Icma.az
close
up
RU
Bioloji dünyadan sosial dünyaya keçid

Bioloji dünyadan sosial dünyaya keçid

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Herbert Spenserin gözündə cəmiyyət nədir?

Bəzən bir cəmiyyəti anlamanın ən sadə yolu, onu bir bədən kimi təsəvvür etməkdir. Hər bir bədən kimi cəmiyyətin də öz nəbzi, damarları, sinirləri və orqanları vardır. Onun ritmini qanunlar, nəfəsini mədəniyyət, yaddaşını isə tarix təşkil edir. Bədənin bir hissəsi zədələnəndə, digər hissələr öz funksiyasını dəyişərək uyğunlaşmağa çalışır. Cəmiyyət də eyni şəkildə zərbə aldıqda, yeni davranış formaları, qaydalar və düşüncə modelləri yaradır. İnsan bədəni ilə sosial həyat arasında bu bənzətmə təsadüfi deyil. Bu, təbiətdəki hərəkətin, dəyişmənin və nizamın sosial aləmdəki əksidir.

XIX əsr insanı üçün “təkamül” sadəcə biologiyaya aid anlayış deyildi, dünyanın bütün proseslərini anlamaq üçün universal bir açar kimi görünürdü. Elm və fəlsəfə bir-birinə daha çox yaxınlaşmış, sosial hadisələr bioloji prinsiplərlə izah olunmağa başlanmışdı. Cəmiyyət artıq yalnız fərdlərin toplandığı məkan deyil, öz içində nəfəs alan, dəyişən və özünü qorumağa çalışan canlı bir sistem kimi düşünülürdü. Bu fikir, sənaye inqilabının gətirdiyi böyük sosial dəyişikliklərin fonunda xüsusilə güclü bir məna qazanırdı. Şəhərlərin böyüməsi, fərdlərin sosial rollarının yenidən formalaşması və iqtisadi münasibətlərin mürəkkəbləşməsi sanki sosial bədəni yenidən qururdu.

Elə bu mürəkkəb sistemin içində bir sual doğurdu: cəmiyyət necə yaşayır? Onu yaşadan nədir? Fərdlər, yoxsa onların arasındakı əlaqə? Bədəni canlı edən orqanlar deyil, onların bir-biri ilə harmoniyasıdır. Cəmiyyətdə də vəziyyət bundan fərqli deyil. Onun sağlamlığı fərdlərin sayında deyil, qarşılıqlı asılılığın keyfiyyətində ölçülür.

Məhz bu düşüncədən yola çıxan Herbert Spencer sosial reallığı bioloji prinsiplərlə izah etməyə cəhd etdi. Onun üçün cəmiyyət “canlı orqanizm” idi. Öz qan dövranı, sinir sistemi və müdafiə mexanizmi olan bir bədən. Spencerin ideyası sadə bir bənzətmə deyildi; bu, insanın sosial həyatını təbiətin qanunları ilə eyni dildə oxumaq cəhdi idi. Və bəlkə də bu səbəbdəndir ki, o, sosiologiyanın ilk sistematik qurucularından biri kimi qəbul olunur.

Herbert Spencer üçün cəmiyyət sadəcə fərdlərin bir araya gəldiyi struktur deyildi. O, təbiətin bir parçası kimi fəaliyyət göstərən canlı bir sistem idi. Bu sistemin əsas prinsipi isə funksional qarşılıqlı asılılıq idi, yəni cəmiyyətin hər bir hissəsi (fərd, institut, norma) bütöv orqanizmin sağ qalması üçün müəyyən rol oynayır. Spencer “Principles of Sociology” (1876) əsərində yazırdı ki, “cəmiyyətin fərqli sahələri arasında əlaqə, bədəndəki orqanların əlaqəsinə bənzəyir və hər biri bütövün davamlılığı üçün fəaliyyət göstərir.”

Spencerin bu yanaşması, Darvinin “təbii seçmə” prinsipindən təsirlənmişdi, lakin ondan fərqli olaraq o, təkamülü yalnız biologiyada deyil, sosial strukturlarda da görürdü. Cəmiyyətin də canlı orqanizm kimi doğulması, böyüməsi, yetkinləşməsi və bəzən də dağılması mümkündür. Bu baxımdan Spencer sosiologiyaya təkamülçü bir baxış gətirdi. Cəmiyyətlər sadə formadan mürəkkəb formaya doğru inkişaf edir, ilkin icma tiplərindən müasir dövlət formalarına qədər uzanan bir prosesin iştirakçısına çevrilir.

Spencerin düşüncəsində cəmiyyət bir bədən, fərdlər isə bu bədənin hüceyrələri idi. Hüceyrələr bir-birinə bənzəmir, amma bədənin bütövlüyü üçün hamısı vacibdir. Eyni şəkildə cəmiyyətdə də fərdlər eyni statusda olmasa da, sosial sistemin davamlılığı üçün hamısı lazımdır. Məsələn, iqtisadi sahə “qidalanma sistemi” kimi maddi dövranı təmin edir. Siyasi institutlar “sinir sistemi” kimi idarəetməni həyata keçirir. Mədəniyyət və əxlaq dəyərləri isə “müdafiə mexanizmi” rolunu oynayır, yəni cəmiyyəti mənəvi parçalanmadan qoruyur.

Spencerin fikrincə, cəmiyyətin mürəkkəbləşməsi onun “təkamül” səviyyəsini göstərir. Sadə toplumlarda (məsələn, qəbilə və ya ibtidai icma dövrlərində) sosial funksiyalar bir-birinə çox yaxındır, yəni siyasi, dini və iqtisadi fəaliyyətlər eyni struktur tərəfindən həyata keçirilir. Lakin inkişaf etdikcə bu funksiyalar differensiasiya olur, yəni bir-birindən ayrılaraq müstəqil sistemlərə çevrilir. Bu prosesi Spencer “funksional ixtisaslaşma” adlandırırdı. Beləliklə, sosial bədən öz orqanlarını fərqləndirərək daha effektiv və sabit formaya keçmiş olur.

