Bir əsrlik missiya: Azərbaycan nümayəndələrinin ortaq türk elminin formalaşmasında rolu
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 19 noyabr, AZƏRTAC
Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. AZƏRTAC Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimovun “Bir əsrlik missiya: Azərbaycan nümayəndələrinin ortaq türk elminin formalaşmasında rolu” sərlövhəli məqaləsini təqdim edir.
1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Azərbaycan türkologiyasının öncül mövqeyini açıq şəkildə göstərən tarixi hadisədir. Həmin dövrdə Bakı yalnız Sovet İttifaqı daxilində deyil, eyni zamanda, dünya türkologiyasında mühüm elmi mərkəz kimi tanınırdı. Bu liderlik ölkənin tarix, dil, mədəniyyət və ədəbiyyat sahələrindəki elmi inkişafı, eləcə də dövlət və cəmiyyətin bu sahələrə verdiyi xüsusi önəmin nəticəsi idi.
Bakı türkologiyanın müxtəlif sahələrində fundamental araşdırmalar aparan alimlərin yetişdiyi və elmin inkişafına töhfə verdiyi şəhər olub. Burada fəaliyyət göstərən türkoloqlar yalnız milli səviyyədə deyil, həmçinin dünya türkologiyasında qəbul edilən elmi standartların formalaşmasına mühüm təsir göstəriblər.
Keçən əsrin 70-ci illərində Bakıda nüfuzlu “Sovetskaya Türkologiya” jurnalının nəşrə başlaması Azərbaycanın türkologiya elminin inkişafında lider mövqeyini, beynəlxalq aləmdə qazandığı nüfuzu və aparılan tədqiqatların yüksək elmi səviyyəsini aydın şəkildə nümayiş etdirib. Jurnalın təsis edilməsi bilavasitə 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayla bağlı olub: SSRİ Elmlər Akademiyası Rəyasət Heyətində Qurultayın 40 illiyi münasibətilə toplu nəşr edilməsi məsələsi müzakirə edilib, sonda xüsusi elmi jurnalın buraxılması qərara alınıb. Jurnalın nəşr yeri uzun müddət müzakirə olunsa da, yekunda onun Bakıda nəşr edilməsi məqsədəuyğun sayılıb və bu qərarın qəbulunda dövrün görkəmli dilçi-alimlərinin, xüsusilə akademik Məmmədağa Şirəliyevin mühüm rolu olub. Uzun müddət “Sovetskaya Türkologiya” yalnız Sovet İttifaqı çərçivəsində deyil, həm də dünya miqyasında türkologiya ilə məşğul olan alimlər üçün mühüm elmi resurs və etibarlı istinad mənbəyi olub. Bu fakt Azərbaycanın və paytaxt Bakı şəhərinin türkologiyanın mərkəzi kimi nüfuzunun təsdiqidir.
Azərbaycan XX əsrdə dövlət müstəqilliyini bərpa etdikdən sonra Birinci Türkoloji Qurultaya dövlət səviyyəsində qiymət verilib. Belə ki, 2005-ci il noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayın 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb və 2006-cı ildə Bakıda buna həsr olunmuş beynəlxalq konfrans təşkil edilib. Prezident İlham Əliyevin 2016-cı il 18 fevral tarixli Sərəncamına əsasən, Birinci Türkoloji Qurultayın 90 illik yubileyi də dövlət səviyyəsində qeyd olunub. Bu Sərəncamda xüsusi olaraq vurğulanırdı ki, XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu təsbit edilib və Türkoloji Qurultay tərəfindən irəli sürülmüş qərar və tövsiyələrin müasir şəraitdə həyata keçirilməsi üçün əlverişli zəmin yaranıb. Ötən dövrdə türkologiyaya dair yeni elmi konsepsiyalar formalaşıb, Azərbaycan dünya miqyasında nüfuzlu türkoloji araşdırma mərkəzlərindən biri kimi tanınıb və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsi yaradılıb.
Bu günə qədər bu tarixi xətt dövlət səviyyəsində dəstəklənməkdədir: Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını nəzərdə tutur. Bu, təsadüfi hadisə deyil, tarixi ardıcıllığın və ideya varisliyinin təbii nəticəsidir.
Birinci Türkoloji Qurultay Azərbaycan türkologiyasının aparıcı rolunu göstərən əlamətdar hadisədir. Azərbaycan türkologiyası digər postsovet respublikaları ilə müqayisədə müstəqil inkişafını sürətləndirərək bu sahəyə əhəmiyyətli töhfələr verib, elmi institutların fəaliyyəti, akademik mühitin zənginliyi və yüksəkixtisaslı elm adamlarının iştirakı sayəsində regionda nüfuzunu möhkəmləndirib.
Bakı şəhəri türkologiyanın müxtəlif sahələrinə dair fundamental araşdırmaların aparıldığı, elmin inkişafına töhfə verən alimlərin yetişdiyi mərkəz olub. Birinci Türkoloji Qurultay isə Azərbaycan elmi ictimaiyyətinin və dövlət strukturlarının nümayəndələrini bir araya gətirərək dil, əlifba, terminologiya və maarifçilik sahələrində mühüm qərarlar qəbul etməsinə imkan yaradıb.
Türkoloji Qurultayda iştirak edən Azərbaycan nümayəndələri müxtəlif sahələri təmsil edib və onların töhfələri həm dövlətçilik, həm elmi, həm də ictimai baxımdan mühüm əhəmiyyət kəsb edir. Qurultayda Azərbaycandan iştirak edən 23 nəfər nümayəndə heyətini isə aşağıdakı şəkildə təqdim edə bilərik:
Bəkir Çobanzadə – professor. Türk dilləri və onların elmi terminologiyası sahəsində, Qurultay iclaslarında çıxış edib və sonrakı dövrlərdə ciddi araşdırmalar aparıb və fundamental işlər təqdim edib.
Əziz Qubaydullin – professor. Türk dillərinin qrammatik quruluşu və əlifba keçidində elmi konsepsiyalar işləyib hazırlayıb.
Fərhad Ağazadə – müəllim və yeni Əlifba Komitəsinin üzvü. Elmi və pedaqoji baxımdan əlifba islahatının tətbiqində öncül rol oynayıb.
Xalid Səid Xocayev – müəllim. Özbəkəsilli azərbaycanlı türkoloq alim kimi həm Qurultaydan əvvəl, həm də sonra əlifba sahəsində ciddi fəaliyyət göstərib, maarif və təhsil təcrübəsini Qurultaya gətirib.
Artur Rudolfoviç Zifeld-Simumyaqi – estonəsilli ədəbiyyatşünas və təşkilat komitəsinin üzvü. Türk ədəbiyyatı və terminologiyasına dair araşdırmalar təqdim edib.
Səmədağa Ağamalıoğlu – Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri. Dövlət idarəçiliyini təmsil edərək Qurultayın strateji əhəmiyyətini artırıb.
Mustafa Quliyev – xalq komissarı. Dövlət strukturlarında dil və maarif sahələrinin təşkili məsələlərində fəal olub.
Cəlil Məmmədzadə – xalq komissarı. Azərbaycan maarif və təhsil sisteminin təmsilçisi olaraq Qurultayın müzakirələrində əhəmiyyətli rol oynayıb.
Ruhulla Axundov – “Bakinskiy raboçiy” qəzetinin redaktoru. Dil siyasəti və yeni əlifbanın təbliği məsələlərində media platformasını təmin edib.
Həbib Cəbiyev – “Kommunist” qəzetinin redaktoru. Yeni əlifba və terminoloji sabitlik mövzusunda müzakirələrdə fəal iştirak edib.
Hənəfi Zeynallı – Azərbaycan Dövlət Nəşriyyatının redaktoru. Dil və əlifba islahatı ilə bağlı ideoloji məsələləri təqdim edib.
Həmid Sultanov – Naxçıvan Xalq Komissarı Sovetinin sədri. Regional təcrübə və perspektivləri Qurultay müzakirələrinə gətirib.
Mirzə Davud Hüseynov – Qafqaz Respublikalarının Maliyyə Komitəsinin rəhbəri. Qurultayın maliyyə və resurs təminatı məsələlərinə töhfə verib.
Pənah Qasımov – Xalq Maarif Komissarlığını təmsil edən vətəndaş. Maarif, yeni əlifba və tədris məsələlərində fəal iştirak edib.
Hüsey Musayev – Naxçıvan Xalq Maarif Komissiyasının sədri. Regional maarif təcrübəsini təqdim edib.
Cabbar Məmmədzadə – ADU müəllimi. Akademik mühitdə dilçilik və terminologiya sahəsində töhfələr verib.
Ayna Sultanova – ictimai-siyasi fəal. Cəmiyyətin və qadınların təmsilçiliyi baxımından Qurultay müzakirələrində iştirak edib.
Fərid Xurşid – konsul. Xarici təcrübəni və diplomatik baxışı Qurultayın işinə daxil edib.
İbrahim Rza Şəbüstəri – Cənubi Azərbaycan hüquqşünası. Coğrafi və ideoloji baxımdan Qurultayın bütün Türk dünyasını əhatə edən missiyasını nümayiş etdirib.
Həsən Musayev – tələbə, gənc nəsli təmsil edib. Əlifba islahatının praktik tətbiqi məsələlərini təqdim edib.
Museyib İlyasov – bölgə maarif şöbəsinin müdiri. Tədris və tətbiq mexanizmlərinə dair praktiki yanaşmalar təqdim edib.
Əhməd Pepinov – Azərbaycan Dövlət Nəşriyyatı/Təşkilat komitəsi. Qurultayın təşkilatçılıq işlərini həyata keçirib.
Nikolay Aşmarin – Təşkilat komitəsi. Qurultayın administrativ və elmi koordinasiyasında iştirak edib.
Bu nümayəndə heyəti dövlətçilik, elm, mətbuat, maarif və ictimai təşkilatlanma sahələrini təmsil edən çoxşaxəli intellektual birlik idi. Onların hər biri latın qrafikasına keçid, ortaq türk əlifbasının formalaşdırılması, terminologiyanın standartlaşdırılması və dilin mədəni-siyasi statusunun yüksəldilməsi prosesində əhəmiyyətli rol oynayıb.
Rəsmi siyahıya daxil edilməsələr də, Qurultayda tanınmış ziyalıların və ədəbi-mədəni xadimlərin iştirakı barədə məlumatlar mövcuddur. Məsələn, görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid, tədqiqatçılar Vəli Xuluflu, Salman Mümtaz, İsmayıl Hikmət, Əli Nazim, Əmin Abid və başqalarının adı çəkilir. Fotoşəkillərdən müəyyən edilən Abdulla Şaiq və Əziz Şərif də tədbirin iştirakçıları sırasında olublar. Bəzi məlumatlara görə “Molla Nəsrəddin” jurnalının redaktoru, böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə də Türkoloji Qurultayın iştirakçıları sırasında olub.
Qurultayın nəticələri göstərdi ki, Azərbaycan yalnız tarixi yaddaş baxımından deyil, həm də müasir türkoloji düşüncənin formalaşmasında fundamental rol oynayıb. Bu həm dövlət, həm elmi, həm də ictimai baxımdan ölkənin beynəlxalq türkologiya mühitində nüfuzunu daha da möhkəmləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 19 Noyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















