Icma.az
close
up
RU
Beynəlxalq dəhlizlərin inkişafında Azərbaycanın polad “arteriyası”

Beynəlxalq dəhlizlərin inkişafında Azərbaycanın polad “arteriyası”

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 iyun, Vüsal Nəbiyev, AZƏRTAC

Azərbaycanın şimal ilə cənubun, şərq ilə qərbin qovşağında yerləşməsi onu tarix boyu coğrafi baxımdan strateji məkana çevirib. Ötən dövr ərzində nəqliyyat sektorunun, xüsusilə dəmir yolu nəqliyyatının inkişafı həm ölkədaxili, həm də ölkəxarici artan tələbatdan irəli gəlirdi. Belə ki, ilk dəfə 145 il öncə Azərbaycanda neft daşınması üçün salınan 20 kilometrlik dəmir yolları ötən illər ərzində keşməkeşli inkişaf yolu keçərək 100 dəfədən çox istismar uzunluğu ilə (2100 kilometr) beynəlxalq dəhlizlərin polad “arteriyası”na çevrilib. Lakin bu, son deyil! Azərbaycan dəmir yolları ölkə ərazisindən keçən bütün beynəlxalq dəhlizlərin əsas magistralı olmaq iddiasındadır. Bu iddia isə əsassız deyil.

Dəmir yolu və dəhlizlər

Qlobal dünya nizamına təsir edən beynəlxalq dəhlizlər nəqliyyat, ticarət, enerji kimi bir çox sahələri əhatə edir. Əksər dövlətlərarası münasibətlərin iqtisadi əsaslar üzərində qurulduğu hazırkı zaman kəsiyi isə belə dəhlizlərin əhəmiyyətini hər ötən gün daha da artırır. Şübhəsiz ki, beynəlxalq dəhlizlərin “vuran ürəyi” nəqliyyat sektorudur. Beynəlxalq nəqliyyat dəhlizləri quru (avtomobil), dəmir yolu, su, hava üzərindən keçsə də onların ən dominantı quru və dəmir yoludur. Dəmir yolu nəqliyyatı qlobal ticarət və iqtisadi inteqrasiyanı dəstəkləyən səmərəli, dayanıqlı və sərfəli bağlantı təmin etməklə beynəlxalq dəhlizlərin inkişafında mühüm rol oynayır. Dəmir yollarının salındığı bölgələr həm də həmin əraziyə yeni həyat gəlişinin müjdəsini verir.

Qısa haşiyə

SSRİ-də yüksək təşkilatçılıq qabiliyyəti ilə tanınan Ümummilli Lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildikdən sonra tikintisinə birbaşa nəzarət etdiyi Baykal-Amur magistral xətti həmin dövrün ən çətin yaşam şərtləri olan ərazilərdən (-45 dərəcə temperaturu olan tayqa meşələri, yollarının ilin əksər vaxtında buz bağladığı çöllər) keçirdi. Lakin həm tikinti illərində, həm də tikinti işləri başa çatdıqdan sonra dəmiryolu boyunca 400 min kvadratmetrdən çox yaşayış sahəsi işçilərə təhvil verilib, məktəblər, uşaq bağçaları, klublar, klinikalar, mağazalar, kinoteatrlar tikilib. Bununla yanaşı, tikintinin aparıldığı on il ərzində magistral dəmir yolu boyu şəhər və qəsəbələrdə 60 min uşaq dünyaya gəlib.

Hazırda mövcud dəhlizlərin əsas nəqliyyat növü dəmir yollarıdır. Bəlkə də ona görə “Qədim İpək yolu” ifadəsini artıq “Dəmir İpək Yolu” ilə əvəz edirlər. Dəmir yolları yükdaşımaların artımı üçün perspektivli, ən vacibi isə təhlükəsiz nəqliyyat sahəsidir. Dəhlizlər boyu dövlətlərə daha çevik tranzit vaxtları və etibarlı logistika zəncirləri qazandıran dəmir yolu dəniz, avtomobil nəqliyyatına alternativ və ya tamamlayıcı rolunu oynayır.

