Bəyəndiyim bütün şeirlərimi Bakıda yazmışam
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Müsahibimiz Azərbaycan Yazıçılar və Dünya Gənc Türk Yazarlar birliklərinin üzvü, "Unutmaq sevməkdən daha çətindir", "Sənli sənsizəm", "Alın yazım", "Kimsə bilməsin", "Qadağan olunmuş şeirlər" kitablarının müəllifi şair Ramil Mərzilidir. Ramil bəy Bakıda yaşadığı dönəmlərdə ədəbi mühitdə çox fəal gənc şairlərdən biri idi. İllər öncə işi ilə əlaqədar Ağdama köçdükdən sonra eyni fəallıqda olmasa da, regiondan üzü paytaxta sarı poeziyasının səsi yenə də gəlməkdə, sədası duyulmaqdadır. Bu günlərdə istedadlı şairin Bakıya gəlişindən istifadə edib onunla ətraflı söhbətləşdik:
- Ramil bəy, nə zaman şair olduğunuzu hiss edib buna inandınız?
- Orta məktəbin son siniflərindən ara-sıra şeirlər yazırdım. Universitetdə oxuyarkən, elə 1-ci kursda ilk kitabım, 3-cü kursda isə ikinci kitabım çıxdı. Amma şair olduğuma Azərbaycan Yazıçılar Birliyinin layihəsi olan Gənc Ədiblər Məktəbində inandım. Ona qədərki yazılarım adi, ürəkdən gələn hisslərin əksi idi, ondan sonrakı yazılarım isə həm də şeirdir, poeziyadır. Öz şeirlərimdə tapıntıları, yeni orijinal fikirləri hiss edəndə inandım ki, şairəm. İndi də şairliyə ciddi iddiam yoxdur, amma az-çox fərqləndiyimi, oxucu istəyi qazanmış şeirlərim olduğunu da bilirəm.
- Anladığım qədəri ilə ədəbiyyata marağınız uşaq yaşlarınızdan olub. Bəs niyə ali təhsildə ədəbiyyata yönəlmədiniz?
- Mən əslində, həkim olmaq istəyirdim, mühəndis oldum. Kardioloq olmaq istəsəm də, Tibb Universitetinə daxil ola bilmədim. Məncə, alınsaydı, çox yaxşı ürək həkimi olardım.
- Şeir yazmaq sizin üçün nədir? Ağrı, yoxsa ağrıkəsici?
- Şeir mənim üçün rahatlıqdır. Əvvəllər ildə 10-12 və daha çox şeir yazırdımsa, indi ilə 2 şeir yazam, ya yazmayam. Bəlkə də son illərdə buna görə əsl rahatlığı tapa bilmirəm. Məncə, şeir hansısa ağrıdan yaranan hissdir, ağrının özü deyil. Məsələn, insanın harasısa şiddətli ağrıyanda, görürsən ki, gözündən yaş tökülür. O göz yaşı ağrı deyil, ağrıdan yaranan hissdir. Şeir də elədir. Amma mənim heç bir şeirim özümə ağrıkəsici təsiri bağışlamayıb, nə zaman hansı şeirimi oxusam, təzədən eyni ağrıları yaşayıram.
- Bəs eşq?
- Eşq ağrıdır. Özü də kəskin, bitməyən ağrıdır. Bəzən sən özünü aldada bilərsən ki, nələrsə yaşandı və bitdi. Amma qətiyyən belə deyil. O ağrı sadəcə ilk üz-üzə, göz-gözə gələnə qədər səngiyə, bəlkə haradasa unudula bilər. Nə zaman ki, göz-gözə gəldin, səni yenidən qaytarıb aparacaq özü ilə həmin hisslərə, duyğulara...
- Bir zamanlar Bakıda qaynar ədəbi mühitin içərisində idiniz. Həm Gənc Ədiblər Məktəbində, həm Yaradıcılıq fakültəsində aktiv idiniz. Sonra isə işinizlə əlaqədar öncə paytaxtdan, sonra da ədəbi mühitdən uzaqlaşmalı oldunuz. Bu uzaqlıq yaradıcılığınıza necə təsir etdi?