Bu fikir onun üçün yalnız elmi deyil, həm də əxlaqi məna daşıyırdı. Spencer fərdlərin cəmiyyətdəki yerini bioloji harmoniyanın tərkib hissəsi kimi görürdü. Ona görə sosial nizam zorla deyil, təbii uyğunlaşma ilə yaranmalıdır. Bu, onun liberal baxışlarının da əsasını təşkil edirdi. Dövlətin rolu minimuma endirilməli, cəmiyyətin öz-özünü tənzimləməsinə imkan verilməlidir. Belə bir mövqe ilə o, cəmiyyətin içindəki dəyişməni “azad təkamül” kimi izah edirdi (bax: Spencer, “Social Statics”, 1851).

Cəmiyyət anlayışının gücü ondadır ki, o, sosial sistemlərə dinamik bir struktur kimi baxırdı. Hər bir fərdin, hər bir institutun rolu bu böyük orqanizmin sağlamlığı üçün vacibdir. Amma bu yanaşmanın ziddiyyətli tərəfi də var. Spencer bəzən fərdlər arasındakı bərabərsizliyi təbiətin qanunu kimi qəbul edir, sosial ədalət ideyalarını “təbii seçməyə zidd” sayırdı. Bu, onun nəzəriyyəsini həm güclü, həm də mübahisəli etmişdi. Onun üçün cəmiyyətin mahiyyətini anlamağın ən doğru yolu onun təkamül qanununa baxmaq idi. O, inanırdı ki, bütün varlıqlar, istər bioloji, istər sosial, istərsə də mədəni eyni universal qanunlara tabedir. Sadədən mürəkkəbə, nizamsızdan sistemliyə, fərqlənməzdən fərqlənməyə doğru bir hərəkət. Bu fikir onun sosiologiyasının təməl prinsipinə çevrildi.

Spencer “The Study of Sociology” (1873) əsərində yazırdı ki, “cəmiyyətin inkişafı, həyatın öz inkişafı kimi, fərqli hissələrin daha çox əlaqələnməsi və ixtisaslaşması ilə ölçülür.” Yəni, bir cəmiyyətin nə qədər “yetkin” olduğunu onun fərqli sahələri arasındakı funksional əlaqələrin dərinliyi göstərir. İbtidai toplumlarda siyasi, dini və iqtisadi sistemlər bir-birindən çox da ayrılmamışdı ancaq inkişaf etdikcə bu sistemlər müstəqil funksiyalara çevrilir, öz orqanlarını formalaşdırır. Digər tərəfdən Spencerin nəzərində dəyişmə həm sosial, həm də əxlaqi sahələrdə özünü göstərirdi. Cəmiyyət artıq yalnız varlığını qorumaq üçün yox, özünü dərk etmək üçün də fəaliyyət göstərirdi. Uyğunlaşma, burada, sadəcə həyat uğrunda mübarizə deyil, həm də mənəvi və intellektual inkişaf prosesidir. Cəmiyyət yeni dəyərlər yaradır, köhnə strukturlarını dəyişir və beləliklə, öz içində bir “özünü tənzimləmə” mexanizmi formalaşdırır.

Bu baxımdan Spencerin sosial təkamül nəzəriyyəsi təkcə elmi deyil, həm də ideoloji məna daşıyırdı. O, insan azadlığını və fərdi təşəbbüsü bu təkamülün mühərriki sayırdı. Dövlətin çox müdaxiləsi bu təbii prosesi pozur, çünki cəmiyyətin sağlam inkişafı üçün fərdlərin öz mühitinə azad şəkildə uyğunlaşması vacibdir.

Lakin bu fikir eyni zamanda tənqid də doğurmuşdu. Bir çox sosioloqlar məsələn, Émile Durkheim və Karl Marx Spencerin cəmiyyət anlayışında təbii seçmənin sosial ədaləti kölgədə qoyduğunu bildirirdilər. Durkheim deyirdi ki, cəmiyyət yalnız təbiətin bir uzantısı deyil, həm də mənəvi bir sistemdir, yəni sosial nizamı bioloji qanunlarla tam izah etmək mümkün deyil. Amma nə qədər tənqid olunsa da, Spencerin bu ideyası sosiologiyanın formalaşmasında təməl rol oynadı və o, cəmiyyətə bir mexanizm kimi deyil, canlı bir orqanizm kimi baxmağı öyrətdi.

Bu baxış, müasir sosiologiyada da izlərini saxlayır. Ekoloji sistemlər, informasiya şəbəkələri və hətta iqtisadi bazarlar belə, bu gün “özünü tənzimləyən orqanizmlər” kimi təhlil olunur. Bu da göstərir ki, Spencerin sosial təkamül fikri, XIX əsrin bir ideyası olmaqdan çıxaraq, XXI əsrin sosial modellərinə qədər uzanan bir təsir gücünə malikdir.

Beləcə, Spencerin “cəmiyyət orqanizmdir” ideyası təkcə XIX əsrin elmi romantizmi deyil, həm də XXI əsrin reallığıdır. Bəs bu gün, bədənini texnologiya ilə, yaddaşını süni zəka ilə, hisslərini sosial media ilə paylaşan insanın qurduğu cəmiyyət hələ də canlı bir orqanizm sayıla bilərmi, yoxsa artıq mexaniki sistemə çevrilib?

Nigar Şahverdiyeva
Sosioloq, araşdırmaçı yazar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Noyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri