Icma.az
close
up
RU
Bir əsrə sığmayan ömür

Bir əsrə sığmayan ömür

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

"Dünya yaxşı insanların çiyinlərində fırlanır". Xalq müdrikliyini, fəlsəfi düşüncəsini ifadə edən bu deyim bir daha təsdiq edir ki, kainatın nizamı, sabitliyi, həyatın davam etməsi yaxşı insanların əxlaqı, mərhəməti, zəhməti, fədakarlığı sayəsində mümkün olur. Onların varlığı sanki dünyanı ayaqda saxlayan görünməz dayaqlardır. Belə insanlardan söhbət düşəndə adı hörmətlə çəkilənlərdən biri də Bəxtiyar Süleymanlıdır. Bir əsrə yaxın ömür yaşamış, mənalı həyatını doğma Azərbaycanına, dövlətinə, xalqına sədaqətlə, vicdanla, təmənnasız xidmət etmiş əsl vətəndaş, böyük ziyalı. Müharibə veteranı, uzun illər təhlükəsizlik sahəsində rəhbər vəzifələrdə çalışmış polkovnik-leytenant, hüquqşünas, pedaqoq, cəsarətli söz adamı, publisist, tanınmış ictimai xadim. Pak və zəngin mənəviyyatı, əsl insani keyfiyyətləri ilə, dürüstlüyü, alicənablığı, xeyirxahlığı, səmimiyyəti, həyatsevərliyi ilə qəlblərdə və yaddaşlarda iz qoymuş qayğıkeş ailə başçısı, el ağsaqqalı. Həyatın sınaqlarına ləyaqətlə sinə gərərək zəngin, maraqlı, şərəfli bir ömür yolu keçmiş Bəxtiyar İbrahimoğlu Süleymanlı.

O, 1925-ci il avqustun 29-da Zəngilan rayonunun Bartaz kəndində dünyaya gəlmişdi. İnsanlığın sınağa çəkildiyi İkinci Dünya müharibəsinin başlanması çoxları kimi onun da xəyallarını, arzularını yarımçıq qoydu. Məhrumiyyətlər, gördükləri, şahid olduqları bir ömür boyu yaddaşından silinmədi. Çətinliklərə rəğmən, 1939-cu ildə Bartazdakı yedillik məktəbi bitirib, təhsilini Zəngilanda davam etdirmişdi. Lakin 1942-ci ildə təhsilinə fasilə vermək məcburiyyətində qalan gənc Bəxtiyar kənddə insanların "hər şey cəbhə üçün, hər şey qələbə üçün" şüarı altında birləşərək yorulmadan çalışdığı bir zamanda əmək fəaliyyətinə başlamış, rayonun beş ucqar kəndini birləşdirən sovetliyin mərkəzi Bartazdakı poçt bölməsinin rəisi kimi çalışmışdı. Bir müddət sonra, 1943-cü ilin fevralından yeni təyinat almış, Əmirxanlı kənd məktəbində müdir, həm də müəllim kimi fəaliyyətini davam etdirmişdi.

Artıq on səkkiz yaşına çatmış Bəxtiyar Süleymanlı cəbhəyə yollanır, Qafqaz Hərbi dairəsinin 191-ci nişançı alayında vuruşur, döyüşlərdə fərqləndiyinə görə orden və medallarla təltif olunur.

