Banklar kreditlərdən gələcək pulları əvvəlcədən əldə edə biləcək
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.
Milli.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə qanunvericiliyə yeni "sekyuritizasiya" adlı yeni anlayış daxil edilib.
Sekyuritizasiya - göstərilən aktivlərin sekyuritizasiya şirkəti tərəfindən satıcısından geri almaq tələbi olmadan satın alınması və həmin aktivlər əsasında sekyuritizasiya istiqrazlarının emissiya edilməsi prosesidir.
Sekyuritizasiya planı - hər bir sekyuritizasiya prosesi ilə bağlı məlumatları əhatə edən və bu qanunun müvafiq maddəsinə uyğun olaraq tərtib və təsdiq edilmiş plandır.
Sekyuritizasiya istiqrazı - sekyuritizasiya şirkəti tərəfindən buraxılan və istiqraz üzrə ödənişləri sekyuritizasiya planına uyğun olaraq aktivlərdən daxil olan pul vəsaitlərinin hesabına ödənilən istiqrazdır.
Aktivlərin satıcısı - sekyuritizasiya planına uyğun olaraq sekyuritizasiyanın predmeti olan aktivləri sekyuritizasiya şirkətinə satan hüquqi şəxsdir.
Yeni qanun ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, beynəlxalq təcrübə, xarici ölkələrin analoji qanunvericiliyi və ölkəmizin kapital bazarlarının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.
Sənəd ölkədə sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətinə və xidmət agentinə dair tələbləri, aktivlərin sekyuritizasiya şirkətinə satılması, sekyuritizasiya planının tərtibi və təsdiqi, sekyuritizasiya olunmuş istiqrazların emissiyası, sekyuritizasiya fəaliyyəti üzrə risklərin idarə edilməsi və şəffaflıq üzrə tələbləri müəyyən edir.
Sekyuritizasiya kreditorlara aktivlər üzrə daxil olacaq pul vəsaitlərini vaxtından əvvəl əldə etməyə imkan verən bir alətdir. Belə ki, kreditor sahib olduğu aktivlərdən daxil olacaq pul vəsaitlərinin dərhal əldə edilməsi məqsədilə həmin aktivləri daha aşağı qiymətlə sekyuritizasiya şirkətinə satır. Sekyuritizasiya şirkəti isə öz növbəsində satın aldığı aktivlər əsasında sekyuritizasiya olunmuş istiqrazlar buraxır və həmin istiqrazlar üzrə ödənişlər aktivlərdən daxil olan pul vəsaitləri hesabına həyata keçirilir.
Qanunda sekyuritizasiya prosesinin hər bir iştirakçısına, o cümlədən aktivlərin satıcısına (ilkin kreditor), sekyuritizasiya olunmuş istiqrazları emissiya edən sekyuritizasiya şirkətinə dair tələblər, onların səlahiyyətləri və funksiyalarına dair müddəalar və sekyuritizasiya prosesinin tətbiqi ilə bağlı mexanizmlər tənzimlənib.
Hər bir sekyuritizasiya prosesi Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi sekyuritizasiya planı ilə müşayiət olunacaq. Aktivlərin satışı aktivlərin satıcısı ilə sekyuritizasiya şirkəti arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən həyata keçiriləcək.
Sekyuritizasiya planında sekyuritizasiya prosesinin iştirakçıları və sekyuritizasiyanın predmeti olan aktivlər barədə məlumat, mövcud risklər və onların azaldılması üsulları, həmçinin aktivlərin qanunvericiliyin tələblərinə uyğunluğunu əks etdirən kənar auditor rəyi əks etdirilməlidir. Sekyuritizasiya planını AMB təsdiq etdikdən 60 iş günü ərzində sekyuritizasiya şirkəti istiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün tənzimləyici quruma Banka müraciət etməlidir.
Qanunda sekyuritizasiya prosesi üzrə yarana biləcək riskləri azaltmaq məqsədilə bir sıra üsullar müəyyən edilib. Belə ki, sekyuritizasiya şirkətinə satılan aktivlərin kredit riski, həmin aktivlərin satıcısının balansında qalan eyni növlü aktivlərin kredit riskindən çox olmamalıdır, eyni zamanda aktivlərin satıcısı sekyuritizasiya şirkətinə satdığı aktivlər əsasında emissiya olunan istiqrazların azı 5%-ni özü əldə etməli və bu istiqrazları tədavül müddətinin sonuna qədər saxlamalıdır. Bundan əlavə, yeni qanunda aktivlər üzrə pul tələblərinin öhdəliklərin icrasının təminat üsulları ilə təmin olunması, eləcə də istiqrazların fərqli kredit risklərinə malik bir neçə buraxılışla emissiyası kimi mexanizmlər də nəzərdə tutulub.
Qiymətli kağızlar bazarında sekyuritizasiya fəaliyyətinin tənzimlənməsi və bu mexanizmin tətbiqi bazar iştirakçıları üçün likvidliyin idarə edilməsi üzrə səmərəli alət olmaqla, likvid olmayan aktivlərin likvid qiymətli kağızlara çevrilməsinə, qiymətli kağızlar bazarında maliyyə alətlərinin çeşidinin genişləndirməsinə və investorlar üçün əlavə investisiya imkanlarının yaranmasına şərait yaradacaq.
"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə sərəncam imzalayıb.
Sərəncamla Mərkəzi Banka tövsiyə edilir ki:
1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
- "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 74-5.7-ci maddəsinə uyğun olaraq, sekyuritizasiya predmetinə dair digər tələbləri;
- həmin Qanunun 74-7.7-ci maddəsinə uyğun olaraq, xidmət agentinin fəaliyyətinə dair əlavə tələbləri;
- həmin Qanunun 74-8.1-ci maddəsinə uyğun olaraq, sekyuritizasiyanın predmeti olan aktivlərin reyestrinə daxil edilməli məlumatların dairəsini;
- həmin Qanunun 74-9.1-ci maddəsinə uyğun olaraq, sekyuritizasiyanın predmeti olan aktivlərin sekyuritizasiya şirkətinə satılması prosesinə dair tələbləri;
- həmin Qanunun 74-10.1-ci maddəsinə uyğun olaraq, sekyuritizasiya planına dair tələbləri və onun təsdiq edilməsinə dair sənəd və məlumatların dairəsini;
- həmin Qanunun 74-12.5-ci maddəsinə uyğun olaraq, risklərin idarə edilməsinə dair əlavə tələbləri;
- həmin Qanunun 74-13.1-ci maddəsinə uyğun olaraq, sekyuritizasiya şirkəti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına və sekyuritizasiya istiqrazının mülkiyyətçilərinə məlumatın təqdim edilməsi qaydası və formasını;
2. "Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 23 Noyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