- Birbaşa təsir etdi. Gənc Ədiblər Məktəbindən öncə Hacı Rafiq Əliyevin sədrliyi, mərhum alimimiz Şahin Fazilin iştirakı ilə Vahid Poeziya məclisinə də qatılırdım. İşdən vaxt tapdıqca onların poeziya söhbətlərində iştirak etməyə çalışırdım. Sonralar, dediyiniz kimi, həm Yazıçılar Birliyində keçirilən Gənc Ədiblər Məktəbi, həm Bakı Slavyan Universitetində fəaliyyət göstərən Yaradıcılıq fakültəsi mənim ədəbi fəaliyyətimə çox təsir edirdi. Ən azından o mühitin içərisində olursan, o söhbətlərə, ədəbiyyata, poeziyaya bir növ məruz qalırsan və bu da sənə ən az mütaliə qədər təsir edir. Öz yaradıcılığımda sevdiyim, bəyəndiyim bütün şeirlərimi Bakıda yazmışam. Buradan gedəndən sonra iş, ailə, qayğılar, fərqli mühit, istər-istəməz öz təsirini göstərir. Şəxsi həyatın, şəxsi işin poeziyanın önünə keçir. Bu qayğılar artdıqca, iş rejimi ağırlaşdıqca, hətta bəzən şeir gəlsə belə, onu yazmağa, harasa qeyd etməyə vaxt tapmırsan, daxilindəcə onu öldürmüş olursan. Beləcə, öz şeirinin qatilinə çevrilirsən. Son iki ildə ən az 3-4 şeirimin qatili olmuşam.
- Sizcə, şeir vəfasızdır?
- Məncə, oxucular şeirə qarşı vəfasızdır, şeir yox. Bu gün sevdiyimiz, dilimizdə əzbər etdiyimiz şeir olur ki, sabah bir başqasını görən kimi onu unuda bilirik. Düşünmürük ki, bir zamanlar çətin məqamımızda, hansısa hissin yaşantısında bizə bu şeir yoldaş olub, onda ağrılarımıza təsəlli tapmışıq. Başqa bir şeiri bəyənən kimi digərini unudursa, onda oxucular vəfasızdır, şeir yox.
- Bəs şair nə qədər vəfalıdır?
- Dahi Füzuli "Aldanma ki, şair sözü, əlbəttə, yalandır" - desə də, məncə, şairləri digər insanlardan ayırmaq olmaz. İnsan vəfasızdır deyə şair də vəfasızdır.
- Axı şairlər digər insanlardan daha çox vəfadan bəhs edirlər...
- Şairlər onu öz içlərində yaşayırlar, amma həyat bəzən səni elə bir məqama gətirir ki, hətta bilmədən yox, bilərək vəfasızlıq edirsən. Digər insanlar üçün yaşamaq, qərar vermək şairlərdən daha asandır, məncə. Şairlər xarakter baxımından, hiss, duyğular sarıdan daha zəif, daha kövrəkdirlər. Ona görə də bu vəfa mövzusunda daha həssasdırlar, bəlkə də.
- Xəritə çəkmək asandır, ya şeir yazmaq?
- Xəritə çəkmək... Onu hər gün çəkirik onsuz da (gülürük). Hansısa rayonun, kəndin xəritəsini çəkirsən, sərhədlərini müəyyən edirsən. Amma eşqin xəritəsini çəkmək olmur, başqasının hisslərinin sərhədlərini çəkə bilmirsən. Ona görə də şeir yazmaq heç də asan deyil.
- Bayaq həkim olmaq istəyib də, mühəndis olmağınızdan danışdınız. Həyatda istəmədən, məcbur qalıb etdiyiniz çox şeylər var?
- Əslində, azad insanam. Doğrudur, tam azad insan yoxdur, amma bu həyat meyarları daxilində özümü azad hiss edirəm. Azadlıq isə hər istədiyini etmək yox, istəmədiyini etməməkdir, mənə görə. Mən də ömrüm boyunca çalışmışam ki, istəmədiyimi etməyim. Ancaq həyatın məcbur qoyduğu anlar da olub. Məsələn, Birinci Qarabağ müharibəsi dövründə evin böyük uşağı olduğum üçün ta uşaq yaşlarımdan kiminsə qapısında iş görüb evə az da olsa, pul, ərzaq aparmağa məcbur olmuşam. Halbuki özüm bunu etmək istəmirdim. Eyni zamanda hər insan kimi, mənim də zəif nöqtəm olan doğmalarım, ya da hansısa nüanslar var ki, onların vasitəsi ilə mənə nəyisə məcbur elətdirmək olar. Çox da güclü polad iradəli adam deyiləm.
- Bilirəm ki, Ağdam, doğulduğunuz Mərzili də sizin həssas nöqtələrinizdən biridir. Çox şükür ki, bu gün Ağdam da, Mərzili də azaddır...
- Bəli, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. İkinci Qarabağ müharibəsi başlar-başlamaz, mən də könüllü ordu sıralarına yazılmışdım. Amma müəyyən səbəblərdən məni aparmadılar. Hər an torpaqlarımız uğrunda döyüşməyə hazır idim. Müharibə bitəndən bir ay sonra isə dostlarımla birgə - mənim xahişimə görə üç nəfər birlikdə Mərziliyə getdik. Hörmətli şairimiz Qulu Ağsəsin öz şeirində: "Çıx Bərdə yoluna - Uzundərəynən gəlirik!.."- dediyi həmin o Ağdam-Bərdə yolu məhz mən də daxil olmaqla üç nəfərin verdiyi koordinatlar üzərindən çəkilib. Mən o kənddən çıxanda 11 yaşım var idi. İndi çox xatırlaya bilməsəm də, maşından düşüb piyada oraları gəzdim, evimizdən, az-çox xatırladığım o illərdən bir iz, bir nişan aradım. Sonralar isə böyüklərimizlə birgə getdik, onların yaddaşının bələdçiliyi ilə evimizi də tapdıq, içərisindəki müəyyən xırda xatirələrlə də qarşılaşdıq. Anamı, atamı da aparmışam kəndimizə. Şükür, indi bütün Qarabağ kimi Ağdam da, Mərzili də abadlaşır, amma o günlərdə yerlə-yeksan idi, daş-daş üstündə qalmamışdı. O mənzərənin özü 30 il həmin torpağın, həmin evin həsrəti ilə yaşamış insanlar üçün ən böyük ağrı idi.
- Həmin o 30 ildə siz "Mərzili"ni öz adınızın yanında, təxəllüs kimi daşıdınız. Nə zamansa "Mərzili" sizə yük oldumu?
- Sinə dağı kimi, əl çatmaz arzu kimi, qaysaq bağlamayan yara kimi bəli, yük idi. Amma həm də "Mərzili" adını mən qürurla daşımışam. Çünki hər hansı ədəbiyyat tədbirində, şeir müsabiqələrində, festivallarda qalib olarkən, səhnədən səslənən "Ramil Mərzili" təqdimatı ilə çoxları o "Mərzili"nin haradan gəldiyini bilirdi. Çünki mən bilən, Mərzili Ağdamın ən çox ziyalılar yetişdirən kəndidir. Təbii ki, buna görə hər zaman doğulduğum kəndlə fəxr eləmişəm. Digər tərəfdən isə 28-30 il müddətində elə bir kənd yoxdur və sən ürəyində, ruhunda, adının yanında o boşluğu daşıyırsan. Ona görə də "Ramil" adı o təxəllüsün yanında həmişə əzik, boynubükük, bir tərəfi yox vəziyyətdə qalıb. Çox şükür ki, bu gün hər şey tamamilə dəyişib. İndi biz qalib xalqıq, öz torpağına, öz mədəniyyətinə, öz kökünə sahib çıxmağı bacaran millətik. İndi torpağımız kimi adımız da bütövdür.
