müzakirələrdə vasitəçi mövqedən çıxış etməsi, inkişaf yolu ilə irəliləyən ölkələrin tələblərini inkişaf etmiş dövlətlərə və beynəlxalq maliyyə institutlarına çatdırması respublikamızın iqlim diplomatiyasının mühüm istiqamətlərindən biridir. Bu, eyni zamanda, Bakıda COP29 zamanı qazanılan siyasi və diplomatik təcrübənin Antalya platformasında da davam etdirildiyini göstərir.
İqlim öhdəlikləri necə gerçəkləşir?
Qlobal iqlim siyasətinin uğuru, ilk növbədə, maliyyə resurslarının əlçatanlığından asılıdır. Çünki bərpaolunan enerji mənbələrinin inkişafının diqqətdə saxlanılması, elektrik şəbəkələrinin yenilənməsi, enerji saxlanc sistemlərinin yaradılması, ekoloji cəhətdən təmiz nəqliyyatın genişləndirilməsi və iqlimə davamlı infrastrukturun qurulması böyük həcmdə investisiya tələb edir.
Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün bu məsələ daha aktualdır. Belə ki, bir tərəfdən, həmin dövlətlərdə iqtisadi inkişaf sürətləndirilməli, əhalinin enerji və digər sosial tələbatları ödənilməli, sənaye istehsalı artırılmalıdır. Digər tərəfdən isə ekoloji tələblər nəzərə alınmaqla istehsal prosesləri yenilənməli, emissiyalar azaldılmalı və iqlim dəyişmələrinin nəticələrinə uyğunlaşdırılmalıdır.
Belə bir şəraitdə iqlim maliyyələşdirilməsinin təkcə kreditlər və kommersiya şərtləri əsasında həyata keçirilməsi kifayət etmir. Qrantların, güzəştli maliyyə mexanizmlərinin, texnologiya transferinin və özəl investisiyaların genişləndirilməsi də vacibdir. Əks halda, iqlim öhdəliklərinin icrası iqtisadi imkanları məhdud olan ölkələrdə əlavə maliyyə yükünə çevrilir.
Azərbaycanın COP31-də səsləndirdiyi mövqe də beynəlxalq iqlim əməkdaşlığında bu tarazlığın qorunmasının vacibliyini göstərir. Ölkəmiz inkişaf etməkdə olan dövlətlərin maraqlarını diqqətdə saxlamaqla yanaşı, enerji keçidinin iqtisadi reallıqlara uyğun və mərhələli şəkildə həyata keçirilməsini dəstəkləyir.
Qlobal “yaşıl” enerji gündəliyi
COP31 çərçivəsində Azərbaycanın həyata keçirdiyi görüşlər və müzakirələr göstərir ki, ölkəmizin iqlim diplomatiyası təkcə beynəlxalq öhdəliklərin müzakirəsi ilə məhdudlaşmır. Eyni zamanda, konkret iqtisadi layihələrin hazırlanması, yeni investisiyaların cəlb edilməsi, qabaqcıl texnologiyaların tətbiq olunması və “yaşıl” enerji ixracı imkanlarının genişləndirilməsi istiqamətində əməli addımlar atılır.
Energetika naziri Pərviz Şahbazovun Bolqarıstanın energetika naziri İva Petrova və Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə keçirdiyi görüşlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bolqarıstanla müzakirələrdə təbii qaz sahəsində əməkdaşlıqla yanaşı, Azərbaycan – Gürcüstan – Türkiyə – Bolqarıstan “Yaşıl Enerji Dəhlizi”nin inkişafı məsələsi də diqqət mərkəzində olub. Dəhliz üzrə birgə müəssisənin yaradılması və layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanması imkanları nəzərdən keçirilib.
Bu təşəbbüsün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan təkcə ənənəvi enerji resurslarının ixracatçısı kimi deyil, həm də gələcəkdə bərpaolunan mənbələrdən alınan elektrik enerjisinin də beynəlxalq bazarlara çıxarılmasında iştirak edən ölkə kimi mövqeyini gücləndirməyə çalışır. Azərbaycanın coğrafi mövqeyi bu məqsədin reallaşdırılması üçün mühüm üstünlüklər yaradır.
Ölkəmiz Xəzər hövzəsi, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında enerji əlaqələrinin inkişafı baxımından əlverişli tranzit imkanlarına malikdir. Mövcud neft-qaz infrastrukturu, inkişaf edən elektrik şəbəkəsi və yeni bərpaolunan enerji layihələri bu potensialın genişləndirilməsinə müsbət təsir göstərir.
“Yaşıl enerji dəhlizi”nin həyata keçirilməsi isə bir neçə istiqamətdə iqtisadi nəticələr vəd edir. İlk növbədə, Azərbaycanda istehsal olunan əlavə elektrik enerjisi üçün yeni ixrac bazarları formalaşacaq. İkincisi, layihə çərçivəsində elektrik ötürücü infrastrukturun inkişafı və müasir texnologiyaların tətbiqi ölkənin enerji sisteminin imkanlarını artıracaq. Üçüncüsü, Avropa şirkətlərinin maliyyə və texnoloji iştirakı investisiya əməkdaşlığını genişləndirəcək.
Bununla yanaşı, Bolqarıstanın layihədə iştirakı Azərbaycanın Avropa enerji bazarına çıxış imkanlarının şaxələndirilməsi baxımından da əhəmiyyətlidir. Çünki “yaşıl” enerji ixracı üçün istehsal güclərinin artırılması ilə bərabər, həm də elektrik enerjisinin istehlakçılara çatdırılmasını gerçəkləşdirən etibarlı ötürücü şəbəkələrin qurulması vacibdir.
Beynəlxalq enerji təhlükəsizliyi
Pərviz Şahbazovun Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşündə elektrikləşmənin enerji keçidində artan rolunun müzakirəsi də təsadüfi deyil. Dünya iqtisadiyyatında elektrik enerjisinə tələbatın artması enerji sistemlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas amillərdən biridir.
Sənaye istehsalının avtomatlaşdırılması, nəqliyyatın elektrikləşdirilməsi, rəqəmsal texnologiyaların genişlənməsi, məlumat mərkəzlərinin fəaliyyətinin artması və məişətdə elektrik enerjisindən istifadənin çoxalması enerji tələbatının strukturunu dəyişdirir. Bu proses isə elektrik enerjisinin həm istehsalında, həm ötürülməsində, həm də saxlanmasında yeni texnologiyaların tətbiqini zəruri edir.
Burada mühüm məqam ondan ibarətdir ki, elektrikləşmə təkcə bərpaolunan enerji mənbələrinin inkişafı ilə məhdudlaşmır. Bu proses paralel şəkildə enerji təhlükəsizliyinin təmin olunmasını, mövcud enerji sistemlərinin dayanıqlılığını və istehlakçıların fasiləsiz təchizatını tələb edir.
Məhz buna görə də təbii qazın enerji təhlükəsizliyindəki rolu da COP31 çərçivəsində müzakirə olunan məsələlər sırasındadır. Bərpaolunan enerji mənbələrinin istehsalı hava şəraitindən asılı olduğundan Günəş və külək elektrik stansiyalarının gücü dəyişkən xarakter daşıyır. Belə şəraitdə enerji sistemində tarazlığın qorunması üçün çevik generasiya gücləri, enerji saxlanc qurğuları və güclü ötürücü şəbəkələr zəruriliyi diqqət çəkir.
Azərbaycanın zəngin təbii qaz ehtiyatlarına malik olması və Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış etməsi ölkəmizə bu prosesdə xüsusi imkanlar qazandırır. Eyni zamanda, “yaşıl” enerji layihələrinin inkişafı Azərbaycanın enerji ixracının gələcək strukturunun şaxələndirilməsinə xidmət edir.
Beləliklə, ölkəmizin enerji strategiyasında ənənəvi enerji resurslarından səmərəli istifadə ilə bərpaolunan enerji mənbələrinin inkişafı bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Bu yanaşma həm daxili enerji tələbatının etibarlı təmin edilməsinə, həm də beynəlxalq bazarlarda rəqabətqabiliyyətli mövqeyin qorunmasına imkan yaradır.
Zəngəzurdan keçəcək “yaşıl” dəhliz
COP31 çərçivəsində müzakirə olunan ən önəmli məsələlərdən biri də Azərbaycanın əsas ərazisindən Zəngəzur dəhlizi və Naxçıvan vasitəsilə Türkiyəyə elektrik enerjisi ixracı perspektividir. Bu təşəbbüs respublikamızın enerji ixracı coğrafiyasının genişləndirilməsi ilə yanaşı, regionda yeni iqtisadi və infrastruktur əlaqələrinin formalaşması baxımından da əhəmiyyətlidir. Naxçıvanın Türkiyə ilə birbaşa enerji əlaqələrinin inkişaf etdirilməsi, gələcəkdə bu istiqamətdə ötürücü infrastrukturun yaradılması ölkəmizin enerji sisteminin regional inteqrasiyasını gücləndirə bilər.
Müzakirələr zamanı özəl konsorsiumların apardığı təhlillərə əsasən, Türkiyənin qərb bölgələrində, xüsusilə İstanbul yaxınlığında 1 giqavat həcmində elektrik enerjisinə tələbat yarana biləcəyi də diqqətə çatdırılıb. Bu kontekstdə Naxçıvan – Ərzurum – İstanbul marşrutu üzrə enerji ötürülməsinin kommersiya baxımından perspektivli layihə ola biləcəyi vurğulanıb.
Bu marşrutun reallaşdırılması üçün texniki, iqtisadi və hüquqi məsələlərin kompleks şəkildə araşdırılması tələb olunur. Elektrik enerjisinin ötürülmə gücü, şəbəkələrin uyğunlaşdırılması, tranzit tarifləri, investisiya xərcləri və uzunmüddətli enerji alqı-satqısı müqavilələri layihənin iqtisadi səmərəliliyini müəyyənləşdirən əsas amillər sırasında yer alacaq.
Bununla belə, təşəbbüsün strateji əhəmiyyəti kifayət qədər böyükdür. Çünki Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında enerji bağlantısının yaradılması ölkənin enerji sisteminin ərazi bütövlüyü baxımından inteqrasiyasını gücləndirməklə yanaşı, Türkiyə ilə yeni enerji əməkdaşlığı imkanları açacaq.
Digər tərəfdən, bu layihə Zəngəzur dəhlizinin nəqliyyat və logistika cəhətdən inkişafı ilə bərabər, enerji və kommunikasiya əlaqələri baxımından da əhəmiyyətini artırır. Beləliklə, dəhliz gələcəkdə regionda çoxşaxəli iqtisadi əməkdaşlığın mühüm infrastrukturlarından birinə çevrilə bilər.
Azərbaycanın Türkiyə ilə enerji əlaqələrinin genişlənməsi iki ölkənin strateji tərəfdaşlığını da yeni mərhələyə yüksəldəcək. Xüsusilə Türkiyənin böyük elektrik enerjisi bazarına çıxış imkanlarının yaranması Azərbaycanda istehsal edilən “yaşıl” enerjinin kommersiya baxımından səmərəli istifadəsi üçün əlavə perspektivlər açacaq.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 12 Noyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















