Bəxtiyar Vahabzadə onun cibinə 25 manat qoyub dedi ki... Həmin gecə nə baş vermişdi?
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kulis.az Abuzər Bağırovun Xalq şairi Bəxtiyar Vahabzadə haqqında yazısını təqdim edir.
Ustadı olmayan şagirdin nə zamansa ustadlıq məqamına ucalmaq şansı sıfıra bərabərdir. Fərli şagird ustaddan dərs alar, mükəmməl bilgi toplayar, şəxsi bacarıq və çalışqanlığı sayəsində özünün toparladıqlarını da ustad yükünün üstünə qoyar, axırda özü də sayılıb-seçilən bir ustad olar. Vay o kəslərin halına ki, ustadsız ustad olmaq arzusuna düşürlər...
Bütün türk dünyasının sevimli məfkurə və söz ustadı, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə ilə bəndənizin ilk tanışlığı indi əlçatmaz, uzaqda qalmış 1972-ci ilin mart ayının ortalarına tuş gəlir. Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda Bəxtiyar Vahabzadənin (1925-2009) yaradıcılıq gecəsi keçirilirdi. Sovetlər zamanı ədəbiyyatın təbliğinə xüsusi diqqət və önəmli dövlət vəsaiti ayrılırdı. Ali və orta məktəblərdə, klub və mədəniyyət ocaqlarında, teatr salonlarında və kitabxanalarda, zavod və fabriklərdə, irili-xırdalı müəssisə və təşkilatlarda, şəhər və kəndlərdə tez-tez ədiblərlə görüşlər təşkil olunur, onların oxucularla birbaşa təmasları təmin edilirdi. Nə isə, olan oldu, keçən keçdi, geri dönməz ötən günlər. Qayıdaq mətləbə... Şairlə görüşə giriş sərbəst idi. Şairin pərəstişkarlarının çoxluğundan dolayı yaşlı adamlar zalda əyləşmiş, cavanlar, gənclər isə ayaq üstə künc-bucaqda birtəhər özlərinə yer eləyib, şöhrətli şairə qulaq kəsilmişdilər. Mən onda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin ikinci kurs tələbəsi idim. Dərslərimi əla oxumaqla yanaşı, M.Ə. Sabir adına kitabxanada istedadlı şair, rəhmətlik Ağacavad Əlizadənin (1928-1995) rəhbərlik etdiyi ədəbi məclisin fəal üzvlərindən biriydim və şeirlər yazırdım. Bizim dərnəyin bəzəyi, tacı və sultanı, sonralar Azərbaycanın ən ünlü söz ustadları cərgəsində özünün layiqli yerini tutan xalq şairimiz Zəlimxan Yaqub (1950-2016) idi. Üç il - hər həftənin şənbə günü toplaşar, bir-birimizin şeirlərinə dəyər verər, poeziyanın sirlərini Ağacavad müəllimdən çox Zəlimxan Yaqubdan öyrənərdik. Ey gidi dünya, Zəlimxan kimi qaynar poeziya bulağını da vaxtsız-vədəsiz əlimizdən alıb, Haqqın dərgahına qovuşdurdun! Sirrindən baş açmaq olmur sənin, bivəfa dünya!.. Yerləri cənnət olsun ustad Bəxtiyarın da, Zəlimxanın da! Amin!..
Təbii ki, Zəlimxan da Ustadın həmin görüşünə gəlmişdi. Bəxtiyar müəllimin uzun sürən maraqlı məclisinin sonunda kim istəsə, şairə sual verə bilərdi. Bu, o illərdəki ədəbi görüşlərin adi qaydası idi. Zəlimxanın fenomen yaddaşı təkcə məclisin səbəbkarını deyil, bütün görüş iştirakçılarını heyran qoymuşdu. Orda məlum oldu ki, o, Bəxtiyar müəllimlə çoxdan oturub dururmuş. Şairin bir neçə şeirini özünəməxsus odlu-alovlu tərzdə əzbərdən deyən Zəlimxanı hamı gurultulu alqışlarla qarşıladı. Sonda Bəxtiyar müəllimə yaxınlaşdıq, dostum Zəlimxan məni ustadla tanış etdi, əfsanəvi şairlə əltəmən görüşdük. Səxavətli, genişürəkli gənc şair gur səsilə Ustada üz tutdu, mənim barəmdə xeyli tərifli sözlər söylədi, fikrini belə cəmləşdirdi:
- Ustad, ürəkdən təbrik edirəm Sizi. Görüşünüz əladan da əla keçdi, var olun! Bəxtiyar müəllim, bu oğlan pedaqoji institutun filologiya fakültəsində əlaçıdır. Yaxşı şeirlər də yazır, amma buna ciddi yanaşmır nədənsə. Deyir ki, ustad şairlərin şeirlərini oxuyanda özümün yazdıqlarım cızma-qara təsiri bağışlayır. Sizin fəlsəfi şeirlərin vurğunudur. Əsl Türkçü, Turançıdır...
Bəxtiyar müəllim elə oradaca ev telefonunun nömrəsini yazıb mənə verdi. Bu tanışlığımız zaman-zaman artıb yaxınlığa, dostluğa, ata-oğul münasibətinə çevrildi və sözün müstəqim mənasında, ustad-şagird zirvəsinə ucaldı. Ustadın fiziki sağlığında beləcə davam elədi, elə indi də davam eləyir. Axı, mənən ustadlar heç vaxt ölmürlər! Qədirbilən yetirmələrinin qəlbində əbədi yaşayır ustadlar.
Mən 1980-ci ilin əvvəlində Moskvaya köçərkən doğma valideynlərim - atam Musa kişi, anam Qəmər xanım ilk öncə maraqlandılar ki, Bəxtiyar müəllim sənin bu köçünə xeyir-dua verib, ya yox? Bəli, ustadım bilirdi ki, şagirdi harada yaşayır-yaşasın, onun ürəyi hər an doğma Vətənlə - Azərbaycanla qoşa döyünəcək, yurda-yuvaya, elə-obaya bağlı olacaq, şüurlu həyatını millətinə, Türkçülüyə, Turançılığa xidmətə həsr edəcəkdir. Yaradanıma və taleyimə min şükürlər ki, ustadımın inamını, etibarını doğrulda bildim, ömrümün ötən 70 ilini məsləkimdən, yolumdan dönmədim və inşallah, ömrün qalan qismət payını da elə o cür başa vuraram. Güman edirəm, Bəxtiyar müəllimin ölməz ruhu mənim qəlbimi, varlığımı tərk edib, məni çaş-baş qoymaz indən belə... İlk tanışlığımızdan mən Bəxtiyar Vahabzadəyə "Dədə" deyə müraciət etmişdim, o da qeyd-şərtsiz qəbul etmişdi. İndi Bəxtiyar müəllimin ən uca insani özəlliklərinə - orijinal düşüncə tərzinə, incə yumor hissinə, haqq-ədalətsevərliyinə işıq salan üç xatirə olayını dəyərli oxucularımıza ərməğan etmək niyyətindəyəm. Sovetlər dağılana kimi Bəxtiyar müəllim Moskvaya tez-tez gələrdi. Hər gəlişində onu qarşılayar, nə qədər qalmağından asılı olmayaraq, hər gün onunla bir yerdə olar, doğma ata kimi qulluğunda durardım. 1980-ci illərin ortaları idi. Payız vaxtı idi. O, Moskvanın "Moskva" mehmanxanasında lüks bir nömrədə qalırdı. Gecə sağollaşıb ayrılanda sabah axşam restoranda bir qonaqla şam edəcəyimizi söyləsə də, qonağın kimliyini demədi. Tapşırdı ki, evdəkilərə gec gələcəyimi xəbərdarlıq etməyi unutmayım. O biri gün səhər-səhər görüşdük, şəhərdə görəcəyimiz işləri görüb qurtardıq və saat 17-18 radələrində otelə döndük. O, paltarını dəyişdi, geyindi-keçindi, arındı-durundu, restorana gedəcəyimizi bildirdi və sözarası məndən Yusif Səmədoğlunun (1935-1998) təzəcə dərc olunan "Qətl günü" romanını oxuyub-oxumadığımı soruşdu. Cavab verdim ki, nəhayət, Yusif qağa yata-yata gözəl bir roman yazdı. Yusif Səmədoğlunun geniş mütaliəsi, dərin və zəngin humanitar bazası vardı, doğma ədəbiyyatımızın, eləcə də dünya ədəbiyyatının mahir bilicisi idi. Amma özünün məhsuldar qələm çalmağı yox idi, canına cəfa basan deyildi, yatağan adamdı. Söhbətdən anladım ki, gözlədiyimiz qonaq Yusif Səmədoğludur. Ağsaqqala restorana sifariş verib otaqda süfrə açdırmaq təklifində bulundum, lakin sözüm keçmədi. Bəxtiyar müəllim dedi:
- Ay oğul (O, "ay oğul" ifadəsini tez-tez və elə şirin-şirin deyirdi ki, indi də o səsin tamarzısındayam, o ifadə üçün qulağım cingildəyir, burnumun ucu göynəyir!!!), gedək restoranda oturaq, həm camaata baxaq, həm özümüzü göstərək, bir az da bu rusların musiqisinə qulaq asarıq. Romanına görə mən Yusifə kefin gələn bir qonaqlıq vermək istəyirəm. Zəif bir etiraz etməyə cəhd göstərdim:
- Dədə, restoranda səs-küy çoxdur, ağız deyəni qulaq eşitmir. - Lakin sözüm ötmədi. Axır ki, saat 19-da Yusif Səmədoğlu gəlib çıxdı, öpüş-görüşdən sonra paltosunu çıxarıb asılqandan asdı, oturmaq istəyəndə Bəxtiyar müəllim onu tələsdirdi:
- Yoska (Bəxtiyar müəllimin öz ustadı Səməd Vurğunun böyük oğlu Yusiflə doğma qardaş kimi şirin zarafatlaşması vardı), tez getdik restorana, bizi acından qırdın sən, öynədə də elə bir şey yeməmişik, Abuzərlə, vaxtımız yox idi. -Getdik mehmanxananın 11-ci qatında yerləşən böyük restorana, boş yer tapmaq müşkül məsələydi, amma Bəxtiyar müəllimin deputatlığı dadımıza çatdı, qulluqçular əl-ayağa düşüb, bizə xudmani bir masa təşkil etdilər. Əyləşdik, menyudakı könlümüz istəyən nemətlərdən sifariş elədik, yemək-içməyimiz gələnə qədər Ustadım məni Yusif qağaya "satmağa" macal tapdı:
- Ay Yoska, əziz canın üçün Abuzər sənin romanına elə gözəl bir qiymət verdi ki, gəl görəsən! Ay oğul, necə dedin Yusif qağanın romanı haqqında?
Məcbur qalıb öz dilimlə qağamın yuxumculluğunu qıpqırmızıca üzünə söyləməli oldum. Şükürlər ki, Yusif Səmədoğlu incə yumorlu, zərif və genişürəkli bir insan olduğundan, mənim xoş məramlı, səmimi sözlərimi şirinliklə qarşıladı:
- A Baxtiyar (o, ustada həmişə belə müraciət edərdi), başına and olsun, kişinin oğlu düppədüz deyir, düz sözə nə deyəsən?! - Bu şux zarafatdan sonra Bəxtiyar müəllim eyhamla üzümə baxıb dedi:
- Ay oğul, görürsən, nə sakitlikdir, çoxbilmişlik edirdin, deyirdin ki, restoran səsli-küylüdür. - Gülümsünüb cavab verdim ki, Dədə, tələsmə, "cücəni payızda sayarlar". Sifarişimiz masaya düzüldü, simvolik olsa da, konyak badələrimizi (Onun spirtli içki içməyi dodağını yaşlamaqdan o üzə getmirdi, tam rəmzi xarakter daşıyırdı) qaldırıb Yusif qağanın romanını qutladıq, ona cansağlığı dilədik. Az keçməmiş musiqi başladı, nə başladı! Danqıltıdan, cingiltidən, guppultudan, çıqqıltıdan, qışqır-bağırdan qulaq tutulurdu. Masa arxasında bir kəlmə kəsmək mümkün deyildi. Gərək qışqıra-qışqıra danışaydın ki, nəsə bir şey anlaşılaydı. Üçümüz də susmağa üstünlük verdik, yeməklə məşğulduq, sağlığı isə lal himi - əl işarəsilə deyirdik. Onun dilxor olmuşdu, özünü çox narahat hiss edirdi, aydınca sezilirdi ki, kişi bu naqolay vəziyyətdən bir çıxış yolu arayır. Mən onun yanında oturmuşdum, əyilib qulağıma tərəf ucadan dedi:
- Ay oğul, tez masamızın qulluqçusunu tap, bura çağır. - Cəld qulluqçunu tapıb çağırdım. Bəxtiyar müəllim uca səslə qadından soruşdu:
- Sizin musiqiçilər müştərilərin sifarişini yerinə yetirir? - Qadın başı ilə təsdiqlədi. Bəxtiyar müəllim pencəyinin döş cibindən pul kisəsini çıxartdı və şax bir 25 manatlığı (o vaxtlar bütün SSRİ-də pul vahidi eyni idi) ayırıb, qulluqçu qadına verdi və qulağına nəsə dedi. Yusif müəllimlə mən dənəsək qalmışdıq, hələ heç nə anlamırdıq. Qadın əlində qələm və bloknot mən tərəfə yanaşıb, "ağsaqqalı necə təqdim etmək məsləhətdir?" - deyə soruşdu. Mən qələmi və bloknotu götürüb Bəxtiyar müəllimin lazımi titullarını yazdım. Qadın pulu və mən yazdığım "təqdimat"ı müğənniyə verdi. Aradan 5 dəqiqə keçər-keçməz müğənni mikrofonla bildirdi:
- "Azərbaycanın xalq şairi, akademik, Ali Sovetin deputatı Bəxtiyar Mahmud oğlu Vahabzadənin sifarişilə düz 30 dəqiqəlik musiqi fasiləsi, səssizlik elan olunur." Hamı əl çaldı. "Bravo!", "Bravo!" qışqıranlar da oldu. Onun gözləri gülürdü, çıxılmaz vəziyyətdən müdrikcəsinə yol tapmışdı, istəyinə nail olmuşdu...
Yenə qış vaxtı (sovetlər zamanı yazda-yayda əksər redaksiyaların, nəşriyyatların işçiləri, tərcüməçilər istirahətdə, yaxud yaradıcılıq ezamiyyətlərində olardılar, o səbəbdən də milli respublikaların ədibləri paytaxtda öz əsərlərini çap etdirmək üçün, adətən payız və qış aylarında Moskvaya gələrdilər) Bəxtiyar müəllim Moskvaya gəlmişdi, 1986-cı il idi. Şairin əsərlərinin rus dilinə ən kamil tərcüməçilərindən biri olan Anatoli Peredreyevi (1934-1987) görmək lazımdı. Evinə zəng etdik və həyat yoldaşı, çeçen əsilli Şema xanımdan öyrəndik ki, tərcüməçi dostumuz təzəcə Moskvanın 120 kilometrliyində yerləşən Maleyevka adlı təbiətin gözəl bir guşəsində yerləşən Yazıçıların Yaradıcılıq evinə gedib, 20 gündən sonra qayıdacaq evə. Sübh tezdən moskvalı dostum, ehtiyatda olan polkovnik Viktor Afanasyeviç Svirinin "Zaporojes" markalı təptəzəcə maşını ilə "Rusiya" mehmanxanasının önünə gəldik, Dədə Bəxtiyar öndə, mənsə arxada əyləşib yola çıxdıq. Bir neçə kəlmə bu maşın haqqında oxuculara məlumat vermək istərdim. "Zaporojes" markalı maşınlar sovetlər dönəmində Ukraynada istehsal olunurdu, ikiqapılı idi, motor-mühərrik hissəsi arxada, baqaj yerində, baqaj isə öndə yerləşirdi. Qışda istilik sistemi əla çalışırdı, qarda-boranda çox etibarlı texnika sayılırdı, arxada oturmaq üçün sağdakı sərnişin oturacağı mexaniki yolla qaldırılırdı... Bayırdakı şaxta bizim kefimizə soğan doğraya bilmirdi, yerimiz rahat, isti və söhbətimiz şirin. Maşın sahibi də humanitar sahəyə çox həvəsli, dərin intellektual, geniş mütaliəli rus ziyalısı idi. Bütün günü bir yerdə olduq, yolboyu çox maraqlı və yaddaqalan söhbətlərimiz oldu. Anatoli də ustadın boynuna götürdüyü şeirlərinin hamısını tərcümə eləyib qurtarmışdı, bu münasibətlə yerli restoranlardan birində Bəxtiyar müəllim səxavətlə nazlı-nemətli bir süfrə də açdı. Dostum Viktor Afanasyeviç onun sehrinə düşmüşdü, onun hər sözünü sanki yaddaşına əbədi köçürməyə çalışırdı. Düzü, ustad da çox bəyənmişdi yeni həmsöhbətini. Tez-tez arxaya dönüb, "üzün ağ olsun, ay oğul, belə dostuna görə, belə adamlarla nə qədər çox oturub-dursan, sənin xeyrinə olar, çox şeylər öyrənərsən", - deyirdi mənə. Mənim də çiçəyim çırtlayırdı Ustadın bu qiymətindən. Müxtəsəri, mehmanxanaya çatmağımıza lap az qalmış Viktor Afanasyeviç çox ciddiliklə ona üz tutub soruşdu:
- Baxtiyar muallim (ruslar belə tələffüz edirlər), dünyanı çox gəzmisiniz, çox yerlər görmüsünüz, söhbətlərinizdən anladım ki, olduqca dərin və müdrik adamsınız. Sizə iki sual vermək istəyirəm, amma xahiş edirəm, mənim suallarıma doğru və tam səmimi cavab verəsiniz. Sizin üçün dünyada ən gözəl ölkə hansıdır? - O, fikirləşmədən cavab verdi:
- Doğma Vətənim, öz ölkəm. - Viktor Afanasyeviçin ikinci sualı lap gözlənilməz oldu. O soruşdu:
- Dünyanın müxtəlif ölkələrində cürəbəcürə maşınlara minmisiniz. Sizin nəzərinizcə, ən yaxşı maşın hansı markadır?
- Mənim üçün bu gün dünyanın ən yaxşı yox, ən əladan əla maşını sənin bu "Zaporojes" maşınındır. Səndən xahiş edirəm, sözümün səmimiyyətinə inan. Çünki sənin bu maşının bu gün bizi qarda-boranda, soyuqda-şaxtada 400 kilometrə qədər bir məsafəni ən rahat şəkildə gəzdirib, sağ-salamat qaytarıb məkanımıza çatdırdı. Əziz dost, bundan əla bir maşın tanımıram mən bu gün. İnsan gərək əlində olanın qədir-qiymətini, dəyərini bilsin, olacağın yox! - Rus dostum qanad taxıb uçurdu, Bəxtiyarın müəllimin cavabları döşünə yatmış, sarı yağ kimi canına yayılmışdı...
Rəhmətlik ölənə (2015) kimi həmişə ustad Bəxtiyarı ən dəruni sevgilərlə anır, şairin həmin gün ona avtoqrafla bağışladığı rusca "Bir gəminin sərnişinləriyik" kitabından əzbərlədiyi, məxsusi müdrik tonallıqla oxuduğu şeirlərlə həmin unudulmaz 21 yanvar 1986-cı il tarixini kövrəkliklə yada salırdı...
Yenə qışın oğlan çağıdır, böyük şair növbəti dəfə Moskvada səfərdədir. SSRİ Yazıçılar İttifaqının təsərrüfat şöbəsi onu "Moskva" mehmanxanasının lüks nömrələrindən birində yerləşdirib. O vaxtkı Gertsen küçəsi, ev-50 ünvanında yerləşən Mərkəzi Ədiblər Evində, saat 12-də bir neçə rus şairlərilə Dədə Bəxtiyarın həm işgüzar, həm də dostanə görüşü olacaqdı. Şaxtalı, küləkli bir hava vardı bayırda, amma getməliydik. Mən dəvəsi ölmüş ərəb timsalındaydım, belə havaya çoxdan alışmışdım. Lakin Bəxtiyar müəllimin soyuğa heç tavanası yox idi, nə qədər qalın geysə də, yenə üşüyürdü sərt havada. Qütəbbər geyinib-keçinib çıxdıq çölə.
Sovetlər dönəmində ən kasad nəsnələrdən biri də taksi xidməti idi. Moskvada 25 taksomotor parkı, hər parkda da ən azından 1000-dən çox maşın olmasına rəğmən, yenə paytaxt taksi qıtlığı çəkirdi, çünki hər şey dövlətin əlində idi. Mehmanxananın önündəki taksi dayanacağında uzun bir növbə vardı, gözləməyə vaxtımız olsa da, məni Dədə Bəxtiyarın soyuğa dözümsüzlüyü qorxuzurdu, Allah eləməmiş, xəstələnə bilərdi. Yadıma düşdü ki, Ustadın deputatlıq vəsiqəsini növbənin əvvəlindəki adamlara göstərsək, bizi hökmən növbəsiz buraxacaqdılar. O zaman rəsmən, qanun əsasında bir sıra adamlara belə hallarda dövlət güzəştləri şamil edilirdi. Deputatlar, müharibə iştirakçıları və əlilləri, əmək qəhrəmanları, qəhrəman analar, orden sahibləri dövlət imtiyazlarından yararlana bilirdilər. Qısası, Dədə Bəxtiyardan deputat vəsiqəsini istədim ki, taksiyə növbəsiz oturaq. Gözləmədiyim halda Ustad höcət elədi:
- Ay oğul, ayıbdı, deputatıq deyə, 20-30 adamı ayaqlayıb keçək? Deyək ki, geri durun, biz sizdən üstünük? Elə şey yaraşmaz mənə. Vallah-billah, xəcalətdən tər tökərəm, gecə yuxu yata bilmərəm o adamları xatırladıqca, ölüb yerə girrəm. - Növbəmiz çatana kimi ustadı içəri apardım, növbəmiz yetişəndə gəlib ikimiz də arxada əyləşdik, əlini əlimin üstünə qoyub, yumşaq, nəvazişli səslə dedi:
- Ay oğul, incimədin? Məndən sənə əmanət: hansı məqama ucalırsan-ucal, amma heç vaxt özünü adi adamlardan üstün tutma. - Bəli, mənim ustadım, Azərbaycanın, Türk dünyasının iftixarı Bəxtiyar Vahabzadə belə saf kişiydi, belə şəxsiyyətli kişiydi!.. Özü nə gözəl deyib: "İnsanı şəxsiyyət böyüdər ancaq!"
Böyük Ustad, unudulmaz Bəxtiyar müəllim, adını ədəbiyyat və insanlıq tariximizə pozulmaz hərflərlə əbədi yazan sənətkar, 100 yaşın mübarək!!!
Bəxtiyar Vahabzadənin minnətdar şagirdlərindən biri - Abuzər Bağırov...
"Xanımlar gərək bilələr ki, Allah kişini üstün yaradıb" - Xəzər TV-yə buna görə xəbərdarlıq edildi Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsində ifadə verdi Biz heç kimin “şən matryoşkalar”ı deyilik!