- Bu qələbə, bu hisslər yaradıcılığınıza necə təsir etdi?
- Bu, əslində, özümün də yaralı yerimdir. Belə ki, torpaqlarımız işğalda ikən mənim vətənə, Qarabağ həsr etdiyim bir neçə ağrılı şeirlərim olsa da, qələbədən sonra bu mövzuda heç bir şeir yaza bilməmişəm. Hətta bunu özümdən soruşmağa da qorxuram ki, "niyə yoxdur?" Yoxluğu, varlığından daha böyük ədəbi təsir göstərdi mənə, yoxsa nə? Cavabını bilmirəm.
- Bayaq özünüz dediniz ki, şeir ağrıdan doğulur. Yəqin indi o sarıdan ağrı yoxdur.
- Elədir. Hərdən də düşünürəm ki, bəlkə sevinci də yazmaq olardı.
- Xoşbəxtlikdə şeir yada düşür?
- Yox...
- Xoşbəxtsiniz?
- Xoşbəxtlik nisbi anlayışdır, məncə. Bir insan ailəlidirsə, ağıllı, tərbiyəli, savadlı övladları varsa, doğmaları yanındadırsa, işi, sənəti, evi, dostları varsa və bütün bunların varlığı xoşbəxtlikdirsə, xoşbəxtəm. Amma mənə görə ümumən xoşbəxtlik yoxdur. Düzü, mən həyatımı əksərən pessimist keçirən adamam. Düşünmək, qəmli mahnılar dinləmək, saatlarla qaranlıq otaqda dinmədən, danışmadan sadəcə tavana baxaraq xəyallara dalmaq məni daha çox rahatladır. Hərdən bunu anlamayan insanlar mənə deyirlər ki, sən naşükürsən. Yox, elə deyil. Sadəcə, bəlkə də kədəri daha çox sevirəm.
- Bu günün ədəbiyyatını necə görürsünüz? Xüsusən, sosial şəbəkə ədəbiyyatı deyilən o ədəbiyyat növü haqda nə düşünürsünüz?
- Əvvəl də elə düşünürdüm, indi də əminliklə deyirəm ki, sosial şəbəkə ədəbiyyatı ədəbiyyatı hörmətdən salır. Harada qeyri-ciddi, iki cümləni yanaşı yaza bilməyənlər varsa, sosial şəbəkələrdə özünü "şair, şairə" adı ilə insanlara sırıyır. Özləri kimi kütlə də rəylərdə tərifləri yağdırır. Görən də elə bilir müasir Azərbaycan poeziyası budur. Bəli, istedadlı insanlar var, sözü, şeiri duya bilən gənclər yetişir. Ümumən isə vəziyyət heç də yaxşıya getmir. Bu gün mən Azərbaycan ədəbiyyatına baxanda sadəcə üzülürəm, heyifsilənirəm.
- İmzanızı tanımayan birinə özünüzü şair kimi təqdim edərkən hansı şeirinizi deyərsiniz?
- "Ömür keçir beləcə" şeirimi deyərdim. Orada özümü anladıram. Yaxud "Akapella" şeirimi deyərdim. Çox sevirəm o şeiri:
Yağış yağır sənsizliyin üstünə,
Elə darıxıram... Havam çatışmır.
Sənin saçlarının sığal izləri,
Mənimsə getməyə yuvam çatışmır.
- Son olaraq, müsahibə əsnasında hansı sualı gözləmirdiniz, eləcə də sizə verməyimi istədiyiniz hansı sual vardı ki, onu eşitmədiniz?
- (Sükut) Düzü, sevgi barədə sualınızı gözləmirdim. Eşitmək istədiyim belə bir sual olardı: "Bu həyatda tək bir arzu diləmək şansın olsaydı ki, o mütləq həyata keçərdi, həmin arzu nə olardı?" Bax, siz o sualı vermədiniz deyə, mən də cavabını verməyəcəyəm (gülürük).
Şahanə MÜŞFİQ