İkinci Dünya müharibəsi qurtardıqdan sonra B.Süleymanlı 1945-ci ilin oktyabrında ordudan tərxis olunaraq doğma yurdu Zəngilana qayıdır. Bu zaman ona Zəngilan Hərbi Komissarlığında işləmək təklif olunur. 1952-ci ilə qədər komissarlıqda məxfi işlər müdiri və bölmə rəisi kimi fəaliyyət göstərmişdi. Əmək cəbhəsində, məsul işdə çalışsa da, Bəxtiyar Süleymanlı ali təhsil almaq, elmi biliklərə yiyələnmək arzusundan daşınmır, 1949-cu ildə orta təhsilini başa vurduqdan sonra ADU-nun (indiki BDU) tarix fakültəsinin fəlsəfə bölməsinə daxil olur. Lakin müharibədən sonrakı bərpa dövrünün çətinlikləri, atası vəfat etdiyi üçün böyük bir ailəyə başçılıq etməsi, maddi sıxıntılar ona təhsilini davam etdirməyə imkan verməsə də, bunlar gənc Bəxtiyarı ruhdan salmamış, zəhmətsevərliyi və əzmkarlığı ona çətinlikləri dəf etməyə güc vermişdi. İllər sonra 1956-ci ildə ADU-nun hüquq fakültəsinə daxil olur. 1962-ci ilə qədərki tələbəlik illərində hüquq elminin sirlərinə dərindən yiyələnir, hətta dekanlıq tərəfindən ona dissertant kimi mövzu üzərində işləmək təklif olunur. Hüquq fakültəsinin məzunu Bəxtiyar Süleymanlı artıq 1952-ci ildən Dövlət Təhlükəsizlik orqanında xidmət göstərdiyi üçün universitetin dissertasiya ilə bağlı təklifini DTK generalına məruzə etdikdə "Bizim orqanda işləyənlər dövlətin təhlükəsizliyi barədə fikirləşməlidirlər, elmi iş yazmaq barədə yox" cavabını aldıqdan sonra bu haqda bir daha düşünməmişdi.

Bəxtiyar Süleymanlı Dövlət Təhlükəsizliyi orqanlarında işlədiyi ilk gündən məsuliyyəti, peşəkarlığı ilə fərqlənmiş, Ulu öndər Heydər Əliyev məktəbinin yetirməsi, bu böyük şəxsiyyətin dəyər verdiyi kadrlardan biri olmuşdu. Onun Heydər Əliyev ilə ilk tanışlığı 1955-ci ilə təsadüf edib. 2008-ci ildə qələmə aldığı "Dövlətçilik memarı və idarəetmə ustadı Ulu öndər" ("Əbədiyaşarlar". 2010) adlı portret-oçerkdə o illəri qürur hissi ilə xatırlayıb.

B.Süleymanlı 1970-ci ilin noyabrında Mərkəzi Komitəyə dəvət olunur. Həmin gün H.Əliyev onu qəbul edərək ən böyük xidmət ərazisi olan Mingəçevir şöbəsinə göndərilməsi münasibəti ilə təbrik edir, B.Süleymanlının göstərilən etimadı doğruldacağına əminliyini bildirir. Artıq 1971-ci ilin yanvarından B.Süleymanlı fəaliyyətini DTK-nın Mingəçevir Şöbəsinin rəisi kimi davam etdirir. Xidmət dairəsinə Qarabağ, Şirvan, Şəki, Zaqatala bölgələrinin doqquz şəhər və rayonun daxil olduğu Mingəçevir şöbəsindəki səmərəli işi, peşəkarlığı, Ulu öndərin etimadını doğrultması onun karyerasında yeni, daha yüksək məqama yol açır. 1981-ci ilin ilk ayından Bakıda DTK-nın Kadrlar aparatında bölmə rəisi vəzifəsinə təyin olunur. Azərbaycan dövlətinin təhlükəsizliyini təmin etmək kimi şərəfli sahədə 35 il xidmət göstərmiş B.Süleymanlı 1987-ci ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxır.

B.Süleymanlı Dövlət Təhlükəsizliyi sahəsindəki uzunmüddətli xidmətdən sonra da fəaliyyətini davam etdirmiş, 1989-1991-ci illərdə AMEA-da işləmişdi. 1991-ci ildən müəllim kimi çalışmış, 1996-cı ilə qədər Bakı Pedaqoji Kollecində "Qanunvericiliyin əsasları" və "İslam hüququ" fənlərindən dərs demişdi. Onun pedaqoji fəaliyyəti həm də cəmiyyətdəki ictimai xidməti, mənəvi borcunu yerinə yetirməsi, qazandığı bilik və təcrübəni gənc nəslə ötürmək istəyi ilə bağlı idi.