Bundan başqa, dünya ölkələrinin heç vaxt olmadığı qədər iqlim dəyişmələrinə qarşı mübarizə apardığı belə bir məqamda dəmir yolu nəqliyyatı avtomobil və dəniz nəqliyyatından daha ucuz, sürətli olması ilə yanaşı, xeyli az karbon emissiya edir və ekoloji təmiz nəqliyyat vasitəsi hesab edilir. Belə ki, qlobal karbon qazı emissiyasının cəmi 1 faizi dəmir yollarının payına düşür.

Fəaliyyətini qlobal geosiyasətə, beynəlxalq standartlara uyğunlaşdıran “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Azərbaycanı bölgənin nəqliyyat qovşağına çevirmək üçün son illər regiondakı təsirini nəzərəçarpacaq dərəcədə artırır, mövcud infrastrukturunu yeniləyir, qonşu və region dövlətlərinin dəmir yolu müəssisələri ilə əməkdaşlıq əlaqələrini gücləndirir. Ötən il dünyanın ən mötəbər beynəlxalq tədbiri - COP29-a ev sahibliyi edən Azərbaycan artan ekoloji tələblər kontekstində dəmir yollarında elektrikləşməni 100 faizə çatdırmağı hədəfləyir (bu göstərici hazırda 70 faizə yaxındır).

Azərbaycan dəmir yolları beynəlxalq dəhlizlərin tərkib hissəsi kimi

Dəmir yolu nəqliyyatı ticarət əlaqələrini inkişaf etdirmək, dayanıqlı nəqliyyatı təşviq etmək, iqtisadi inteqrasiyanı dəstəkləmək və sərhədlər boyu logistikanın səmərəliliyini artırdığı üçün beynəlxalq dəhlizlərin inkişafında mühüm elementdir. Onun oynadığı rol transsərhəd əlaqələri inkişaf etdirməklə yanaşı ticarət həcmini artırmaq, malların regionlar və qitələr arasında hərəkətini asanlaşdırmaq üçün də çox vacibdir.

Azərbaycanda da dəmir yolu nəqliyyatının inkişafı mühüm əhəmiyyət kəsb edir. Son illər həyata keçirilən layihələr, aparılan islahatlar nəticəsində Azərbaycanın tranzit imkanları genişlənib, ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Dəmir Yolları” QSC bu yükdaşımalarda aktiv oyunçulardan birinə çevrilir. Azərbaycanın əsas tranzit ölkə kimi artan əhəmiyyətini və dəmir yolu xidmətlərinə yüksək tələbatı nəzərə alaraq ölkədə dayanıqlı nəqliyyat sisteminin yaradılmasında ADY əsas rollardan birini oynayır. Elə “ADY Ekspress” MMC-nin qurulması ADY-nin yaranmış fürsəti dəyərləndirmək və tranzit yüklərin həcminin artırılması üçün əhəmiyyatlı addımlarından hesab olunur. Şirkət ekspeditorlara və iri yük sahiblərinə onlayn xidmətlər göstərir, həmçinin Azərbaycanın dəmir yolları ilə bağlı bütün operativ məlumatlara çıxışı, vaqonların hərəkəti və təchizatı ilə bağlı yarana biləcək problemlərinin qısa zamanda həllini təklif edir.

Azərbaycanın bir neçə nəqliyyat dəhlizinin üzərində yerləşməsi onun beynəlxalq yükdaşımalar sahəsində strateji rolunu hər ötən gün daha da artırır. Belə ki, Azərbaycanın dəmir yolları Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb və Zəngəzur dəhlizləri ilə bu böyük mənzərənin tərkib hissəsinə çevrilib.

Şərq-Qərb Nəqliyyat Dəhlizi

Çindən Avropaya və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsinin ən qısa yolu Şərq-Qərb Nəqliyyat Dəhlizidir (Çin-Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa). Hazırda Avropa ilə Asiyanı birləşdirən 3 əsas marşrut mövcud olsa da (Rusiya üzərindən Şimal dəhlizi, İran və Türkiyə üzərindən Cənub dəhlizi və TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və ya Orta Dəhliz) Azərbaycan üzərindən keçən beynəlxalq dəhliz ən strateji olanıdır.

Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi, İran-İsrail qarşıdurması, sanksiyalar və artan geosiyasi risklər nəticəsində Şimal və Cənub dəhlizi faktiki olaraq fəaliyyətini dayandırsa da Orta Dəhliz üzrə daşımalar artmaqdadır. Orta Dəhliz böyük bir coğrafiyanın iqtisadi inkişaf və ticarətinin şaxələndirilməsi üçün imkanlar yaradır. Bu dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri təhlükəsiz çatdırmaqla həm də ən qısa yol təklif edir. Beynəlxalq maliyyə institutlarının isə bu marşruta diqqətinin artması onun əhəmiyyətini əks etdirir.

Çindən Avropaya Orta Dəhliz vasitəsilə yola salınan yüklər iki istiqamət üzrə ötürülür; Gürcüstanın Poti və Batumi limanları və Bakı-Tbilisi-Qars dəmir yolu ilə.

Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin mühüm tərkib hissəsidir. ADY bu marşrut üzrə yükdaşımaları səmərəli etmək və əməliyyatların optimallaşdırılması üçün dəhliz iştirakçısı olan ölkələrlə vahid koordinasiya sistemi yaradıb. Həmçinin dövlət büdəcəsi hesabına ADY darboğazın aradan qaldırılması, stansiya yollarının inkişafı, elektrikləşdirilməyə əlavə sərmayələr yatıraraq Bakı-Tbilisi-Qars dəmir yolunda genişmiqyaslı modernizasiya işləri görüb ki, bununla da dəhlizin ötürücülük qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Ötən il Orta Dəhliz ilə yükdaşımaların həcmi 4,5 milyon ton olsa da builki hədəf 5,2 milyon tondur. 2027-ci ilə qədər marşrutun gücünün 10 milyon tona çatdırılması planlaşdırılır. Həmçinin qarşıdakı illərdə dəmir yolları üçün vaqon parkının cəlb edilməsi nəzərdə tutulur. Orta Dəhlizin vacib iştirakçılarından olan Azərbaycan və Çin dəhliz üzrə konteyner blok-qatarlarının artırılması, həmçinin Çindən Qara dənizə kimi yüklərin izlənməsinə imkan verəcək rəqəmsal platforma ilə bağlı müzakirə aparır.

Şimal-Cənub Nəqliyyat Dəhlizi

Azərbaycan üzərindən keçən beynəlxalq marşrutlardan biri də Şimal-Cənub Nəqliyyat Dəhlizidir (Hindistan-İran-Azərbaycan-Rusiya-Baltik dənizi). Bu dəhliz ilə Hindistan və Körfəz regionundan yüklərin Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə və əks istiqamətə çatdırılması həyata keçirilir.

Marşrut üzrə potensial yükdaşıma həcmi ildə 15 milyon tona qədərdir ki, bu da Azərbaycan üçün əhəmiyyətli tranzit potensialı yaradır. Bu marşrutun Süveyş kanalından keçən hissəsi 800 kilometr daha çox, çatdırılma müddəti isə 20 gün daha artıq idisə (Husilərin bölgədəki fəaliyyəti yüklərin çatdırılmasını da sual altına salırdı), Azərbaycandan keçərkən vaxta və yola qənaət edilməklə yanaşı, yüklərin təhlükəsiz çatdırılmasını ön plana keçir.

ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə ciddi önəm verir. Belə ki, bu il ADY Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə artan yükdaşımalara xidmət göstərmək məqsədilə 7 ədəd yeni lokomotiv alıb. Növbəti mərhələdə isə 14 ədəd magistral lokomotivin alınması planlaşdırılır. Dəhlizinin inkişafı çərçivəsində Astara Terminalının (İran ərazisində Azərbaycana məxsusdur) tikintisi bu il başa çatdırılacaq. Bu terminal dəhlizlə yük daşımalarının həcmini artırmağa imkan verəcək. Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.

Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanması üçün ADY tərəfindən Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri də həyata keçirilir. Hazırda ADY Ələtdən Osmanlıya və Osmanlıdan Astaraya dəmir yolu xəttini yeniləyir. Yolun ümumi uzunluğu 243 kilometrdir. Dəmir yolu xətti ilə bağlı tikinti işlərinin isə 2027-ci ilə qədər tamamlanacağı gözlənilir.

Cənub-Qərb Nəqliyyat Dəhlizi

Azərbaycan ərazisindən keçən beynəlxalq marşrutlardan biri də Cənub-Qərb Nəqliyyat Dəhlizidir (Hindistan-Körfəz-İran-Azərbaycan-Gürcüstan-Avropa). Bu dəhlizlə Avropa ölkələri ilə Hindistan arasında yüklərin daşınması həyata keçirilir. 2025-ci ilin birinci rübündə bu dəhliz vasitəsilə Azərbaycan üzərindən daşımaların həcmi 55 faizdən çox artaraq 134,7 min ton olub. “ADY Express” şirkəti artıq bu Cənub-Qərb Nəqliyyat Dəhlizi ilə də yükdaşımalara başlayıb. Rəşt-Astara və Qəzvin-Rəşt dəmir yolu xətlərinin inşası başa çatdıqdan sonra bu dəhlizin potensialından tam istifadə ediləcək. Alternativ marşrutlarda çatdırılma vaxtı 35-37 gün olduğu halda İran, Azərbaycan, Gürcüstan vasitəsi ilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınması cəmi 12-14 gün çəkir.

Şimal-Qərb Nəqliyyat Dəhlizi

Azərbaycanın tərkib hissəsi olduğu beynəlxalq nəqliyyat dəhlizi Şimal-Qərb dəhlizidir (Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə/Qara dəniz-Avropa/Aralıq dənizi). Marşrutun yaranması Azərbaycan dəmiryolçuları tərəfindən Bakı-Tbilisi-Qars layihəsi reallaşandan sonra irəli sürülüb. Bu dəhliz Rusiya yüklərinin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə daşınmasına şərait yaradır. Bu ilin birinci rübündə dəhliz vasitəsilə yük dövriyyəsinin həcmi 776,9 milyon ton olub.

Zəngəzur Dəhlizi

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan torpaqlarının işğaldan azad edilməsi regionun tranzit və logistika potensialını artıracaq Zəngəzur dəhlizinin tikintisinin reallaşmasına səbəb olub. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionları Orta Dəhliz çərçivəsində xüsusi strateji önəmə malikdir. Belə ki, Zəngəzur dəhlizi region iqtisadiyyatının inkişafı ilə yanaşı, Azərbaycanı Türkiyə və Avropa ölkələri, eləcə də Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Zəngəzur dəhlizinin fəaliyyəti bir neçə nəqliyyat dəhlizinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına gətirib çıxaracaq. Zəngəzur marşrutu kimi yeni istiqamətlərin açılması yük axınlarını yenidən bölüşdürməyə və yüklənmiş hissələri yüngülləşdirməyə, çatdırılma sürətini artırmağa və tranzaksiya xərclərini azaltmağa imkan verəcək. Bu, həm də Avrasiya nəqliyyat sistemində mühüm tranzit qovşağı kimi Azərbaycanın logistik potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Hazırda Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83 faizi, tikinti-quraşdırma işlərinin isə 63 faizi tamamlanıb. Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürmə qabiliyyətini 10-12 milyon ton artırmağa imkan verəcək.

Məqalə “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see153

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see124

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see120

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see118

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see117

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see117

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see116

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see116

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see115

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see115

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see115

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see114

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see113

Yevlaxda ər arvad qəzaya düşüb, ölən var

29 İyun 2025 09:10see113

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see113

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see112

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see111

İrana qarşı sanksiyaları ləğv etmək üçün şərtini açıqladı

30 İyun 2025 00:49see110

Krit adası: Burada qan düşmənləri qardaşa çevrilir, hamilə qadınlar müqəddəs sayılır

30 İyun 2025 00:26see110

Mask Trampın təşəbbüsünü sərt tənqid etdi: ABŞ ni borc köləliyinə aparır

30 İyun 2025 03:34see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri