Bərpaçı: Tarixi eksponata hər müdaxilə onun taleyinə təsir edir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 17 noyabr, AZƏRTAC
Tarixi eksponatın bərpasına başlanmazdan əvvəl onun yaranma dövrünü, mənşəyini, texniki və fiziki vəziyyətini müəyyənləşdirmək üçün elmi tədqiqat işləri aparılır. Əşyanın ümumi vəziyyəti, zədələri və onların yaranma səbəbləri araşdırılır, texniki göstəriciləri müəyyənləşdirilir və fotofiksasiya edilir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalça və dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa və profilaktik nəzarət şöbəsinin müdiri Dilavər Kərimova deyib.
Onun sözlərinə görə, konservasiya və bərpa zamanı eksponatın orijinallığını qorumaqla zədələnmiş hissələri bərpa etmək arasında tarazlıq yaradılmalıdır. Bu məqsədlə üç əsas prinsipə əməl olunur: eksponata mümkün qədər az müdaxilə etmək, ilkin materialı və tarixi izləri qorumaq, görülən işləri, istifadə olunan materialları və üsulları ardıcıllıqla sənədləşdirmək.
D. Kərimova bildirib ki, materialın kövrəkləşməsi və dağılması zədələnmiş hissələrin bərpasını çətinləşdirə, orijinal materialın itkisinə və zədələrin artmasına səbəb ola bilər. Belə hallarda eksponatın ömrünü uzatmaq üçün konservasiyanın xüsusi metodlarından istifadə edilir.
“Ən mürəkkəb bərpa işləri, adətən, tarixi və elmi əhəmiyyət daşıyan, ciddi zədələnmiş, materialı kövrəkləşmiş və ilkin formasını böyük ölçüdə itirmiş eksponatlarla bağlı olur. Bunlara arxeoloji tekstil nümunələri, ağır zədələnmiş qədim xalçalar, ipək və zərif parçalar daxildir. Mənim fikrimcə, fiziki vəziyyəti ciddi şəkildə pozulsa da, tarixi əhəmiyyətini qoruyub saxlayan eksponatların bərpası xüsusilə çətindir”, – deyə şöbə müdiri qeyd edib.
Peşəkar fəaliyyətində qarşılaşdığı ən mürəkkəb işlərdən danışan bərpaçı toxunma quruluşu zəifləmiş, ciddi zədələnmiş tarixi xalçanın bərpasını xatırladıb. Onun sözlərinə görə, əsas çətinlik xalçanın ilkin görünüşünü və tarixi dəyərini qorumaqla müdaxilə etmək olub. Bəzən ən peşəkar yanaşma müdaxiləni minimuma endirmək, əsərin mövcud vəziyyətini qoruyaraq gələcək nəsillərə çatdırmaqdır.
D. Kərimova vurğulayıb ki, yanlış və qeyri-peşəkar bərpa eksponatı zahirən yaxşılaşdıra bilər, lakin onun elmi, tarixi və bədii əhəmiyyətinə geri qaytarılması mümkün olmayan zərər vura bilər. Belə müdaxilələr orijinal materialın məhvinə, tarixi izlərin silinməsinə, rəng və naxışların dəyişməsinə, materialın quruluşunun pozulmasına, eləcə də uyğun olmayan materiallardan istifadə nəticəsində əsərin tarixi görünüşünün saxtalaşdırılmasına gətirib çıxara bilər.
Müsahibimiz bildirib ki, bəzi eksponatlarda orijinal materialın böyük hissəsinin itirilməsi, materialın kövrəkləşməsi və quruması, kimyəvi və bioloji zədələr, eləcə də əvvəlki yanlış bərpa müdaxilələri tam bərpanı mümkünsüz edə bilər. Belə hallarda yalnız konservasiya üsullarından istifadə olunur.
“Tarixi eksponatın bərpasına sərf olunan vaxt onun yaşından, materialından, ölçüsündən və zədələnmə dərəcəsindən asılıdır. Buna görə də bərpa müddətini əvvəlcədən dəqiq müəyyənləşdirmək olmur. Bu müddət eksponatın fiziki vəziyyətindən, materialından, əvvəlki müdaxilələrdən və texniki imkanlardan asılı olaraq dəyişir”, – deyə D. Kərimova fikirlərini yekunlaşdırıb.
Müxbir – Günel Alıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 17 Noyabr 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