B.Süleymanlının çoxşaxəli fəaliyyətində publisistik yaradıcılığı da mühüm yer tuturdu. O,1965-ci ildən dövrü mətbuatda məqalələrlə çıxış edirdi. Yüzdən çox publisistik yazının, "Əbədiyaşarlar" və "Yaşatmaq üçün yaşanmış yarımçıq ömür" kitablarının müəllifi, Azərbaycan Jurnalistlər İttifaqının üzvü idi. Hələ gənc yaşlarından məsul vəzifələrdə çalışmış B.Süleymanlı respublikanın nüfuzlu insanları, dövlət, elm və mədəniyyət xadimləri ilə tanış olmuş, çoxları ilə dostluq etmişdi. 2010-cu ildə nəşr edilmiş "Əbədiyaşarlar" kitabında onun yaxından tanıdığı görkəmli şəxsiyyətlər haqqında yazdığı xatirələr, portret-oçerklər toplanıb. Kitabın ön sözündə müəllif yazırdı: "Birmənalı bildirirəm ki, bu kitabda toplanmış yazıların qəhrəmanları daim xatırlanmağa, yad edilməyə və anılmağa çox yüksək səviyyədə layiqdirlər".

B.Süleymanlı kitabda bu qəhrəmanları - Ulu öndər Heydər Əliyevə həsr edilmiş ilk xatirə-oçerkdən başlayaraq Əbdül Xalıqov, İsmayıl Sayılov, Məhəmməd Əsədov, Riad Əhmədov, Qulu Xəlilov, Məmmədxan Rəsulov, Tofiq Quliyev və digər şəxsiyyətləri şahidi olduğu hadisələrin fonunda, tarixi faktlara əsaslanaraq təqdim edib. Oxucularla ünsiyyət quraraq sanki onları həm şahid, həm sirdaş edərək səmimi üslubda hər bir şəxsiyyətin cəmiyyətdəki ictimai-sosial roluna, xarakterinə, mənəviyyatına diqqət çəkib. Onların daxili dünyasını təsvir və təhlil etməklə bütöv obrazlarını yaradıb. Öz qəhrəmanlarının həyat hekayələrinin axarında həm də yaşadıqları dövrün real mənzərəsini canlandırıb. Ədəbi keyfiyyətləri ilə seçilən, təmtəraqlı ifadələrdən uzaq, həqiqətdən mayalanıb yaranmış xatirə-oçerklər tarixi gerçəklikləri əks etdirir. Müəllif publisistik yazılarında sovet hakimiyyəti illərinin məhdudiyyətlərini, senzura və ideoloji çərçivələri çəkinmədən, açıq şəkildə qələmə alıb. Sovetlər dönəminin təzadlı mənzərəsini - bir tərəfdən mərkəzləşdirilmiş idarəçiliyin sərt qaydalarını, digər tərəfdən isə həmin mühitdə yetişmiş bacarıqlı, fədakar insanların əmək fəaliyyətini obyektiv təsvir edib.

Azərbaycanın müstəqillik qazanmasını xalqımızın haqqı və tarixi nailiyyəti kimi dəyərləndirən B.Süleymanlı bu dövrün hadisələrinə də ayıq və düşünən bir vətəndaş, ziyalı mövqeyindən yanaşıb. O hər zaman tarixi hadisələrə qiymət verərkən ədalətə, obyektiv meyarlara söykənib, bütövlükdə cəmiyyətin maraqlarını və mənafeyini əsas götürüb.

Azərbaycan tarixinin, elm və mədəniyyətinin, qəhrəmanlıq salnaməsinin parlaq səhifələrini yaratmış şəxsiyyətlər haqqında xatirələr yazmaq sadəcə tanınmış, unudulmaz insanların həyatını, ictimai fəaliyyətini qələmə almaq deyil, bütöv bir dövrun mənzərəsini yaratmaq və gələcək nəsillərə çatdırmaq deməkdir. Eyni zamanda tarixi şəxsiyyətləri yaxından tanıtmaq, onların malik olduqları mənəvi dəyərlər, örnək ola biləcək şəxsi keyfiyyətləri barədə daha dərindən təsəvvür yaratmaqdır. Bu mənada 2000-ci ildə çap olunan, respublikamızın ictimai-siyasi həyatında mühüm iz qoymuş Vahid İsmayılovun ömür yoluna və fəaliyyətinə həsr edilən "Yaşatmaq üçün yaşanmış yarımçıq ömür" və "Əbədiyaşarlar" xatirələr toplusu dəyərli kitablar, tarixi gerçəklikləri öyrənmək üçün əvəzsiz mənbələrdir. Hər biri vətənə layiqli və vicdanla xidmətin, şəxsiyyətə hörmətin, zəngin mənəviyyatın və milli yaddaşın yaşadılmasının gözəl nümunəsidir.

Böyük ehtiram hissi, səmimiyyətlə qələmə alınmış xatirələr B.Süleymanlının özünü də yaxından tanıdır. Bu yazılarda bir vətəndaş ziyalı kimi bütöv obrazı canlanır, şəxsiyyətinin işıqlı tərəfləri, önəmli keyfiyyətləri üzə çıxır. Onun xarakterinin incəlikləri, cəmiyyətə xidmət idealı, həyat fəlsəfəsi və amalı aydın görünür.

O, torpağına, elinə bağlı, vətənpərvər ziyalı idi. Həyatın sınaqlarından, İkinci Dünya müharibəsinin alovlarından keçmiş Bəxtiyar Süleymanlı 30 ilə yaxın torpaq itkisini, doğma yurdu Zəngilanın, Qarabağın həsrətini ürəyində gəzdirmişdi. Hələ Dövlət Təhlükəsizliyi orqanlarında xidməti dövründən başlayaraq erməni fitnəkarlığının şahidi olmuş, publisistik yazılarında onların törətdikləri cinayətləri konkret faktlarla göstərmişdi. Hər zaman mənfur düşmənə qalib gələcəyimizə,torpaqlarımızın işğaldan azad olunacağına ürəkdən inanmış, o günləri görmək arzusu ilə yaşamışdı: "Bir daha ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkədə həyata keçirilən ordu quruculuğu strategiyası, eləcə də gənclərlə aparılan hərbi vətənpərvərlik tədbirləri yaxın gələcəkdə öz müsbət nəticələrini verəcək. Qarabağımız uğrunda gedən ədalətsiz qanlı döyüşlərdə tökülən Vətən övladlarının qanı yerdə qalmayacaq, nəhayət, ərazi bütövlüyümüzün bərpası ədalətli həllini tapacaq" ("Əbədiyaşarlar"). Tanrı B.Süleymanlıya arzuladığı müqəddəs günü - dövlətinin və xalqının dəmir yumruğa dönmüş iradəsi ilə qazanılmış möhtəşəm Zəfəri görməyi nəsib etdi. 8 noyabr 2020-ci il tarixi 95 yaşlı ağsaqqal veteranın ömrünə yazılmış ən sevincli, ən qürurlu gün oldu. 2021-ci ilin avqustunda dünyasını dəyişmiş Bəxtiyar Süleymanlı kimi şəxsiyyətlərin həyat və fəaliyyətləri tarixi və mənəvi dəyər daşıyır, bu günə, gələcəyə örnək hesab edilir. Onun vətən və xalq qarşısındakı xidmətləri, miras qoyduğu irs unudulmayacaq, hər zaman böyük ehtiramla xatırlanacaq.

Rəfayət ƏLİMİRZƏYEVA

Filologiya üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see370

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see328

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see324

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see304

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see293

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see270

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see241

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see240

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see227

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see209

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see198

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see180

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see175

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see174

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see174

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see171

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see164

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see155

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see154

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri